Страница 1 из 2

Yay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:

– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.

Pionerlərin gözü bağda, bostanda, xüsusən əlvan çiçəklər açmış gözəl bağçada qalmışdı. Təmiz havaya qarışmış yaşıl yarpaqların və əlvan çiçəklərin ətrini udduqca onlar özlərində bir yüngüllük, ürəklərində dərin bir sevinc hiss edirdilər.

Hələ keçən il Salman dayının məsləhəti ilə Azər taxta bir qəfəs qayırıb pioner evinin qarşısında bitmiş uca bir qarağacın başından asmışdı ki, quşlar orada yuva tiksin, özlərini soyuqdan ayazdan qorusunlar. Odur ki, Salman dayını görüncə, hər şeydən əvvəl, həmin yuva haqqında soruşdu. Salman dayı sıx, qısa kirpikli qara, kiçik gözləri və qalın dodaqları ilə gülə-gülə:

– Oğlum, sənin qayırdığın qəfəsdə yazda sığırçınlar balalayırdı. Bax, bu qarağacı şənləndirən sənin sığırçınlarındır, – dedi.

Azər məhəbbətlə dolu olan gözlərini sığırçınlardan ayırmayıb həsrətlə onları seyr etməyə başladı. Sığırçınlar ağac başında budaqdan-budağa uçub, cik-cik səslənirdilər. O gün Azər sevincindən yerə, göyə sığmayırdı. Pionerlər düşərgənin meydançasına yığılıb gözləyirdilər. Düşərgənin rəisi Tofiq yoldaş uzun və geniş artırmanın üçüncü pilləkəninə çıxıb onlara müraciətlə dedi:

– Əziz balalar! Gördüyünüz bu gözəl bağ-bağçanı sizin istirahətinizi yaxşı keçirmək üçün düzəldiblər. Vətənimizdə sizə, uşaqlara böyük bir qayğı vardır. Sizin yaxşı oxumanız, sağlam olmanız üçün hər cür şərait yaradılmışdır. Siz burada yay tətilini ən çox sevdiyiniz məşğələlər və oyunlarla keçirəcəksiniz. Məktəbdə olduğu kimi, burada da özünüzü pioner adına layiq aparıb intizamı pozmayın, bir-birinizlə yaxşı rəftar edin! Ağaclara, quşlara ziyan verməyin! Sizə məşğələlərinizdə müvəffəqiyyət arzu edirəm.

Uşaqlar düşərgə rəhbərinin sözlərini pioner salamı ilə qarşıladılar.

Sabahdan dəstə rəhbərləri görüləcək bəzi işləri öz manqaları arasında bölüşdürdü. Hamı bu bölgüdən razı qaldı.

Tofiq yoldaş Salman dayıdan xahiş etdi ki, pionerləri düşərgənin bağı ilə tanış etsin. Qoca bağban bu təklifi məmnuniyyətlə qəbul etdi və pionerlərlə birlikdə bağı gəzməyə başladı. Salman dayı divar dibindən qatarla bitmiş birinci əncir ağacına yanaşdı. Hələ saralmamış göy əncir qablalarını əli ilə göstərərək:

– Baxın, hələ kaldır, qabladır, yetişib saralanda görəcəksiniz, adi əncirlərdən həm böyük, həm şirin, həm də şirəli olur, – dedi.

Azər və keçən il düşərgəyə gəlmiş başqa pionerlər onun sözünü təsdiq etdilər.

Pionerlərdən biri qablaları maraqla gözdən keçirdikdən sonra soruşdu:

– Salman dayı, burada nə ustalıq göstərmisiniz, danışın, biz də bilək.

– Oğlum, əmək, zəhmət hər şeyi yaradır. Hər il bu ağacların dibini iki dəfə yaxşı belləyib, torpağını dəyişdirirəm, diblərinə gübrə tökürəm, artıq pöhrələrini qırıb təmizləyirəm, buna bizim Bakıda bic də deyirlər. Quraqlıq olanda arabir dibinə su da buraxıram.

Öz zəhmətinin bəhrəsinə fərəhlə nəzər saldıqdan sonra Salman dayı bir qədər irəli gəlib ağaca söykəndi və əlavə etdi:

– Ağacları bir də qanadlı, qanadsız həşəratdan qorumaq lazımdır. Ona görə də yaz olunca ağacların gövdəsinə əhəng tökmək lazımdır ki, yer altında olan ziyanlı həşərat ağaca dırmanıb ağacı və meyvələri qurdlu etməsin, qarışqalar da ağacların kökündə yuva salıb ağacı qurudur. Mən hər il o qarışqa yuvalarını dərmanlayıram.

Bu zaman bir dəstə sərçə uçub yaxın ağaclara qondu. Salman dayı quşlara işarə edərək:

– Bu quşlar da. göyərtilərin və meyvə ağaclarının yaxın dostudur. Onlar ziyanlı qurdları və kəpənəkləri tutub yeyirlər. – dedi. Sonra Salman dayı yanında durduğu qaysı ağacının yaşıl yarpaqları arasında yavaş-yavaş saralmağa başlayan iri qaysıları əli ilə göstərib əlavə etdi: – Bunlar da mənim zəhmətimin məhsullarıdır, bizim bağlarda bu irilikdə, bu şirinlikdə qaysı az tapa bilərsiniz.

Bu zaman Səlim əyri və yarpaqları tökülmüş, başında bir neçə cır qaysı olan ağacı göstərib, gülə-gülə dedi:

– Salman dayı, bu cır və qurdlu qaysılar da sizindir?

Hamı bir anda əyri ağacı hər yandan halqaya alıb kiçik büzülmüş qaysılara baxmağa başladı.

Salman dayı kiçik qara gözlərini qısa kirpikləri arasında gizləyərək:

– Yox, oğlum, o cür qaysı ağacı mənim deyil. Köhnədən qalmadır. Mən çox çalışdım, əyri belini düzəldə bilmədim. Məsəldir: “Ağacı yaş-yaş əyərlər”, – dedi.

Bu sözdən Azər razı qalmayıb:

– Salman dayı, bizim nə əyri adamlardan, nə də əyri ağaclardan xoşumuz gəlmir. Odur ki, bu bağda gözümüzə əyri ağac da gərək sataşmasın. Siz bu əyri ağacı ya kökündən çıxarıb atın, qışda yandırmağa lazım olar, ya da aşağısından kəsib, başqa qaysı ağacından calaq edin.

– Mərhəba, oğlum! Ağıllı balasan, səni keçən ildən tanıyıram. Sən haqlısan, mən neçə dəfə bu ağacı calaq etmək istəmişəm, ancaq əlim gəlməyib, demişəm, qoy bu əyri ağac qalsın, onun qurdlu qaysılarını görənlər ürəklərində o bağbana töhmət etsinlər.

Tofiq yoldaş Salman dayının sözünə qüvvət verdi:

– Bu əyri ağacı hələ cavan ikən bağban, küləklər əyməsin deyə, yanına düz bir ağac sancıb ip ilə bağlasaydı, belə əyri bitməzdi. Tərbiyə verməyi bilməyən ata-ananın övladı da başlı-başına böyüyüb ziyanlı küləklər tərəfindən əyilir, özünə, ailəsinə, xalqına və Vətəninə bu əyri ağac kimi heç bir xeyri dəymir.

Salman dayı sonra meynələrdən başlayıb bostanda yumurta kimi uzunsov pomidorlarına qədər uşaqlara göstərdi. O, bu gün özündən çox razı idi. Xüsusən pionerlərin bağ-bostan işlərinə bu qədər maraq göstərməsi onu çox sevindirirdi.

Səhər yeməyindən sonra pioner guşələrində böyük bir canlanma var idi. Kimi nərd, dama oynayır, bir dəstə pioner divar qəzeti hazırlayır, başqa bir dəstə isə pioner qəzeti və jurnallarını oxumaq ilə məşğul idi. Azər də Şamil ilə şahmat oynayırdı.

Şamil düşərgədə birinci şahmatçı hesab olunurdu. Azər ondan öyrənmək istəyirdi. Oyunun gedişinə diqqət edib, arabir bilmədiklərini soruşurdu. Onlara tamaşa edən Kərim Azərin marağını görüb dedi:

– Öyrət, Şamil, öyrət, beş-altı aydan sonra o səni udmasa, mən adımı dəyişdirərəm.

Pionerlərdən Qasım tənəli bir əda ilə dedi:

– O paxıldır. Keçən il əlaçı deyildi. Əlaçılara paxıllıq edə-edə gəlib o da əlaçı oldu.

Azər başını mənalı oynadaraq:

– Ay mərhəba, hər şeyi belə anlayırsansa, işlərin yaxşıdır. Əgər bilmək istəyirsənsə, mən özümdən yaxşıya paxıllıq yox, qibtə edirəm, – dedi.

– Xırdala görək, qibtə nə olan şeydir?

– Paxıllıq xudpəsəndlikdən doğur. Məsələn, biri əlaçı olanda çalışıb onu əlaçılıqdan salmaq, ona mane olmaq paxıllıqdır. Əgər mən əlaçı yoldaşımı sevib özümdə onun kimi olmaq istəyirəmsə, bu qibtədir. İndi başa düşdün qibtə nədir? – Qaraların piyadası qarşısında atı geri oturtduqdan sonra Azər sözünə davam etdi. Çünki Qasımın sözü onu bərk tutmuşdu:

– Qibtə insanda yaxşı sifətdir. O, inkişaf üçün əsas şərtlərdəndir.

– Afərin, yaman inkişaf eləmisən!

– Hər pioner gələcəyini düşünməli, özünü gələcək üçün hazırlamalıdır. Yoxsa nə bilmisən?!

– Sən hər işdə birinci olmaq istəyirsən və çalışıb olursan da. Bu da bir növ paxıllıqdır

– Hər işə nail olmaq üçün iradə və məhəbbət lazımdır. Mən öyrənmək istədiyim işi sevirəm, sonra da çalışıram. Elə bu zaman Şamil “Şah”, dedi.

Azər heç bir çıxış yolunun olmadığını görüb özünü məğlub hesab etdi.

– Yaxşı “mat” verdin, – deyə yoldaşının qələbəsini təsdiq etdi.

Axşama yaxın Salman dayı Azəri çağırdı. Azər artırmaya çıxınca qoca bağbanın yanında 12-13 yaşlarında bir oğlanın dayandığını gördü. Bu, Salman dayının nəvəsi Muxtar idi. Onu Azərə təqdim edərək dedi:

– Nəvəmdir, kənd məktəbinin dördüncü sinfində oxuyur. İstəyirəm ki, səninlə tanış olsun.

Azər oğlanın əlindən tutub tanış oldu. Sonra soruşdu:

– Hesabdan necəsən, yaxşı oxuyursanmı?

– Pis oxumuram.

– Yaxşı, onda səndən bir məsələ soruşacağam, görək necə cavab verəcəksən. Bir ağacda beş sığırçın oturmuşdu, ovçu tüfəng ilə vurub birini yerə saldı. De görüm, ağacda neçə sığırçın qaldı?

Muxtar düşünmədən cavab verdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов