IV
Atasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.
Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.
Kamil müəllim Xasayın üzərində rəhbərliyini bir qat daha artırmışdı. Bir gün yenə təsəlli vermək və maddi həyatlarını yoluna qoymaq üçün evlərinə getdi. Badam ilə çox danışdı, tikiş fabrikində, yaxud başqa fabriklərdə ona istədiyi vəzifəni tapmağa söz verdi. Badam dodaqlarını büzərək:
– Yox, qardaş, mən bacarmaram – deyə qəbul etmədi. Badamı zavodlar, mədənlər, fabriklər çağırdığı halda, o öz köhnə sənətindən əl çəkmədi. Su daşımaqdan aldığı azacıq pul onu və uşaqlarını yaşada bilməzdi. Müəllimin çarəsi kəsildi, uşaqları pansiona verməyi təklif etdi. Badam:
– Yox, mən uşaqlarımı gözümdən qoymaram – deyə buna da razı olmadı.
Kamil müəllim Badamla tanış olub onun təbiətini gözəlcə öyrəndi. Bu qadının öz uşaqlarına sağlam tərbiyə verə bilməyəcəyini anladı. Ona görə də mümkün olduqca uşaqları Badamdan uzaqlaşdırmaq yolunu düşündü. Bu xüsusda müdirlə görüşüb əhvalatı ətraflı olaraq ona anlatdı. Müdirin vasitəsi ilə Xasay və Zinyətə məktəb daxilində maaşlı kiçik bir vəzifə verdilər. Günorta yeməklərini də məktəb bufetindən təmin etdilər.
Balakişinin yerinə Rəcəb özünü qapıçı qəbul etdirmişdi. O, hər gün səhər tezdən gəlib, küçəni, həyəti süpürür və arabir Qızyetərlə xısın-xısın danışıb gedirdi. O kimdir? Hara gedir? Nə üçün gedir? Bunu həyətdə kimsə bilməzdi.
Bir gün Rəcəb əlində süpürgə ağaca söykənib Qızyetərlə danışırdı. Badam əllərində vedrə yaxından keçərkən onlara baxıb gülə-gülə:
– Siz hər gün gizli-gizli nə danışırsınız? Bunu bir bilsəydim – dedi.
Qızyetər gülə-gülə cavab verdi:
– Darıxma, bilərsən.
Bir az sonra Rəcəb getdi. Badam vedrələri doldurub oradan keçərkən Qızyetər onu çağırdı və mühüm bir söz söyləmək istəyən adamlara məxsus bir tövr aldı. Badam vedrələri yerə qoydu. Qızyetər gülümsəyərək əlini Badamın çiyninə qoydu və gözlərini onun gözlərinə dikib dedi:
– Ay qız, Badam, rəhmətlik Balakişi öləndən bəri sən gündən-günə solub-saralırsan. Uşaqlar da çox dəyişmişdir. Sənə mənim yazığım gəlir. Ay qız, su daşımaqnan ev dolanar? Evdə başı papaqlı gərəkdir. Özün də hələ cavansan. Mən səni Rəcəbə almaq istəyirəm, buna nə deyirsən?
Badam başını sinəsinə əyib bir qədər düşündü. Sonra əllərini qoltuğuna qoyub həzin bir səslə:
– Bəs bu yetimləri neyləyim? – dedi.
– Rəcəb o yetimləri də yola verər. Qoçaq və bacarıqlı kişidir.
– Yox, mən uşaqlarımı başqasının qoltuğuna verə bilmərəm.
– Belə demə, Badam, dolana bilməzsən, uşaqlar korluq çəkər.
– Qızın Züleyxa üç uşağı, üstəlik bir də səni necə saxlayır?
– Onun işi başqa, səndən Züleyxa olmaz! Sənə başı papaqlı gərəkdir.
Badam vedrələri götürüb yavaşca:
– Hələ baxaram – dedi.
Qızyetərin təklifi və sözləri Badamı çox düşündürdü. “Səndən Züleyxa olmaz” sözü ona çox təsir etmişdi. Xatırladıqca bu söz ona tikan kimi batırdı. O artıq yavaş-yavaş Qızyetərə haqq verməyə başladı. Sonra öz-özünə: “Balakişi o zaman məni savad kursuna apardı, oxuyub başa vursaydım, bu gün mən də bir yana çıxardım” – deyə təəssüf etdi.
Rəcəb son günlərdə Badamla tanış olmuşdu. Bir gün Rəcəb həyəti süpürüb gedirdi. Badam ondan soruşdu:
– Ay Rəcəb, sən hər gün həyət-bacanı süpürüb hara gedirsən?
Rəcəb gülə-gülə cavab verdi:
– Haram var, hara gedim. Kasıbçılıqdır, neyləyim, hamı sənin kimi olmaz ki...
– Mən necəyəm?
– Necə olacaqsan... İki, üç qonşuya su daşımağın quyruğundan tutub durursan. Bununla yaşamaq olmaz!
– Neyləyim, əlimdən başqa iş gəlmir.
– Çox yaxşı gəlir, canını işə verən adam deyilsən. Bu qapı ağzında qanfet, semişka, papros da sata bilməzsən? Hərəsindən bir az qazansan, uşaqlara yavanlıq olar.
Rəcəbin sözləri onu çox düşündürdü. Axırda o bir taxta qutu hazırladı, mağazalardan konfet, tum və papiros alıb qutunun içinə qoydu. Səhər qonşulara su verdikdən sonra küçə qapısının ağzında oturub onları satmağa başladı. Rəcəb o gün süpürüb gedərkən qapı ağzında Badamı gördü.
– Bax, belə deyirəm, indi haqqın yolunu tapmısan, uşaqlar məktəbdən gələndən sonra sən dincəl, qoy Zinyət alver etsin. Xasay da ciblərini paprosla doldurub enli küçələrdə satsın; o sizdən daha çox qazana bilər.
Rəcəbin dediklərinə qulaq asa-asa Badam öz-özünə düşünürdü: “Maşallah, nə qoçaq və bacarıqlı kişidir. Dünyanın hər üzünü bilir. Bizim rəhmətlik Balakişi bu işləri bilməzdi”.
Zinyətlə Xasay axşam işlərindən gec gəldiklərinə görə Badam Rəcəbin tapşırığını həyata keçirə bilmirdi. Ancaq Rəcəbin siması və qoçaqlığı Badamın xoşuna gəlirdi. O indi Rəcəbə getməyə razı idi. Bir gün Rəcəb şıq və təmiz paltar geyib gəlmişdi. O, o qədər gözəl geyinmişdi ki, zahirindən qapıçıya deyil, bir ziyalıya bənzəyirdi. Badam ürəyində: “Bax, kişi belə olar, işləyir də, dişləyir də” – deyə düşünürdü. Qızyetər yenə bir gün Badamın ağzını ararkən:
– Sən ki, məsləhət görürsən, sözüm yoxdur – deyə razı olmuşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-xasay-iv
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən bir gözəllik heykəli, dilbər, afət bir pəri,Xəyalımda təsvir edər, durardım çoxdan bəri
Həyat-sevməkdirQurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.
Unudulmuş parçalarBağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.
Şərq gözəlinəŞəfəqlər sökərkən öpüşlərindənYaranmış al, incə yanağın sənin!
Стихи других поэтов
Ey yar vəfadarım,Didarına müştaqəm,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm