Dördüncü pərdə
Səhnə Jirikovun çadırını təsvir edir.
Jirikov. Zəhra qaçmış, heç inanmıram.
Qodunov. İndi hər ikimiz subayıq. Aramızda heç bir fərq yox. Bu dəfə bakalı dostum Jirikovun sağlığına qaldıracağam.
Jirikov. Sən mənə istehza edirsən. Bilirəm, onun qaçmağına səbəb sənsən. O məni atıb getməzdi. Sabah əlində qılınc mənə cavab verəcəksən.
Qodunov (töküb içir). Çox gözəl, sabah, bu gün ki biz dostuq, mənim də könlüm şad, piyaləmin ətrafında Qafqaz güllərinin ətri uçuşur, Vaqifin, Mirzə Şəfinin şərqiləri oxunur. Yaşasın şərab və məhəbbət!
Jirikov. Qəlbim heç rahət deyil. Düşmənlərdən bir xəbər bilmək lazımdır. (Çadırdan səslənir) Əsiri gətirin! O, düşmənin sayını, planını bizə söyləməlidir.
Qodunov. Kədərlənmə, knyaz! Sən Peterburqa padşahımızın hüzuruna getməmiş düşmənləri məğlub edərik. Yaşasın axmaqlıq bakalı, ura!.. (Bakalını Jirikovun bakalına vurmaq istəyərək) Dostum, götür bakalını. Əyri qılınclar sabah şaqqıldayacaq. Zəhranın sağlığına bu gün bakalları şaqqıldadalım!
Jirikov. Sən sərxoşsan, kapitan!
Qodunov. Kaxetiya şərabı nəcib içkidir. Onun nəşəsindən qəlbimdə min-bir sövda uçuşur. Mən özümü bir general-mayor bilirəm. Mayorluğu satın almağa pulum olmasa da, sağ olsun dostum Jirikov. Onun təşəbbüsü ilə general-mayor da olaram.
Jirikov. Get yat, kapitan!
Qodunov. Sabah sənə qılınc çəkmərəm, qorxma! Başını bədənindən ayırmaram. Sən mayor olmağıma söz vermisən? Ura! Mayor, mayor, ümidlə yaşa. Qazaq beşiyinin çocuğu!
Aslan, qollarında qandal. Əvvəlki əsgərlər.
Jirikov. Sizin əsgərlər hardadır? (Cavab verməz) Onların sayı nə qədərdir?
Aslan. Axmaq sual.
Jirikov. İnad etmə, cavab ver, səni ölümdən ancaq doğru cavabın qurtara biləcək.
Aslan. Siz vicdanlara ucuz məzənnə ilə qiymət verirsiniz. Mən o qiymətə sata bilmərəm.
Jirikov. Tez ol cavab ver, səni bağışlayıb Ural dağlarına göndərərəm.
Aslan. Məni ölümlə qorxutma!
Jirikov (yanaşıb). Sən Zəhranı sevirdinmi?
Aslan. Sevirdim.
Jirikov. Yenə də sevirmisən?
Aslan. Ölüncüyə qədər sevəcəyəm!
Jirikov. O ki səni sevmir. Səni dağlarda atıb qaçmışdı.
Aslan. Məhəbbət o yerlərə əl atmaz.
Jirikov. Axmaq cavab... (istehza ilə) Məhəbbət o yerlərə əl atmaz... Məhəbbət nədir? Aldadıcı bir şölə. Sənin Zəhraya layiq olduğunu bilmək istərdim. Sən buz kimi soyuqsan, ona görə də Zəhra səni atıb qaçmışdı.
Aslan. Sən anlatdığın məhəbbət şimal buzlaqlarına məxsusdur. Bizim azad və məğrur dağların məhəbbəti başqa dürlüdür. Hər fədakarlığa hazıram. Bu acı və axmaq suallarla ürəyimi sıxma.
Təbil və qurşun səsi
Qodunov (sərxoş halda). Atırlar, ura!.. Bu, şadlıq atışmasıdır, ura!
Jirikov. Düşmən hücum edir, tez şeypur çalın, müharibəyə hazır olun!
Qodunov (sərxoş hərəkətlərlə). Mənim qılıncım hanı, bax, buradan asılmış. Mən bu gün quduz köpək kimi çarpışacağam. Knyaz, mənə qəhrəmanlara yakışan xeyir-dua ver! Gedəlim! Gedəlim! (Gedirlər. Zabit, əsgərlər və Aslan)
Aslan. Hücum var, bu bizim təbilin səsidir. Aman Allah, belə gündə əli-qolu bağlı durub uzaqdan tamaşa etmək mənə yaraşarmı? Hanı mənim kəskin qılıncım? (Səs yaxınlaşır, top səsi) Haydı, qardaşlarım, ildırım kimi düşmənə həmlə edin! Vurun sərkərdələrin ürəyinin başından. Bax, qəhrəman ordumuzun heybətindən yer-göy titrəyir, toplar atılır, qılınclar şaqqıldayır, oxlar, qurşunlar vıyıldayır, bağçaların ətrafında qığılcımlar uçuşur. Qalalar və səngərlər atəş və alov içində üzür. Tez bir zamanda qüvvətli simürğ quşu iri qanadlarını üzərimizdə açacaq...
Zəhra, əlində qılınc və bayraq, ləzgilər və Jirikov əli-qolu bağlı daxil olurlar.
Zəhra (Aslana işarə edərək). Açın qollarını! Çox şükür, Aslan, səni sağ-salamat gördüm.
Aslan. Sağ ol, Zəhra! Gəl yanıma, səni doyunca bağrıma basım.
Zəhra. Yox, Aslan. Mən ancaq sözümə sadiq qalıb sənə nicat verdim. Qəlbim isə, ah, onu məcbur edə bilmirəm. O, Jirikovundur.
Jirikov. Ah, mən nə eşidirəm?
Zəhra. O, Jirikovundur. (Jirikova) Sən əsarət zəncirindəsən, mən də bədnamlıq buxovunda, sən məni ayaqlar altına atdınsa da, mən səni ata bilmədim.
Jirikov. Gəl yanıma, vəfalı Zəhra, gəl!
Zəhra. Yox, bahar keçdi, çiçəklər soldu, quşlar susdu. Belə əfsanələrə daha inanmıram. Bu qalanı külə döndərən atəş nə qədər kəskin olsa, yenə mənim namussuzluq ləkəmi yandırıb məhv edə bilməz.
Aslan. Sağ ol, Zəhra, sağ ol!
Şamil və sərkərdələr daxil olurlar.
Şamil. Hanı Aslan?
Aslan. Burdayam, əfəndi, təşəkkür edirəm.
Şamil. Zəhraya təşəkkür et, bu qalanın alınmasına səbəb odur.
Ləzgilər. Yaşasın Zəhra!
Zəhra. Bu təşəkkürlər, bu təriflər mənə lənət oxuyur. Lənət olsun mənə, bu knyazı sevdiyim üçün.
Şamil. Bədbəxt! (Sükut)
Zəhra. Bu knyazı sevməkdən böyük bədnamlıq yoxdur. Bu alçaq namussuzluğu dənizlər belə təmizləyə bilməz. Ona görə bu əkssəda kimi havada səslənmək istəyirəm.
Aslan. Yox, Zəhra, sənin bu son hərəkətin bütün bədnamlığını təmizlədi. Sən artıq bizimsən.
Zəhra. Ah, bu yeniləşmiş ruhumu yenidən sizə qaytara bilsəydim, nə qədər bəxtiyar idim! Fəqət heyhat, onu bacarmıram. Mən azad bir ölkəni əsir etmək istəyən düşməni sevirəm. Şamil əfəndimiz, mənim bu son ricamı qəbul et! (Jirikova işarə edərək) Bunu azad edin!
Şamil. Bugünkü qalibiyyətin baisi Zəhradır. Onun qəhrəmanlığı şərəfinə bu əsiri azad edirəm.
Zəhra. Təşəkkür edirəm, Şamil əfəndimiz! (Jirikova) Get adamlarının yanına, səndə sevən ürək, çırpınan ruh yoxdur. Şükufə ikən nə qədər bəxtiyar idim. Yenə qönçə kimi yumulmaq istəyirəm.
Jirikov. Zəhra, Zəhra!
Zəhra (sərkərdələrə). Sizə baxdıqca vücudumu acı bir tər alır. Bu namussuzluğu başqa bir günah ilə almaq istəyirəm. Əlvida! (Özünü qılınc ilə öldürür).
Aslan. Zəhra! Zəhra!
Jirikov. Ah, neçin mən də Qodunov kimi müharibə meydanında həlak olmadım?
Şamil (bayrağı onun üzərinə açdıraraq). Ey hazır olan cəsur qəhrəmanlar! Siz şahid olun ki, mən bu qəhrəman qızın qarşısında əyilir və ona xeyir-dua verirəm. Lal olsun onu töhmətləndirən dillər. Kim ona artıq xain və namussuz adını verə bilər? O öz günahını tamamilə yuyub təmizlədi və yüksək bir nam və mövqe qazandı.
Şamilin işarəsilə çadırların pərdələri qalxır, səhnənin nəhayətində Qafqaz dağları və
rus qalaları görünür. Qalalar atəş içində. Çərkəslər əllərində qılınc. Təbil çalınır.
Səhnə rəngin işıqlarla rənglənir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-qafqaz-ciceyi-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sislə, buludlarla qaralmış bayır,Mürgüləyir dağ-dərə, səhra, çayır.
Bir mələkə“Molla Nəsrəddin” məcmuəsinə*Mahtablı gecə... Kənari-dərya,
Hamımız bir günəşin zərrəsiyikƏsrlərdən bəri zülmə alışan,Qan içən, qan qusan, ey şər insan!
Son baharNoldu rəngin çiçəklərin açman!Güllərindən dəmət yapdım bən,
Стихи других поэтов
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum