Страница 1 из 3

Birinci şəkil

Səhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri
bir-birinə yaxın, halqa vurub oturmuş, biri samovar qaynadır, biri ocaq qalayır. Hərə
bir işlə məşğuldur. Bəzisi də oturub söhbət edir. Meymun səssiz uzanıb ətrafa baxır.

Oruc. Əlləz dayı, gecəki zəlzələdən xəbəriniz oldumu?

Əlləz. Necə olmadı, yerimdən dik atıldım, yer bir sağa tərəf getdi, bir də sola tərəf. Sonra üşütməli adam kimi titrəməyə başladı.

Yetər. Mən yaman qorxdum. Elə bildim indicə ağaclar kökündən qopub üstümüzə töküləcək.

Nazlı. Yer altında yaman uğultu, qorxulu səslər vardı. Qorxumdan səhərə qədər yata bilmədim.

Oruc. Elə bil yer altında göy guruldayır, şimşək oynayır, ildırım çaxırdı.

Əlləz. Çox dəhşətli gecəydi. Deyəsən bu ağacların da canı var, dili var, budaqlar baş-başa verib qorxa-qorxa pıçıldaşırdılar.

Yetər. Bu da allahın bəlasıdır. Görəsən şəhərdə, kəndlərdə uçan ev, ölən adam oldumu?

Gülpəri. Bu zəlzələni ki, mən gördüm, az adam salamat qalar. Qorxudan indi də bədənim titrəyir.

Əlləz. Zəlzələdən, kim bilir nə qədər adam tələf oldu.

Oruc. Bizim çörək ağacımız bu xalqdır. Onlara bir şey olsa, çörəyimiz kəsilər.

Əlləz (acıqlı). Keçi can hayında, qəssab piy axtarır. Sən həmişə özünü düşünürsən.

Yetər. Görəsən bu zəlzələ nədən olur?

Nazlı. Nədən olacaq, allahın bəlasıdır.

Oruc. Mən eşitmişəm ki, bu dünya bir böyük öküzün buynuzları üstündə dayanır. Öküz yorulanda başını tərpədir, yer də ondan hərəkətə gəlir.

Əlləz. Bunu mən də eşitmişəm. Deyirlər bir zaman olacaq ki, öküzün başı lap yorulacaq, o zaman bu dünyanı buynuzlarının üstündən atacaq. Dünya parça-parça olacaq. O zaman qiyamət qopacaq.

Nazlı. Allah o gündən saxlasın.

Əlləz. Yox, yox, allah o günü göstərməsin. Hamımız batıb gedərik. Özümüz də, uşaqlarımız da əldən gedər.

Yetər. Yox, yox, bu allahın bəlasıdır.

Gülpəri. Eh, bu oxumuşlar da ağızlarına nə gəldi deyirlər, qaz nədir, baz nədir? Bu, allahın bəlasıdır.

Oruc. Hər nədəndir, o mənə lazım deyil, ancaq onu bilirəm ki, bizim çörək ağacımız qurudu. Gərək biz başımıza bir çarə qılaq.

Meymun gəlir, ortalıqda çöməlib durur, adamları bir-bir gözdən keçirir. Sonra
həzin səslə səslənir.

Nazlı. Bu heyvan kimi axtarır?

Yetər. Yasəməni!

Əlləz. Heyvan uşaq kimidir. Kimdən məhəbbət görsə, ona məhəbbət yetirər...

Oruc (əlilə meymunu vurur).Get yerinə!..

Meymun zingildəyə-zingildəyə gedib yerində uzanır. Bu zaman
YasəmənQaracaqız ilə görünür.

Nazlı. Dayanın, Yasəmən gəlir. Görək nə xəbər gətirmiş.

Yasəmən gəlir.

Əlləz. Qızım, Yasəmən, nə var, nə yox?

Yasəmən. Əlləz dayı, heç soruşma, gecəki zəlzələdən xəbər tutdunuzmu?

Əlləz. Tutduq, tutduq, de görək, ölən-itən varmı?

Yasəmən. Kəndlərdə daş-daş üstə qalmadı. Az adam salamat qurtuldu.

Əlləz. Vay, xalqın evi yıxıldı. (Əlləri ilə dizlərinə vurur. Meymun Yasəmənin səsini eşidincə tez qaçıb gəlir, əlləri ilə onu vurur, yalmanır, Yasəmən əli ilə onun başını oxşayır. Meymun sevindiyindən atılıb düşür. Sonra da Qaraca ilə oynamaq istəyir)

Qaracaqız (geri çəkilərək). Xala, qorxuram, dişləyir məni.

Yasəmən. Qorxma qızım, səninlə oynayır, dişləməz.

Gülpəri. Bu qaraca qızı hardan tapdın?

Yasəmən. Oruc, dünən, həyətlərində çalıb-oynayandan sonra sənə bir manat pul, mənə də bir baş yaylığını verən arvadın qızıdır. Ata-anası öldü. (Yavaşca) Mən onu dilə tutub qaçırdım.

Gülpəri. Apar, apar, bizim onu doydurmağa çörəyimiz yoxdur.

Oruc. Bizə lazım deyil, hardan gətirmisən apar ver sahibinə.

Yasəmən Sahibi hardadır? Odur, yerin altında.

Gülpəri. Yox, yox, bizə lazım deyil!..

Qaracaqız (ağlayır). Mən gedirəm... Mən gedirəm.

Yasəmən (onun başını qucaqlayır). Ağlama, qızım, ağlama!

Gülpəri. Allaha şükür, bircə zurna-balabanımız əskik idi.

Əlləz. Dünyada nə acgöz adamlar var. (Yerindən acıqlı qalxır, qıza tərəf gəlir) Adam adama bəs nə zaman lazım olar? Bu yetim qızı mən özüm saxlayaram.

Nazlı. Əlləz dayı, onsuz da sənin uşaqların çoxdur.

Əlləz. Qoy çox olsun. Diş verən çörəyini də verər. (Qızın əlindən tutdu) Gəl bura, sən mənim qızım olacaqsan.

Qaracaqız (ağlayır). Mən gedirəm... Mən gedirəm.

Əlləz. Hara gedirsən, qızım?

Qaracaqız. Piri babamın yanına.

Əlləz. Adın nədir?

Qaracaqız. Adım Tutudur.

Əlləz (başını qəmgin tərpədir). Qızım, Tutu, səni mən özüm saxlayacağam. (Əlindən çəkir)

Qaracaqız. Yox, mən Piri babamın yanına gedirəm.

Nazlı. O da dam-daş altında qalıb ölmüş.

Əlləz. Bu qızı mən özüm saxlayacağam.

Yetər. Əlləz dayı, qoy bizdə qalsın.

Gülpəri. Harda qalır qalsın, bizə gərək deyil.

Qonça. Ha, ana can, nə yaxşı qızdır. Bir yerdə yaşayarıq.

Yasəmən. Yox, onu heç kəsə verməyəcəyəm, övlad kimi bağrıma basıb analıq edəcəm.

Gülpəri. Ala, kül başına, qoca qayınanayın acından qarnı quruldayır, bu, yetim qız götürüb saxlayır.

Yasəmən. Niyə elə deyirsən, ay ana, oğlun, mən nə qazanırıq hamısı sənin qarnından gəlib-gedir. Sənin qarnın kor quyudur, nə versən, gördüm deməz. (Hamı gülür)

Qaracaqız (ağlayır). Mən gedirəm...

Gülpəri. Nazımı çəkməyə mən adam axtarıram. Heç bilmirəm, bu bəxtəvərin nazını kim çəkəcək.

Yasəmən. Mən çəkərəm, mən... Balam kimi saxlayaram. (Onu qucaqlayır) O mənim qızım olacaq... Bu mənim Tutu balamdır, bu meymunu da, o ayını da sənə verəcəyəm. Hər gün sən çalıb oxuyarsan, onlar sənin qarşında oynar. Dünən sizin həyətinizdə gördünmü nə yaxşı oynayırdı. Qonça, qızım, o ayını aç, bura gətir! (Qonça gedir, ayını açıb gətirir) Bax, nə yaxşı ayıdır?

Ayı it kimi yalmanır, Qaracanın paltarını qoxulayır. Onun qarşısında iki ayağı
üzərində durub əlilə onunla oynayır.

Qaracaqız. Vay... xala, buna bax!.. (geri çəkilib maraqla ona baxır)

Yasəmən. Qorxma, qızım, o səninlə oynayır.

Yasəmən dəfi əlinə alıb çalır. Ayı iki ayağı üzərində oynamağa başlayır. Qaracaya
yanaşıb əliylə onu da oynamağa çağırır. Meymunu gəlib ayını əliylə itələyir. Qaraca
ilə özü oynamaq istəyir. Ayı donquldanır. Pəncəsilə onu vurur. Meymun əl çəkmir.
O da ayını dişləmək istəyir. Ayı onu dişləyir. Meymun zingildəyə-zingildəyə geri çəkilir.
Dililə ayı dişləyən yeri tez-tez yalayır. Bir tərəfdə çömbəlib onlara tamaşa edir. Yasəmən
dəfi çalır, ayı oynaya-oynaya Qaracaya yanaşır. Əlilə onu da oynamağa çağırır.

Yasəmən. Qızım, ayı səni də oynamağa çağırır.

Qaracaqız. Yox, mən oynaya bilmərəm.

Yasəmən. Qonça, gəl, sən oyna.

Qonça dəfi əlinə alıb çalır, oxuyur, ayı ilə üz-üzə oynayır.

Qonça (oxuyur).

Mən çalım, ey ayım, oyna!

Ey mehriban dayım, oyna!

Şabaş ilə dolsun dəfin.

Gətir, ver, mən sayım, oyna.

Ayım söylə, bu nə işdir?

Səndə yaman bir vərdişdir.

Yoxsa, ayım, qocalmısan?

Belin neçin əyilmişdir?

Mənim ayım gözəl qızdır,

Üzü lalə, gözü ulduzdur.

Adı dildə dastan olmuş,

Gözəllikdə o yalqızdır.

Yasəmən (Qaraca qıza). Qızım, sən də əl çal!

Qaraca əl çalmır... Ayı oynaya-oynaya onun yanına gəlir. Əllərilə onun əllərini bir-
birinə vurur ki, əl çal. Hamı gülür, oyun qurtarır. Ayı dəfi əlinə alır, oturanların qarşısına
tutub pul istəyir. Heç kəs pul vermir. Ayı pul verməyən adamlara donquldanıb gedir.
Əlləz dayı dəfə üç abbası pul atır. Ayı dəfi gətirib Qaraca qıza uzadır.

Yasəmən. Bax, qızım, ayı hamıdan çox səni sevir. Pulu sənə verir.

Qaracaqız. Mən pul yığan qaraçı deyiləm ki?!

Gülpəri. Yox, sən Şah Abbasın qızısan.

Yasəmən. Mən qızım Tutuya çalmaq, oxumaq öyrədəcəyəm. Bir görün nə qız olacaq.

Yetər. Gülpəri nənə yaxşı dedi. Bunun adını Qaraca qız çağırın.

Yasəmən. Bu qaraca qız mənim canım, ciyərimdi. Onu öz balam kimi saxlayacağam.

Qaracaqız. Yox, mən piri Babamın yanına gedirəm.

Gülpəri. Bundan sonra kefimiz var... Hər gün zurnasını başlayacaq.

Əlləz dayı çırt çubuğunu çək-çəkə dərin fikrə getmişdir.

Nazlı. Ay Əlləz dayı, nə fikrə getmisən?

Əlləz. Bu zəlzələni düşünürəm, nə qədər ev yıxdı, ocaq söndürdü, nə qədər ata-ananı oğlundan, nə qədər oğlu-qızı ata-anasından ayırdı.

Yetər. Elə onu de. Bu yazıq qızın taxsırı nə idi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов