Uğurelə çatdı Turqtay gecəykən,
Belə gündə daldan gələn bərk gələr,
Yanıb gülə çevrilmişdi Urumçi,
Belə gündə daldan gələn bərk gələr.

Nə Bacar var, nə Qarçiçək, nə Tuncər,
Qalanlar da burdan köçüb gedirlər,
Üzlər-gözlər sapsarıdır, boztəhər,
Belə gündə daldan gələn bərk gələr.

Bacar itib, İtiat da onunla,
Ayrı düşüb o, sevdiyi qadınla,
Bacarmayıb Bacar böyük yanğınla,
Belə gündə daldan gələn bərk gələr.

Qızçiçək də bu yanğına qalanıb,
Odla onun tanrılığı alınıb,
Ağlar-ağlar yer altına yollanıb,
Belə gündə daldan gələn bərk gələr.

Turq toplumu meşəlikdə saxladı,
Yal-yarağı, yer-yığışı yoxladı,
Qoşatiyə qılıncını bağladı,
Belə gündə daldan gələn bərk gələr.


Bir səs gəldi, ürkdü atlar, adamlar,
Ağır gündə hər səs, hər söz dayaqdır,
Bu, deyəsən Qızçiçəyin səsiydi,
Ağır gündə hər səs, hər söz dayaqdır.

Səs gəlirdi meşələrin təkindən,
Ağacları laxladırdı kökündən,
O gəzirdi dağda, daşda, əkində,
Ağır gündə hər səs, hər söz dayaqdır.

«Mən yanğında yandım, bütün kül oldum,
Getdim, bir də yer altında ayıldım,
Tanrı kimi öz yerimə qoyuldum,
Ağır gündə hər səs, hər söz dayaqdır.

Sən bağışla məni, böyük Bacarım,
Qoyub getdim doğma böyük diyarı,
Tanrı sevgim, itirilmiş taparım,
Ağır gündə bir səs, bir söz dayaqdır.

Məni alıb qapdı yanğın tanrısı,
Yoxa çıxdı məndə sevgi ağrısı,
Öldü məndə o adamlıq qayğısı,
Ağır gündə bir səs, bir söz dayaqdır.


Verdim sənə Qarçiçəyi, Tuncəri,
Çox ağırdır ana olmaq kişiyə.
Üstəlik də Tuncay ilə Yanqunu,
Çox ağırdır ana olmaq kişiyə.

Qızçiçəyəm, yandım, getdim, yol oldum,
Yer üzündə gəzən isti yel oldum,
Bir qız idim, indi dönüb dul oldum,
Çox ağırdır ana olmaq kişiyə.

Qızçiçəyəm, oda gücüm çatmadı,
Tanrılığım heç əlimdən tutmadı,
Od güclüydü, sözüm oda çatmadı,
Çox ağırdır ana olmaq kişiyə.

İnanıram Gücəroğlu Bacara,
Bir də gəlib məni burdan aparar,
Onda sonsuz dincliyimi taparam,
Çox ağırdır ana olmaq kişiyə.

Qızçiçəyəm, öz sevgimdə yanmışam,
Tanrı olub odu tanrı sanmışam,
Mən sevgini hələ indi qanmışam,
Çox ağırdır ana olmaq kişiyə.


Turq Quşatın yüyənini buraxdı,
Yiyə olsa at alova atılar.
Dedi, gərək od vurana od vuram,
Yiyə olsa at alova atılar.

Dedi: – Quşat, məni çatdır yanğına,
Yana-yana mən son qoyum qırğına,
Məni çatdır Soyqan adlı azğına,
Yiyə olsa at alova atılar.

At təpildi tüstülərə, odlara,
Yol göstərdi yürüşlənən atlara.
Turq «qalx» dedi «əltut» deyən yurdlara,
Yiyə olsa at alova atılar.

Tək-tük çıxdı qabağına çinelli,
Turq onları iki böldü birəlli,
Dedi: – Haçan şəhər olub bu küllük,
Yiyə olsa at alova atılar.

Çox az idi Uğureldə acıqan,
Hara, hara qoyub gedib bu Soyqan,
Deyin görüm, haradadır o cırtdan,
Yiyə olsa at alova atılar.


Dedilər ki, oturubdur Çuqçuda,
Qan tökənin gözlərini qan alar,
O, Çuqçunu, Çinçayı da yandırıb,
Qan tökənin gözlərini qan alar.

Tutuqlayıb Yanqu ilə Tuncayı,
Onun qanlı gözlərindən sən yayın,
O, döyüşdə bir qaplandır, bir ayı,
Qan tökənin gözlərini qan alar.
Turq baxmadı, üç gecə at səyirtdi,
Acıqanı yolda, yalda bəyirtdi,
Toplumunu qırdı, yardı, seyrəltdi,
Qan tökənin gözlərini qan alar.

Quşat dedi, dayanmaram, çaparam,
O yekəpər acıqanı taparam,
Qoymaram ki, Tuncaygili apara,
Qan tökənin gözlərini qan alar.

Turqtay dedi: – Çap irəli, Quşatım,
At belinə al ipəkdən çul atım,
Samanına bişmiş quru bal qatım,
Qan tökənin gözlərini qan alar.


– Çap, Quşatım, gedib onu tapım mən,
Sevgi gözə görünməyən tanrıdır.
Odur məni vuruşlara səsləyən,
Sevgi gözə görünməyən tanrıdır.

Ona görə könlüm düşüb boşluğa,
Çapdım səni tikanlığa, daşlığa.
Biz çevrildik uçarlığa, quşluğa,
Sevgi gözə görünməyən tanrıdır.

Çatdır məni, lap düşsən də ayaqdan,
Bircə görüm o gözəli qıraqdan,
Baxışla da su qaparsan bulaqdan,
Sevgi gözə görünməyən tanrıdır.

Quşat çapır, bitir yolun yarısı,
Köpüklənib ağzı, döşü, sağrısı,
Baxır göydən Turqa sevgi tanrısı,
Sevgi gözə görünməyən tanrıdır.

Uzaqlardan yanan evlər görünür,
Tüstü, alov burularaq sürünür,
Toplum gəlib baş qapıya dirənir,
Sevgi gözə görünməyən tanrıdır.


Soyqan Turqla baş qapıda üzləşir,
Şimşək çaxır, göy gurlayır elə bil,
Turq toplumu yorğun-arğın düşübdür,
Şimşək çaxır, göy gurlayır elə bil.

O dayansa çətin bir də tərpənə,
Açan güldən çətin qalxar kəpənək,
O durmadan gərək yurda təpilə,
Şimşək çaxır, göy gurlayır elə bil.

Turq durmadan Soyqan üstə yüyürür,
Qılıncını boğazına dirəyir,
Toplum toplum üzərinə yeriyir,
Şimşək çaxır, göy gurlayır elə bil.

Vuruş gedir od, alovun içində,
Enir, qalxır qılınc şimşək biçimdə,
Turq vuruşur dəli qaplan gücündə,
Şimşək çaxır, göy gurlayır elə bil.

Soyqan çaşır, bir az gedir geriyə,
Bağırdıqca Turq yeriyə-yeriyə,
Az qalır ki, bulud göydə əriyə,
Şimşək çaxır, göy gurlayır elə bil.


Boğazlayır Turq Soyqanı lapbadan,
Gəncin gücü tükənməzdir yaşlıdan.
Deyir: – Qırıb çatacağam mən səni,
Gəncin gücü tükənməzdir yaşlıdan.

Deyir: – Daha qurtarmazsan əlimdən,
Dincliyini tapacaqsan ölümdə,
Son mahnını söylə Çinel dilində,
Gəncin gücü tükənməzdir yaşlıdan.

Dəli Soyqan vuruşsa da çaşqındır,
Elə bil ki, yuxuludur, yorğundur,
Deyir: – Durun, burda böyük qırğındır,
Gəncin gücü tükənməzdir yaşlıdan.
Acıq alır, öc götürür minelli,
Çinellini qırır, qovur min əlli,
Dəli Soyqan bükülübdür, bu, bəlli,
Gəncin gücü tükənməzdir yaşlıdan.

Soyqan Turqun qılıncına dözməyir,
Deyir: – Durun, bağrımızı üzməyin,
Buna dədəm Vayqan belə dözməyib,
Gəncin gücü tükənməzdir yaşlıdan.


Turq bağırır: – Yerini de Yanqunun!
Eli hərdən satın alır bir gözəl.
– Tuncay harda, Yanqu harda saxlanır,
Eli hərdən satın alır bir gözəl.

Soyqan deyir: – Bir dağ vardır dənizdə,
Yırtıcılar gəzir orda hər üzdə,
Çatmaz ora getmək üçün güc sizdə,
Eli hərdən satın alır bir gözəl.

Yerə yıxır Turq o dəli ərəni,
Qılınc bir də boğazına dirənir,
Turq bağırır, deyir: – Söylə yerini,
Eli hərdən satın alır bir gözəl.

Qılınc qalxır, o söyləyir enəndə,
Deyir: – Onlar Başevdədir dünəndən,
Saxlanılır yaxşı tutuq günündə,
Eli hərdən satın alır bir gözəl.

Qan itirib Soyqan bir də yıxılır,
Toplumları orda, burda dağılır,
Çuqçu eli gəlib bura yığılır,
Eli hərdən satın alır bir gözəl.


Sansi gəlir, qucağında bir uşaq,
İlk sevgidən qalan bircə uşaqdır.
Turqa dedi: – Bu, Yanqunun qızıdır,
İlk sevgidən qalan bircə uşaqdır.
Turq uşağı alır, öpür, qaytarır,
Sansi deyir: – Soyqan yalan qondarıb,
Üzünə bax, çoxdan ölüb, qurtarıb,
İlk sevgidən qalan bircə uşaqdır.

Sansi deyir: – Çinçaydadır Yanqugil,
Ora getmək indi, oğlum, düz deyil,
Ordakılar həm Çineldir, həm Minel,
İlk sevgidən qalan bircə uşaqdır.

Turq dincəlsin, qalsın bizim daxmada,
İndi yağış şırhaşırla yağmada,
Gecə gedək heç bir yana baxmadan,
İlk sevgidən qalan bircə uşaqdır.

Turq söylədi: – Yox, indicə gedək biz,
Bir qılıncıq Çinçaya da hərəmiz,
Yüzlərinə güc gələcək bircəmiz,
İlk sevgidən qalan bircə uşaqdır.


Yola düşüb yol aradı Sansi, Turq,
Elin yerdə ilk yazısı yol olub.
Neçə-neçə kənd keçdilər bu yolda,
Elin yerdə ilk yazısı yol olub.

Tanrı yolla göydən yeri öyrənir,
Pis yolları görən kimi söylənir,
Düz, yaxşı yol öz-özünə güllənir,
Elin yerdə ilk yazısı yol olub.

Atlar çox-çox yol gəldilər, yortdular,
Yolları da dallarınca dartdılar,
Sonda gəlib Çinçayelə çatdılar,
Elin yerdə ilk yazısı yol olub.

Onlar gəlib baş əydilər Xaqana,
Xaqan dedi: – Uşaq yatıb, oyanar,
Bir də durub uşaq güldü Xaqana
Elin yerdə ilk yazısı yol olub.

Xaqan dedi: – Nə gözəldir bu uşaq,
Bu uşağı satın bizə, biz alaq,
Bura necə gəlibsiniz bu sayaq,
Elin yerdə ilk yazısı yol olub.


Sansi dedi: – Böyük Xaqan, əltut ol,
Yox anasız uşaq, ana uşaqsız.
Tutuq düşüb sizdə bunun anası,
Yox anasız uşaq, ana uşaqsız.

Soyqan verib sənə ata, ananı,
Sən onları burax, alım qadanı,
Onlar üçün biz gəzmişik hər yanı,
Yox anasız uşaq, ana uşaqsız.

– Hanı Soyqan, gəlib görsün qonağı,
Niyə bunca yetim qoyub uşağı,
Tapın, açın ana olan dustağı,
Yox anasız uşaq, ana uşaqsız.

Xaqan deyir: – Adı nədir uşağın,
Uşağınsa yenə qaçır dodağı,
Xaqan deyir: – İpəkləyin qundağı,
Yox anasız uşaq, ana uşaqsız.

Neçə boya ipək gəlir ortaya,
Uşaq gülüb əl gəzdirir alaya,
Bağışlanır bu ipəklər balaya,
Yox anasız uşaq, ana uşaqsız.


Gətirirlər Yanqu ilə Tuncayı,
Nə gözəldir ana-bala görüşü.
Yanqu basır uşağını bağrına,
Nə gözəldir ana-bala görüşü.

Xaqan deyir: – Bu, gözəldir, yaraşıq,
Biz Çinelli, Minellilər qardaşıq,
İki ulus Çinçayda da qarışıb,
Nə gözəldir ana-bala görüşü.
Mən bilirəm, Soyqan yurdlar yandırıb,
Qovaq daha bu qan-qada andırı,
Bundan sonra el, ulusu qandırın,
Nə gözəldir ana-bala görüşü.

Sizdə daş-qaş, bizdə isə al ipək,
Qan yolları, gəlin, ipək yol edək,
Bu qan-qada, döyüş, vuruş nə gərək,
Nə gözəldir ana-bala görüşü.

And içəyin bu körpəyə, Tanrıya,
Son qoyağın qan-qadaya, ağrıya,
El, ulusu alver, birlik qoruyar,
Nə gözəldir ana-bala görüşü.


Turq dedi ki: – Biz gəlmişdik vuruşa,
Hər vuruşu barışığa döndərək.
Gör nə qədər el, obalar yanıbdır,
Hər vuruşu barışığa döndərək.

Tuncay mənim eloğlumdur, qardaşım,
O, Bacarın nəvəsidir, elbaşı,
Xaqan bizi başa düşdü, nə yaxşı,
Hər vuruşu barışığa döndərək.

Xaqan dedi: – Qızın adın biz bilək,
Mən deyirəm, adı olsun «Alipək»,
Yanqu dedi: – Adı olsun «Alçiçək»,
Hər vuruşu barışığa döndərək,

Turq dedi ki: – İpək üstə bağlaşaq,
Qardaş olaq, bir sevinək, çağlaşaq,
Sizdən ipək, bizdən isə qarayağ,
Hər vuruşu barışığa döndərək.

Xaqan dedi: – Qarayağı çox gətir,
Yerindəcə al ipəyi çox götür,
Qarayağdan ocaq-ocaq od bitir,
Hər vuruşu barışığa döndərək.


Xaqan dedi: – Bizə daş-qaş göndərin,
Hər şey almaq olur parlaq daş-qaşla,
Mən də sizə ipək yola salaram,
Hər şey almaq olur parlaq daş-qaşla.

Bağlaşdılar, qucaqlaşıb dindilər,
O yüyənsiz dəli atdan endilər,
Yola saldı qonaqları kəndlilər,
Hər şey almaq olur parlaq daş-qaşla.

Tuncay dedi: – Bacar burda tutuqdur,
Dörd bir yanı yırtıcıyla qoruqdur,
Suda dustaq, yediyi də balıqdır,
Hər şey almaq olur parlaq daş-qaşla.

Yanqu dedi: – Bir ada var dənizdə,
Sudur, bir də qayalıqdır hər üzdən,
Yayınıbdır dalğa içrə o, gözdən,
Hər şey almaq olur parlaq daş-qaşla.

Turqla Tuncay yola düşdü qayıqla,
Baş qatdılar qamış, qarmaq, balıqla,
Geyindilər cır-cındırla, yırtıqla,
Hər şey almaq olur parlaq daş-qaşla.


Qoruqçular balıq aldı quruşla,
Borclu qalmaq gözü qıpıq olmaqdır.
Dedilər ki, varsa yenə gətirin,
Borclu qalmaq gözü qıpıq olmaqdır.

Tuncay dedi: – Üşüyürük yamanca,
Biz cır-cındır içindəyik, yalıncaq,
Qoyun gələk isinməyə bir azca,
Borclu qalmaq gözü qıpıq olmaqdır.

Dedilər ki, tək-tək bura siz gəlin,
Bura girmək olmaz, bunu siz bilin,
Balıq verin, sonra yana çəkilin,
Borclu qalmaq gözü qıpıq olmaqdır.

Turqla Tuncay dırmaşdılar yuxarı,
Onlar gördü əli bağlı dustağı,
Sısqa düşüb, üzü-gözü ağarıb,
Borclu qalmaq gözü qıpıq olmaqdır.

Bacar görüb Tuncayını tanıdı,
Nərildədi, ağız-boğaz qanadı,
Sanki ada öz yerindən oynadı,
Borclu qalmaq gözü qıpıq olmaqdır.


Qılınc səsi, tutaq səsi, «vur» səsi,
Qorxaq ürküb öz-özünü itirər.
Qayalıqda qaldı neçə yaralı,
Qorxaq ürküb öz-özünü itirər.

Tuncay, Turqtay qan üstə qan axıtdı,
Qalanları sarsıdaraq qorxutdu,
Daş dustağın qapısını laxlatdı,
Qorxaq ürküb öz-özünü itirər.

Bacar çıxdı, Qarçiçəyi soruşdu,
Gördülər ki, üzü qırış-qırışdır,
Səs eşitdi, düşüncəsi qarışdı,
Qorxaq ürküb öz-özünü itirər.

Səs gəlirdi çox yaxından, uzaqdan,
Tuncay səsi eşidirdi bayaqdan,
Bacar isə lap düşmüşdü ayaqdan,
Qorxaq ürküb öz-özünü itirər.

Bacar dedi: – Bu səs mənə tanışdır,
Olmaya bu, bir yuxudur, yanlışdır.
Səs çoxaldı, buludlara qarışdı,
Qorxaq ürküb öz-özünü itirər.


«-Gedin, deyin Qızçiçəkdən Bacara,
Od hər şeydən qorxuludur, uludur.
O yandırıb kül elədi məni də,
Od hər şeydən qorxuludur, uludur.

Mən beş yüz il qonaq idim Bacara,
İndi ərim, sevgim hara, mən hara,
Ey eşidən, mən yanıram, hay-haray,
Od hər şeydən qorxuludur, uludur.

Mən qayıtdım tanrılığa yenidən,
Sevgilini tək qoymasın heç ərən,
Yer sevgimlə yer altında təkəm mən,
Od hər şeydən qorxuludur, uludur.

Çatsın böyük Bacarıma harayım,
Qaldı ona yaşanmamış yaş payım,
Qarçiçəyim, Tuncərimlə Tuncayım,
Od hər şeydən qorxuludur, uludur.

Gedin, deyin tanrım Bacar ərimə,
Gəlsin məni, o qaytarsın yerimə,
Təkcə onun əlindədir dirilməm,
Od hər şeydən qorxuludur, uludur.


Bacar onun sözlərini anladı,
Vardı iki yaranışı hamının.
O, birinci yaranışa qayıdıb,
Vardı iki yaranışı hamının.

– Qızçiçəyəm, səsin gəldi, sovuşdu,
Niyə getdin, yer altına qovuşdun,
Necə oldu öz yerini dəyişdin,
Vardı iki yaranışı hamının.

Sənsiz olsam yaşım gödək olacaq,
Sənsiz buza dönəcəkdir od, ocaq,
Tanrı səni yaxdı niyə bu sayaq,
Vardı iki yaranışı hamının.

Harda olsan, mənimlə ol, sevgilim,
Hara getsən, ya getməsən, mən bilim,
O yerlərə yeni görüş ver, gəlim,
Vardı iki yaranışı hamının.

Sən yenidən tanrı oldun, Qızçiçək,
Sevib qalım səni, sənsiz mən gərək,
Gəl bir yerdə o yerlərə biz dönək,
Vardı iki yaranışı hamının.


Toplumlarla qovuşdular Çuqçuda,
Ayrılmayır bütövləşib ayrılan.
Ayrıldılar Uğureldə yenidən,
Ayrılmayır bütövləşib ayrılan.

Ayrılanda Turq Yanquya baxmadı,
“Sevgim”, deyib ürəyini sıxmadı,
Bu ayrılıq daha onu yaxmadı,
Ayrılmayır bütövləşib ayrılan.

Soyumuşdu sevgisindən olmaya,
Bənzəyirdi qışda solmuş almaya,
Nədir bizim dayanışda solmayan,
Ayrılmayır bütövləşib ayrılan.

Yanqu dedi: – Turqa baxır Alçiçək,
Qaş-göz atır bu gözəlçə gülərək,
Öz tayını seçir sanki bəbənək,
Ayrılmayır bütövləşib ayrılan.

Turqtay öpdü Alçiçəyin üzündən,
Nəsə duydu o, körpənin səsində,
Bir güc duydu ürəyində, dizində,
Ayrılmayır bütövləşib ayrılan.


Tuncay ona: – Getmə, qardaş, – qal, – dedi,
Yol darıxır elə bil ki, yolçusuz.
Öpüşdülər, ayrıldılar qardaşlar,
Yol darıxır elə bil ki, yolçusuz.

Dedi: – Gəlin, arxa durun Tanıya,
Şah tək qalsa könlü bundan qanayar,
Ata, ana qocalıblar yan-yana,
Yol darıxır elə bil ki, yolçusuz.

Toplum yolu, düzü, çölü bürüdü,
Yer yarıldı, bulud sanki əridi,
Yolu üstə nə var idi, kürüdü,
Yol darıxır elə bil ki, yolçusuz.

Mahnı səsi himnə, marşa qarışdı,
Axşam üstü tək-tük ulduz sayrışdı,
Qalanların gözü yaşdan acışdı,
Yol darıxır elə bil ki, yolçusuz.

Tuncay dedi: – Turq sağ olsun, oğuldu,
Soyqan Turqun qılıncıyla dağıldı,
Bizim sevgi sanki bir də doğuldu,
Yol darıxır elə bil ki, yolçusuz.


Quşat çapdı, gözdən itdi toranda,
İnamlı ol uzaq yola çıxanda.
Daldan baxdı Qonuratla çap-çapa,
İnamlı ol uzaq yola çıxanda.

Belə oldu Minelliylə Çinelli,
Vuruş, barış sanki ögey bacıdır,
Həm vuruşdu, həm barışdı yenidən,
Vuruş, barış sanki ögey bacıdır.

El, ulusla danışanda düz danış,
Dediklərin nə doğrudur, nə yanlış,
İki boya üstündədir dayanış,
Vuruş, barış sanki ögey bacıdır.

Nə deməkdir bu qan-qada, bu vuruş,
Yer üstündə, var üstündə qurulmuş,
Yeri, varı gözə çəkmə, sağ olmuş,
Vuruş, barış sanki ögey bacıdır.

Dedi, ancaq dediyindən tutmadı,
Odur heç kəs öz suçuna çatmadı,
O, bir gün də yersiz, varsız yatmadı,
Vuruş, barış sanki ögey bacıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов