Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:

– Nə var, niyə ağlayırsan?

Zinyət cavab vermədi. Xasayın qəlbi şiddətlə çırpındı. Zinyətin ətəyindən çəkərək:

– De görüm niyə ağlayırsan? – deyə təkrar soruşdu.

Zinyət gözünün yaşını silə-silə:

– “Heç...” – dedi.

– Necə heç... de görüm nə olub?!

– Atam tramvaydan yıxılıb deyirlər.

Xasayın qəlbi yerindən oynadı: “Hanı atam?!” – deyə dəli kimi bağırdı.

– Xəstəxanaya apardılar, anam dalınca getdi.

Xasay bunu eşidincə əlindəki kitabları pəncərəyə atıb qapıdan çıxdı, yenə tez dönərək:

– Hansı xəstəxanaya? – deyə dumanlı gözlərini bacısına dikdi.

– Bilmirəm!

Xasay yaxındakı xəstəxanaya getdi. Bir saat o yan, bu yanda dolaşdı. Qabağına çıxandan atasını soruşdu, hər şəfqət bacısına qəlbini açdı. Atasından xəbər verən olmadı. Ürəyi çırpırdı. Qəlbi kövrəlib ağlamaq istədi. Özünü zor-güc saxlaya bildi. Bu zaman yanından keçən gənc bir həkimə yanaşdı. Gözləri yaşlar içində atasını ondan soruşdu. Həkim əlini onun çiyninə qoyub dedi:

– Şəhərdə xəstəxana çoxdur. Böyüklərdən birinə söylə, onun hansı xəstəxanada olduğunu telefonla soruşub öyrənsin.

Xasay oradan küçəyə çıxdı. O indi telefon axtarırdı... Lakin haraya getsin? Kimin yanına getsin?

Birdən-birə məktəbdə telefon olduğunu xatırlayıb tez oraya yüyürdü. İçəri girdikdə sinif rəhbəri Kamillə rastlaşdı. Kamil müəllim onu pərişan və kədərli görüncə heyrətlə soruşdu:

– Xasay, nə var?

Xasay özünü saxlaya bilmədi, hıçqıra-hıçqıra ağlamağa başladı. Zor-güc özünü sakit etdi. Kamil əli ilə onun başını oxşayaraq:

– Nə olmuş, Xasay? – deyə təkrar soruşdu. Xasay əhvalatı ona anlatdı. Kamil müəllim tez telefona yanaşdı. Bir-iki xəstəxana ilə danışdı. Sonra “Semaşko” xəstəxanasına zəng elədi. Balakişinin ora gətirildiyini və yarım saat əvvəl vəfat etdiyini xəbər verdilər. Kamil Balakişinin vəfatını Xasaydan gizlətdi.

– Atan Semaşko xəstəxanasındadır, qorxma, ürəkli ol, deyirlər yaxşıdır. Xəstəxana uzaqdır, sən ora gedə bilməzsən, qayıt evə, anan indi gələcək, əhvalatı sənə danışar.

Xasay gözləri yaşlı evə döndü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов