İpək söylənci
İpək gəldi, Əkbitəni bəzədi,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
İncə-incə boyanmışdı toxular,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Qız, gəlini gözə çəkdi al ipək,
Varlılarda dəbə düşdü bər-bəzək.
Qız, qadınlar al don geydi, al ətək,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Sallamalar, döşənəklər dəyişdi,
İpək üstdə ana, bala deyişdi,
Gözəlləşib gənclər-qızlar dəyişdi,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Əkbitəndə yazı, oxu dəb oldu,
İpək gəldi toxu oldu, sap oldu,
Daş-qaş ilə bəzədilən qab oldu,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Tanı dedi: – Turqtay oğlum sağ olsun,
Qoy hər yerdə onun üzü ağ olsun,
“Aldım ipək, satdım qarayağ” olsun,
Gözü çəkən gözəllikdir, bəzəkdir.
Tanı dedi: – Yola gəlsə çinelli,
Alver ilə gəl-get, barış var olar.
Suburunda tuluqlansın qarayağ,
Alver ilə gəl-get, barış var olar.
Mərmər, qızıl, göydaş, aldaş, durudaş,
Dəvəgözü, bayan, pambıq, bez, qumaş,
Yaxınlaşaq, qardaşlaşaq, a qardaş,
Alver ilə gəl-get, barış var olar.
Mindiyarım, Minellimlə Turqtayım,
Bu alveri uluslarda siz yayın,
Bundan sonra Turqtayı da şah sayın,
Alver ilə gəl-get, barış var olar.
Turqız dedi: – Dönsün evə Manayqız,
O, yetkindir, doğruçudur, çalarsız,
Qalıb Turel boğuşunda o yalqız,
Alver ilə gəl-get, barış var olar.
Turel daha boğuşmadan çıxıbdır,
Cumər çox-çox boğazları sıxıbdır,
Bir-birini qorxudanlar qorxubdur,
Alver ilə gəl-get, barış var olar.
Əkbitənin səsləncləri gurladı,
Yeniliklə pardaqlanar baxışlar.
Doldu boyal ipəklərlə satallar,
Yeniliklə pardaqlanar baxışlar.
İlam, Asur, Balasq gəldi alverə,
Misirlilər daraşdılar bu yerə,
«İpək, ipək» səsi qalxdı göylərə,
Yeniliklə pardaqlanar baxışlar.
Yelçəkənə axdı Çinel ipəyi,
Satallara səpdi gülü, çiçəyi,
Oldu bütün toxuların göyçəyi,
Yeniliklə pardaqlanar baxışlar.
Batılılar Əkbitənin qonağı,
İpək görüb qaçdı solğun dodağı,
İpəklənib satdı, atdı yarağı,
Yeniliklə pardaqlanar baxışlar.
Gündən-günə genişləndi satallar,
Ağız-buğuz dolub getdi çuvallar,
Düşdü işə iri-iri xarallar,
Yeniliklə pardaqlanar baxışlar.
Qoşar dedi: – Ala, ipək baxışlar,
İpək, köksü ipəklərə yaraşır.
**Bazarlar
Gözəl də var istidildir, soyuqsöz,
İpək, köksü ipəklərə yaraşır.
İpək paltar köksü, döşü basdırır,
Titrəyişi kişiləri qızdırır,
Bu gözəllik çox yolsuzu azdırır,
İpək, köksü ipəklərə yaraşır.
Qancıl qızı, sənin saçın ipəkdir,
Baxışların yuxa, yalçın ipəkdir,
Kirpiklərin, qaşın qırçın ipəkdir,
İpək, köksü ipəklərə yaraşır.
Boya-boya ipək gəlsin Çineldən,
Getsin yonuq durudaşım Mineldən,
Qoy gözəllik sözü olsun hər dildə,
İpək, köksü ipəklərə yaraşır.
Çox gözlədim səni, gülüm, mən dünən,
Gəl, ipəkdə evyolumdan keçginən,
Soyuyubsan al ipəyi geyəndən,
İpək, köksü ipəklərə yaraşır.
Qoşar dedi: – Çox oynatma döş-başı,
Sarı ağa, göy qaraya yaraşır.
Mən gedirəm sənə ipək gətirim,
Sarı ağa, göy qaraya yaraşır.
Geyib çıxsan çölə, düzə, düz yanar,
Bu geyimdə söz söyləsən söz yanar,
Düzün qızı, sənə baxan göz yanar,
Sarı ağa, göy qaraya yaraşır.
Gəl dik üstə, görüm incə boyunu,
Qılınc qaşın, o sıyırma yayını,
Söylə özün, haçan çalım toyunu,
Sarı ağa, göy qaraya yaraşır.
Elə geyin, bizdə söz-möz olmasın,
Sənə baxan bir vurğun göz olmasın,
Görünməsin, gəl-gedin tez olmasın,
Sarı ağa, göy qaraya yaraşır.
Qar əriyib, çöl, düz, yamac güllənib,
Ürəyimdə gizli sevgim dillənir,
İstəklərim, baxışlarım sellənir,
Sarı ağa, göy qaraya yaraşır.
– Mən Qoşaram, oxuyuram, yazıram,
Qopuz çəkib könlü göyə aparır.
Bu satalda bu gün nə çox gələn var,
Qopuz çəkib könlü göyə aparır.
Bu qız hara gedir, hara yollanır,
Qurşağının ipək ucu sallanıb,
İpək altda dik məmələr tullanır,
Qopuz çəkib könlü göyə aparır.
Tanrı, əlim dəysin onun əlinə,
Bir yol adım gəlsin onun dilinə,
Qolum çatsın onun incə belinə,
Qopuz çəkib könlü göyə aparır.
Nə tez gəlib bu yaz belə tez gedir,
Başım üstə ağ durnalar gur ötür,
Bu il mənim ürəyimdə gül bitib,
Qopuz çəkib könlü göyə aparır.
Dön, bax, gülüm, mən də sənə vurğunam,
Sağol sən tək ürək yaxan soyğuna,
İpək sənə, mən də sənə uyğunam,
Qopuz çəkib könlü göyə aparır.
Çapar atdır yaşayışla dayanış,
Öz kökündən qopacaqsan dayansan.
Gəldin, mindin, getdin, daha dayanma,
Öz kökündən qopacaqsan dayansan.
Çap, yaşayış, dayanışla ayaqlaş,
Soyuyanda sən də onla soyuqlaş,
Yoluqlaşdı, sən də onla yoluqlaş,
Öz kökündən qopacaqsan dayansan.
Sən də dəyiş o dəyişsə üzünü,
Yerə qoyma qabağında dizini,
O düz oldu, tut sən yolun düzünü,
Öz kökündən qopacaqsan dayansan.
Onlar dönüb geri baxmır, çaparaq,
Sən unutma, hərdən-birdən geri bax,
Keçmiş ilə gələcəyi qucaraq,
Öz kökündən qopacaqsan dayansan.
Nə tapdınsa azdan-çoxdan çək dişə,
Gir onlarla deyinməyə, deyişə,
Ancaq bu yol yaşayışı dəyişər,
Öz kökündən qopacaqsan dayansan.
Tanı dedi: – Turq yollansın Çinçaya,
Qardaşlığı hər gün, hər gün təzələ.
O çatdırsın ilk yazımı Xaqana,
Qardaşlığı hər gün, hər gün təzələ.
Gəlsin Xaqan qonaq olsun ellərə,
Son qoyulsun keçən qanlı illərə,
Vayqan, Soyqan tapşırılsın yellərə,
Qardaşlığı hər gün, hər gün təzələ.
Bilsin bizə gəliş-gediş gərəkdir,
Qardaşlıq da incəlikdə ipəkdir,
Alver, gəl-get elə vardır, çörəkdir,
Qardaşlığı hər gün, hər gün təzələ.
Tanı dedi: – Al yazını, yola düş,
Böyük Çinçay xaqanıyla sən görüş,
Qoy var olsun yaxşılığa bu dönüş,
Qardaşlığı hər gün, hər gün təzələ.
Desə Bacar niyə qaçıb, hardadır,
De ki, yanıb həm arvadı, həm atı,
Yanıb odda Uçarqızın qanadı,
Qardaşlığı hər gün, hər gün təzələ.
Çapar gəldi uzaq-uzaq Çinçaydan,
İki istək bilmədən də tuş gəlir.
Çapar-çapar yazı verdi Tanıya,
İki istək bilmədən də tuş gəlir.
Yazılmışdı: «Tanı şahın Turqtayı,
Mən xaqanam, başçısıyam Çinçayın.
Mindiyarın Minel soyu, Tur soyu,
İki istək bilmədən də tuş gəlir.
Daş-qaş çatdı, bayan, pambıq üstəlik,
Güclü alver başlamayıb hələlik,
Vardır məndə bir yetər də gileylik,
İki istək bilmədən də tuş gəlir.
Turq dustaqdan qaçırıbdır Bacarı,
Bacar bizim qardaşlığın açarı,
Qonağıydı böyük Çinçay diyarın,
İki istək bilmədən də tuş gəlir.
Gəlsin qonaq bizə həm Turq, həm Bacar,
Tez gəlsələr böyük sevinc olarlar,
Bizdən sizə başəydilər, sevgi var,
İki istək bilmədən də tuş gəlir.
Tanı dedi: – Birdən qurqu qurarlar,
Həm Bacarı, həm də səni vurarlar,
Onlar gizli busqularda durarlar,
İki istək bilmədən də tuş gəlir.
Turqtay deyir: – Onda Toplum götürüm,
Ayıqlığı, sayıqlığı artırım,
Toplumumu meşələrə yatırım,
İki istək bilmədən də tuş gəlir.
Çox da gərək deyil idi ayıqlıq,
Olaylarda olacaqdan ayıq ol,
Xaqan özü qarşıladı Turqtayı,
Olaylarda olacaqdan ayıq ol.
Onlar ata, bala kimi görüşdü,
Turqız ilə Tanı şahı soruşdu,
Sevinənlər bir-birinə qarışdı,
Olaylarda olacaqdan ayıq ol.
İlk söz düşdü satallarda ipəkdən,
Yoruldular bir-birini öyməkdən,
Durudaşla ipək-ipək deməkdən,
Olaylarda olacaqdan ayıq ol.
– Turq sağ olsun, açdı satal yolunu,
Dəbə saldı ipəklərin alını,
İpəklədi atların da çulunu,
Olaylarda olacaqdan ayıq ol.
Mən xaqanam, Manmən mənim soy adım,
Çinçay, Şanxay mənim qolum-qanadım,
Al ipəyim var eləyib elatı,
Olaylarda olacaqdan ayıq ol.
Turq dedi ki, göydaş bizdə bol deyil,
Bol olan şey düşür tez-tez dəyərdən.
Qardaşlıq da durudaşdan durudur,
Bol olan şey düşür tez-tez dəyərdən.
Qardaş olsaq alverimiz yüksələr,
El, uluslar qorxmaz, verər əl-ələ,
Yol açılar, maraq olar get-gələ,
Bol olan şey düşür tez-tez dəyərdən.
Manmən dedi: – Qardaş olmaq yaxşıdır,
Çinçay eli Muğel yurda qarşıdır,
Muğər isə çapqınçılar başıdır,
Bol olan şey düşür tez-tez dəyərdən.
Muğər deyir, biz Turqçuyuq, Turquq biz,
Muğmuğ eldə Turq olmuşuq hərəmiz,
Çapıb gedir, nə yol qoyur, nə də iz,
Bol olan şey düşür tez-tez dəyərdən.
Biz daş çəpər çəkməliyik yurdlara,
Yol vermərik çapıb soyan qurdlara,
Onlar bizi qalayırlar odlara,
Bol olan şey düşür tez-tez dəyərdən.
Turqtay dedi: – Burdan ora gedərəm,
Çapqınçılar eldə ərən sayılmır.
Öz yurdunu çapır Muğər ildə bir,
Çapqınçılar eldə ərən sayılmır.
Onlar çöldə ov etməklə dolanır,
Qışda yeyib qurtarırlar olanı,
Dəbə salıb aldatmağı, yalanı,
Çapqınçılar eldə ərən sayılmır.
Gözəllərin oynar-oynar belləri,
Harda olsa qızlar orda gözəldir.
Su tək axıb onlar quş tək səkdilər,
Harda olsa qızlar orda gözəldir.
Göy qurşağı boyasında ipəklər,
İpək içrə oynaq, incə sümüklər,
Saçlarında yelləm-yelləm lələklər,
Harda olsa qızlar orda gözəldir.
Gül qoxusu, çiçək iyi bayılqan,
Bu hansı ot tüstüsüdür yayılqan,
Baxışları, çağırışı duyulqan,
Harda olsa qızlar orda gözəldir.
Qollar dəniz ləpəsi tək oynaqdır,
Üz-göz, döş-baş süd deyildir, qaymaqdır,
Saçlarında daraq, sancaq dümağdır,
Harda olsa qızlar orda gözəldir.
Yelpiklərin yuxuladan yeli var,
Hər oyunda qolun, qıçın dili var,
Hərəsinin sanki sənə könlü var,
Harda olsa qızlar orda gözəldir.
Biri gəldi, Yanqu üzdə, görkəmdə,
Adam necə oxşayarmış adama.
Turq səksəndi, öz yerindən dəbərdi,
Adam necə oxşayarmış adama.
Döş aralı, sanki eniş-yoxuşdur,
Yanaqları uşaq kimi toppuşdur,
Elə gülür, sanki onla tay-tuşdur,
Adam necə oxşayarmış adama.
Turq Manmənə baxdı gizli, gözaltı,
Bu, Yanqudur, yoxsa yuxu, yanıltı?
Bu qız hardan gəldi, burda tapıldı,
Adam necə oxşayarmış adama.
Bu, olmaya Yanqu elə özüdür,
Bu üz-baxış, deyən onun üzüdür,
Balqarışıq üzdə Minel duzudur,
Adam necə oxşayarmış adama.
Bu qız bura necə gəldi, haradan,
“Bu sənmisən, Yanqu, çıx get buradan”,
Ah, sınayır yoxsa məni yaradan,
Adam necə, oxşayarmış adama.
Manmən Xaqan çaşqın gördü Turqtayı,
Yalan doğru, doğru yalan olub çox,
O tanıdı oynar-oynar gözəli,
Yalan doğru, doğru yalan olarmış.
– Qadan alım, çıx get burdan, oynama,
Hanı Tuncay, hanı Günay qaynama,
Yanqu, məni sən bu sayaq sınama,
Yalan doğru, doğru yalan olarmış.
Qız qu kimi qondu onun yanına,
Turq əl çəkdi qızın qırçın donuna,
Coşqun istək düşdü Turqun qanına,
Yalan doğru, doğru yalan olarmış.
Turq yuxulu dedi: – Getdin sən ərə,
Mən sevirdim səni, daha sevmirəm,
Ürəyimdən sildim səni son kərə,
Yalan doğru, doğru yalan olarmış.
Qız dedi ki: – Turq, mən Yanqu deyiləm,
Bu Başevdə oynayıram mən belə,
Mən bir qızam, həm də yazıq bir kölə,
Yalan doğru, doğru yalan olarmış.
Bunu bilib Turq utandı, qızardı,
Niyə hamı öz içini gizlədir?
Qövr edirdi Turqun gizli istəyi,
Niyə hamı öz içini gizlədir?
Qız dedi ki: – Sən Yanqunu sevirsən,
Mən Yanqudan çox gözələm, biləsən,
Yanqu bilib sən yanıma gələsən,
Niyə hamı öz içini gizlədir?
Turq dedi ki: – Mən yanıldım, bağışla,
Adam çaşır hərdən bircə baxışdan,
Doğruluğa gərək olur yanlış da,
Niyə hamı öz içini gizlədir?
Qız dedi ki: – Yanlış deyil, gözələm,
Mən hər sayaq ağrılara dözənəm,
Gözdən, üzdən sevgiləri sezənəm,
Niyə hamı öz içini gizlədir?
Mən Dintiyəm, evimizdə sonbeşik,
Biz buraya Uğureldən gəlmişik,
Özümüzü köləsayaq bilmişik,
Niyə hamı öz içini gizlədir?
Turq dedi ki: – Gözəl Dinti, get oyna,
Baş qataraq dinclik verir hər oyun.
Sən gözümdə yeni Yanqu olmusan,
Baş qataraq dinclik verir hər oyun.
Dinti getdi, Xaqanına baş əydi,
– Böyük Xaqan,-dedi,-burda o təkdir,
Ürəyinə sevgi gülü mən əkdim,
Baş qataraq dinclik verir hər oyun.
Xaqan bunu bilib bir az düşündü,
Neçə yeri onun birdən qaşındı,
Düşündüyü çox işlərdən daşındı,
Baş qataraq dinclik verir hər oyun.
Dedi, «bunca çəkişmələr salaram,
Boğuşmaya durub gendən dalaram,
Hərdən gəlib barışdıran olaram,
Baş qataraq dinclik verir hər oyun.
Boğuşmalar, çəkişmələr yorandır,
Boğuşanlar bir-birini qırandır,
Bunlar olsa, döyüş-vuruş yalandır,
Baş qataraq dinclik verir hər oyun.»
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-ipek-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ox dalınca Çatan getdi durmadan,Ad dəyişir, ancaq el, yol dəyişmir.
Qaplanər söylənciQaplan getdi ox dalınca uzağa,Gedən yeri, yolu gərək biləsən.
Dörd yüz yaşlı Odər söylənciAlpis gəzdi, üç qardaşı tapmadı,Min yaşayar pis tanrıdan yayınan.
Qanlı Gədik vuruşu söylənciTunqər şahlıq kürkü geydi əyninə,Şahdan da çox minminbaşı güclüdür.
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
AnaTəbriz kədərliydi, sən ağlayırdın,Gecəydi biz səndən ayrılan zaman,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.