Alpis gəzdi, üç qardaşı tapmadı,
Min yaşayar pis tanrıdan yayınan.
Gəldi yenə Odərpayın yanına,
Min yaşayar pis tanrıdan yayınan.

Dedi: – Odər, hayandadır üç qardaş,
Dördü bir qız sevən o üç yekəbaş,
Sanna küsüb, ağlar qalıb o göz-qaş,
Min yaşayar pis tanrıdan yayınan.

Onları mən çağırıram barışa,
Bir qız üstə qardaşları yarışa,
Bunca çox iş bir-birinə qarışar,
Min yaşayar pis tanrıdan yayınan.

Odər dedi: – Görünmürsən niyə sən,
Tanrısansa çox iş gəlmir əlindən,
Söyləyirəm sənə tanrı dilində,
Min yaşayar pis tanrıdan yayınan.

Əlin çatmaz qardaşlara bir daha,
Qardaşları görməz nə sən, nə Sanna,
Baş vursan da dayanışda hər yana,
Min yaşayar pis tanrıdan yayınan.

Sən yenə də tanrılıqdan küsübsən,
Dağıtmaqdan,yandırmaqdan bezibsən,
Pisliyini, heçliyini sezibsən,
Min yaşayar pisliklərdən yayınan.

At bu işi, vuruş olma, barış ol,
Pis tanrısı Alpis olma, alqış ol,
İki güclü arasında yarış ol,
Min yaşayar pis tanrıdan yayınan.
Alpis dedi: – Mən yoxluğa varıram,
Sısqaları, gücsüzləri qırıram,
Varlıqları varlığımla yarıram,
Ölüm-itim tanrılığı qururam,
Min yaşayar mən tanrıyla yaşayan,

Odər dedi: – Yaxşılıqlar artacaq,
Pisdiklilər hər gün solub qartacaq,
Yaranmışlarsə ölümləri yartacaq,

Pis nə varsa hamısını atacaq,
Tanrılaşıb tanrılığa çatacaq,
Onda Alpis orda,burda yortacaq,
Min yaşayar pis tanrıdan yayınan.


Danışdılar, deyişdilər neçə gün,
Dayanışda ikiliklər yox olmaz,
Odər dedi, Alpis dedi, bitmədi,
Dayanışda ikiliklər yox olmaz.

– Mən taparam üç qardaşı,vuraram,
Qovub, qovub mən onları yoraram,
Ayıraram mən onları qıraram,
Dayanışda ikiliklər yox olmaz.

Ölüm, qırğın göndərərəm Minelə,
Yaraqlılar min-min aşar, min ölər,
Onda Daryaş şahlığına tuş gələr,
O güclənər, çox yaşayar, çox bilər,
Dayanışda ikiliklər yox olmaz.

– Bizim də öz tanrımız var, nə olar,
Çox döyüşdən basar çıxıb Mindiyar,
Tanrıların ürəyində kökü var,
Olanları yox etməyib olanlar,
Mindiyarı yaşadacaq qalanlar,
Dayanışda ikiliklər yox olmaz.

Alpis çıxıb getdi ocaq yerindən,
Köks ötürdü nədən isə dərindən,
Bir tutan əl, yer görmədi birindən,
Dayanışda ikiliklər yox olmaz.

Odər dedi: – Mən-mən deyir bu çoxdan,
Tanrım bizi qoru bu var, bu yoxdan,
Birdən bir səs gəldi sanki torpaqdan,
Ağır ayaq səsi gəldi uzaqdan,
Bir də gördü Turq oturub ocaqda,
Ona baxır Turq elə bil bayaqdan,
“Ata “ deyib Odər qalxdı Ocaqdan.
Dayanışda ikiliklər yox olmaz.

Turqər dedi: – Oğlum,niyə solubsan,
Niyə belə boşalıbsan, dolubsan,
Niyə ürkək düşüncəyə dalıbsan,
Dayanışdan ikiliklər yox olmaz.

Bil ki,Turqam,ölməmişəm,mən sağam,
Yaxındayam, yuxuda da oyağam,
Mən hər yerdə Mindiyara dayağam,
Dayanışdan ikiliklər yox olmaz.


Turqər dedi: – Alpis bizi qorxudur,
Pis tanrının son dayağı qorxudur.
Çovğun, yanqın, hay-küy, qıtlıq, quraqlıq,
Pis tanrının son yarağı qorxudur.

O, Daryaşı bir də çəkir sınağa,
Neçə əldə Daryaş dönüb sınağa,
Tunq əl atsa qoşa ağız yarağa,
Yeli yatar, dönər bir boş tuluğa,
Pis tanrının son yarağı qorxudur.

Sən tanrıdan Mindiyara güc istə,
Kəsi kəsdir, qoy güc gəlsin güc üstə,
Yaraq bizdə, toplum bizdə, güc bizdə,
Pis tanrının son yarağı qorxudur.
Bir düşərlik gəlsə, önü alınsın,
Hər toplumda çoxlu ocaq qalansın,
Yaraqlılar ocaq üstdə dolansın,
Soğan yesin hamı, daş duz yalasın,
Pis tanrının son yarağı qorxudur.

Mən də sizə lap son,lap son dayağam,
Mindiyara yenilməyən başrağam,
Gecə, gündüz dağda, düzdə oyağam,
Mən tanrıya ildə bir yol qonağam,
Şimşək atlı, Şimşəkqılınc yarağam,
Pis tanrının son yarağı qorxudur.

Odər durub baş əyəndə ataya,
Bir də baxdı, gördü yoxdur Turq ata,
Dönüb yelə, dönüb qoşa qanada,
Pis tanrının son yarağı qorxudur.


Əkbitənin səsləncləri gurladı,
Yaraqlını ərləşdirən inamdlr,
Daryaş yenə toplum çəkib gəlmişdi,
Yaraqlını ərləşdirən inamdır.

O durmuşdu Qanlı gədik boyunca,
Yaraqlilar neçə on min sayınca,
Ot, arpası, su, qorğası doyunca,
Yaraqlını ərləşdirən inamdır.

Parsel yenə inanmışdı Daryaşa,
O gəlmişdi Əkbitənlə savaşa,
İnanmırdı ta hay-küyə, qarqışa,
Yaraqlını ərləşdirən inamdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви