Qazet, yaxud qəzetə nədir?
Страница 1 из 2
Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz.
Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir.
Xülasə, uzun bir mərikə... və illa yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin, iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir.
Qazet almaq, qəzetə oxumaq üləma mülahizəsində küfrdür. Tüllab nəzərində günah, tüccar içində təzyin-övqat, əsnaf arsında ləğviyyat və avam yanında lap heç zaddır. Özgə yerləri bilmirəm. Hələ bu tərəflərdə bir para alimnuma nadan tələbələrin nəzərində (ki zatən türk oğlu türkdür) türki dilində hər nə yazılmış olsun şayani-etina deyildir. Qəzetə ki, olsa, pənah bər Xüda!!
Həmçinin onun əqidəsinə görə farsi dilində yazılan ruznamələrə də baxmaq günahdır. Bunu da mübaliğəsiz deyirəm. Hərgah eşitsə ki, ərəb lisanında qəzetə nəşr olunur, günahi-kəbirə hesab edib və onun mühərririni kafiri-mütləq bilir. Ondan ötrü ki, ərəb lisanı Allah və peyğəmbər lisanıdır ki, onunla Qurani-məcid nazil olub. O dildə nəzetə yazmaq, əlbəttə, cürmi-əzimdir. Odur ki, bir para maarifpərəst binəvalar və millətdust biçarələr labüd qalıb, qazet kəlməsini zikr etməyi dillərinə adət verməyiblər.
Söhbət əsnasında müxatəbin nəzəri-diqqətini cəlb etmək üçün həvadisnamə, ruznamə, cəridə ləfzlərini istemal edə-edə bir haləti-nazikanədə bilirlər.
Məsələn, «Tehranda nəşr olunan «Şərafət» ruznaməsinin möhtərəm müdiri İran yəhudilərinin əleyhinə bir məğbul və müfəssəl məqalə yazmışdı. Yainki Misirdə təb olunan «Ənnil» cəridəsinin mühərriri Hicaz dəmir yolunun barəsində məlumati-kafiyə vermişdi» misallı sözlər deməklə camaatı qazet oxumağa rağib etmək istəyirlər. Bununla belə, yenə insafi-müstəme bietina qulaq verə-verə, tez-tez başın tərpədib, ha-ha, bəli-bəli deyib, tərhi-söhbətinə təğyir vermək arzusundadır. Hələ bəzi bekar, müftəxor və sahibi-nüfuz şəxslər vardır ki, rahrolarda və güzərgahlarda tənbəlləşib və yainki bir para dükanların qabağında əngəl və məhəlli-heyətində əyləşib qoluna-qolay adamlardan keçəndə bir haləti-müstəhzibanə və təməsxüranə ilə çağırır:
Ha, ay filan kəs! Hardan gəlirsən? Buyur əyləş! Görək nə var, nə yox. Qəzetlərdə nə yazırlar?
Bunu da soruşmaqdan müradı odur ki, həmcüvar dükançılara və oradan gəlib keçənlərə özünü «Mərd» tanıtdırıb və onlara qandırsın ki, yəni mən də qazet bədhaxlarından və maarif düşmənlərindən varam.
Amma bir neçə gün bundan əqdəm bu günə əşxasdan birisinə bir nəfər yaxşı cavab verdi:
Bu soruşmuşdu ki, bu günkü qəzetələrdə nə yazıblar?
O, da, - yazıblar ki, bekar və boşboğaz adamları tutacaqlar, - cavabi ilə müqabilə eylədi.
Xülasəyi-kəlam, istər yüz belə cavab verilsin və yainki qazet ləfzinin əvəzinə «Cəridəyi-məzidə», «Həvadisnaməyi-mübarək», «Ruznaməyi-müqəddəs» deyilməsin ki, hər nə istərsə deyilsin, qazet kəlməsi bunların hamısını ehtirafı badi-fənaya veribdir.
İndi istəyirəm «Qazet» və yainki «Qəzetə» kəlməsini məna edəndən sonra hər bir insaf və vicdan sahibi olan şəxsləri ki, heç qazet oxumurlar, fuadıma çağırıb, onların özlərini münsif və hakim təyin edim və sual eləyim ki, aya özünüzü nə səbəbə bica və əbəs yerə və bu iştibahkaranə xəyalat ilə qazet oxumaq ləzzətindən və maarifdustluq nemətindən məhrum edirsiniz? Nə vaxta kimi mövhumatla məşğul olub və mahalatla məhdud olacaqsınız?
Məlum olsun ki, «Qazet» ləfzi qaz kəlməsindən ismi-mənqul və məzidi-fihdir.
Yəni «Qaz» kəlməsinə «ət» və ya «eta» hərfi əlavə olunduqda nisbət sahibi «Qazet» və yaxud «Qazeta» olubdur ki, indi qazet, qazeta, qəzetə ləfzlərilə istemal olunur.
«Qaz» kəlməsi miladi-İsadan 400 il əqdəm qədim Yunanıstanda bir pulun ismi oluban, Yunan məmləkətində rayic idi ki, o vaxtlar 5 qaz bir diraxim ki, müərrəbi dirhəm olsun hesab olunurdu. Necə ki, indi də İranda bir qaz 5 dinar hesabındadır. Qazın İranda da mütədavi və rayic olmağı və indiyə kimi o kəlmənin baği qalmağı İskəndəri-kəbirin fütuhatından sonra xüləfayi-İskəndərin məskukatı ilə bərabər Əşkanilərə, Əşkanilərdən Sasanilərə, Sasanilərdən indiki əhaliyə yadigar və baği qalıbdır.
Əlhasil, o vaxtlar Yunanıstanda hükəmadan bəzisi, o cümlədən Ksenofon və Priqlisen kimi məşhur yazıçılar öz əfkarını və bəzi məlumat və ittilaatı papiros ağacının yarpağından emal olunan səhifə və lövhələr üzərinə yazıb, öz peyrovlarına və müqəllidlərinə göndərirdilər ki, ol vaxt o vərəqənin qiyməti bir qaz idi ki, axırda o səhifələr qazet, qazeta və bəlkə qazetin ismi ilə müsəmma oldu. Yəni bir qazetlik və bir qaz qiymətinə olan vərəqə deməkdir.
Yunanıstanın iğtişaş və inqirazından sonra qazet romalılar zamanında mətruk qalıb, tainki miladın 1631-ci sənəsində birinci dəfə olaraq Fransada qəzetə nəşr olunmağa başlandı.
Mətləbimizə şahid olaraq «Şərqi-Rus»-un 17-ci nömrəsində cənabi-maarif və kamalati-adab, ədibi-yeganə və fazili-fərzanə Əhməd bəy İsmayılbəyov «Qazet mərifəti» ünvanlı bəndində «Hükəmayi-Yunanilər zamanında qəzetə istemal olduğu sabitdir» buyurub. Şüərayi-ərəbdən Şəhir ibn Sabitin əbyatından və həkim Ərəstunun nəsayehindən fəqərələrini zikr etmişdir. Əgərçi o cənab bu fəqərələrin məxəzini və haradan nəşl etməyini tövzihən bəan buyurmayıbdır və Şəhir ibn Sabiti və yainki Həssan ibn Sabiti Yunan hükəması ilə müasir qərar veribdir. Amma burada bizim mənzurumuz tənqid deyildir. Çünki «Şərqi-Rus»-da hənuz tənqid babi və ədəbiyyat bəhsi açılmayıbdır. İnşaalah gələcəkdə bunların hamısı mətrəhi-müzakirəyə qoyulacaqdır. Məqsudumuz «qazet» kəlməsinin Yunan lisanı olduğunu isbat etməkdir ki, onu müərrəb edəndə cəmi-mükəssəri qəvazit olur. Necə ki, qanun kəlməsi daxi Yunan lisanından olaraq, onun cəminə ərəblər qəvanin deyib, istemal ediblər.
Bəli, Vazeh surətdə anlaşılır ki, qazet kəlməsi Yunan lisanından məxuz bir kəlmədir. İndi uca səslə fəryad edib, deyirəm ki;
Ey maarifdən rugərdan olan qardaşlar!
Və ey qazetdən və qazet kəlməsindən mütənəffir olan şəxslər!
Hərgah bu ismi-əcnəbi lisanından olduğuna görə müsəmməsına istikrah göstərib, bəhs edirsiniz. Pəs Qurani-şərifdə nə qədər hindi, yunani, ibrani və siryani kəlmələr var, bu surətdə gərək nəuzübillah bu irad onlara da varid olsun. Bundan əlavə, bu indiki əsrdə ki, cəmi-ülum və fünun və sənaye və ixtiraat və kəşfiyyat əcnəbi əlinə keçib və təzə ixtira olunan əsbab və alat, əşya və əcnas, məkulat və məlbusat, züruf və ləvazimat və tədarükati-səfəriyyə bəlkə bir nəzər ilə baxanda hamı mayəhtacımızı miləli-xaricədən alıb, hamısının adlarını onların istilahınca dilimizə və ədəbiyyatımıza yazıb, istemal etmədəyiz. O cümlədən: suxari, çay, palton, fayton, teleqraf, telefon, lampa, ramka, marka, razbor, fasfor, pomidor. Minlərcə belə kəlmələr var ki, bunların hamısını nəzakət və mətanətlə deyib, alıb, yeyib, içib, geyib, minib, gəzib, dolanıb və işlədirik. Amma qazet kəlməsini deməyə və öz dilimizdə nəşr olunan qəzetəni alıb oxumağa ar edirik. Və heç xəyalımıza da gəlməyir ki, bu indiki əsrimizdə bu hamı təməddünat və tərəqqiyyatın ümdə vasitəsi və ülum və maarifin və vüquati-əfkarın əvvəlinci rəhbəri qəzetədir.
İlahi, görəsən bizlər qəzetənin qədr və qiymətini və onun fayda və mənfəətinə nə vaxt bərxurd olacağıq?
Qəzetənin məzaya və mühəssənatına və dəqayiq və nükatına haçan bərxürd olacağıq?
Yarəbb! Bizlər bu təyyar vərəqənin havasınca nə zaman uçacayıq?
Ya əcəb, bu hamı əcnəbi millətlərin arasında və mütəməddinə dövlətlərin məmləkətində ki, ildə milyonlarca qəzetə nəşr olunur, məgər onlar səhv edirlər? Yainki əziz və qiymətli vaxtlarını qəzetəyə məşğul olmaqla bihudə sərf edirlər?
Xeyr! Onlar hərgiz səhv etməzlər. Xüsusən məişət əmrlərində hər bir cəhətdən onların elmi və istinbatı və hər bir kəşfiyyat və məlumatı bizlərdən artıqdır. Əgər belə deyilsə, bəs nə üçün onlar bizləri hər bir işdə ötüb keçiblər? Ləvazimaati-məişətin hər bir cüziyyatında bizləri özlərinə möhtac ediblər? Hətta iynədən tutmuş pambıq və əmmamədən kəfənə kimi onlara ehtiyacımız vardır. Onların qəzetəyə olan meyl və rəğbətlərinin payəsini və mətbuat aləminə göstərdikləri səy və himmətlərinin dərəcəsini nə dil ilə bəyan edəlim? Və hansı bəyan ilə əyan edəlim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-qazet-yaxud-qezete-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey padşahım, ey qibləgahım,Sənsən pənahım, pənahım, pənahım.
Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şerGəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
«Tərcüman» qəzetinin onuncu ildönümü münasibətilə təbrikKönül qafil deyil bu nemətin şükrü sənasından,Dilim sakin deyil bu mətləbin xeyrü duasından.
Müsəvvir Paşanın zifaf gecəsinə maddeyi-tarixNə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Стихи других поэтов
Qaçıram dörd divardan,İşə getdin – dörd divar,
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Min il yazasan da bu müsəlman başa gəlməzMİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.