İkinci pərdə
Üçüncü şəkil
Səhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik
mağara, ayının zənciri bir kola dolaşıb. Nə qədər dartınır aça bilmir. Ayı donquldanır.
Acığından, zənciri çeynəyir. Bir az dayanır, yenə donquldanmağa, bağırmağa zənciri
çeynəməyə başlayır. Qaracaqız ilə Oruc görünür.
Qaracaqız. Ayının səsi bu tərəfdən gəlirdi.
Oruc. Aldada bilməzsən. Mən səs eşitmədim. Ayı tapılmasa bu meşədən salamat qayıtmayacaqsan.
Qaracaqız. Mən neyləyim?
Oruc. Ayını bu saat tap!.. (Matrağı qaldırır)
Qaracaqız. Bir dayan görək... səsini eşitmişəm... Bax... Odur, yenə səs gəlir.
Oruc. Ay çəngi, mən qulaqlarıma inanım, yoxsa sənə? (Ayı bağırır)
Qaracaqız. Bax odur... Ayının səsidir.
Oruc. Hə, mən də bir səs eşitdim. Deyəsən odur.
Hər ikisi irəli gedir. Qaraca qız ayını görür. Ayı onu görüncə
sevindiyindən atılır, düşür.
Qaracaqız. Bax, odur, tapdım... (Qaçır, ayını qucaqlayır. Ayı ona mehribanlıq edir. Əlilə onunla oynayır. Oruc gəlir. Zəncirinin dolaşığını ağacdan açır. Sonra zənciri ağaca bərk bağlayır. Matrağı qaldırıb)
Oruc. İndi sənə bir toy tutum ki, bir də zənciri qırıb qaçmayasan. (Matrağı ilə vurur, ay donquldanır, bağırır)
Qaracaqız. Oruc əmi, yazıqdır, niyə vurursan? (Onun əlini tutur)
Oruc (onu itələyərək). Sən çəkil!.. (Vurur)
Qaracaqız. Axı onun taxsırı nədir? İldırımdan qorxub qaçıbdır.
Oruc. Ey nankor heyvan, bir də qaçarsanmı?
Qaracaqız. Yox, daha qaçmaz... Yazıqdır bəsdir. (Ağlayır)
Oruc. Sən çəkil, çəngi. (Vurur) Bir də qaçarsanmı?
Ayı dartınır, dartınır, halqanı boğazından çıxarır. Qaracaya tərəf gəlir. Qaraca qız
onun boynunu qucaqlayır, əlilə oxşayır. Ayı canını ağrısından donquldanır.
Qaracaqız. Yox, gözəl ayım, yaxşı ayım, mənim əziz dostum, ağlama.
Oruc (Zənciri ağacdan açıb gətirir, istəyir ki, halqanı ayının boynuna keçirsin). Sən ayını bərk tut, halqanı boynuna keçirim. (Qaraca ayını tutur. Oruc halqanı keçirmək istərkən ayı atılır, onu iki pəncəsilə yerə yıxıb, övkəşdirib dişləyir)
Oruc. (bağırır). Ay qız, qoyma, ay məni öldürdü.
Qaracaqız. Vay, vay. (Ayını tutub bir tərəfə çəkir)
Ayı donquldanıb yenə Orucun üstünə atılır. Pəncəsilə onu vurur. Dişləyir. Qaraca qız
baxıb ağlayır. Oruc ölür. Ayı ondan əl çəkincə Qaraca qız qorxusundan qaçır. Ayı da
onun arxasınca qaçır. Qaraca qız bağırıb özünü tez bir mağaraya soxur. Ayı gəlib, nə
qədər çalışır mağaraya girə bilmir. Bu zaman Hüseynəli bəy nökəri ilə əllərində tüfəng,
Yanında itlər gəlirlər.
Bəy (ətrafa göz gəzdirərək). Ov görünmür, bu günkü zəhmətimiz deyəsən boşa çıxacaq.
Saymaz. Ağa bu meşədə ov olmaz.
Bəy. Olsa da, olmasa da ovsuz evə qayıtmayacağam.
Saymaz. Ovsuz qayıtsaq Pəricahan xanım bizi qapıdan qovar.
Bəy. Püstə də sənin qulaqlarını yerindən çıxarar. Bir dovşan vursaq ona da razıyam.
Saymaz. Razı olmamış əlimizdən nə gəlir.
Bəy. Burda oturub bir tüstülətsək pis olmaz.
Saymaz. Ağa mənim başıma bir fikir gəlib.
Bəy. Hansı başına, keçəl başına?
Saymaz. Bəli, elə bu keçəl başıma. (Başını açır)
Bəy. Yaxşı, de görək!
Saymaz. Ovsuz qayıtsaq mən bağ həyətinə girib qazların birinin başını kəsib gətirəcəyəm, deyərik çöl qazı vurmuşuq.
Bəy. Baxarıq... Keçmişdə burada hər kolun altından biz turac qalxırdı. Hər evə qayıdanda beş-on turac, qırqovul aparırdım.
Saymaz. Onların da hamısı xanımın qarnından gəlib gedərdi.
Bəy. Niyə xanımın?! Püstə də, sən də evimdə qırqovul əti yeyə-yeyə qudurdunuz.
Saymaz. Ağa, bu keçəl başıma and olsun yox, bir turac, qırqovul əti yeməmişik. Qırqovul sümüyü desən doğrudur. Pəricahan xanım bizim xörəyimizin üstünə quru qəfəs qoyardı. Biz ancaq it kimi qırqovulun qabırğalarını gəmirirdik, ət görməzdik.
Bəy. Nökər-qaravaş ki, var, qapıda it kimi bir şeydir. Elə adamlar var ki, qırqovulun o quru sümüklərinə də həsrətdir.
Saymaz (istehza ilə). Orası elədir. Kasıb-kusub qırqovul ətinin ləzzətini nə anlayır. Onu allah yarıdıb bəylərə.
Bəy. Bu meşədən quşların nəslini kəsən mən olmuşam. Onları bax bu tüfənglə bir-bir dənləmişəm.
Saymaz. Bir meşədən qırqovulun nəslini kəsmək, o da böyük məharətdir. Hər adam ürək eləməz. Görək onu bir mən də bacara bilərəmmi?
İt hürür.
Bəy. Dayan, görək bu it kimə hürür. Deyəsən ov görmüş...
Saymaz. Elə bir şeydir. Yoxsa boş yerə hürməz.
İt daha şiddətlə hürür. Hər ikisi irəli gəlir. Görürlər ki, it ilə ayı boğuşur.
Ayı pəncəsilə vurub iti yerə sərir.
Saymaz. Ayıdır, ağa, ayıdır. (Bəy nişan alır) Dayan, ağa, qoy onu mən vurum. Sənin güllən öldürməz.
Bəy. Çəkil o yana, qoduq!.. (Nişan alıb vurur. Ayı silkələnir, yaralanır, onlara hücum edir. Saymaz onu vurub yerə yıxır. Ayı yerdə böyürür, donquldanır) Bu meşədə ömrümlə ayı görməmişəm, görəsən bu hardan azıb gəlmiş?!
Saymaz. Ovsuz qayıtmayasınız deyə, onu sizin bəxtiniz çəkib gətirmiş. Yaxşı oldu, heç olmasa evə ovsuz qayıtmadıq.
Bəy. Ayı ətinin kababı dəsgah olur. Ovun axırı bəd olmadı. Götür gedək.
Saymaz. Ağa, bu əl ayısıdır, boğazında xalta yeri var.
Bəy. Hanı?
Saymaz. Budur, bax!
Bəy. Bu meymun oynadan qaraçıların olacaq.
Saymaz. Gərək öldürməyəydik, Ağca xanıma töhfə aparardıq. Görəsən bu necə olub qaçıbdır?
Bəy. Kim bilir?
İt Orucun meyidini iyləyib hürür.
Saymaz. Kimdir o?
Bəy. Hanı?
Saymaz (Orucun meyidinə tərəf gedir). Ayının sahibidir. Bəy, görünür, ayı basıb öldürüb.
İt mağara ağzında hürməyə başlayır. Mağaraya girib çıxır,
aramsız hürür.
Bəy. Deyəsən mağarada heyvan var. İt yaman hürür. (Tüfəng ilə nişan alır)
Saymaz (mağaraya tərəf gedir). Ha, bozlar, ha!.. (İt mağaraya soxulur, içəridən ağlamaq səsi eşidilir) Eşidirsən? Adam səsidir. Bax, ağlayır. (İti səsləyir). Bozlar, Bozlar!
İt mağaradan çıxır, ağzını mağaraya tutaraq bərk hürür.
Saymaz. Ey, kimsən, qorxma, mağaradan çıx! (Cavab gəlmir. İt mağaraya soxulur, Qaracanın ətəyindən tutub çəkə-çəkə çıxarır,
Saymaz iti qovur, Qaraca ağlayır) Qorxma, qorxma!
Bəy. Ay qız, sən kimsən? (Qız cavab vermir)
Saymaz. O kişi sənin nəyindir?
Qaracaqız. O mənim heç nəyim, düşmənim. Ayı intiqamımı yaxşı aldı.
Bəy. Əcəb dilli-dilavər qızdır.
Saymaz. Bəs sənin ürəyin ona yanmır?
Qaracaqız. Yox, yanmır... O mənə çörək vermirdi, mən ona çörək qazanırdım. Hər gün dəfini pul ilə doldurub ona verirdim, o da əvəzində mənə matraq vururdu.
Saymaz. Bəy ki deyil, onun matraq ilə döyməyə ixtiyarı yoxdur.
Qaracaqız (ayını görür, həyəcanla bağırır). Vay, mənim gözəl ayım. (Tez gəlir, onun başını götürüb qolu üzərinə qoyur, ayı gözlərini açır. Qızı görüncə yavaş-yavaş inildəyir və əlilə qızı qucaqlayan kimi ölür)
Bəy. Bay, bu hələ ölməmiş... qız, bəri gəl, səni dişlər.
Qaracaqız. O məni dişləməz. (Ağlayır)
Saymaz. Ona bax, ölüm halında yenə qıza məhəbbət göstərir.
Bəy. O səni çox sevirdi?
Qaracaqız. Bəs sevmirdi.
Saymaz. Bəs nə üçün qaçıb mağaraya girmişdin?
Qaracaqız. Kişi onu matraq ilə döydü, o da qəzəblənib onu öldürdü. Mən qorxdum ki, məni də öldürsün, qaçıb mağaraya girdim. O mağara ağzında məni çox səslədi, çox çağırdı. (Ağlayır) Çıxsaydım, ayım ölməzdi.
Saymaz (zənciri yerdən götürüb). Bu da zənciri.
Qaracaqız. O öz zəncirini də qırdı, mənim zəncirimi də, hər ikimiz qurtardıq. Ancaq o öldü, mən qaldım. (Ağlayır)
Saymaz. Ağlama.
Bəy. Yaxşı qızdır. Mən bunu Ağca xanıma töhfə aparacağam.
Qaracaqız. Nə? Oyuncaq deyiləm ki, məni töhfə aparasan?
Bəy. Oho, qaraçı qızında bir qudurğanlığa bax?!
Qaracaqız. Mən qaraçı qızı deyiləm.
Meymun uzaqda zingildəyir. Ağac yanında görünür.
Saymaz. Ağa, o tərəfdə gözümə bir heyvan dəydi.
Bəy. Hanı?
Meymun görünür, zingildəyə-zingildəyə nə isə axtarır,
Saymaz. Odur bax, bu nədir elə.
Bəy (diqqətlə baxır). Tülküyə bənzəyir. (Nişan alır)
Qaracaqız ( meymunu görcək bağırır). Vay, vurmayın, mənim meymunumdur. Şeytanım, Şeytanım! (Səslənir, meymun Qaracanın səsini eşidincə qaçıb gəlir, onun ayaqları ucunda yıxılıb sevincək hərəkətlər çıxarır. Qaraca onu oxşayaraq) Gözəl şeytanım, mənsiz darıxdın? (Meymun zingildəyir, atılıb düşür)
Saymaz. Ağa, heyvanda etibara bax?!
Bəy. Yaxşı meymundur, bunu da Ağca xanım üçün apararıq.
Qaracaqız. Yox, mən onu heç kəsə vermərəm. (Meymun ilə bərabər getmək istəyir)
Bəy. Haraya?
Qaracaqız. Evimizə!
Bəy. Saymaz, tez ol, ayını da götür gedək!
Saymaz. Ağa, ayını mən tərkimə alaram, bəs bu qızı, bu meymunu?
Bəy. Meymunu qucağına al, qızı da mən tərkimə alaram. Kəndə yaxınlaşanda düşüb ayağilə gedər.
Qaracaqız. Yox, mən getmirəm. Mən gedim əvvəlcə anamın meyidini basdıracağam, sonra da kəndimizə gedəcəyəm.
Saymaz. Kəndiniz hardadır?
Qaracaqız. Axtarıb taparam.
Bəy. Yox, getməyəcəksən. (Onun qolundan tutub çəkir. Meymun bəyə hücum edir)
Qaracaqız (ağlaya-ağlaya). Mən kəndimizə babamın yanına gedəcəyəm. (Dartınıb ağlayır)
Bəy (Matrağı qaldırıb vurmaq istəyir) Bu matrağı görürsən? (Meymun qəzəblənir, atılıb matrağı dişilə tutur, bəy matrağı çəkir, meymunu vurur. Meymun acıqlanıb bəyin üstünə atılır. Bəy onu vurmaq istərkən Qaraca meymunu qucaqlayır)
Qaracaqız. Meymunumu vurma, mən babamın yanına gedirəm. (Meymunu qucaqlayıb ağlayır)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-qaraci-qiz-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
سرخوشانی که شراب لب مستانه زدندسنک بر جام و خم و ساغر و پیمانه زدند
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri