Страница 2 из 2 · 50%

Yemək qurtardı. Kamil müəllim əlində qəzet yataq otağına keçdi. Qapını bağlayıb Xasayın gizləndiyi çarpayının üstünə uzandı və qəzeti açıb oxumağa başladı. Xasay yaman vəziyyətdə idi. Çarpayı altından çıxıb birdən-birə ona görünməkdən qorxurdu. Hər halda fürsət əldə ikən əhvalatı ona anlatmaqdan başqa çarə yox idi. Qorxa-qorxa başını çarpayı altından çıxarıb yavaşca: “– müəllim, müəllim,” – deyə səsləndi. Kamil gözlərini qəzetdən ayırıb o tərəf-bu tərəfə baxdı, bir şey görməyib yenə qəzet oxumağa davam etdi. Xasay bu dəfə çarpayının altından çıxıb yerə çömbəldi. Əli ilə onun qolunu yavaşca çəkərək:

– Müəllim, bura baxın – dedi. Kamil diksindi və yerindən dimdik qalxdı. Xasayı görüncə heyrətindən gözləri iri-iri açıldı. Çarpayıdan özünü yerə atıb:

– Sən burada nə edirsən? – deyə soruşdu. Xasay əlini ağzına qoyub:

– Qorxmayın, müəllim, mən sizin uşaqlarınızı ölümdən qurtarmaq üçün gəlmişəm – dedi.

Kamilin heyrəti bir qat da artdı.

– Necə ölümdən? Bu nə sözdür? – dedi. – Sonra çarpayıların altına baxdı. Xasay yavaşca dedi:

– Qorxmayın, müəllim, heç kəs yoxdur. Mən bu gecə sizin ailəniz üçün hazırlanan fəlakəti xəbər vermək məqsədi ilə gəlmişəm. Siz bu gecə teatra gedəcəksiniz, atalığım Rəcəb isə intiqam almaq üçün bu gecə qonaq gəlmək fikrindədir. O, evinizi talan etmək, uşaqlarınızı da boğub öldürmək istəyir.

Bu söz Kamilin başında ildırım kimi partladı, durduğu yerdə donub qaldı. Xasayı diqqətlə süzdükdən sonra:

– Bu məlumatı kimdən öyrəndin? – deyə soruşdu. Xasay əhvalatı olduğu kimi başdan-başa nağıl etdi. Kamil diqqətlə Xasaya baxdı. O, kiçik uşaqda bu qədər hünər və comərdliyə heyrət etdi və sonra əli ilə onun başını oxşayaraq:

– Sağ ol, Xasayım – dedi.

Xasayın gözləri birdən-birə yaşardı, başını yerə dikərək:

– Müəllim, mənim atamı da bu cani öldürmüşdür – dedi.

Boğazını tıxayan hıçqırıqdan Xasay sözünü bitirmədi, başını aşağı dikib durdu. Kamil ona təsəlli verdi. Sonra yerindən qalxıb əhvalatı telefonla cinayət axtarış idarəsinə bildirdi. Xasayı şkafda gizlətdikdən sonra yemək otağına keçdi. Zümrüd uşaqlara “Kim güclüdür?” kitabçasını analara məxsus dadlı bir şivə ilə oxuyurdu. Uşaqlar da gülüşə-gülüşə, sevinə-sevinə nağılı dinləyirdi. Kamil onların yanında oturdu. Zümrüd nağılı bitirincə uşaqlar kitablarını götürüb dəhlizə qaçdılar. Zümrüd qorxmasın deyə, Kamil müəllim əhvalatı ona çox ehtiyatla anlatmağa başladı. Zümrüd qorxudan zəfəran kimi saraldı. Kamil ona ürək verib dedi:

– Daha nədən qorxursan, canilər artıq ovcumuzun içindədir.

Kamil müəllim sözü bitirməmişdi ki, qapı döyüldü. Kamil müəllim tez qalxıb qapını açınca kəndli qiyafəsində olan bir kişi:

– Müəllim Kamilin evi budurmu? – deyə soruşdu.

– Budur, yoldaş.

– Mən cinayət axtarış idarəsindən gəlmişəm.

Kamil müəllim məsələni anladı, onun qiyafəsini gülən gözləri ilə süzdükdən sonra: “Buyurun, buyurun”, – deyə içəri aldı. Zümrüd onu görüncə dimdik ayağa qalxdı; heyrətlə açılan qumral gözlərini ona dikərək:

– Kamil, bu kimdir? – deyə soruşdu.

Kamil gülümsəyərək:

– Qorxma, dostdur – deyə qonağı öz yazı kabinəsinə apardı. Əhvalatı başdan-başa olduğu kimi ona anlatdı. Agent heyrətlə Kamilin üzünə baxıb:

– Afərin o uşağa, sizi bu bəladan yaxşı qurtarıb, – dedi. – Ancaq bu Rəcəb qonağımız belə oğurluğu tək başına etməz; şübhəsiz onun yoldaşları da var. Adamlarımız binanı nəzarət altına almışlar. Onlar küçə başlarında və müxtəlif yerlərdə bu evin qarovulunu çəkirlər. Hələ sizin teatra getməyinizi dörd gözlə gözləyəcəklər. Ona görə ehtiyatlı olmalısınız. Siz uşaqları, qulluqçunu həyətdə ən çox inandığınız bir ailəyə göndərin; indicə agentlərimiz gələcək. Biz hər işi yoluna qoyarıq. Siz teatr bəhanəsi ilə dostlardan birinin evinə gediniz. Oğrular yaxalandığı zaman telefonla sizə xəbər verərik.

Agent sözünü bitirməmişdi ki, qapı döyüldü. Kamil qapıya getdi. Qoltuğunda bağlı olan bir kişi:

– Kamil müəllimin evi budurmu? – deyə soruşdu.

Kamil gülə-gülə onu da kabinetinə aldı. İki agent şən-şən bir-biri ilə görüşdü. Oturub danışdılar.

Axşam olmuş, hava qaralmağa başlamışdı. Uşaqlar dəhlizdə məşğul idi. Azər taxta mişarlayır, Zivər də böyük rəhbərlərin rəsmləri ilə guşəsini bəzəyirdi.

Zümrüd: “Azər, Zivər” – deyə bağırdı. Hər ikisi qaça-qaça gəldilər. Zümrüd şəfqətli gözləri ilə onları süzüb:

– Balalarım, bu gecə biz teatra gedəcəyik. Nataşa da evdə olmayacaq. Biz gəlincə siz qonşumuz Murad əmigildə qalacaqsınız. Qızı Zərifə sizə yaxşı nağıllar söyləyəcək.

Hər iki uşaq razı oldu. Sevinclərindən sıçradılar. Zümrüd uşaqları qonşu Muradın evinə gətirdi. Uşaqların gecə orada qalmasını qonşu məmnuniyyətlə qəbul etdi. Müxtəlif qiyafələrdə iki agent daha gəldi. Kamil Xasayı şkafdan çıxarıb onlarla tanış etdi. Agentlər Xasayı böyük hörmətlə qarşıladılar. Teatr vaxtı yaxınlaşmışdı. Kamil Zümrüdlə hazırlanıb qapıdan çıxarkən Nataşaya:

– Bura bax, əzizim, sən bu gecə mətbəxdə yatacaqsan, – dedi.

Nataşa düşüncəli gözlərini Kamilə dikib soruşdu:

– Sözüm yox, yataram, ancaq bu nə üçündür?

– Onu sabah biləcəksən.

Kamil Zümrüdlə bərabər çıxıb getdikdən sonra agentlərdən birisi soruşdu:

– Xasay, bizim çağırılmamış qonaqlarımız nə zaman gəlməlidirlər?

Xasay cavab verdi:

– Onlar küçədən fit çalıb gəldiklərini mənə xəbər verəcək.

Vaxt keçmişdi. Hamı diqqət kəsilmişdi. Bu vaxt qapıdan fit səsi eşidildi. Xasay: “Gəldilər, gəldilər!” – deyə yerində fırlandı. Yavaş-yavaş qapıya getdi. Bir azdan sonra qapını yavaşca açdı. Qonaqları içəri aldı. Rəcəb özü ilə bərabər bir nəfər də gətirmişdi. Otağa girincə Rəcəb soruşdu:

– Uşaqlar hansı otaqda yatır?

Xasay yavaşca:

– “Bu otaqda”, – deyə əli ilə yataq otağını göstərdi. Rəcəb yoldaşı ilə bərabər otağa girmək istərkən agentlər hər tərəfdən onları əhatə etdilər.

Rəcəb və yoldaşı qorxudan donub qaldı. Xasay telefonla canilərin tutulduğunu Kamil müəllimə bildirdi. Geri döndüyü zaman agentlər artıq ilk sorğu-suallarını başlamışdılar. Agentlərdən biri Rəcəbdən soruşdu:

– Aşağıda daha neçə yoldaşınız var?

Rəcəbdən cavab çıxmadı. Agentlərin təkrar səyləri də fayda vermədi. Rəcəb gözlərini yerə dikib dururdu. Bu arada onun gözləri Xasaya sataşdı. Kinli baxışlarla onu yeyəcək kimi süzərək:

– Yaxşı, Xasay. Əlbət bir gün səninlə də görüşərik – dedi.

Xasay acı-acı gülümsəyərək:

– Get, artıq sən mənimlə heç bir zaman görüşə bilməyəcəksən, bax, intiqamı belə alarlar – dedi.

Bu zaman başqa bir agent daha gəldi, içəri girincə yoldaşlarına:

– Haydı, artıq gedə bilərik – dedi.

Agent sözünü bitirməmişdi ki, Kamil müəllim daxil oldu. Xasay ona gülə-gülə:

– Müəllim, evinizdə qonaqlar gəlmişlər, siz harda gəzirsiniz?

Kamil istehzalı bir təbəssümlə:

– Mən də bunu bilib onlara hörmət göstərmək üçün gəldim.

Səs-küyə qulluqçu Nataşa gəldi. İçəri girincə qorxudan geri çəkilərək: “Bu nədir? Nə olmuş?” – deyə Kamildən soruşdu. Kamil gülə-gülə:

– Nataşa, günəşdən qaçan yarasalardır, evimizə dolmuşdur. Vaxtında xəbər tutmasaydıq, bu gecə sənin də işin xarab idi.

Nataşanın qəlbi titrədi, qorxulu baxışlarla xuliqanları süzdükdən sonra geri çəkilib xaç vurdu. Kamil ona baxıb gülə-gülə:

– Ey qoca dindar, səni o dəmir parçası deyil, bax, bu aslan ürəkli uşaq qurtardı – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов