Dursun
Страница 2 из 5 · 20%
Hər tərəfdən: “Mübarək, mübarək!” – deyə alqış səsləri ucaldı.
Ballı utanaraq, özünü qızların arasına atıb gizləndi.
Dursun bir həftə sonra dayısı arvadı Reyhanı elçi göndərdi. Ballının anası Reyhanı hörmətlə qəbul etdi, yuxarı başda oturtdu. Ballıya gözü ilə işarə etdi. Ballı otağın içində quş kimi süzərək, çay tədarükü görməyə başladı. İki quda məhəbbətlə danışdılar. Çay içərkən Reyhan məsələni açdı. Ballının anası özünün heç bir etirazı olmadığını, qızın atasının da razılığını aldıqdan sonra qəti cavab verəcəyini söylədi. Reyhan evə döndükdən sonra Dursunu sevindirmiş, “İşin düzəlibdir” – deyə ona böyük ümidlər vermişdi.
Qəti cavab almaq üçün qız evinə Reyhan yenə getmiş, ancaq bu dəfə lap peşman qayıtmışdı, çünki qıza ağır başlıq istəmişdilər. Reyhan: “Bu başlıq rədd etməkdir” – deyə razı olmayıb qayıtmışdı.
Bu xəbər Dursuna çox pis təsir etdi, acığından dil-dodağını gəmirməyə başladı. Həyəcanı azaldıqdan sonra istənilən başlığa razı olmaq istədi. Reyhan əlini yerə çırparaq: “Mən razı döyüləm” – deyə bağırdı. Dursun bir an düşündü, sonra başını qaldırıb Reyhana:
– Sən bir də get, başlığın yarıya endirilməsini təklif et! – dedi.
Reyhan əvvəlcə yarıya da razı olmadı. Dursun onu bir təhər razı saldı. İki gün sonra Reyhan yenə qız evinə getmiş, ancaq “sözümüz sözdür” deyə rədd cavabı almışdı.
Dursun bu xəbərdən büsbütün dəli olmuşdu. O, indi həm sevgilisi Ballıya qovuşmaq, həm də onun valideyninə ağır bir zərbə endirmək çarəsini düşünürdü. Birdən-birə əlini-əlinə vuraraq:
– Götürüb qaçacağam, – dedi.
Reyhan qəhqəhə ilə güldü. Dursun bu qəhqəhədən çox pozularaq:
– Niyə gülürsən? – dedi.
Reyhan onun pozulduğunu hiss edərək:
– Bacara bilsən ən yaxşısı budur, – dedi.
– Bacararam, bu həmişə gördüyümüz işdir. Səlimə, İmana, Əsədə qız götürüb qaçanlardan biri də mənəm, – dedi.
Üç gün sonra Dursun yoldaşlarının köməyi ilə Ballını götürüb qaçmış və sevgilisinə qovuşmuşdu. Dursun evləndikdən sonra köhnə adətlərindən əl çəkib, ağlını başına toplayaraq, atasının sənətini işlətməklə keçinirdi. Ballını daha xoş, daha rahat yaşatmaq üçün ciddi çalışır və hər cür zəhmətə qatlaşırdı.
Çalışmamaq mümkünmü idi? O artıq ata olmuş, ətrafında bir yığın uşaq dolaşmağa başlamışdı...
Dursunun ailəsi böyüdükcə işi və zəhməti də çoxalırdı. Arabir dörd-beş yaşındakı oğlu Səfərə:
– A quzu, tez ol, böyü, atana kömək elə, – deyirdi. Dursun onun bostanda, bağda gecə-gündüz çalışdığını görür, gələcəyə böyük ümidlər bəsləyirdi. Buna onun haqqı da var idi. Axı o bu uzun müddətdə atalıq vəzifəsini bacardıqca yerinə yetirmiş, ailəsini sevmiş, ailə üzvlərinin həyat və rahatlığını təmin etməkdə heç bir şeydən çəkinməmişdi. O indi artıq qocaldığından saçı, saqqalı ağarmış, çalışmaq qabiliyyətini xeyli itirmiş olduğundan ağır işləri oğlu Səfərə buraxmış, özü bir az istirahətə başlamışdı.
Səfər orta boylu, sağlam və ciddi bir gənc idi. Geniş alnı, dik, açıq qaşları altında qürurla parlayan iti gözləri, qartal burnu, düşüncəli və ciddi siması onun təbiətinin birər aynası idi. O, haqsız, əxlaqsız işlərdən qaçar, hər kəslə quzu kimi mülayim keçinməyə çalışar, ancaq izzətinəfsinə toxunuldumu, artıq nə edəcəyini düşünməz, qızmış bir aslan kimi coşar, kəskin və heybətli səsi ilə ətrafı sarsıdardı. Çox düşünər, az gülər və ailə içərisində hər kəsdən artıq anası Ballını sevərdi. Ballı da ona baxdıqca: “Boyuna anan qurban” – deyə köksü qabarar və fərəhlənərdi.
Səfərin evlənmək zamanı yetişmiş olduğundan, ata-anası onu evləndirməyə qərar vermiş və Qaracalar kəndində Zəhra adlı bir qızı ona nişanlamışdılar. Səfər bir neçə dəfə qiymətli hədiyyələrlə nişanlısını görməyə getmiş, onunla görüşmüş və sevişmişdi. Hər iki gənc toyun tezliklə başa gəlməsini intizar içində gözləyirdi. Ballı gəlini Zəhranı tərif etməkdən yorulmurdu. Bu hadisə qoca Dursuna keçmişlərini xatırlatmışdı. O, bulaq başında ilk dəfə Ballı ilə görüşdüklərini, sevişdiklərini, daha sonra onu bacadan çıxarıb qaçırtdıqlarını, o bəxtiyar günləri xəyalında canlandırmış, “Ah cavanlıq, cavanlıq!” – deyə inləmişdi.
Dursun mühüm bir iş üçün Qaracalara getmişdi. İşini bitirib dönərkən, qapı ağzında yoldaşı ilə şux bir əda və hərəkətlərlə danışan oynaq bir qız gördü. Onun gərgin damarında sönük bir hərarət oynadı. Anlaşılmaz bir qüvvə onu ixtiyarsız olaraq dayandırdı. Qız laqeyd quş baxışı ilə Dursunu süzərək, yenə sözündə davam etdi. Onun kəskin və iti baxışları qocanın qəlbinə ox kimi keçdi. Yenə gəncliyini xatırlayıb, köksünü biixtiyar soyuq bir ah oynatdı. Oradan kəndə döndü. Bir həftə acı düşüncə və xəyallar içində sərsəm kimi dolaşdı. Dərdini kimsəyə açmadı. Dursun qıza ürəkdən vurulmuşdu. O çox çalışdı, “lənət şeytana” – deyə qızı unutmaq istədi, mümkün olmadı. O, iki yolayrıcında, tərəddüdlər içində üzülüb çırpınırdı. Oğlu Səfərin evlənmək məsələsi onun qarşısında çıxılmaz bir dağ, keçilməz bir uçurum kimi dururdu. Səfəri ayaqlayıb keçməyi, xeyir iş əsnasında ona əngəl olmağı atalıq heysiyyətinə sığışdırmırdı. Dursunu yoran, zehnini məşğul edən ən çətin məsələ bu idi. O yaşda, o şərait daxilində gənc bir qıza evlənməyə gəldikdə bu məsələyə o çox adi bir şey kimi baxırdı; çünki o birinci və sonuncu deyildi, yaşadığı yaxın kəndlərdə yüzlərlə nümunələr göstərə bilərdi. Xüsusən kənd mollası Səməd ondan yaşlı və ağır ailə sahibi olduğu halda keçən il cavan bir qıza evlənməmişdimi? Buna kim söz deyə bilərdi? Onu bu məsələ əsla qorxutmurdu. O yalnız qızın atası yaşda qocaya getməyə razı olmayacağından və ya qızın atası qızını ona verməyəcəyindən qorxurdu. Qızın ailəsini öyrənmək fikri ilə iki-üç dəfə Qaracalara getdi və hər dəfəsində təsadüfən qızı gördü. Onun və atasının adını öyrəndi. Bu gün Dursun çox pərt idi. Bilirdi ki, Kəblə Rəsul ona qız verməz, onu pul və başlıqla aldatmaq da olmaz. O, saatlarla başını köksünə dikərək düşünür, sonra başını qaldıraraq: “Ah, Güllü, ömrümə bir gün də qalsa, sən mənim olacaqsan!” – deyirdi. Artıq səbri bitmiş, taqəti tükənmişdi. Gecə-gündüz mahnı, bayatı ağzından düşmürdü. Arabir Ballı onunla əylənərək:
– A kişi hansı bəxtəvərə aşiq olmusan, gecə-gündüz aşıqlar kimi şikəstə oxumaqdan yorulmursan? – deyərdi.
Dursun cavabında:
Sorma o qız haralıdır,
Qəlbim ondan yaralıdır.
Güllü, çiçəkli dağların,
Ceyranıdır, maralıdır.
– şikəstəsini oxuyurdu.
Ballı gülərək:
– Gəlsənə sənə də elçi gedim? – deyirdi.
– Səndə o fərasət hanı?
– Utan, utan, eli bizə güldürərsən.
– El mənə gülüncə, mən elə gülərəm. Ağ at arpa yeməz? Gözəl bir qız almaq, qocalığın əl əsasıdır.
Bir gün o, kəndə yaxın bir çinar altında oturub, yenə həlledilməz xəyal və düşüncələrə dalmışdı. Birdən-birə çiyninə yapışan ağır bir əldən oyandı. Dönüb baxarkən qarşısındakı adam:
– Dursun dayı, nə var, nə fikir eləyirsən? – dedi.
Dursun heyrətlə ona baxaraq:
– Ay, sənsən, Nəbi, – deyə özünü doğrultdu.
– Mənəm, mən, de görüm nə fikir edirsən? Yoxsa Səfər səni incidir?
– Yox, onun mənimlə nə işi var.
– Görünür, Ballı xala daha sözünə baxmır, hə?
– O deyil, dərdim ayrıdır.
– Nədir?
– Heç!..
Nəbi Dursunun yanında oturdu. Əlini çiyninə qoyaraq:
– Canın üçün, Dursun dayı, deməsən əl çəkən deyiləm. Atamın ən yaxın dostlarındansan, əlimdən gəldiyi qədər sənə kömək edərəm, – dedi.
Nəbinin bu sözündən Dursunun gözləri parıldadı. Qəlbində ümid şöləsi yandı; çünki Nəbi kəndin ən igid, sözündə möhkəm, fədakar və ətraf kəndlərdə böyük şöhrət qazanmış gənclərindən idi. Dursun onun əlini əllərinə alaraq:
– Qardaş oğlu, – dedi, – sən bütün cavan günlərimi mənim yadıma saldın. Allah rəhmət eləsin, atan İsgəndərlə gözəl günlər keçirmişik. Eh, gözəl adamlar var idi... İskəndər Xanımanaya elçi göndərdi, vermədilər. Bir gecə ikimiz atlanıb getdik. O gecə qızın atası şəhərə getmişdi. Qapılarında sərt köpəklər olduğunu bilirdik. Qızı elə qaçırtdıq ki, heç köpəklər də sayıq düşmədi. Ona zərər yetirməsinlər deyə bir həftə yanından ayrılmadım. İndi, bax, maşallah, sənin kimi oğlu var. Əlbəttə, mənim dar günümdə sən kömək etməsən kim edər?
Bu sözləri Dursun elə məharətlə söylədi ki, Nəbi onun əlini sıxaraq:
– Dayı, sən ancaq de, ölüm də olsa bu yoldan dönmərəm, – dedi.
Dursun gülərək:
– Bəlkə getmədin? – dedi.
– O necə işdir ki, məni qorxutsun, sən hələ məni tanımamısan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-dursun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları