Xasay gecə-gündüz küçələri ölçürdü. O indi Rəcəbin əlaltısı olmuşdu. Qələbəlik yerlərə soxulur, onun-bunun cibinə girirdi. Çox vaxt pivə satılan budkaların qarşısında əlində bir torba bişmiş noxud adamların içinə soxulur və paltarın üstündən cibləri axtarırdı. Birinin cibində pul olduğunu görüncə Rəcəbə göz-qaşla anladır, Rəcəb bir bəhanə ilə ona yanaşır, qolunu yuxarı qaldırıb o adamın şapkasını qolu ilə bərk aşağı basırdı. O adam Rəcəbin qolunun altından çıxmağa və şapkasını düzəltməyə çalışırkən Xasay fürsətdən istifadə edib tez onun cibinə girirdi. Xasay hər zaman müvəffəq ola bilmirdi. Çox vaxt adamlar xəbər tutur, onu döyür, söyürdülər. Bu acıların hamısını duyduğu halda, o yenə də bu çirkin işdən əl çəkmək istəmirdi.

Rəcəbin Xasaydan əvvəl Həsən adlı bir əlaltısı da var idi. Həsən ağır və tənbəl bir uşaq idi. Oxumaq və işləməkdən qaçırdı. Ona görə də Rəcəblə yoldaş olmuşdu. Xasaydan sonra Rəcəbin ona bir o qədər ehtiyacı yox idi. Bununla belə çox vaxt hər ikisini yanına salıb ova çıxırdı.

Bir gün səhər çayını içər-içməz Xasay evdən çıxdı. Yolda Həsənə rast gəldi. Həsən qoz almaq üçün kooperativə girdi. Xasay da cibindən beş şahı çıxarıb ona verdi:

– Varım, yoxum budur, al bərabər yeyək – dedi.

Həsən qozu alıb kooperativdən çıxdı. Yemək üçün “Azadlıq bağçası”nın yanına gəldilər. Qapı ağzında üç-dörd patsan durmuşdu. Həsənin əlində qozu görüb onu araya aldılar: “– Bizə də ver, bizə də ver” – deyə qozu pay-puş etmək istədilər. Həsən onları itələyib:

– Yavaş-yavaş, sizə də verəcəyəm – dedi.

Xasay da bir tərəfdən soxulub: “Əvvəlcə mənim payımı ver” – deyirdi. Aralarında söz böyüyüb söyüşdülər. Yoldan keçən bir gənc onlara acıqlanıb:

– Ayıb deyilmi? Nə üçün belə boğuşursunuz. Verin mən paylayım – dedi.

Hamı razı oldu. Gənc gülə-gülə soruşdu:

– Allah bölgüsü istəyirsiniz, yoxsa bəndə bölgüsü?

Patsanlardan birisi bağırdı:

– Allah bölgüsü, allah bölgüsü.

Gənc iki dolu ovuc birisinə, bir ovuc da birisinə verdi. Yerdə qalan üç qozu da dörd uşaqdan birinə bir qoz, o birinə iki qoz verdi. İki uşağa qoz çatmadı. Uşaqlar acıqlandılar.

– Yox, bu düz bölgü deyil – dedilər.

Gənc cavab verdi:

– Allah bölgüsü belədir. Birinə o qədər verir ki, aşıb-daşır, birinə az verir, o birinə heç vermir.

Xasay bağırdı:

– Bəndə bölgüsü yaxşıdır, bəndə bölgüsü.

Gənc qozları yenə bir yerə topladı və onların arasında bərabər böldü. Hər uşağa beş qoz düşdü.

Xasayla Həsən onlardan ayrıldı. Qozları qırıb yeyə-yeyə bağçanın içi ilə gəlirdilər. Ağac başında bala sığırçın gördülər. Hər ikisi dayandı; Xasay sıx kirpikli kiçik qara gözlərini ona dikib qaldı. Sonra quşu tutmaq üçün tez ağaca dırmaşdı. Həsən də ayağından qaldırıb:

– Tut, ikimiz də oynadarıq, – dedi.

Xasay bu sözə əhəmiyyət verməyib çıxdı. Sığırçını min bir fəndlə tutub ağacdan endi. Sevinə-sevinə:

– Bunu özüm saxlayacağam – dedi.

Quşa Həsən də yiyələnmək istədi. Onu hər biri bir tərəfə çəkməyə başladı. Deyişmələri uzandı. Döyüşməyə başladılar. Yoldan keçən bir müəllim bunları görüb yaxınlaşdı:

– Yol ortasında iki məktəbli döyüşməz. Ayıbdır, bir də bu yazıq quşu nə üçün çəkişdirirsiniz?

Həsən dedi:

– Əmi, bu sığırçını ağacda ikimiz də gördük, mən ona nərdivanlıq etdim, ayaqlarını əllərimə, çiynimə qoyub ağaca qalxdı. İndi isə: “quş mənimdir” – deyir.

– Yalan demə – deyə Xasay etiraz etdi. – sən məni yaxşı tanıyırsan, mən kərtənkələ kimi dimdik divara dırmaşaram. Hay-hay, mənə nərdivanlıq edənə bax, ağac başında qanadlı bir quşu tutmaq, qoz qırıb yemək deyil; əlini uzadınca quş “pır...r” uçub gedər. Mən sığırçını gördüm, öz hünərimə güvəndim. İlan kimi budaqlara sarıldım, əlimi yarpaqların arasından uzadıb quşu elə tutdum ki, heç özünün də xəbəri olmadı. sən yerdən qurbağanı da götürə bilməzsən.

Xasayın qoçaqlığı və danışığı müəllimin çox xoşuna gəldi:

– Oğlum, sən hansı məktəbdə oxuyursan? – deyə soruşdu. Xasay dinmədi, başını aşağı dikib durdu. Müəllim bir də sual verdi. Həsən gülə-gülə:

– Patsanlar məktəbində oxuyur – dedi.

Müəllim heyrətlə ona baxıb:

– Sənin kimi ağıllı və qoçaq uşağa patsan məktəbi yaraşmaz, gedək bizim məktəbdə oxu, məktəbimiz sənə hər cür kömək edər – deyə Xasaya təsir etməyə çalışdı.

Xasay müəllimin sözlərini dinləmədən uzaqlaşıb getdi. Müəllim onun arxasınca çox səsləndi, Xasay cavab vermədi.

Sonu olmayan bu azğın yolun acılığını Xasay hər gün dadırdı. Yediyi yumruqlar, təpiklər, qabırğa deşən dümsüklər. acı-acı gülüşlər ona təsirsiz qalmırdı. Müəllimin sözləri də ona az təsir etməmişdi. Yolda gedərkən öz-özünə düşünürdü: “Mənim axırım nə olacaq, hər kəs mənə patsan deyir, xuliqan deyir, cibgir deyir, ölüncəyə qədər mən belə qalacağammı?”

O hər gün xuliqanların, cibgirlərin yaxalandığını görür, sürgün edildiyini eşidirdi. Onu hər şeydən çox kiçik xuliqanlar haqqında çıxarılan 103-cü maddə qorxudurdu. O bilirdi ki, bir gün yaxalanıb sürgün ediləcək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов