Dördüncü hissə, 32. Komandir
Akademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.
O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.
“Salamat qal. Mən getdim. Bir broblem olsa, telefonla xəbər edərsən!”
“Broblem yox, problem!”
“Ay qız, o yana get, mənə danışmaq öyrətmə!”
Şirin-şirin gülürdü. Mənə də bu lazım idi. Onu gülə-gülə qoyub aradan çıxırdım.
Ağcabədinin Qiyamadınlı kəndindəki tabora komandir təyin olunanda evə vaxtlı-vaxtında gəlib-gedəcəyimə söz verdim. Hərbi hissəmiz təmas xəttinin yaxınlığında yerləşirdi. İşə həvəsliydim. Uzun ayrılıqdan sonra doğma Qarabağa qayıtmışdım.
Taborda qəribə bir əsgərlə rastlaşdım. Açığını deyim, beləsini görməmişdim. Hərbi qayda-qanunlara robot kimi əməl edirdi. Yanımda olduğu bir il ərzində qüsurunu görmədim. Əvvəl-əvvəl şəxsi işi diqqətimi çəkdi. Milli Təhlükəsizlik Nazirliyinin tədris müəssisəsində işləmişdi. Hərbi hissənin həyətindəki çardaqda oturub onu yanıma çağırtdırdım. Arıq, uzun oğlan idi. Xidmətə gec gəlmişdi. Bir az sual-cavab edəndə xeyli savadlı olduğunu gördüm. Xəritəni əzbər bilirdi. Nəinki Azərbaycan, dünyanın siyasi xəritəsindən nə sual versən, cavabı hazır idi. Bəzən, kefimin yaxşı vaxtı sorğu-suala tuturdum, az tanınan ölkələrin paytaxtını soruşurdum, deyirdi. Kamboco, Qvatemala, Kotidivuar, Qvineya...
Deyirdim, Qasımov, bunları mən özüm bilmirəm, gərək yanıma dünya xəritəsi qoyum, birdən məni aldadarsan!
Deyirdi, yoldaş mayor, sizi heç vaxt aldatmaram!
“Yoldaş mayor!” Gizir Səfərov mənə belə müraciət eləsə, yarım saat danlayardım. Ancaq Qasımov yoldaşı da, mayoru da elə deyirdi, etiraz eləmirdim.
Onu özümə fərdi əsgər götürdüm.
Deyəsən, yaşlanırdım. Murovun soyuğunda-sazağında gizildəməyən qəlpələr Aranın düzündə zümzümə edir, elə bil nəğmə oxuyurdu. Qəlpələr zümzüməsini kəsəndə də bir ayrı cür narahat olurdum. Mənə elə gəlirdi, sayıqlığımı itirirəm.
Qasımov:
“Yoldaş mayor, niyə çıxartdırmırsınız bu qəlpələri?”
Mən:
“Əvvəl-axır müharibə başlayacaq. Bəlkə, yenə qəlpə yarası aldım. Deyirəm, iki dəfə xərcə düşməyim!”
Zarafatyana verdiyim cavab onu nədənsə tam qane elədi.
Qasımovun bircə pis xasiyyəti vardı; çox danışırdı! Həm də həddindən çox. Bu, bir yandan yaxşı idi. Məni yatmağa qoymurdu və istənilən vaxt taborda baş verənləri yoxlamaq imkanım olurdu. O biri yandan, biz də dincəlməliydik axı! Bir sözlə, daş qayaya rast gəlmişdi. Forma geyindiyim gündən indiyəcən rastlaşdığım yeganə adam idi ki, ona “Qoy bir az yataq” deyirdim. Bəzən o qədər usta danışırdı, casus olmasından şübhələnirdim. Buna görə bir müddət onu hiss etdirmədən izlədim.
“Qasımov, al o xəritəni, yaxın gəl.”
Gəldi. Ağdam istiqamətini göstərib dedim:
“Tutaq ki, hərbi əməliyyat başlayıb. Biz Ağdamı almağa gedirik. Döyüş planını necə hazırlayardın?”
Başqa əsgər olsa, gülər, geri durar, onu lağa qoyduğumu düşünüb bir kəlmə də deməzdi. Ancaq Qasımov... Xəritəyə baxmadan hər yüksəkliyin, hər postun, hər kəndin, hər çayın adını deyə-deyə hardasa xəyallarımda olan mükəmmələ yaxın bir əməliyyat planı açıqladı. Bəzi yerlərdə tankları saxlayıb, piyadaları qabağa verdi, səbəbini soruşanda ciddi görkəm aldı:
“Yoldaş mayor, o ərazidə qumsallıq və uçurum var, tankların hərəkəti çətindir!”
Əlim üzümdə qaldı!
Onunla hər cür söhbətlər edirdik. Siyasət, din, fəlsəfə.
“Süffeyn vuruşmasında İmam Əli Dəclə çayını alır, su yolunu bağlamır. Düşmən alanda bağlayır. Bu hadisə üç dəfə təkrar olur. Hər dəfəsində düşmən su yolunu bağlayır, İmam Əli bağlamır. Halbuki bağlasa qələbəni asanlıqla əldə edər. Səncə, bu, taktiki cəhətdən doğru addımdır?” - sualı birnəfəsə səsləndirib ciddi-ciddi Qasımovun arıq üzünə, batıq ovurdlarına, bir az irəli çıxmış iri, işıqlı gözlərinə baxdım. Sual bir az gec çatdı ona. Gözləri iki-üç dəfə açılıb yumuldu və onu qəfil gülmək tutdu. Çaşdım. Cavabını eşidəndə isə özümü əməlli-başlı itirdim:
“İmam Əli qələbədən çox axirətini düşünürdü. O, elə hərəkət edirdi ki, Rəbbi qarşısında utanmasın!”
İki-üç dəfə udqunub soruşdum:
“Bəs nəyə gülürdün?”
“İmam Əlini müzakirə etdiyimə...”
“Demək istəyirsən ki, biz İmam Əlidən çox balaca adamlarıq?”
Bu dəfə gülmədi, gülümsəməklə keçindi:
“Siz yox, mən balacayam, yoldaş mayor!”
“Mən böyüyəm?”
“Siz fərqlisiniz! Sizin də Məkkəniz-Mədinəniz vətəninizdir. Vətəni sevmək imandandır.”
Söhbəti uzatmaq istəmədim. Amma bu sözləri deməyi özümə borc bildim:
“Özünü kiçiltmə, Qasımov! Hamıdan üstün olmağa çalış.”
Yeri gələndə hamıdan üstünlüyü vardı da. Posta müşahidəyə göndərmişdim, tövşüyərək yanıma qaçdı. Rəngi avazımış, ağzı qurumuşdu.
“Yoldaş mayor, təhlükə var!”
“Bu, hardan çıxdı, Qasımov?!”
“Dumanda nəsə hiss etdim!”
“Hiss etdin, ya gördün?”
“Hiss etdim!”
“Deyəsən, qorxmusan.”
“Yoldaş mayor, qorxub hiss etmədim, hiss edib qorxdum! Köhnə qəbiristanlığa tərəf dumanın içində adamlar var.”
Köhnə qəbiristanlıq batalyonun boş tərəfi sayılırdı. Ancaq arxadan güclü nəzarət vardı. Oranı düşmən kəşfiyyatçılarını cəlb etmək və pusquya salmaq üçün “zəif” saxlayırdıq. Qasımov bunu bilmirdi. Qəbiristanlıq deyən kimi hissiyyatında yanılmadığını anladım və bir az sonra bizimkilərin açdığı atəş ehtimalları təsdiq etdi. Düşmən kəşfiyyatçıları açığa çıxıb geri oturdular.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-32-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uşaqlıqdan silahı çox sevmişəm. Silah görəcəyəm deyə müharibə filmlərindən ötrü ürəyim gedirdi. Hər gecə yerimdə mürgüləyib gah sağa, gah sola yıxıla-yıxıla saat 11-i gözləyirdim. Anam nə qədər təkid edirdi, yatmırdım. Saat 10-da rusların “Vremya” verilişi başlayırdı. Müharibə filmlərinin sevgisindən dilini bilmədiyim xəbərlərə axıracan baxırdım. Rus sözlərinin çoxunu belə-belə öyrəndim. O zaman televizorda anons verilmirdi, biz filmlərin adına televiziya proqramları çap olunan qəzetlərdən baxırdıq və döyüş filmi olubolmadığını təxmin edirdik. Təxminimiz düz çıxırdısa, səhəri gün bütün kənd uşaqları filmdəki fraqmentləri canlı oynayırdı. Bunun üçün bizə silah lazım idi. Silahları taxtadan mən düzəldirdim. Özümün oyuncaq bir neçə tapançam, iki avtomatım vardı. Tapançanın birinə nazik borudan lülə qoymuş, qara lentlə sarıyıb əməllibaşlı silaha oxşatmışdım. Qənbərlidəki məktəbdə bir uşağa göstərdim, elə bildi həqiqi tapançadır.Silahın dərdindən hərbi dərslərə böyük sevgiylə hazırlaşırdım. Təlim avtomatını ilk dəfə əlimə alanda rahatca söküb-yığdım. Müəllim də məəttəl qaldı, özüm də. Elə bil avtomatla doğulmuşdum. Hərbi yerişi, salamı, marşı, əleyhqazdan istifadəni də yaxşı bacarırdım.
Birinci hissə, 10. SevincO ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?
Birinci hissə, 11. KomandirDeyilənə görə, burda vaxtilə çinlilər adlı tayfa yaşayıb, kəndin adı ordan götürülüb. Amma bizim tayfamızın adı kolanıdır. Kəndimiz də Kolanı dərəsində yerləşir. Çinli söhbətinə əvvəldən inanmamışam. Kəndimiz haqqında başqa rəvayət eşitmişəm.Qənbərliyə Dədəli Cinli, bizimkinə Yetim Cinli deyirlər. İkisi də bir camaatdır. Yetim Cinli Qənbərlidən köçmədir və ordan xeyli balacadır. Əlli-altmış ev olar, ya olmaz. Təxminən on ev də yeni tikilmişdi. Cinlidə cavanlar əsgərlikdən gələn kimi özünə məhəllə yeri tutur, əlinə imkan düşəndə ev tikir. Yeni həyat beləcə başlayır. Mən öz yerimi bir az erkən, əsgərliyə getməmiş tutdum. Evimizdən bir az aralı, Kalafalığın düzündəki rahat yastanaya bir maşın çay daşı tökdüm, dedim, bura da mənimdir! Heç kim heç nə demədi. Çox xoşuma gəlirdi bu məhəllə. Hərdən daşların üstündə oturub gələcək ailəmi xəyal edirdim. Kənddə gözaltım da vardı. Amma heç vaxt ona nəsə demək imkanım olmamışdı. Bir az da atamdan çəkinirdim. Bilsə, ətimi kəsərdi. Üstəlik, anamdan utanırdım. Atamdan çəkinirdim, anamdan utanırdım.
Birinci hissə, 12. Kapitan Rəşidov“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Стихи других поэтов
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
QazanarCəm eyləyib xəsis malı,Bəhrəsini yad qazanar.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.