Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.

Yapışdım tari-zülfündən, dedim bəs rişəyi-candır,Ümid ilə ona dil bağladım, dami-bəla gördüm.

Dözüb hər bir bəlaya, dönmədim, hərgiz məhəbbətdən,Məhəbbət aləmin seyr eyləyib, möhnətsəra gördüm.

Əcəb sözdür deyib hər kim, məhəbbət bir bəla şeydir,Məhəbbət əhlini dərdi-bəlayə mübtəla gördüm.

Əbəs sözdür, desə hər kəs gözəllər bivəfa olmazKi, mən hər qədər gəzdim, hər nə gördüm bivəfa gördüm.

Məhəbbət aləminə hər kəsi ki, aşina gördüm,Həmişə qəmlərə həmdəm, bəlayə mübtəla gördüm.

Əzəl gündən qəm-dərdə nə çox mayilsən ey Sidqi,Səni hər yerdə gördüm, əhli-dərdə aşina gördüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви