Anasından yuxu gördü Eldəbir,
Ata, ana qoşa tanrı deməkdir.
Dedi “-Oğlum, sən də evlən ata ol”,
Ata, ana qoşa tanrı deməkdir.

“Bir qız vardır, oğlum”-dedi- “mən adda”,
“O yoxsuldur, qoyma onu it-batda,
Get sev onu, qabağında diz qatda,
Ata, ana qoşa tanrı deməkdir.

Dedi : “oğlum, məni axtar, məni an,
Mən buludam, mən çiçəyəm, mən duman,
Yaradıbdır məni belə yaradan,
Ata, ana qoşa tanrı deməkdir.

Duman səni gəzər, tapar, yoxlayar,
Yara alsan bulud onu bağlayar,
Yazıq olsan çiçək sənə ağlayar,
Ata, ana qoşa tanrı deməkdir” .

Oğul dedi: - ana, məni bağışla,
Ana dedi: “Çaysan, selsən, alışqan,
Qoy tutmasın səni sellər, qarğışlar,
Ata, ana qoşa tanrı deməkdir”.

“Ana” deyib o yuxudan ayıldı,
“Ana” deyib o yenidən bayıldı,
Ürəyindən ağrı, acı yuyuldu,
Ata, ana qoşa tanrı deməkdir.
Getdi bunu Dəmirqıza danışdı,
Dəmirqız da bu yuxuya qarışdı,
Gəzib-gəzib bir yoxsuldan yapışdı,
Ata, ana qoşa tanrı deməkdır.

Anasının adındaydı “Qızana” ,
Dedi: – Qızım, kimdir atan, kim anan,
Səni gözəl yaradıbdır yaradan,
Ata, ana qoşa tanrı deməkdir.

Dedi: – Səni sevir mənim qardaşım,
O, hündürboy, çevik, tez-tov, qaraşın,
Yaşayarsız, qocalarsız yanaşı,
Ata, ana qoşa tanrı deməkdir.

Baş əyərək, ağlayaraq ğözəl qız,
Dedi: – Sizi tanıyıram, Dəmirqız,
Necə gəlib bu yerləri tapıbsız,
Ata, ana qoşa tanrı deməkdir.

Dedi, mən də inanıram Yerincə,
Öz özümü tapdım sizi görüncə,
Kimsəsizdim, indi kimli, sevincək,
Ata, ana qoşa tanrı deməkdir.


Ana bulud, şehli çiçək, ağ duman,
Toy bir evin qurumudur, dib daşı,
Gəl oğlunu, gəlinini toyda gör,
Toy bir evin qurumudur, dib daşı.

Ağüz,Tunqər, Balaşq Muğər toydadır,
Hamı sanki bir görkəmdə, boydadır,
Hamı coşqun hay-harayda, hoydadır,
Toy bir evin qurumudur, dib daşı.

Atlı gəldi Uğurelə Duzdağdan,
Dedi: – Sanki Turqu gördüm ovlaqda,
O, baxırdı toy yerinə uzaqdan,
Toy bir evin qurumudur, dib daşı.
Hamı çıxdı böyük Turqu görməyə,
Tanrısına öz borcunu verməyə,
Turq adına toy çələngi hörməyə,
Toy bir evin qurumudur, dib daşı.

Ahay, Qızay, Eldəbirdən uzaq ol,
Ana bulud, gəl bu toya qonaq ol,
Tanrım, yoxsul sevgilərə dayaq ol,
Toy bir evin qurumudur, dib daşı.


Dəmirqızın səsləncləri gurladı,
Səslənc toya, lova, anda çağırış.
Balasqeldən bir toplu da gəlmişdi,
Səslənc toya, lova,anda çağırış.

Bu toplum da üz döndərib Balasqdan,
Çox yol gəlib, yaman düşüb ayaqdan,
Tivi kəndi bunları da qonaqla,
Yedirt, içirt, bəslə əski sayaqca,
Səslənc toya, lova, anda çağırış.

Bu toplumda yaraqlılar basardır,
Bunlar Parsel küsüsünə açardır,
Acıqana qarşı çatlı çapardır,
Səslənc toya, lova, anda çağırış.

Min yaraqlı Parsdiyira yetişdi,
Balasqlılar birləşərək qatışdı,
Balaşq yenə Daryaş ilə tutaşdı,
Səslənc toya, lova, anda çağırış.

Daryaş yenə eldə hay-küy yaratdı,
Yeni gəlmiş qonaqlara əl atdı,
Neçəsinin üz-gözünü qanatdı,
Səslənc toya, lova, anda çağırış.

Balaşq gəldi, itələdi Daryaşı,
Bürmələdi yıxdı yerə dikbaşı,
Başladılar qılınc ilə savaşı,
Səslənc toya, lova, anda çağırış.
Qılınclaşma ağır oldu, qan-qada,
Daryaş başdan yaralandı arada,
Yüngül yara onu aldı sıradan,
Səslənc toya, lova, anda çağırış.

Daryaş dedi: – Yaraqlılar çoxalır,
Bəlli deyil bunlar kimdir, haralı,
Gündən günə Parsel bizə daralır,
Biz düşürük bir-birindən aralı,
Səslənc toya, lova, anda çağırış.

Balaşq dedi: – Parsel olub Parsdiyar,
Parsel demə, bundan sonra söz olar,
“Ölkə, diyar” deyirdiniz, o da var,
Səslənc toya, lova, anda çağırış.

Vergiləri yığın, qalsın özüzə,
Toxluq gəlsin aclıq çəkən gözüzə,
Yardım edin artıq indi siz bizə,
Səslənc toya, lova, anda çağırış.

Bu vuruşma qaldı belə yarımçıq,
Daryaş sındı, Daryaş hovçu, yalançı,
Güldü ona doğma, yerli, yabançı,
Səslənc toya, lova, anda çağırış.


Çökdü, qaldı öz içində Parsdiyar,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz,
Dilə tutdu üz döndərmiş Kumarı,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz.

Göydən qar yox, sanki qıtlıq yağırdı,
Mal-qara da tez-tez ölü doğurdu,
Ölkə qurub el saxlamaq ağırdır,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz.

Balaşq, Kumar, qız toplumu, minbaşı,
Bubirliklər aldı yurdu, dağ-daşı,
Darvidel də Mindiyarla yanaşı,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz.
Çuqçubaşı Darvideli sınadı,
Gümüşqızın el-obasın qınadı,
Gah ürəyi, gah da gözü qanadı,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz.

Daryaş idi Darvideli çaşdıran,
Mindiyara qarşı qoyub coşduran,
El-obanı eşələyən, daşdıran,
Dikbaşlıqla “ölkə, diyar” yaranmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви