Bir ay beş gün Turq yol yortdu Hindelə,
Ölçü bilməz, qavranılmaz genişlik.
Nələr gördü, nələr gəldi başına,
Ölçü bilməz, qavranılmaz genişlik.

Gördü biri gün altında, qap-qara,
Açıb quştək qollarını yanlara,
Qanadlanmaq istər sanki damlara,
Ölçü bilməz, qavranılmaz genişlik.

Turq söylədi: – Qardaş, kimsən, nəçisən,
Bu yol üstə kimdən kimə elçisən,
Bəlkə yeri, ya da göyü ölçürsən,
Ölçü bilməz, qavranılmaz genişlik.

Brəhmənəm, Budda qanı canımda,
Sən Buddanın elçisinin yanında.
Əllərini qoşalaşdır alnında.
At bicliyi, pisdiklini qanından,
Aldatmağı, aldanmağı, qanından,
Lüt ol, görün öz dərinin donunda,
Əllərini qoşalaşdır alnında,
Ölçü bilməz, qavranılmaz genişlik.
Burda öküz hər dillidən üstündür,
Bu gördüyün al- ver, qaç- tut ölgündür,
Varlıq əyri, ancaq Budda düzgündür,
Palpaltarda parparıltı özgündür,
Ölçü bilməz, qavranılmaz genişlik.

Burda çaylar bir uzunsov dənizdir,
Mən dənizdən, dəniz məndən təmizdir,
Dik baxanın kiprikləri biz- bizdir,
Ölçü bilməz, qavranılmaz genişlik.

Basdırmırlar, yandırırlar ölünü,

Tullayırlar dənizlərə külünü,
Artırırlar çayın, gölün lilini,
Yamsılayır su dillinin dilini,
Kəsir çox-çox ötənlərin yolunu,
Oğru soxub qoltuğuna əlini,
O yalandan bükük tutur belini,
Udur meşə çölün dəli yelini,
Ölçü bilməz, qavranılmaz genişlik.

Ərə gedir on yaşında qız burda,
Toy çaldırır on iki ay yaz burda,
O görməyir şaxta burda, buz burda,
Yağış içər kolluq, meşə, düz burda,
Neçə qatdır dərinlikdə söz burda,
Ölçü bilməz, qavranılmaz genişlik.

Burda daşqın – coşqun olur kiçiklər,
Yorğun sayaq susqun olur böyüklər,
Çox danışır üzlü, üzü sürtüklər,
»Mən mən« deyir çayda, suda köpüklər,
Ölçü bilməz, qavranılmaz genişlik.

Burda torpaq, rupi, quruş vurğunu,
Gəvələmək, dad, ad, öyü vurğunu,
Heç üstündə qanlı döyüş vurğunu,
Üstün olmaq üstə yarış vurğunu,
Varlanmaqçın alış-veriş vurğunu,
Yellən - sellən görüş, öpüş vurğunu,
Ölçü bilməz, qavranılmaz genişlik.


Bunlar, onlar gülməlidir tanrıya,
Öz - özündən uca dayan tanrılaş.
Biz varlığa dönəcəyik neçə yol,
Öz - özündən uca dayan tanrılaş.

Dadlı yemək yemə, saxla özünü,
Çək gözəldən, çox dadlıdan gözünü,
Sən özündən hərdən döndər üzünü,
Öz - özündən uca dayan tanrılaş.

– Ey Brəhmən, sən Buddanın nəyisən?
– Budda tanrı yardımçısı tanrıdır,
Mən yardımçı yardımçısı olanda,
Onda billəm mən nəçiyəm, mən kiməm,

Mən tanrını anlamağa gedirəm,
Öz - özündən uca dayan tanrılaş.

Mənəm böyük yaradanın qonağı,
Yeyib alma, filqulağı yarpağı,
Çox atılıb düşmür daha qırtlağım,
Xirtdəyimin, boğazımın saplağı,
Öz - özündən uca dayan tanrılaş.

Onda gözüm öz içimə zillənir,
Başımdakı düşüncələr ələnir,
Yaranışım, yaradanım dillənir,
Öz - özündən uca dayan tanrılaş.

Öz içimdə yaradanı görürəm,
Görən kimi öz qınıma girirəm,
Yaradana varlığımı verirərm,
Öz - özündən uca dayan tanrılaş.
Mənə deyir: – Sən mənləşmək istəsən,
Yaxşılıq et, öz özünü pislə sən,
Çıx özündən qat-qat çox çox üstə sən,
Görün mənə, ta görünmə gözlə sən,
Öz - özündən uca dayan tanrılaş.

«Mən» yolunda sən ölümdən çəkinmə,
Mən ikinci yeniləşmə quranda,
Yaradaram güclü səni yenidən.
Öz - özündən uca dayan tanrılaş.

Deyir, varlıq aldadıcı, gülüncdür,
Tez-tez ye - iç, dad, ad boş- boş görüncdür,
Görünənlər boşluqlara təpincdir,
Öz - özündən uca dayan tanrılaş.

Görünməyən, görünənlər içimdə,
Onlar iynə ucu boyda- biçimdə,
Deyinilməz dəyişkənlik seçimdə,
Heç kəs, heç nə çıxmır mənim ölçümdən,
Yüz ildən bir hamı varlıq köçündə,
Öz - özündən uca dayan tanrılaş.

Deyir, mənə yaxınlaşmaq istəsən,
Özlüyünə son qoyasan gərək sən,
Başlayasan doğuluşa yenidən,
Səni yaxın buraxaram onda mən,
Öz - özündən uca dayan tanrılaş.


Belə deyir böyük tanrı Buddaya,
Yaxşı pissiz, düz yalansız keçinməz.
Necə yaxşı, necə yaman olsan da
Yaxşı pissiz, düz yalansız keçinməz.

Mən onları yaratmışam düpbədüz,
Mən qoymuşam mən onları üzbəüz,
Ikisi də ayıq-sayıq, itigöz,
Yaxşı pissiz, düz yalansız keçinməz.
Dəyişirəm min-min ildən bir onu,
Gəl, bacarsan dəyişilmiş gör onu,
Gəl, bacarsan sən könlüncə qur onu,
Gəl istəsən qoru onu, qır onu,
Yaxşı pissiz, düz yalansız keçinməz.

Gəl qapalı iç zirvəmi alqışla,
Varlıların olanını qarqışla,
Nəyin varsa ona, buna bağışla,
Yaxşı pissiz, düz yalansız keçinməz.

Çöl varlıqdır, iç tanrılıq bilginən,
Mənə doğru dolu içlə gəlginən,
Acından da ölsən yaxşı ölginən,
Yaraşıqlı varlıqlara gülginən
Yaxşı pissiz, düz yalansız keçinməz.


Belə deyir böyük tanrı Buddaya,
Nəyin varsa ona buna bağışla.
Sən hər yerə zəngin dolu içlə get,
Nəyin varsa ona, buna bağışla.

Yığ içinə gözəlliyi, biliyi,
Nəyin varsa ona, buna bağışla.
Hər varlığın dəyərlidir iliyi,
Nəyin varsa ona, buna bağışla.

Mənə sarı yüngül kəlmək yaxşıdır,
Çox yemək yox, çox şey bilmək yaxşıdır,
Çatmazlığa gizli gülmək yaxşıdır,
Ölmə, ölsən ayıq ölmək yaxşıdır,
Nəyin varsa ona buna bağışla.

Varlıq bütün aldanmaqdır, aldatmaq,

Bu varlıqdan çimdik götür sən ancaq,
Varlıqları kütləşdirir təmtəraq,
Nəyin varsa ona, buna bağışla.
Belə deyir, ata tanrı bizlərə,
Çox inanma yaraşıqlı üzlərə,
Bax dərindən dərin-dərin gözlərə,
Bax ürəkdən gələn dolu sözlərə,
Nəyin varsa ona, buna bağışla.


Mən Brəhmən böyük Sapkar oğluyam,
Hamı dibdə öz kökünə bağlıdır.
Mənim atam böyük zəngin kişidir,
Hamı dibdə öz kökünə bağlıdır.

Qırx il onun heç uşağı olmayıb,
Bunu atam heç vecinə almayıb,
Alverindən, gəzməyindən qalmayıb,
Hamı dibdə öz kökünə bağlıdır.

Atam işdə qısmır olub, bərk olub,
Qardaşları arasında tək olub,
Içi dolu, ancaq əli çirk olub,
Hamı dibdə öz kökünə bağlıdır.

Mən anadan doğulanda dəyişib,
Yoxsullarla gedib bir-bir görüşüb,
Pay- puş, yardım işlərinə girişib,
Hamı dibdə öz kökünə bağlıdır.

Deyib varım oğlumundur, nəki var,
Yer üstündə görünənlər, olanlar,
Yer altında olanı da o tapar,
Yer altında saxlanc-saxlanc nələr var,
Hamı dibdə öz kökünə bağlıdır.

Böyümüşəm qayğı-sayğı içində,
Atam kimi uyğu- duyğu içində.
Yaşamışam şirin yuxu içində,
Hamı dibdə öz kökünə bağlıdır.

Biri gəlib borc istəyib, vermişəm,
Biri deyb «məni görsün», görmüşəm,
Gedib yoxsul daxmalara girmişəm,
Hamı dibdə öz kökünə bağlıdır.

Atam öldü, çox işlərim qarışdı,
Borc üstündə çoxlarıyla qarpışdım,
Qancıl təklik boğazımdan yapışdı,
Acgöz mənə birə kimi daraşdı,
Hamı dibdə öz kökünə bağlıdır.

Bir gün yolda bir qız gördüm, ağappaq,
Çox duzluydu, çəkimlidi, bal yanaq,
Sanki əllə çəkilmişdi dil-dodaq,
Kiprik uzun, hörük yoğun, üz parlaq,
Yeriş kəhlik, duruş ceyran, bel oynaq,
Hamı dibdə öz kökünə bağlıdır.

Getdim qızı alım, qorxub hər addım,
Nə çay, nə su gətirdilər bir qurtum,
Addım başı qırtlağımı mən uddum.
Çalışdım ki, gördüyümü unudum,
Hamı dibdə öz kökünə bağlıdır.

Dedilər ki, düz adamsan, ancaq sən,
Atan kimi dağıdansan, Brəhmən,
Ala bilməz qız burada hər ötən,
Hamı dibdə öz kökünə bağlıdır.

Vermədilər mənə gözəl Gülrüxi,
Gülrüx oldu mənim üçün bir yuxu,
Bu sevgini pisləyərək bir çoxu,
Dedilər ki, batıb gözün, qulağın,
Söylə onda nə görmüsən sən axı.
Hamı dibdə öz kökünə bağlıdır.

Bir qız gəldi var- yoxumu yoxladı.
Bir qız gəldi qabağımda ağladı.
Bir qız gəldi, getdi, küsü saxladı.
Biri gəldi, dedi, dedi, dığladı.
Biri getdi bundan kitab bağladı,
Hamı dibdə öz kökünə bağlıdır.

Çoxu gəldi çox danışdı özündən,
Yalan, böhtan sallanırdı üzündən,
Neçəsayaq söz var idi sözündə,
Ancaq Gülrüx çəkilmədi gözümdə,
Mən özümü çox sınadım dözümdə,
Ancaq Gülrüx çəkilmədi gözümdən,
Hamı dibdə öz kökünə bağlıdır.

Bir gün gördüm qaçıb gəlib qız özü,
Ağlar idi, tutğun idi qaş- gözü,
Qaralmışdı, dəyişmişdi ağ üzü,
Oxşamırdı o Gülrüxə, lap düzü,
Hamı dibdə öz kökünə bağlıdır.

Dedim, niyə dəyişibsən belə sən,
Dedi, aman, ata, ana əlindən,
Sevin hələ qurtarmışam belə mən,
Hamı dibdə öz kökünə bağlıdır.

Gördülər ki, çox sevirəm mən səni,
Kəsdirdilər, qapadılar hər yönü,
Bu üç ildə qara keçdi hər günüm,
Hamı dibdə öz kökünə bağlıdır.

Dedim, tanrı, yardım elə mən qaçım,
Qanad da ver, ona doğru mən uçum,
Öz sevgimə doğru gedim, yol açım,
Hamı dibdə öz kökünə bağlıdır.

Qaçdım gəldim mən dilənçi günündə,
Indi Gülrüx durub sənin önündə,
Brəhmənsən, tanrın vardır sənin də,
Yaşamağa sevgim vardır mənim də.
Doldu bundan yaşla mənim gözlərim,
Sarsıtmışdı məni qızın sözləri,
Titrəyirdi bunca mənim dizlərim,
Hamı dibdə öz kökünə bağlıdır.

Dedim ona, xoş gəlibsən, Gülrüxüm,
Mənim kimi yazıq, sevgi yazığı,
Sən də oldun daha sevgi tutuğu,
Hamı dibdə öz kökünə bağlıdır.


Keçdi beş ay, on ay, bir il o gündən,
Gizli işlər gec- tez bir gün açılır.
Anam dedi, bu gürülxə bənzəmir,
Gizli işlər gec-tez bir gün açılır.

Dedim, ana, düz deyirsən, o deyil,
Ancaq onu gəlinin tək doğma bil,
Yaxşılıqdan törəyibdir bu Hindel,
Gizli işlər gec-tez bir gün açılır.

O ağladı, o sıtqadı bu işə,
O getmədi gəlin ilə görüşə,
Mən onunla hər gün gəldim döş-döşə,
Gizli işlər gec-tez bir gün açılır.

Dedim ana, az qarqış et, az deyin,
Yazıq yazıq kimsəsizdir bu gəlin,
Varımızla bağlı deyil bu kəbin,
Qancıl deyil o bu evdə heç nəyin,
Gizli işlər gec-tez bir gün açılır.

Ancaq anam hey ağladı, ağladı,
Ağlamaqdan, sıtqamaqdan dığladı,
Öldü, mənim mal-müknitəm laxladı,
Gülrüx bir il susdu, qara bağladı,
Gizli işlər gec-tez bir gün açılır.

Bir gün Gülrüx bir söz atdı araya,
Dedi, anam, bacım gəlsin buraya,
Onlar bizə çətin işdə yarayar,
Gizli işlər gec-tez bir gün açılır.

Dedi, düzü, mən nişanlı qız idim,
Atamınsa varı lap- çox az idi,
Nişanlımgil vardan, evdən saz idi,
Gizli işlər gec-tez bir gün açılır.

Oğlan dedi, ata varın bölərsən,
Get sən varlan, varlananda gələrsən,
Varlı toylar necə olur bilərsən,
Ya nişanlı qala qala ölərsən,
Gizli işlər gec-tez bir gün açılır.

Çox düşündüm, nə iş görüm, nə edim,
Var-dövlətdə nışanlımı mən ötüm,
Sevilməkçün üz gözümə nə sürtüm,
Gəldim səndən bir azcana var qırtım,
Yoxsulluğun üzərini mən örtüm,
Gizli işlər gec-tez bir gün açılır.

Sən hamıdan əli açıq kişisən,
Yardım, pay - puş işlərində bişibsən,
Çox yumaqlar, saplar açıb eşibsən,
Sən atanın düz yoluna düşübsən,
Gizli işlər gec- tez bir gün açılır.

Uşağımız olmur nədən, ötür yaş,
İstəyirsən get arvad al, atalaş,
Ərə gedim mən də, ana olum, kaş,
Bizdən daha sən aralan, aralaş,
Nişanlımla burda olluq, neçə baş,
Gizli işlər gec-tez bir gün açılır.

Dedim, Gülrüx, qoy tanrımla görüşüm,
Tanrı özü bu işlərə qarışır,
Ondan olar – olmazını soruşum,
Ya səninlə, ya onunla barışım,
Gizli işlər gec- tez bir gün açılır.

Indi otur, dalısını danışım,
Necə olub işlər necə qarışıb,
Gülrüx necə oğlan ilə barışıb,
Gizli işlər gec- tez bir gün açılır.


Turq yollandı çay qırağı Satala,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.
Brəhmənin bu sözləri dilində,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Gördü burda hamı arıq, yarımcan,
Biri qaçır ayaqları yalıncaq,
Arvad- uşaq qaçır ərin dalınca,
Uşaqların hamısı da balaca,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Dedi: – Qardaş, hara belə, nə olub,
Bu uşaqlar niyə belə saraləb,
Qaça- qaça qışqırmaqdan yorulub?
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Kişi dedi: – Qaçıb gözdən itirəm,
Mən yaraqlı yazılmağa gedirəm,
Uşaqlara yemək- çörək gətirrəm,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

– Sən gələnə, qardaş, bunlar ac qalar,
– Qoy ac qalsın, ac qalanda nə olar,

Ac qalana yardım edən tanrı var,
Tanrı verib, tanrı özü saxlayar,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.
Turq qoşuldu o kişiyə qaçaraq,
Dedi, görüm hara gedir bu qoçaq,
Haradadır döyüş- vuruş, səs - sorağ,
Haradadır toplum, savaş yal-yaraq,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Dedi: – Birdən yenə dəli olarlar,
Gedib bizim Uğurelə dolarlar,
Elçiçəyin yerincliyin alarlar,
Orda yenə qanlı yuva salarlar,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

O dayanır, bir hindlidən soruşur,
Deyir: – Harda, kim kim ilə vuruşur,
O hindli də bunu deyir, soruşur,
Deyir: – Hindel Çinel ilə vuruşur,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Turq ah çəkir, birdən çökür torpağa,
Az dincəlim – deyir- durum ayağa,
Çox düşmüşəm Mindiyardan uzağa,
Vuruşların qabağını almağa,
Gərək gedib düşüm orda qabağa.
Vuruşlarda dönüm yaxşı ortağa,
Toplumları bir- bir çəkim qırağa,
Olum qanlı vuruşlara qadağa,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Elə bu an bir quş enir buluddan,
O oturur Turqər ilə yan ba yan,
Qızıl quşdur, qılınc qanad, çalağan.
Yollarını bağlasa da sis, duman,
Ər Qurd ərin yazısını oradan,
Gətirmişdir dayanmadan, durmadan,
Yaxşı pisdən, pis yaxşıdan törəyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов