Turqər söylənci
Besyar qalır dağ döşündə, yaylaqda,
Özlüyü var suyu, otu hər yerin.
Bir yaşında körpəsinə ad qoyur,
Özlüyü var suyu, otu hər yerin.
Turpar bala gecə gündüz yuxulu,
Mindiyarın, Parsdiyarın oğulu,
O anadan ikidamar doğulub,
Özlüyü var suyu, otu hər yerin.
Süd əməndə anasının döşündən,
Süd tökülürTurparın süd dişindən,
Gücdəbir də əkin-biçin işində,
Özlüyü var suyu, otu hər yerin.
Otlar burda sürü, naxır, ilxılar,
Başı üstə qartal, quzğun, qırğılar,
Burda gələr Turparərə duyğular,
Onu alar öz quyluna qayğılar,
Özlüyü var suyu, otu hər yerin.
On yaşında Turpar boyda ərləşir,
Gücdə, at, ot işlərində nərləşir,
Bir çiynində iki qoyun yerləşir,
Qara saçlar buruq- buruq gurlaşır,
Özlüyü var suyu, otu hər yerin.
Ata deyir: – Bu uşaqa göz dəyər,
Bir qoruyaq onu gərək bir təhər,
Qorxuludur burda sağ, sol, həndəvər,
Özlüyü var suyu, otu hər yerin.
Ana deyir: – İgid yaşa, a Turpar,
Qaş gözündə sənin qıztək çəkim var,
Daryaş səni oğurlayar, aparar,
Ağlar qalar anan, atan Mindiyar,
Ayrılığın onda məni yandırar,
Özlüyü var suyu, otu hər yerin,
Ancaq Turpar bu sözlərdən qorxmadı,
Daryaş kimdir, Parsel nədir, baxmadı,
»Ana« deyib öz yolundan çıxmadı,
Özlüyü var suyu, otu hər yerin,
Sürü, naxır, ilxı qovur çöllərə,
Döş qabardır küləklərə, yellərə,
Dayan deyir çaylar aşan sellərə,
Özlüyü var suyu, otu hər yerin.
Bir gün biri yaxınlaşdı Turpara,
Nə gözləsən bir gün çıxar qarşına.
Dedi: – Məni bura Daryaş göndərib,
Nə gözləsən bir gün çıxar qarşına.
Turpar dedi: – Daryaş kimdir, sən kimsən,
Minelliyəm, yaraqlıyam, qoca, mən,
Get anamdan soruş məni, istəsən,
Nə gözləsən bir gün çıxar qarşına.
Daryaş idi, başqa adda gəlmişdi,
Özgə görkəm, başqa atda gəlmişdi,
Oğlu boya çathaçatda gəlmişdi,
Öz suyu var suyu, otu hər yerin.
O gəlmişdi öz oğlunun dalınca,
Ata, bala bir-birini tapınca,
Daryaş birdən əl atmışdı qılınca,
Nə gözləsən çıxar bir gün qarşına.
Daryaş belə düşünmüşdü qorxaraq,
Turpar güclü bir igiddir, çox qıvraq,
Bir gün o da öz yolunu azaraq,
Atasının üstə gələr çaparaq,
Lapdan onu daldan vurub yıxaraq,
Parsdiyarın şahlığına çatacaq,
Nə gözləsən çıxar bir gün qarşına.
Onu gərək başa salım, aparım,
Mindiyarın torpağından qoparım,
Odur indi mənim ən son taparım,
Nə gözləsən çıxar bir gün qarşına.
O gəlmişdi başqa adda, görümdə,
Turparını oğurlasın yerindən,
Gəlib görüb sarsılmışdı dərindən,
Nə gözləsən çıxar bir gün qarşına.
Daryaş dedi:- gedək, atan gözləyir,
O Mineli, Mindiyarı pisləyir,
Atan səni öz yurduna səsləyir,
Nə gözləsən çıxar bir gün qarşına.
Turpar dedi: – Mənim atam burdadır,
Başqa atam yoxdur, varsa hardadır,
Bir daryaş var, gözü yerdə, vardadır,
Başı yekə, ürəyisə xırdadır,
Nə gözləsən çıxar bir gün qarşına.
Daryaş kimdir, Mindiyara göz tikib,
Neçə kərə Turq önündə diz çöküb,
Eşitmişəm onu yenə qan çəkir,
Nə gözləsən çıxar bir gün qarşına.
Daryaş durub qızarmışdı acığdan,
Düşünürdü, nə vecsizdir bu oğlan,
Gərək onu mən qaçırım buradan,
Nə gözləsən çıxar bir gün qarşına.
Daryaş qılınc sıyıraraq bozardı,
Ata əli hər bir əldən ağırdır.
Yaraladı o Turparın döşünü,
Ata əli hər bir əldən ağırdır.
Bir də vurdu, qılınc dəydi çiyninə,
Qan fışqırdı balasının əgninə,
Yandı ata bu oğlanın gününə,
Qan sıçradı sanki ata beyninə,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Turpar deyil, ata özü yıxıldı,
Gözü, başı, döşü birdən sıxıldı,
Çapaladı, əl – ayağı yığıldı,
Bir səs gəldi, onun səsi boğuldu,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
– Daryaşa de, mənim atam Gücdəbir,
Anam minlər içində də mindəbir,
Ölkəm mənim əl çatmayan gündədir,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Üç ay keçdi sağalmadı yarası,
Gördü ağır yara alıb balası,
Əl qaldırdı göyə yenə anası,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Dedi: – Tanrım, qapalıdır bu uşaq,
Turpar haçan necə sağlam olacaq,
Demir kimdir onu vuran bu sayaq,
Deyən çatmır onda hələ qanacaq,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Çox keçmədi Turpar durdu ayağa,
O sarıldı ağır, iti yarağa,
Çıxdı getdi at belində ovlağa,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Güddü onu addım-addım Gücdəbir,
Dedi, görüm hara gedir bu kəndir,
Görüm onu vuran kimdir, nəçidir,
Ata əli hər bir əldən ağırdır.
Ata əli çörək, paltar, nağıldır.
Turpar gedir, sağa-sola baxmayır,
Süpürləmə getmə, yolu azarsan.
Gücdəbir də arxasınca pusquda,
Süpürləmə getmə, yolu azarsan.
Görür bir qız su götürür bulaqdan,
Ona baxır Turpar bir az uzaqdan,
O gözləyir, durub səsdə - qulaqda,
Körpə edib buzəkçəni qucaqda,
Qız qıyqacı baxır ona qıraqdan,
Süpürləmə getmə, yolu azarsan.
Turpar deyir: – Mən azmışam haçandır,
Parsdiyarın yolu, söylə, hayandır,
Qız deyir ki: – Ora yollar yamandır,
İndi yollar pisdir, çəndir, dumandır,
Gözlə bir az, dincəl, atı dayandır,
Süpürləmə getmə, yolu azarsan.
Alpis gəlir, durur qızla yan-yana,
Deyir: »Turpar, sən gedirsən hayana,
Yol burdandır, atı döndər bu yana,
Süpürləmə getmə, yolu azarsan.
Kimsən deyir- qız – ay gözə görünməz,
Gün dönməzdir, çay dönməzdir, yol dönməz,
Pis yoldasan, öz yoluna sən tələs,
Süpürləmə getmə, yolu azarsan.
Alpis deyir: »Vayzaqlama gözəl qız,
Mən düz, doğru yol, gedirəm, mən yalnız,
Mənim yolum qorxusuzdur, dumansız,
Süpürləmə getmə, yolu azarsan.
Qız deyir ki,- oğlan, qardır o yollar,
Bu yandadır sən soruşan Parsdiyar,
Bu Alpisdir, Şimşəkquyruq atı var,
Gələr çölü, yalı, yolu odlayar,
Süpürləmə getmə, yolu azarsan.
Bir səs gəlir, yer-göy sanki titrəyir,
Mənəm Alpis- deyir- atı ləhləyir,
Yandan çıxır birdən birə Gücdəbir,
Onun köksü sanki tuncdur, daş-dəmir,
Süpürləmə getmə, yolu azarsan.
Deyir: – Alpis, səni çoxdan gəzirəm,
Orda-burda itdiyini sezirəm,
Qıtlıq, aclıq, varlığına dözürəm,
Tökdüklərin qan içində üzürəm.
Süpürləmə getmə, yolu azarsan.
Düş atından, görün, çıxaq vuruşaq,
Qılınc, toppuz döyüşündə yarışaq,
Ölsək gedib ölülərə qarışaq,
Süpürləmə getmə, yolu azarsan.
Alpis çəkir aralığa çovğunu,
Sonra səpir meşələrə yanğını,
Qovur ora-bura qanlı qırğını,
Görməsə də Turpar gözlə azğını,
Qılınclayır yan-yörəni, yaxını,
Süpürləmə getmə, yolu azarsan.
Alır çovğun, yanğın, qırğın çölləri,
Həm yandırır, həm dondurur gülləri,
Pəltək qoyur ağızlarda dilləri,
Süpürləmə getmə, yolu azarsan.
Birdən Turqun səsi gəlir uzaqdan,
Şimşək qopur əlindəki yaraqdan,
Şimşək atın kişnərtisi oylaqda,
Alpis görüb onu qaçıb bayaqdan,
Süpürləmə getmə, yolu azarsan.
Alpis qaçır, çovğun, yanğın dayanır,
Meşə, bulaq al işığa boyanır,
Otlar, güllər donmuş idi, oyanır,
Süpürləmə getmə, yolu azarsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-turqer-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün Maha gəldi şahın yanına,Soyuq olur qadınların öpüşü,
Günay-Tuncər söylənciManay şahın səsləncləri gurlayır,Öz yerində hamı qat-qat güclüdür.
Ağüzelli Günayla Daşqırların vuruş söylənciAğsaqqallar, ağbirçəklər qımışdı,Sağ ol sözü, elə var ol deməkdir,
MüəllifdənAzərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa başlamışam. Azərbaycanın ən qədim şeir forması–qoşma şəklində on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb ölkələri, İngiltərə, Almaniya, və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.Çoxdandı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.