Ağ üz dedi: – Oğlum, yenə ayıq ol,
Üzdə hər nə görürsənsə örtükdür.
Göz qoy, gör, o hansı yuva quşudur,
Üzdə hər nə görürsənsə örtükdür.

Besyar çox da pisləyibdir Daryaşı,
Yazıq deyir o özünə sözbaşı,
Ola bilər bunlar ilə yanaşı,
Dibdə o qız qızışdırır savaşı,
Qadın sevir, tök üstünə daş-qaşı,
Ya da sən tap bir yoxlanmış yüzbaşı,
Besyar olsun yüzbaşının yoldaşı,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.

Ola bilər bicdir, yazıq görünür,
Ola bilər gizli bizi öyrənir,
Bilə-bilə Mindiyara söykənir,
Hər sözündə öz özünə güvənir,

Gah ağlayır, gah əzilir, ərinir,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.

Çox söz dedi Tunqa o gün Ağüzər,
Tunq da uddu o sözləri bir təhər,
O düşündü, “Qancıldırsa qız əgər,
Söküləcək onda bir də çəpərlər,
Başımıza nə gələcək, gör nələr,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.

Əkbətində yüzbaşıydı Gücdəbir,
Ayıqlıqda, igidlikdə mindəbir,
Düyüşlərdə qılınc idi, ox dəmir,
Dinclikdə də yoxdu onda səs-səmir,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.

Gücdəbiri çağırtdırdı yanına,
Tunq söylədi: – Göz ol o tək qadına,
Onu qoru, güd, boyludur, gənc ana,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.

Yurd yerinə apardılar Besyarı,
İkisinə bir ev verdi bir qarı,
Onlar iki, Besyar isə bir yarım,
O boyludur, qarnı dikdir, qabarıq,
Yüzbaşının boyu ondan yuxarı,
Üzdə hər nə görürsənsə örtükdür,
Görünməyən nə var kökdür, kötükdür.

On gün gəzdi, susdu yurda köçənlər,
Gedib birgə arpa, buğda biçənlər,
Özlərinə yeni bir yol seçənlər,
Bardaqlardan damcıyla su içənlər,
Üzdə hər nə görürsənsə örtükdür.
Görünməyən nə var kökdür, kötükdür.


Hər gün gördü işdə onu Gücdəbir,
Evdə, işdə, çöldə, çalış bir cür ol.
Gördü qonaq nə bic, nə də öc deyil,
Evdə, işdə, çöldə, çalış bir cür ol.

O Besyarı, Besyar onu bəyəndi,
Ürəkləri birgə vurdu, döyündü,
Ancaq qarı bunca hər gün deyindi,
Evdə, işdə, çöldə, çalış bir cür ol.

Ürəklərdə qorxaq sevgi süründü,
Üzlərdəki çox qırışlar göründü,
Gözlər, sözlər sevinclərə büründü,
Evdə, işdə çöldə çalış bir cür ol.

İkisi də dedi, gedək evlənək,
Sevgi varsa sevgililər bir gərək,
Sevgimizə bir ağlayaq, bir gülək,
Mindiyarın sayğısını biz güdək,
Evdə, işdə çöldə çalış bir cür ol .

Evləndilər, ancaq ayrı yatdılar,
Sevgi, sevinc dənizində batdılar,
Günlərini bir-birinə qatdılar,
Evdə, işdə çöldə çalış bir cür ol.

Tunq eşitdi bunu, susdu bir ara,
Ürəyində inam artdı Besyara,
Üzük, sırğa göndərtdirdi onlara,
Xalça, palaz, asqı, qoyun, malqara,
Evdə, işdə çöldə çalış bir cür ol.

Dedi: “ Bir az gözləsinlər, yay olsun”,
Dedi: “ uşaq doğulanda toy olsun”,
Saz çalınsın, qopuz dinsin, hay olsun,
Qan qarışsın, eldə yeni soy olsun,
Oğlan olsun, igid hündürboy olsun,
Evdə, işdə çöldə çalış bir cür ol.


Alpis yenə qıtlıq qatdı Minelə,
Hər dillinin uyuşu var, yaxşı pis.
Alpisin də pislik idi uyuşu,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Unuduldu bircə ildə toy – düyün,
Artdı, aclıq azlıq, qıtlıq günbəgün,
Unuduldu uşaq, sevgi büsbütün,
Hər dillinin uyuşu var, yaxşı pis.

Odərpayın səsi göyə çatmadı,
Gecələri Tunq Ər alpan yatmadı,
Yalvarışla arpa, buğda artmadı,
Alpis qancil, ona söz – möz çatmadı,
Hər dillinin uyuşu var, yaxşı pis.

Besyar çıxdı dağ döşünə, yaylağa,
Üzü quylu o sərildi torpağa,
Ağlar, ağlar əl gəzdirdi otlağa,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Dedi: – Tanrım, məni pisgün yaratdın,
Günlərimi, aylarımı qaraltdın,
Yeniyetmə olan kimi qocaltdın,
Hər dillinin uyuşu var, yaxşı, pis.
Səndən bircə gözləməm var, istəyim,
Sənsən mənim sarsılmayan dirəyim,
Sənə kəsi balam, ərim, ürəyim,
Yoxa çıxıb elin suyu, çörəyi,
Qıtlığı poz, qovla Alpis köpəyi,
Sınsın onun qanadının lələyi,
Mindiyarın açsın gülü, çiçəyi,
Hər dillinin uyuşu var, yaxş, pis.

Besyar üç gün üzü quylu uzandı,
Hamı baxdı, ağlamaqdan usandı,
Dürdüncü gün çatdı göyə qız andı,
Bulud gəldi, yay silkəndi, yazlandı,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Yağış yağdı, sel – su üç gün, üç gecə,
Ağlar gözlər, sözlər döndü sevincə,
Son qoyuldu evlər yıxan gilincə,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Bu gözlənməz sorağ çatdı Tunqərə,
Tunqər gəldi qıtlığ vurmuş yerlərə,
Sağ ol dedi o Besyara yüz kərə,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Dedi, Tanrı yerə baxıb silkəndi,
Yağış tökdü, çala-çuxur gölləndi,
Quraqlıqlar bulud əmdi, gülləndi,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Gücdəbirə dedi: – Güc var, güc səndə,
Uşaqları götür, gətir başkəndə,
Qarşılasın sizi ellər gələndə,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Bir ay keçdi, Besyar dağdan enmədi,
Besyar burdan Əkbitənə dönmədi,
Susdu, qaldı, danışmadı, dinmədən,
Hey ağladı öz içində sönmədi,
Hər dillinin uyuşu var, yaxşı, pis.
Dedi: – Tanrı, səndən bir də güc allam,
Dedi, Alpis, səndən qanlı öc allam,
Qallam burda, tək başına köç ollam,
Hər dillinin uyuşu var, yaxşı, pis.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов