Altıncı şəkil

Meymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.
Meymun əlilə sabunlu suyu itin üstünə çiləyir, onu acıqlandırır. İt arabir ona hürür.
Piribaba ilə Qaraca gəlirlər.

Piribaba. Axı, qızlar babasının sözünə baxar, mən sənə demirəm ki, Ağcanın yanına getmə? Sən mənim sözümü yerə salırsan.

Qaracaqız. Baba can, o məni çağırır, yalvarır, gəlir yanıma. (Birdən meymunu görür)Bay, ona bax, evi xəlvət görüb, bir bax, nə oyundan çıxırlar. Meymun paltar yuyur.

Piribaba (gülə-gülə). Sənə kömək edir.

Qaracaqız. Bay, Şeytan, sən neyləyirsən? Çəkil burdan. (Meymun sabunlu suyu onun üstünə atıb dişlərini qıcıyır. Onu yaxın gəlməyə qoymur. Özü tez-tez paltarı çəngələyib yuyur)

Qaracaqız. Bay, bir buna bax!

Piribaba. Heyvanla şüura bax, məhəbbətə bax, səni zəhmət çəkməyə qoymur. Pəricahan xanımdan bu insaflıdır.

Qaracaqız. Gözəl Şeytanım. Bəsdir, indi də qoy mən yuyum.

Meymun ona acıqlanır. Yenə işinə davam edir. İt meymuna yanaşır, meymun ona da
acıqlanır. Üstünə sabunlu su tökür.

Piribaba. Sən bir onun adam kimi paltar yumağına bax, sabun çəkməyinə, paltar çəngələməyinə, sıxmağına bax.

Qaracaqız. Baba, vaxt keçir, bu da məni yaxın qoymur. Mən neyləyim?

Piribaba (yanaşır). Ey, Şeytan, gəl bəri.

Meymun ona acıqlanır, dişlərini göstərir.

Piribaba. Qara köpək, tut bunu!

Köpək meymuna bərkdən hürür, onun üstünə atılmaq istəyir. Meymun da pəncəsilə
onu vurur, dişlərini göstərir.

Piribaba. Ha, qara köpək. (Köpəyi meymunun üstünə qısqırdır. Meymun ilə it bir-birilə tutuşur)

Qaracaqız. (onları ayırır). Vuruşmayın dostlarım, vuruşmaq olmaz. (Onları ayırır. Özü tez paltarı yumağa başlayır. Meymun gəlir. Qaracanı itələyir. Qaraca da onu itələyir. Meymun ağzı ilə qızın paltarından tutub çəkir)

Qaracaqız. Baba, qoyma, meymunu burdan uzaqlaşdır. Mən işimi qurtarım.

Piri baba meymunu çağırır. İt ilə onu oynamağa vadar edir. Hər ikisi
bir-birilə şirin-şirin oynayırlar.

Piribaba. Qızım, sən yorulmusan, qoy sənə kömək edim.

Qaracaqız. Yox baba, bu mənim işimdir.

Piribaba. Kiçik biləklərin gücdən düşər. (Əllərini tasa salıb yumaq istəyir. Qaraca qoymur)

Qaracaqız. Baba can, sən allah get, bir az dincəl.

Piri baba gedib Saymazın yanında oturur. Meymun onu görür, tez yüyürür, gəlib paltarı
Qaracanın əlindən alıb yumaq istəyir. Hamı gülür. İt də Qaracanın yanına getmək
istəyir. Piri baba onları qovur.

Piribaba. Çəkilin, qoyun qız işini görsün.

Saymaz. Sən çox qəribə adamsan!

Piribaba. Niyə?

Saymaz. Sən bu qızı canından artıq sevirsən. Onu bu qədər işləməyə niyə qoyursan?

Piribaba. Qoy zəhməti sevsin, zəhmət sevən adamı həyat qorxutmaz!

Saymaz. Mən sənin yerinə olsaydım, əlini ağdan-qaraya vurmağa qoymazdım.

Piribaba. Yanılırsan, o yanlış tərbiyədir. Oğlan ya qız kiçiklikdən zəhmətə alışmalıdır. İş, zəhmət insanın cövhəridir. O bəy qızı Ağca, bu da yoxsul Pirinin qızı Tutu. Bu sağlam vücudu zəhmətilə qazanmışdır.

Saymaz. Daha belə də yox, xanım bu yazıq qıza heç rahatlıq vermir.

Piribaba. Bilirəm, burda da qızın günü qaradır. Dayan, mənim fikrim başqadır.

Saymaz. Nədir?

Piribaba. Tutunu da götürüb gedəcəyəm.

Saymaz. Hara gedəcəksən?

Piribaba. Dünya genişdir. Yer tapılar. Yaxşılıq bilməyən adamdan qaç!..

Yerə bir parça ət düşmüş, it də, meymun da onu yemək istəyir. İt ətə yanaşır, meymun
da əlilə əti götürmək istəyir. Hər ikisi acıqlı səslər çıxarır. Qaraca yanaşır. Əti götürür,
iki parça edib bir parçasını itə, o biri parçasını da meymuna verir.

Qaracaqız. Alın, yeyin...

Piri baba gülür.

Saymaz. Ha, gülərsən. Qaraca qızın hünəri səni fərəhləndirir.

Piribaba. Fərəhləndirməzmi? Belə ağıllı bala kimin var?

Saymaz. Sən bu qızın hünərinə bax. Bunlar əvvəl yola getmirdilər. Onları bir-birilə necə dostlaşdırdı. Yaxşı demişlər: ağıl yaşda deyil, başdadır.

İt Qaracaya yalmanır, Qaraca əlilə onu oxşayır.

Qaracaqız. Sən nə deyirsən, qara köpəyim? (Meymun da

Qaraca ilə oynamaq istəyir. İt iki əlilə onun başını tutub aşağı əyir. Meymun başını onun əlindən çıxarıb itin üstünə atılır. Hər ikisi bir-birilə oynaşır)

Qaracaqız. Baba, baba, bir bunlara bax!

Saymaz (başını açaraq). Bu başıma and olsun, Qaraca qızda olan ağıl Pəricahan xanımda yoxdur!..

Piribaba. Burda iş ürəkdədir. O, insanları nə sevir ki, heyvanları da sevsin. Bu heyvanları Qaracaya ram edən onun saf və təmiz qəlbidir.

Saymaz. Tutu, bəsdir gəl bu heyvanları sevindir.

Qaracaqız. Qoy işimi qurtarım, xanım sonra gəlib dalaşar.

Piribaba. Qurtararsan, bir az dincəl, qızım! Gəl, gəl, yolunu dostların gözləyir.

Qaraca əllərini yuyub gəlir. Heyvanlar onun ətrafını alıb atılır, düşür.

Saymaz. Dəfi götür, dəfi. Meymunun oynamağı tökülür.

Qaraca dəfi götürüb çalınca meymun oynamağa başlayır.

Qaracaqız (oxuyur).

Oyna meymunum, oyna,

Qızlar gəlsin toyuna.

Atlazdan don tikəcəyəm

Sənin şeytan boyuna.

Meymun oynadıqca it baxıb arabir ona hürür.

Saymaz. Tutu, havanı qarışdır, görək anlarmı?

Qaraca havanın qarışdırır, sözləri də ahəngsiz oxuyur, meymun acıqlanır. Sonra
əllərini əllərinə vuraraq hamıya əl vurmağı əmr edir. Hamı gülə-gülə əl çalır.
Nərgiz ilə Ağca gəlir.

Qaracaqız (oxuyur).

Yaşa meymunum yaşa.

Qızlar etsin tamaşa.

Mən çalıram, sən də süz

O başa, həm bu başa..

Meymun o başa, bu başa süzür.

Ağca. Ora bax, nə yaxşı oynayır.

Nərgiz (Qolundan çəkərək). Gəl gedək!

Ağca. Dayan, tamaşa edək.

Meymun o başa-bu başa süzür.

Saymaz. Tutu, Tutu. Yenə, yenə.

Qaraca çalıb oxuyarkən oyunun şirin yerində birdən kəsir. Meymun acıqlanır.
Saymaz əllərini bir-birinə vurub qəhqəhə ilə gülür.

Qaracaqız.

Oyna meymunum, oyna,

Başına dönüm, oyna.

Əlvan muncuq taxacam,

Sənin meymun boyuna

Oyna meymunum, oyna.

Qızlar gəlsin toyuna.

Hamı əl çalır. Meymunu alqışlayır. Meymun hamıya baş əyir.

Ağca. Nə yaxşı meymundur, Qaracaya de, o meymunu mənə versin.

Nərgiz. Sən neyləyirsən. Onu qaraçı qızları saxlar.

Qaracaqız. Qaraçı qızı özünsən.

Nərgiz. Yox, padşah qızısan.

Qaracaqız. Padşah qızı da sizsiniz.

Nərgiz. Sən bu qızın qudurğanlığına bax! (Ağcanın qolundan çəkərək) Gəl gedək! (Qaracaya) Xanım gəlsin, sonra danışarıq.

Onlar gedirlər. Saymaz Nərgizin təqlidini çıxararaq əlini belinə
qoyub bədənini əyə-əyə.

Saymaz. Xanım gəlsin, sonra danışarıq.

Gülüşürlər.

Piribaba. Qızım, sən bir az nəzakətli ol. Necə olsa, o səndən böyükdür. Özündən böyügə hörmətsizlik etmək olmaz!

Qaracaqız. Görmürsən mənə qaraçı qızı, padşah qızı deyir.

Saymaz. Kefini pozma, sən öz işində ol.

İt və meymun bir yerdə uzanıb başlarını bir-birinin üstünə qoymuşlar.

Saymaz. Piri baba, bu heyvanlara bax, gör necə mehriban uzanıb yatırlar.

Piribaba. Ustadına mərhəba!..

Ağca birdən bağırır. Nərgizin səsi ucalır. Hamı həyəcanla qalxıb getmək istərkən
Ağca ilə Nərgiz görünür. Ağca qolunu tutub ağlayır.

Piribaba. Nə var? Nə olmuş?

Nərgiz. Başıma kül, Ağca xanımı ilan vurdu!..

Piribaba (Qaracanın çarqatını alır. Ağcanın qolunu bərk bağlayır) Qan ürəyinə getməsin gərək.

Nərgiz. Saymaz, sən bəyi Kazım bəygildən tez çağır! Piri baba, sən də ovsunçu Badam qarını çağır.

Onlar gedirlər.

Ağca. Of, qolum ağrıdır. (Ağlayır. Püstə gəlir)

Püstə. Vay başıma kül, ilan bunu harda vurdu?

Nərgiz. Eh, nə bilim, heç bilmirəm xanıma, bəyə nə cavab verəcəyik.

Ağca (ağlayır). Of, qolum düşür.

Pəricahan həyəcanla gəlir. Nərgiz onu görüncə.

Nərgiz. Xanım, başımıza gələni görürsən? (Ağlayır)

Pəricahan. Başınıza dönüm, Ağca xanımın yarasını sorub ilanın zəhərini yerə tökün. (Heç kəs tərpənmir) Nərgiz, sən yaxşı sorarsan.

Nərgiz. Yox, mən bacarmaram.

Pəricahan. Bəs sən nə bacararsan? Püstə, başına dönüm, balama rəhmin gəlsin... Sən sor!

Püstə. Yox, xanım, mən də bacarmaram.

Ağca. Vay, vay qolum! (Ağlayır)

Bəy gəlir. Ağcanı elə görüncə həyəcanla.

Bəy. Nə var? Nə olub?

Pəricahan. Nə olacaq? Qızı ilan çalıb. Hansına deyirəm, zəhərini sorsun, heç biri razı olmur.

Ağca. Vay qolum, vay, vay! (Ağlayır)

Qaracaqız (ağlayır). Yazıq Ağca.

Pəricahan. Vay, balam əlimdən gedir, bu günümdə bir nəfər kömək edənim yoxdur.

Bəy. Bəs siz nəyə lazımsınız? Haram olsun mənim çörəyim sizə.

Pəricahan. Of, gözlərim baxa-baxa qızım ölsə, mən yaşamaram.

Nərgiz. Qolunu bərk sıxın, zəhər ürəyinə keçməsin.

Qaracaqız (Püstəyə). Püstə xala, zəhər ürəyinə keçsə nə olar?

Püstə (yavaşca). Ölər.

Qaracaqız. Vay... (Ağlayır)

Ağca. Of, qolum sancır... Vay... Vay!.. (Bərkdən ağlayır)

Pəricahan. A kişi, qızım əlimdən gedir, tez ol, bir çarə et.

Bəy. Mən neyləyim? Əlimdən nə gəlir?

Pəricahan. Bəlkə sən sorasan.

Bəy. (sormaq üçün yaxınlaşır, birdən çəkilərək) Yox, o mənim işim deyil. Sən anasan, Ağcaya məndən yaxınsan, özün sorarsan.

Pəricahan (yanaşır, sormaq istəyir, birdən çəkilərək ağlaya-ağlaya). Yox mən bacarmaram. (Ağlayır) Səndə ata ürəyi yoxdur.

Bəy. Səndə ana ürəyi olsun.

Ağca (bağırır). Vay, vay, qolum sancır.

Qaracaqız (ağlayır). Yazıq Ağca...

Ağca. Of, qolum... (Bərkdən ağlayır)

Qaracaqız. Ağlama, Ağca, ver qolunu mən sorum.

Pəricahan. Ha qoçaq qızım, sor, sor!..

Bəy. Ağca yaxşı olsun, gör sənə nə alacağam.

Qaracaqız. Mən Ağcanın xətrinə soruram.

Püstə. Ehtiyatlı ol, zəhərlənərsən.

Pəricahan. Sən də ağzını yum. Neybət, neybət danışma!..

Qaraca qız sormaqda davam edir. Ağca yavaş-yavaş sakitləşir.

Ağca. Qolumun ağrısı çəkilir.

Pəricahan. Ha qoçaq qızım, sor, sor!

Bəy. Yenə dadımıza Qaraca qız çatdı.

Nərgiz. Ağca xanım, indi necəsən?

Ağca. İndi yaxşıyam.

Bəy. Qız yavaş-yavaş sağalır, yenə hamı quyruq bulayır.

Pəricahan. Elə onu de, hansına yalvardım, yox, mən bacarmaram, – deyib boyun qaçırdı.

Bəy. Qaraca etibarlı qızdır. (Çıxarıb on manat verir) Al, bu on manatı sənə bağışlayıram.

Qaracaqız. Yox, mənə pul lazım deyil (Ağcaya) Ağca indi necəsən?

Ağca. İndi yaxşıyam. Qolum daha heç ağrımır.

Püstə. Bax, səni Qaraca sağaltdı...

Ağca. Sağ ol, Tutu!..

Qaracaqız. Sən də sağ ol.

Pəricahan (Ağcanın başını qucaqlayır). Ürəyin ağrımır ki?..

Ağca. Yox, heç yerim ağrımır. Lap sağaldım.

Püstə. Sağalsa da hələ yerindən tərpətməyin.

Qaracaqız (soraraq). Ağca, bax daha qan gəlmir.

Piribaba gəlir, bu əhvalı görüb həyəcanlanır.

Pəricahan. Piri baba, başımıza gələn bəlanı gördünmü?

Piribaba. Bəli, gördüm, onu da gördüm ki, öz balanı ölümdən qurtarmaq üçün bu atasız, anasız yetimi necə bəlaya saldın. (Acıqlı nəzərlərlə ona baxır)

Qaracaqız. Mən özüm sordum. Yoxsa Ağca ölərdi.

Bəy. Baba, qorxma. Qaraca qıza bir şey olmamışdır.

Piribaba. Yaxşı bax... Üzünə zəfəran rəngi çöküb.

Qaracaqız. Baba, içərim yanır... Mənə su ver...

Ağca. Vay, yazıq Qaraca!

Piribaba. Gəl, qızım, gedək. Görüm sənə nə çarə edərəm.

Pəricahan. Vay, yoxsa Qaraca zəhərləndi? Qaraca, getmə, qal burda...

Piribaba. Yox, sən bu vaxta qədər yazıq yetimi ağalığın ətrafına dolanmağa qoymurdun ki, onun pis xasiyyətləri bəy qızına keçir. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm. Gedək qızım, görək nə çarə edirəm. (Qızın qolundan tutub aparır)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов