Qızağ söylənci
Yığışdılar Əkbitəndə Başevə,
"Deyən ölüb köləlikdə şahımız".
Yoxsa on il, on beş ilə gələrdi,
Deyən ölüb köləlikdə şahımız".
– Qızağ şahdır, keçsə belə yüz il də,
Şah anlaqlı olmalıdır hər üzdən,
Turər şaha tay tutulur o bizdə,
Deyən ölüb köləlikdə şahımız".
Göndərmişik görükçülər, görməyib,
Güdükçülər gedib soraq verməyib,
Deyən sağdır, köləlikdə ölməyib,
"Deyən ölüb köləlikdə şahımız".
Biri deyir, ölüb, batıb dənizdə,
Suda batmır, odda yanmır düz adam,
Biri deyir, sonevini görmüşəm,
Suda batmır, odda yanmır düz adam.
"Döyüşçüdür, yaraqlıdır", deyən var,
Ehramları tikən yerdə görən var,
Görüb onu ərən kimi öyən var,
Suda batmır, odda yanmır düz adam.
Gözləmişik, gözləyirik biz yenə,
Gələr çıxar bir gün Turər elinə,
Ancaq Qızağ yeydir onun yerinə
Suda batmır, odda yanmır düz adam.
Qızağ çıxdı Turər şahın yerinə,
Qara geydi paltarını büsbütün.
Yardım edən, ürək verən yox idi,
Qara geydi paltarını büsbütün.
O təkləndi, üz döndərdi hamıdan,
O qaytardı çox elçini qapıdan,
O yayındı qarqış, ovsun, qarğıdan,
Qara geydi paltarını büsbütün.
Qıdıqladı onu ellər elçisi,
Şah ərinin Başevinin Çölçüsu,
İtdi qadın şahlığının ölçüsü,
Qara geydi paltarını büsbütün.
Çıxdı Qızağ elçiləri yollara,
Gəzdi uzaq ölkələrdə Turəri,
Balasq, Misir, Qoşaboğaz, Asurel,
Gəzdi uzaq ölkələrdə Turəri.
On il keçdi Düzər yaşa dolunca,
Çıxdı yola atasının dalınca,
Vardan, yoxdan, pal-paltardan olunca.
Gəzdi uzaq ölkələrdə Turəri.
Yüzər getdi, Qaf dağına çaparaq,
El-obada tanış-tunuş-taparaq,
Hər ağızdan yeni soraq qaparaq,
Gəzdi uzaq ölkələrdə Turəri.
Uzaqlara səs yayıldı yerbəyer,
Əkbitəndə gözəl Qızağ şah olub.
Əlsizlərin, yersizlərin dayağı
Əkbitəndə gözəl Qızağ şah olub.
Söz götürür hamı bu ər qadından,
Göstərişi verir Turər adından,
Çıxarmayır onu bir an yadından,
Əkbitəndə gözəl Qızağ şah olub.
Təkcə Çölçü məhəl qoymur haraya,
Söz gəzdirir, söz tollayır araya,
Turdan soraq gəlib çıxır buraya,
Əkbitəndə gözəl Qızağ şah olub.
Çölçü, Balasq, Asur dili bilirdi.
Hər baxışı, hər öyüdü ikili.
O Turərdən danışırdı, deyirdi,
Hər baxışı, hər öyüdü ikili.
Adamları işləyirdi daldada,
Dili acı, acı sözü bal dadan,
Çoxlarını yönlü dillə aldadan,
Hər baxışı, hər öyüdü ikili.
Əkbitənin yüz-yüz geniş düzü var,
Onun təkcə gündoğanda gözü var,
Dili altda deyilməmiş sözü var,
Hər baxışı hər öyüdü ikili.
– Gözəl Qızağ, məni niyə duymadın,
Heç bir dildə dili yoxdur sevginin.
İstəyirsən ürəyini dilə tut,
Heç bir dildə dili yoxdur sevginin.
Sevgi məndə üzüntüdür, qıvrılır,
Gileylənib baxışlarda qovrulur,
Tüstülənib o təpəmdən sovrulur,
Heç bir dildə dili yoxdur sevginin.
Sevgi böyük dözümlərə sınaqdır,
O hərəyə dörd-beş illik qonaqdır,
O tək qalmış ürəklərə dayaqdır,
Heç bir dildə dili yoxdur sevginin.
Bu yanğılar ilk sevgidən qalıncdır,
Sevgi sonra dadlı olur sən demə.
Yanğın kimi gəlib alıb yandırır,
Sevgi sonra dadlı olur sən demə.
Dəli gənclik sevir, yanır dözmədən,
Hər sevincin öz gülünü üzmədən,
Dizin-dizin dörd yanını gəzmədən,
Sevgi sonra dadlı olur sən demə.
Harda qaldı gözü bağlı illərim,
Əsdi getdi başım üstən yelləri,
Kimə verdim qatı-boya gülləri,
Sevgi sonra dadlı olur sən demə.
– Mən kimimi tapıb elçi göndərim,
Baxıb mənə sevgi gülür bu yaşda.
Mən də gərək öz tayımı tapaydım,
Baxıb mənə sevgi gülür bu yaşda.
Mən şahlığın Başevində oyağam,
Doğmalıqda özgəlikdən uzağam.
Sevgi mənə, mən sevgiyə qonağam,
Baxıb mənə sevgi gülür bu yaşda.
Kimə deyim mən sevirəm Qızağı,
Sevə-sevə yaşayıram bayağı,
Yaşla dolu gözlərimin bulağı,
Baxıb mənə sevgi gülür bu yaşda.
Qoy sınasın şah bu gizli sevgimi,
Sevən gərək çıxa çox-çox sınaqdan.
Şahım, mənə ən dolambac iş buyur,
Sevən gərək çıxa çox-çox sınaqdan.
On ildir ki gözəl üzün sozarır,
Üzüntüdən gözün ağı qızarır,
Ey gözəlim, ey alnımın yazarı,
Sevən gərək çıxa çox-çox sınaqdan.
Göndər gedim hindelini alım mən,
Darvidelə yanğın, qırğın salım mən.
Mənə söz ver öz sevgimdə qalım mən
Sevən gərək çıxa çox-çox sınaqdan.
– Sevilsəm də mən Turərə bağlıyam,
Qadın ancaq sevgisinin şahıdır.
Mən Turərin sevgisilə gül açdım,
Qadın ancaq sevgisinin şahıdır.
Mən bilirəm sevməyirsən məni sən,
Sən qorxursan özgəsinə gedim mən.
Turər şahın kökü qopsun yerindən,
Qadın ancaq sevgisinin şahıdır.
Sən buyuran bir ötəri duyğudur,
Sevgi deyil, Turər şaha qayğıdır,
Sevgi ürək qatlarında uyğudur,
Qadın ancaq sevgisinin şahıdır.
– Sən ölkənin çöl işinə başçısan,
Sevgi işdə əl-ayağa dolaşar.
Mən heç kəsə ərə gedən deyiləm,
Sevgi işdə əl-ayağa dolaşar.
Bir də səndən eşitməyim bu sözü,
Könül verməm özgəsinə mən düzü,
Məni yaxşı tanıyırsan sən özün,
Sevgi işdə əl-ayağa dolaşar.
Qulağıma çox səs gəlir Mineldən,
Gəl bir olaq, bir səs çıxmaz tək əldən,
Gözləmişik, gözləyərik on il də,
Sevgi işdə əl-ayağa dolaşar.
– Öz ərinə, öz yerinə vurğunum,
Ər gözləmək gözəlliyi artırır.
Ola bilər özgəsində gözün var,
Ər gözləmək gözəlliyi artırır.
Həm Turərə, həm də sənə yanıram,
Böyük şahı hər gün, hər gün anıram,
Sevgi nədir, şahlıq nədir, qanıram,
Ər gözləmək gözəlliyi artırır.
Mən olmayım, ancaq özgə bir ər seç,
Ərsiz şahlıq illərini ərli keç,
Gözəlliyi gözəlliklə yaşat, ölç,
Ər gözləmək gözəlliyi artırır.
– Şahım, sizin buyuruğuz düz olar,
Şah istəyi dilə-dişə düşəndir,
Sevgi deyil, sənə bir ər gərəkdir,
Şah sevgisi dilə-dişə düşəndir.
Eləsi var orda-burda danışır,
Belələri hər bir işə qarışır,
Düzü qoyub yalan, yalan danışır,
Şah sevgisi dilə-dişə yapışır.
Tanrı verib sizə gözəl üz-gözü,
Tanrı saxla bu şahlıqda sən bizi,
Öz-özümə sığışmıram mən düzü,
Şah sevgisi dilə-dişə düşəndir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-qizag-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tunqər gəldi,yolda qırx min yaraqlı,Ağır olur ata-oğul nisgili.
Tunqərin öyüd söylənciTanrım, bizə güc veribsən, bir də ver,Bu dolanış əkənindir, biçənin.
Sayanər söylənciGetdi Sayan Hindelyana,Təbətə,Tanrı özü verir sənə uğuru.
Alanər söylənciOx dalınca Alan getdi Batıya,Dörd bölgəyə bölünübdür yaranış.