Bacar söylənci
Qırx il keçdi, Bacar iyid ər oldu,
Öz gəlişi, yatımı var hər yaşın.
Artıb, artıb boyu oldu qırx qarıc
Öz gəlişi, yatımı var hər yaşın.
O atçıydı, o ovçuydu, atıcı,
Əynindəcə qılıncbatmaz yapıncı,
Sıyırmaydı yüz batmanlıq qılıncı,
Öz gəlişi, yatımı var hər yaşın.
On yaşında iki qurdu boğmuşdu,
Qaplanların döşlərini sağmışdı,
Döyüşlərdə şimşək olub çaxmışdı,
Öz gəlişi, yatımı var hər yaşın.
O, bizucu əlli ağac atırdı,
Qolun gücü, başın içi bir gərək.
Bir əliylə beş yüz atı dartırdı,
Qolun gücü, başın içi bir gərək.
At minirdi, atın beli sınırdı,
Ox atırdı, dəyən yerlər yanırdı,
Tulazlanıb ağaclara qonurdu,
Qolun gücü, başın içi bir gərək.
Boy-buxunu, gücü, başı bir idi,
Sözü, özü alovluydu, qor idi,
İyid Bacar dağ gövdəli ər idi,
Qolun gücü, başın içi bir gərək.
At dərisi geyinmişdi əyninə,
İsti, soyuq götürməyir bu geyim.
Atasının qurd dərisi üstəlik,
İsti, soyuq götürməyir bu geyim.
Bu geyimlə çullanıbdır İtiat,
Bu çul ilə buzlaqlarda uzan, yat,
Bu geyimdən geyir burda çox elat,
İsti, soyuq götürməyir bu geyim.
Şaxtalara, sazaqlara alışır,
Boz qurdlara qarışaraq ulaşır,
Oda, suya, qara, çənə bulaşır,
İsti, soyuq götürməyir bu geyim.
Qızuçarın ağ lələyi alnında,
Həm uçardır, həm üzərdir ağ lələk.
Uçub üzür çox uzağa onunla,
Həm uçardır, həm üzərdir ağ lələk.
Atasından döyüşkənlik borc alıb,
Çox qancıldan, acıqandan öc alıb,
El-obadan, doğruluqdan güc alıb,
Həm uçardır, həm üzərdir ağ lələk.
Çinelliyə Bacar çoxdan tanıqdır
Xaqanların çoxu ondan yanıqdır,
Çox acıqan ondan gözüqıpıqdır,
Həm uçardır, həm üzərdir ağ lələk!
– Qayadöşlü, qovaq boylu Bacarım
Sən unutma anan verən lələyi.
El yolunda vuruşanda, duranda,
Sən unutma anan verən lələyi.
Çox dayanma öz yerində, qoç balam,
Dörd yanını qancıl alsa uç, balam ,
Yer üzündə yeni yollar aç, balam,
Anan verən ağ lələyi unutma.
Mən Qayaquş damarından olanam,
Gərək olsa min il diri qalanam,
Öz yaşımı mən vermişəm balama
Anan verən ağ lələyi unutma.
Bir düşərlik düşdü bir gün bu elə,
Onu verən Tanrı verir bunu da.
O istədi bu elləri sınasın.
Onu verən Tanrı verir bunu da.
Qara yara tutdu Qobu atları,
Çiçək aldı körpələri, qartları,
Qıt-quraqlıq əkinləri, otları,
Onu verən Tanrı verir bunu da.
Çox yalvardı yerə, göyə şamanlar,
Vec vermədi, öldü, getdi qalanlar,
Bulud eşən kəhər atlar, qulanlar,
Onu verən Tanrı verir bunu da.
Şaman yalvar, şaman, bir də qam elə,
Bəs hardadır könlüyuxa Tanrılar.
Düşərlikdən çıxar bizim bu eli,
Bəs hardadır könlüyuxa Tanrılar.
Yüz-yüz öldü, min-min adam keçindi,
Daha dirrik, deyən, bircə içimdi,
Bəs bir belə Tanrı görən nəçindi,
Bəs hardadır könlüyuxa Tanrılar.
El qırıldı çöl qaraldı ölumdən,
İsti-isti əsən doğu yelindən,
Biz yalvaraq kimə Tanrı dilində,
Bəs hardadır könlüyuxa Tanrılar.
Üzüquylu qaldı çox-çox şamanlar,
Tap özünu küsubsənsə Tanrıdan.
Ağbirçəklər otdan döyəc döydülər,
Tap özünü küsübsənsə Tanrıdan.
Bacar ovdan qayıtmışdı boş əllə,
Bu nə qırğın, nə ölümdür, nə yellər,
Niyə belə düşər oldu bu ellər,
Tap özünü küsübsənsə Tanrıdan.
– El qırılır, şaman mənə iş buyur,
Ölüm acdır, nə dayanır, nə doyur,
Hara gedim, söylə hara üz qoyum,
Tap özunü küsübsənsə Tanrıdan.
Şaman dedi: – Bu iş bizdən uzaqdır,
Tanrı deyil, bu yamanın işidir.
Yer altında, Yer üstündə, göydəcə,
Tanrı deyil, bu, yamanın işidir.
Vec vermədi kəsi, bağış, yalvarış,
Umma yaman Tanrısından sən barış,
Belə getsə pozulacaq yaranış,
Tanrı deyil, bu Yamanın işidir.
Mən Şamanam, bundan sonra neynərəm,
Yanıb, yanıb öz-özümə göynərəm,
Barmağımı, dodağımı çeynərəm,
Tanrı deyil, bu, Yamanın işidir.
– Mən gedirəm yamanlarla vuruşa,
Yaman gərək Yer üzündən qovula.
Bir yol göstər mənə, öncə uğur de,
Yaman gərək Yer üzündən qovula.
– O yoğrulub aclıq, ölüm, ağrıdan,
O uzaqdır duru-arı doğrudan,
O qorxmayır hələ böyük Tanrıdan,
Yaman gərək Yer üzündən qovula.
Mən gedirəm, mən taparam Yamanı,
Mən keçərəm dağı-daşı, dumanı,
Bir yol göstər, yol, başına dolanım,
Yaman gərək Yer üzündən qovula.
– Yamanlığın neçə-neçə üzü var,
Yer üstündə, Yer altında, göydədir.
O, dincliyin, sağlamlığın qancılı,
Yer üstundə, Yer altında, göydədir.
Sən gedən Yer gedər-gəlməz adlanır,
Orda hər şey yanır, sınır, odlanır,
Dağlar, çaylar, yollar iki qatlanır.
Yer üstündə, Yer altında, göydədir.
Çətin gedib sən oranı tapasan,
Çətin orda sən atını çapasan,
Mən taparam, əyər məni aparsan,
Yer üstündə, Yer altında, göydədir.
– Haydı, tərpən, el-elatım qırıldı,
Güclə, əllə, çəmlə düyün açılar.
Atıl sən də İtiatın tərkinə,
Güclə, əllə, çəmlə düyün açılar.
İtiatım, lələk bağla alnına,
Daraq çəkim, barmaq qatım yalına,
Bizi apar döyüş-vuruş yoluna,
Güclə, əllə, çəmlə düyün açılar.
Şaman götür geyimini, dohlunu,
Göstər mənə Tanrıların yolunu,
Biz göstərək ölümlərə olumu,
Güclə, əllə, çəmlə düyün açılar.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam qapına,
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, səni deyib gələnəm,
Yer göstərsən, öz yerimi bilənəm,
Sən öl desən, mən də gedib ölənəm,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, özün göstər yol mənə,
İşıqucu, Tanrı gücü ol mən,
Bu çarpışda üstünlüyü al mənə,
Baş əyirəm, üz tuturam qapına.
Onlar bir ay yol getdilər düzəndə,
Başlanqıcı, sonu yoxdur yolların,
Yoruldular, oturdular, durdular,
Başlanqıcı, sonu yoxdur yolların.
Axşam günün ala-toran çağıydı,
Bir kimsəsiz alma-ərik bağıydı,
Yollar qara, ağaclarsa ağ idi,
Başlanğıcı, sonu yoxdur yolların.
Bir qız durub dayanmışdı yaxında,
Buz var idi gözlərinin ağında,
Gül dərmişdi alma-ərik bağından,
Başlanğıcı, sonu yoxdur yolların.
– Şişəgözlü, gözəl bacı kim ola,
Gözəl yerdə gözəl olur gözəllər.
Biz Qobuçöl düzənindən gəlirik,
Gözəl yerdə gözəl olur gözəllər.
– Siz bu yerə hansı yolla gəlibsiz,
Dirisiniz, yoxsa, siz də ölübsüz,
Mən gözələm, bunu hardan bilibsiz
Gözəl yerdə gözəl olur gözəllər.
Mən Tanrıyam, düşərliklə diriyəm,
Yeddi çiçək bacılardan biriyəm,
Yer altından azacanıq bəriyəm,
Gözəl yerdə gözəl olur gözəllər.
– Yer üzündə çiçək basıb hər yanı,
Ölən çoxdur, düşük düşüb qalan da.
Bizə əl tut bu ölümdən qurtaraq,
Ölən çoxdur, düşük düşüb qalan da.
– Alpis Tanrı bu işlərin başıdır,
Döyüş-qırğın işində dibdaşıdır.
Yerdə bütün dirilərə qarşıdır,
Ölən çoxdur, düşük düşüb qalan da.
Onu tapmaq, onu tutmaq olmayır,
Heç bir yerdə bircə günlük qalmayır.
Heç Tanrıdan o, göstəriş almayır,
Ölən çoxdur, düşük düşüb qalan da.
– Şişəgözlüm, əl tut bizə, yardım et,
Döyüş qırğın yasağıdır Yer üzü.
Biz olmasaq Alpis kimi qıracaq,
Döyüş-qırğın yasağıdır Yer üzü.
– Mən bilirəm gözəl oğlan, varlığı,
Ağrı, acı çəkənliyi, darlığı,
Yeri basan düşərliyi, çorluğu,
Döyüş-qırğın yasağıdır Yer üzü.
Bunu da bil mən küsmüşəm Yamandan,
Körpələri min-min qırıb çatandan,
Yaşıllığı alıb oda qatandan,
Döyüş-qırğın yasağıdır yer üzü.
Bacar çapdı İtiatı irəli,
Sözdən sonra qılınc işi aşırar.
– Gəl bizimlə gedək, ay qız torana,
Sözdən sonra qılınc işi aşırar.
Ağ quş olub uçdu göyə şişəgöz,
Bacar onu oxla vurdu düpbədüz,
Göy qaraldı, nə gecəydi, nə gündüz,
Sözdən sonra qılınc işi aşırar.
Ağ quş düşdü qaplan oldu o yalda,
Dedi: – Gedin toranlığa bu yolla,
Bacar, sizi yol azdırar, yahaldar,
Sözdən sonra qılınc işi aşırar.
Şaman dedi: – Elə getmə, belə get,
Yamanların sözü, işi tərsədir.
Bacar dedi: – Anam lələk, üç göyə,
Yamanların sözü, işi tərsədir.
Birdən qalxıb göyə uçdu İtiat,
Qızuçardan qalan qoşa-cütqanad,
Görmədilər heç bir Yerdə yurd, elat
Yamanların sözü, işi tərsədir.
Altı ağ quş bir göl üstə üzürdü,
Sona kimi qaqqıldaşıb gəzirdi,
Ağ lələkdən yola ağ gül düzürdü.
Yamanların sözü, işi tərsədir.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam qapına.
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, səni deyib gələnəm,
Yer göstərsən, öz yerimi bilənəm,
Sən öl desən, mən də gedib ölənəm,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, özün göstər yol mənə,
İşıqucu, Tanrıgücü ol mənə,
Bu çarpışda üstünlüyü al mənə,
Baş əyirəm, üz tuturam qapına.
Oxla vurdu Bacar bir-bir onları,
Hər güclünün bir sızlayan yeri var.
Yoxa çıxdı altı çiçək bacılar,
Hər güclünün bir sızlayan yeri var.
Düz belindən vurdu Bacar quşları,
Oxbatmazdır bu quşların döşləri,
Buna görə yerə gəldi başları,
Hər güclünün bir sızlayan yeri var.
Biri qaldı, qaplan oldu ölmədi,
Göydə idi, ox belini dəlmədi,
Bacar, Şaman bu gizlini bilmədi,
Hər güclünün bir sızlayan yeri var.
Bir ağlar səs eşidildi arxadan,
– Dayan, çiçək bacıları öldürən.
Səni sevir, görməyə də gözüm yox,
Dayan, çiçək bacıları öldürən.
Qarayara Tanrısı var qabaqda,
Qurtarmazsan sən o iticaynaqdan,
Vurammazsan onu oxla uzaqdan,
Dayan, çiçək bacıları öldürən.
Bu yerlərdən diri dönən olmayıb,
Qalan olub, ondan heç nə qalmayıb,
Bunla dirrik özgə görkəm almayıb
Dayan, çiçək bacıları öldürən.
– Sevdiyimdən səni basıb yeyərəm,
Qoy bəllənsin sənə Tanrı sevgisi.
Doğulduğun gündən səni sevirəm,
Qoy bəllənsin sənə Tanrı sevgisi.
Qarayara çox qorxulu Tanrıdır,
Gücü böyük Tanrılarla yarıdır,
Qara üzü at-inəyə sarıdır,
Qoy bəllənsin sənə Tanrı sevgisi.
Ancaq gözdən onu vura bilərsən,
Vurub onu Yer üzündən silərsən,
Yox, yanılsan, onda özün ölərsən,
Qoy bəllənsin sənə Tanrı sevgisi.
Qırx gün gəzdi, tapdı Bacar o yeri,
Heyvərəydi Qarayara Tanrısı,
Dağ-daş əsib titrəyirdi səsindən,
Heyvərəydi Qarayara Tanrısı.
Həm qaplandı, həm də qaplan deyildi,
Həm qabandı, həm də qaban deyildi,
Həm ilandı, həm də ilan deyildi,
Heyvərəydi Qarayara Tanrısı.
Caynağında gəmirirdi daşları,
Püskürtüsü yandırırdı quşları,
Qılınc idi, yaba idi dişləri,
Heyvərəydi Qarayara Tanrısı.
Yumuluydu iri, qara gözləri,
Öldürərsən, tapa bilsən çəmini.
Dirriyinin bacasıydı o gözlər,
Öldürərsən, tapa bilsən çəmini.
Bizuc atdı Bacar dəydi döşünə,
O, bizucu alıb çəkdi dişinə,
Beş ox batdı ordlarının şişinə,
Öldürərsən, tapa bilsən çəmini.
Qam elədi Şaman, dağlar uçulsun,
Qam elədi onun gözü açılsın,
Bacar atan ox gözünə sancılsın,
Öldürərsən, tapa bilsən çəmini.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam qapına.
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı səni deyib gələnəm,
Yer göstərsən, mən yerimi bilənəm,
Sən öl desən, mən də gedib ölənəm,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, göstər bir də yol mənə,
İşıqucu, Tanrıgücü ol mənə,
Bu çapışda üstünlüyü al mənə,
Baş əyirəm, üz tuturam qapına.
Üç gün çəkdi bu vuruşma, boğuşma,
Qanın sonu ya ölümdür, ya barış.
Basılmadı Qarayara Tanrısı,
Qanın sonu ya ölümdür, ya barış.
Birdən qaplan səsi gəldi meşədən,
Bərk diskindi bunu Tanrı eşitcək,
Göz açıldı, gözlər qanlı şişədən,
Qanın sonu ya ölümdür, ya barış.
Düz tuşladı Bacar iti oxunu,
Ox qızartdı sol gözünün ağını,
O biri ox sona vardı qızğını,
Qanın sonu ya ölümdür, ya barış.
Yenə bir səs eşidildi arxadan,
– Səni sevir, görməyə də gözüm yox,
Qayıt geri, qorxunc Tanrı öndədir,
Səni sevir, görməyə də gözüm yox.
O qızdırma Tanrısıdır, qanadlı,
Həm caynaqlı, həm qanadlı, həm atlı,
Bel dərisi, baş sümüyü beş qatdır,
Səni sevir, görməyə də gözüm yox.
Sağ ovcundan vursan işi bitəcək,
Od-alova -bürünəcək, gedəcək
Yer üzündən çəkiləcək, itəcək,
Səni sevir, görməyə də gözüm yox.
Üç gün sonra uçub gəldi Qızdırma,
Hərdən ölüm öz ovunu səsləyir.
Boğazından odlu iynə yağırdı,
Hərdən ölüm öz ovunu səsləyir.
– Bir Tanrıyam, mən qızdırma adında,
Yandıraram sizi qızıl odumda,
İynəm keçir daşın yeddi qatından,
Hərdən ölüm ovçusunu səsləyir.
Bacar dedi: – Biz barışa gəlmişik,
Səni böyük güclü Tanrı bilmişik,
Biz çoxdandır qızdırmadan ölmüşük,
Hərdən ölüm ovçusunu səsləyir.
– Onda gəlin, qucaqlaşaq, əl tutaq,
Ölənlərdən nə qorxusu Tanrının.
Mən gedirəm Yer üzünə bir daha,
Ölənlərdən nə qorxusu Tanrının.
Qıracağam mal-qaranı büs-bütün,
Min-min lovğa, dəymədüşər, ərköyün,
Qalacağam Qobuyerdə neçə gün,
Ölənlərdən nə qorxusu Tanrının.
Görüşdülər, əl tutdular qonaqlar,
Bacar çıxdı ortalığa yaraqla,
Vurdu onun düz ovcundan bıçaqla,
Ölənlərdən nə qorxusu Tanrının.
Gah qıvrıldı, gah çevrildi, gah aşdı,
Adam bir cür, yaman yüz cür ölərmiş,
Göydən düşüb yastılandı yerdə o
Adam bir cür, yaman yüz cür ölərmiş.
Çıxdı üzə aclıq, qıtlıq, quraqlıq,
Yığıncaqdır burda, yoxsa qonaqlıq,
Hər yan cadar, hər yan quyu, bataqlıq,
Adam bir cür, yaman yüz cür ölərmiş.
Üç buynuzlu, üç qarınpa, üç yoluq,
Deyir yerdə biz dirriyi pozuruq,
Qırıb eli ona sonev qazırıq,
Adam bir cür, yaman yüz cür ölərmiş.
Bacar qılınc qaldıranda, durdular,
Daş-kəsəklə, oxla onu vurdular,
Yüz-yüz artıb hər bir yanı tutdular,
Adam bir cür, yaman yüz cür ölərmiş.
Aclıq çıxdı topbuz ilə araya,
İstədi ki öz başını qoruya,
Ancaq başı düz ayrıldı yarıya,
Adam bir cür, yaman yüz cür ölərmiş.
Qıtlıq yanar qılıncını uzatdı,
Bacar uzun bizucuna əl atdı,
Vurub onu yerdən göyə ucaltdı,
Adam bir cür, yaman yüz cür ölərmiş.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam, qapına,
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı səni deyib şələnəm,
Yer göstərsən öz yerimi bilənəm,
Sən öl desən, mən də gedib ölənəm,
Baş əyirəm, üz qoyuram qapına.
Böyük Tanrı, göstər bir də yol mənə,
İşıqucu, Tanrıgücü ol mənə,
Bu çarpışda üstünlüyü al mənə,
Baş əyirəm, üz tuturam qapına.
Bu kim ola ona heç nə batmayır,
Öldü getdi Aclıq, Qıtlıq, Quraqlıq.
Niyə Tanrı onu yeyib udmayıb,
Öldü getdi, Aclıq, Qıtlıq, Quraqlıq.
Quraqlığın şaqqıldadı dişləri,
Şişdi birdən üzü, başı, döşləri,
Bacar vurdu, kəsdi, tökdü şişləri,
Öldü getdi Aclıq, Qıtlıq, Quraqlıq.
Alpis Tanrı özün yetiş haraya,
Şimşəyi min, onu çatdır buraya,
Yelin, odun, selin burda yarayar,
Öldü getdi Aclıq, Qıtlıq, Quraqlıq.
Bir səs gəldi: Mən Alpisəm, burdayam,
Tanrısıyam mən savaşın, qırğının.
Sizi qıran Bacar sizdən qoçaqdır,
Tanrısıyam mən savaşın, qırğının.
Bir savaşla yerdə nə var qıraram,
Şimşək minib yeri-göyü yararam,
Dağıdaram mən, yenidən quraram,
Tanrısıyam mən savaşın, qırğının.
Siz ya ölün, ya da mənə qovuşun,
Ya qayıdın, yer üzünə uyuşun,
Ya da qalın, görün dadın savaşın,
Tanrısıyam mən savaşın, qırğının.
Bacar dedi: – İtiatım, uç göyə,
Şimşək yerdə güclü olur adamdan.
Qorunarıq yeldən, seldən şimşəkdən,
Şimşək yerdə güclü olur adamdan.
Uçdu getdi üçü birdən göylərə,
Ox yağdırdı ordan Bacar hər yerə,
Şimşək çaxdı, yaxdı yeri yüz kərə,
Şimşək yerdə güclü olur adamdan.
Alpis mindi şimşəyini çapdı o,
Göy qatında İtiatı tapdı o,
Odlu şimşək qılıncını qapdı o.
Şimşək yerdə güclü olur adamdan
Bacar qırdı şimşəkləri ortadan,
Göydə qılınc qırıb tökür şimşəyi.
Yan elədi şimşək atın başını,
Göydə qılınc qırıb tökür şimşəyi.
Qan ələndi, ağ buludlar lil oldu,
Yağış yağdı, od-alovdan sel oldu,
Göy gurladı, çovğun oldu, yel oldu,
Göydə qılınc qırıb tökür şimşəyi.
Yerə yağdı qırıq şimşək, budaqlar,
Oxlar, yaylar, yanmış, sınmış yaraqlar,
Kəsik əllər, qanlı başlar, barmaqlar,
Göydə qılınc qırıb tökür şimşəyi.
Alpis dedi: – Düşək yerdə güləşək,
Şaman dedi: – Yerdə Yaman güc gəlir.
Alpis dedi: – Yer yaxşıdır savaşa,
Bacar dedi: – Yaman yerdə güc gəlir.
On gün Bacar Alpis ilə dalaşdı,
Birdən şimşək gövdəsinə dolaşdı,
Qurd dərisi, at dərisi allaşdı,
Bacar dedi,-Yaman yerdə güc gəlir.
Şaman çəkib qırdı tökdü şimşəyi,
Ancaq yandı onun əli, biləyi,
Yanıb söndü onun şaman ürəyi,
Bacar dedi: – Yaman yerdə güc gəlir.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam qapına,
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, səni deyib gələnəm,
Yer göstərsən öz yerimi bilənəm.
Sən öl desən, gedib mən də ölənəm,
Baş əyirəm, üz tuturam qapına,
Böyük Tanrı, bir də göstər yol mənə,
İşıqucu, Tanrıgücü ol mənə,
Bu çarpışda üstünlüyü al mənə,
Baş əyirəm, üz tuturam qapına.
Atlar bir də şaha qalxdı, döş-döşə,
Cırmaqlaşdı, dırnaqlaşdı kəhərlər.
İtiatın dırnaqları töküldü,
Cırmaqlaşdı, dırnaqlaşdı kəhərlər.
Alpis vurdu yer oğluna qılıncı,
Düşdü onun kürəyindən yapıncı,
Bacar dedi: – Al, Topbuzdur, a qancıl,
Dırnaqlaşdı, cırmaqlaşdı kəhərlər.
Alpis susdu, başı keçdi qarnına,
Şimşəkləri dönüb girdi qanına,
Onun iki qolu düşdü yanına,
Dırnaqlaşdı, cırmaqlaşdı kəhərlər.
– Şaman, gözün aydın olsun, yüz yaşa,
Savaş-qırğın Tanrısını öldürdüm.
İnnən belə yerdə barış olacaq.
Savaş-qırğın Tanrısını öldürdüm.
İtiatın dırnaqları qaraydı,
Qıçı, başı neçə yerdən yaraydı,
Şaman qalxıb bu görümə varaydı,
Savaş-qırğın Tanrısını öldürdüm.
Bacar gəldi, düşdü yerə yanıqlı,
Köksü şimşək yanığından sarıqlı,
Neçə yerdən üzu qanlı, qabıqlı,
Savaş-qırğın Tanrısını öldürdüm.
Bir səs gəldi qulağına Bacarın,
– Səni sevir, görməyə də gözüm yox.
Sən öldürdün neçə-neçə Tanrını,
Səni sevir, görməyə də gözüm yox.
Mən Çiçəyəm, yeddi qızdan biriyəm,
Ölməmişəm, iyid Bacar, diriyəm,
Sən hardasan, mən də səndən bəriyəm,
Səni sevir, görməyə də gözüm yox.
Sən beş yüz il yaşayacaq ərənsən,
Ölümünü qabaqcadan görənsən,
İllərini pay-pay bölüb verənsən,
Səni sevir, görməyə də gözüm yox.
– Məni gözlə, gələcəyəm yanına,
Bil ki mənim olacaqsan haçansa,
Yaşa iyid, ancaq məni unutma,
Bil ki mənim olacaqsan haçansa.
Çiçək açıb döşün üstə, üzündə,
Ta çıxmazsan onda mənim sözümdən,
Öpəcəyəm o zil-qara köksündən,
Bil ki mənim olacaqsan haçansa.
Mən çiçəyəm, tək bacıyam, unutma,
Soyuq baxıb ürəyimi qanatma,
Nə özünü, nə də məni yanıltma,
Bil ki mənim olacaqsan haçansa.
Göy gurladı, yer çəkildi göylərə,
Yaman gəldi neçə üzdə, görkəmdə.
İlan kimi, qaban kimi, qıy kimi.
Yaman gəldi neçə üzdə, görkəmdə.
– Mənim adım yerdə, göydə Yamandır,
Bacar, səni axtarıram haçandır,
Yer ovcumda bir püfləmə samandır,
Yaman gəldi neçə üzdə, görkəmdə.
Mənəm bütün ağrıları yaradan,
Çıxardıram atı, otu sıradan,
Həm törədir, həm çıxaram aradan,
Yaman gəldi neçə üzdə, görkəmdə.
– Böyük Tanrı, mən Bacaram, qapı aç,
Baş əyirəm, üz tuturam qapına.
Burda məni üzüqara eləmə,
Baş əyirəm, üz tuturam qapına.
Böyük Tanrı, səni deyib gələnəm,
Yer göstər sən, öz yerimi bilənəm,
Sən öl desən, gedib mən də ölənəm,
Baş əyirəm, üz tutaram qapına.
Böyük Tanrı, göstər bir də yol mənə,
İşıqucu, Tanrıgücü ol mənə,
Bu çarpışda üstünlüyü al mənə,
Baş əyirəm, üz qoyuram qapına.
– Vuruşmağa gəlməmişəm səninlə,
Tanrı kimi hər bir yerdə varam mən.
Yandırıram, quruduram, sökürəm,
Tanrı kimi hər bir yerdə varam mən.
İstəyirsən, qal burada Tanrı ol
İstəyirsən, öl, yenidən sən doğul,
Sən mənə də çox gərəksən, ay oğul,
Tanrı kimi hər bir yerdə varam mən.
Yaxşı pislə qatışıqdır yer üzü,
Yaxşı deyil, pis olmuşam mən özüm,
Bunca bil ki, Tanrılıqda var gözüm,
Tanrı kimi hər bir yerdə varam mən.
Bunu deyib Yaman getdi tələsik,
Axsayırdı hərdən-birdən sağ qıçı.
Çiçək onun arxasınca gedirdi,
Axsayırdı hərdən-birdən sağ qıçı.
Bacar qalxdı İtiatın belinə,
Üzün tutdu Qobuçölün elinə,
Atı döndü Yeləsənin yelinə
Axsayırdı hərdən-birdən sağ qıçı.
On iki ay dağda-daşda yol ölçdü,
Yer altından yer üstünə o köçdü,
Atı gəldi Qobuçöldə su içdi
Axsayırdı hərdən-birdən sağ qıçı.
Yer üstündən çəkilmişdi düşərlik,
Yox olmuşdu Aclıq, Qıtlıq, Quraqlıq.
Qarayara, Çiçək, Qırğın, Qızdırma,
Yox olmuşdu Aclıq, Qıtlıq, Quraqlıq.
Oynayırdı gül çölündə uşaqlar,
Pıçıldaşıb qaynayırdı bulaqlar.
Bacar-deyib güllənirdi dodaqlar,
Yox olmuşdu Aclıq, Qıtlıq, Quraqlıq.
Üç sonev də dayanırdı yan-yana,
Qızuçara, qurd Gücərə, Şamana,
At ilxısı yayılmışdı hər yana,
Yox olmuşdu Aclıq, Qıtlıq, Quraqlıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-bacar-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.
Sərtüzlə görüş söylənciTanrıların göstərişi var idi,– Düzdə qalar düz yolunu azanlar,
Suböləndə vuruş söylənciBiri gəldi, arxasında köləsi,– Heç kəs məncə oxşar deyil, bir deyil,
İnanış söylənciYola düşdü Əkbitənə Sərtiş ər,İnanc yoxsa, ordan çəkil, uzaq ol.