Страница 1 из 2

Xasay hər gün məktəbdən evə döndüyü zaman halı dəyişirdi. Bir gün evdə yalqız olduğundan artırmada durmuş, gözlərini pəncərədən bağçaya dikib düşünürdü. Atası sağ olduğu zaman bağçada bərabər çalışdıqları xoşbəxt günlər, sinifdə birinci əlaçı olduğu, atasının ölümü, anasının Rəcəbə ərə getməsi, bu quldurun təsiri ilə azğın yollara sapıb işıqlı, uca göylərdən bataqlığa düşməsi – bütün bunlar kino lenti kimi bir-bir onun gözləri önündən keçirdi. Bu acı xatirələr içində onun ruhuna işıq, qəlbinə sevinc verən heç bir şey yox idi. Yalnız ruhunu oxşayan, səmimi məhəbbət bəsləməyə başladığı sevimli müəllimi Kamil idi. Düşündükcə, Kamil müəllim onun gözləri önündə böyüdükcə-böyüyür, canlı bir heykəl kimi qarşısına dikilib ona: “Qorxma, sənin fitri istedadını inkişaf etdirmək üçün bütün qüvvə və iradəmi sərf edəcəyəm” – deyirdi.

Xasay düşüncələrlə bağçaya çıxdı. Bağça əvvəlki bağça deyildi, alaq basmış, su verilməmiş olduğundan çiçəklər solmağa başlamışdı. Xasay o solğun çiçəklərə baxıb acı-acı gülümsədikdən sonra: “Atam sizi beləmi becərirdi?” – dedi. Sonra qollarını çirmələyib bağçanın alağını etdi, təmizlədi, süpürdü, tam iki saat çalışdı. Vəzifəsini bitirmiş olan adamlara məxsus bir tövrlə bağçaya bir də baxdı. Bu dəfə bağça ona bambaşqa göründü.

Qəlbi sevinclə dolu olaraq evə döndü. Evdə kimsə yox idi. Yastığı götürüb xalça üzərində uzandı. Onun başına yenə qara fikirlər dolmağa başladı. Əsəbi bir halda yerindən fırlayıb artırmaya çıxdı. Taxtalığın arxasında qonşu Qızyetər qızı Züleyxa ilə danışırdı.

Qızyetər deyirdi:

– Ay qız Züleyxa, hamıdan artıq mənim Xasaya yazığım gəlir, görürsənmi nə qədər dəyişib, görəndə ürəyimin başı göynəyir. Bu Rəcəb yazıqların komasını dağıtdı. Onu görüm, koması dağılsın. Əvvəldən bilsəydim, bu işə səbəb olmazdım.

– Sən bilmirdinmi o, köhnə qolçomaqdır. hökumət tərəfindən sürgün edilib? Bizim kənddə ki onu tanımayan yoxdur. Əsil adı Mahmuddur. Rəcəb adına saxta bir pasport ələ keçirib, bu pasportla da yaşayır. Sürgündən qaçmış bu canavarın siyasi müqəssir olduğunu heç kim bilmir.

– Ay qız, mən bunları heç bilmirdim. Bəs bunları nə üçün mənə deməmisən?

– Qorxumdan deyə bilərdimmi? Onun fikri məni almaq idi. Onun kim olduğunu bir-bir üzünə oxudum, “Qalx buradan get, öz tayını tap!” – dedim. Kişi bir an donub qaldı, sonra acıqlı-acıqlı üzümə baxıb dedi:

– Züleyxa, bu sözü bir dedin, bir də sənin ağzından eşitməyim. Eşitsəm, inan ki, nə sən sağ qalarsan, nə də uşaqların.

– Vay, ağzın qurusun. Mən bunu belə tanımamışdım. Bu canavar oğlu canavar məni də qorxudurdu.

– Səni nə üçün?

– Ay qız, bu hansı kitabda görünüb, kişini tramvaydan itələyib öldür, arvadını al, uşaqlarını əsir-yesir elə.

– Nə deyirsən, ay arvad, yoxsa Balakişini bu namərd öldürmüşdür?

Onu görüm kor olsun, daha kim öldürəcək? Hayıf ki, bunu Badamı alandan sonra mənə söylədi. Mən ona bir neçə ağız söz dedim; gözlərini ağardıb dedi ki: “Ağzından çıxsa, özün bil ha, mənə Rəcəb deyərlər...”

Xasay bu sözlərin hamısını eşidirdi. Atasının Rəcəb tərəfindən öldürüldüyünü eşidincə qəlbi döyündü, gözləri dumanlandı. Özünü saxlaya bilməyib ağlaya-ağlaya otağa qaçdı, yastığı qucaqlayıb hıçqıra-hıçqıra ağladı. Bu zaman Zinyət içəri girdi. Xasayı elə görüb:

– Xasay, nə üçün ağlayırsan? – deyə soruşdu.

Xasay cavab vermədi. Zinyət çox çalışdı, Xasaydan cavab ala bilmədi. O, ağlamaqda davam edirdi. Zinyət qaçıb anasını çağırdı. Badam qoltuğundakı qutusu ilə ona yanaşıb:

– Xasay, oğlum, niyə ağlayırsan? – deyə soruşdu.

Xasay əli ilə onun qutusunu itələdi. Badam heyrətlə Xasaya baxdı.

– Bu dəli olub nədir? Allah o müəllimin evini yıxsın, mənim evimi o kafir oğlu yıxdı.

Xasay çox ağladı, onu sakit edə bilmədilər. Bir az sonra yerində fırlandı. Kimsəyə açmadığı bu sözü müəllimi Kamilə söyləmək istəyirdi. Paltarını, ayaqqabısını geyinib hazırlanırkən Rəcəb qiyafəsini dəyişmiş halda içəri girdi, Xasayı görüncə:

– Oho... Xasay, xoş gördük... Çıxdığını eşidib gəlmişəm, necəsən, oğlum? – dedi.

Xasay ona cavab vermədi.

– A gədə, atan səninlə deyilmi, niyə cavab vermirsən? – deyə Badam oğlunu danladı.

Xasay üzünü divara tutub durdu. Onun gözləri dolmuş, ağlamaq və bağırmaq istəyirdi. Əsəbi bir tövrlə qapıdan çıxmaq istərkən Rəcəb onun qolundan hiddətlə çəkərək:

– Ey, hara gedirsən? – dedi.

Xasay əlini şiddətlə çəkərək:

– Burax əlimi – deyə ona bağırdı.

Rəcəb Xasayın qolunu daha da şiddətlə çəkərək üzünə dik-dik baxdıqdan sonra:

– Mənə bax, yoxsa ürəyini o kafir oğlu müəllim yeyib? Ona uyduğunu bilsəm, inan ki, səni sağ qoymaram.

Xasay yenə cavab vermədi. Rəcəb əli ilə Badama və Zinyətə işarə edərək acıqlı səslə: “Çıxın burdan!” deyə bağırdı. Badam və Zinyət otaqdan çıxdıqdan sonra o, Xasayın qolundan tutub özünə tərəf çəkdi:

– Oğlum, sənin qeyrətin yoxmu? – deyə Xasayı dilə tutdu – məni işimdən, gücümdən, ev-eşiyimdən qaçaq salan, səni üç ay qazamata salan bu kafir oğlu müəllim döyüldü? Ondan intiqam almasan haram olsun sənə Balakişinin çörəyi.

– Yaxşı, de görüm fikrin nədir? – deyə Xasay onun düşündüklərini öyrənmək istədi.

Rəcəb Xasayın bu sözlərindən ürəkləndi. Məqsədinin baş tutduğunu görüb danışmağa başladı:

– Bax, belə oğlum... İndi məsələni sənə başa salaram. Bu gecə onlar evdə olmayacaq. Xəbər tutmuşam, teatra gedəcəklər.

Xasay həyəcanla: “Kim?” – deyə soruşdu. Rəcəb çox sakit halda:

– Sənin kafir müəllimin. Bu gecə arvadı ilə bərabər “Nərgiz” operasına gedəcəklər. Evdə iki uşağı, bir də qoca qulluqçu qalacaq. Bu saat qulluqçudan başqa evdə heç kəs yoxdur. Əgər kişisən, bir iş elə.

Rəcəbin müəllimi Kamilə nə etmək istədiyi məsələsi Xasayın fikrini tamamilə cəlb etmişdi. O, Rəcəbin necə intiqam almaq istədiyini bilmək üçün bir qədər özünü topladı və gözucu onu süzərək:

– Nə iş? – deyə soruşdu.

– Qalx, bərabər gedək, qulluqçu mətbəxə keçdiyi zaman yan qapıdan girib evdə gizlən. Gecə onlar getdikdən, uşaqlar və qulluqçu yatdıqdan sonra mən bir nəfərlə gələrəm. Sən qapını açarsan, ona elə dağ çəkərəm ki, ölüncə yadından çıxmaz!

– Nə dağ çəkərsən?

– Əl-ayağa dolaşmasın deyə əvvəlcə iki balasını, qoca qulluqçunu boğarıq. Sonra ürəyimiz istədiyi qədər qiymətli şeylərdən götürüb gedərik. Daha nə istəyirsən?

Xasayın vücudu titrədi; nə edəcəyini büsbütün çaşırmışdı. Ən sevimli müəllimi Kamilin ailəsini gözləyən bu faciənin qarşısını almaq üçün bir çarə düşünürdü. Zehninə gələn bir fikirdən Xasayın qəlbi şad oldu. Öz-özünə: “Mən müəllimi qurtarmalıyam” – dedi. Rəcəb əli ilə onun çiyninə vuraraq:

– Hə, hə, Xasay, nə deyirsən? Razısanmı? – deyə soruşdu.

Xasay qəti və yavaş bir səslə:

– Razıyam – dedi.

Rəcəb Xasayın başını qucaqlayaraq:

– Sənin heç qiymətin yoxdur, qoçaq oğlum, gör sənə oradan nələr gətirəcəyəm – dedi.

Şəhərdə yaşamaq ona yaramadığından anlamış olduğundan Rəcəb yaşına və qiyafəsinə uyğun yeni bir pasport ələ keçirmişdi. O, müəllim Kamildən həm intiqam almaq, həm də oğurladığı şeyləri satıb başqa şəhərə qaçmaq istəyirdi.

Odur ki, Xasay razı olunca Rəcəb yerindən qalxdı, onun əlindən gülə-gülə tutub:

– Sən get, mən də arxadan gəlirəm. Ancaq ehtiyatlı ol – dedi.

Xasay qapıdan çıxdı. Onlar birbaş Kamil müəllimin evinə gəldilər. Böyük qapıdan girincə ikinci qata çıxdılar. Hər ikisi qapı ucunda durub gözləyirdi. Bir azdan xidmətçi Nataşa əlində qab-qacaq mətbəxə girdi. Rəcəb əli ilə Xasayı itələyib tez qapıdan içəri soxdu. Xasay yataq otağında çarpayı altında gizləndi. Bir azdan sonra qulluqçu Nataşa yemək otağına girdi. Stolun üstünə süfrə saldı, qabları, çəngəl-bıçaqları təmizləyib oxuyurdu. Bu zaman uşaqlar əllərində kitab çantası gülüşə-gülüşə, bir-birini qova-qova dəhlizə girdi. Nataşa onları görüncə:

– Oy... Mənim göyərçinlərim, qaranquşlarım, – deyə uşaqları qarşıladı. Hər ikisi kitabları pəncərəyə qoyub dəhlizə çıxdı və bir-birini qovalayıb oynamağa başladılar. Bir az sonra Kamil və yoldaşı Zümrüd gəldi. Yemək otağı şənləndi.

Xasay çaşmışdı. Onun uşaq qəlbi sürətlə çırpırdı. Zira o bu əhvalatı Kamilə nə zaman və harada anladacağını aydınlaşdıra bilmirdi. Həm də əhvalatı kimsəyə sezdirmədən, bildirmədən söyləmək lazım idi... Yemək gəldi. Bütün ailə stol başına yığışıb yeməyə məşğul oldu. Nataşa şorba qabını stolun ortasına qoyub gülə-gülə:

– Bu gün sizə bir pazı şorbası bişirmişəm ki, bəyənəcəksiniz – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов