Maha söylənci
Bir gün Maha gəldi şahın yanına,
Soyuq olur qadınların öpüşü,
Manay görüb qurtarcığın tanıdı,
Soyuq olur qadınların öpüşü.
– Manay şahın özü, yurdu böyükdür,
Təkcə mənim ev-eşiyim tökükdür.
Mənim qadın könlüm sökük-sökükdür,
Soyuq olur qadınların öpüşü.
Mənə əl tut, böyük Manay, ölürəm,
Darvidellə acığın var, bilirəm,
Alpan qovub bizi ordan, gəlirəm,
Soyuq olur qadınların öpüşü.
Göstəriş ver, bu qovhaqov dayansın,
Ağqurd Alpan bu işindən yayınsın,
Arvad-uşaq dinclik tapsın, qorunsun,
Soyuq olur qadınların öpüşü.
Maha dedi: – Mindiyarın qız şahı,
Dəyişkəndir yaranışın gedişi.
Ötən günü gələn günlər daşlayır,
Dəyişkəndir yaranışın gedişi.
Son döyüşdən yığınc götür, ayıq ol,
Bu Başevdə yer yerincə soyuq ol,
Əlləş, çölləş, şahlıqdan da artıq ol,
Dəyişkəndir yaranışın gedişi.
Qız, qadından uzaq olsun boğuntu,
Qız, qadına yaraşmayır dağıntı,
Qız hər yerdə gözəllikdir, yağıntı,
Dəyişkəndir yaranışın gedişi.
Ər yumru daş, qadın isə yuxadır,
Kişi çapar, qadın isə yorğadır,
Biri öncül, o birisi arxadır,
Dəyişkəndir yaranışın gedişi.
– Maha, nədir suçun, bir az açıq de,
Olacağı açıq demək çətindir.
– Olacaqda nə görürsən, söylə bir,
Olacağı açıq demək çətindir.
Bundan artıq nə olacaq bizlərə,
Düşdü qanlı döşənəklər düzlərə,
Ölüm sarı boya səpdi üzlərə,
Olacağı açıq demək çətindir.
Olacaq var, gül açacaq, güləcək,
Eləsi var olacaqda öləcək,
Var hərənin olacağı, gələcək,
Olacağı açıq demək çətindir.
**Süfrə
Bax, söylə bir, sən duyğulu qadınsan,
Sən tanrıya ola bilər yaxınsan,
Uğur olar öcdən, gücdən sapınsaq,
Olacağı açıq demək çətindir.
– Bilirsən ki, mən sənə çox yaxınam,
Yaxınları uzaqdan da gör, tanı,
Sənə yaxın səndən uzaq kimidir,
Yaxınları uzaqdan da gör, tanı.
Qulluq etdim sənə üç il yataqda,
Ayırdılar ancaq kökü budaqdan,
Yaxınınam, yanqılınam uzaqdan,
Yaxınları uzaqdan da gör, tanı.
Onda mənim yanmağıma inandın,
Yanan sənə indi Ağqurd Alpandı,
O yanmalar, sıtqamalar yalandı,
Yaxınları uzaqdan da gör, tanı.
Başev uçar bax, beləcə qalarsa,
Onda qurdlar gəlib yuva salarsa,
Mən qoymaram, sənə əltut olarsam,
Yaxınları uzaqdan da gör, tanı.
Manay, Maha çox düşündü, daşındı,
Heç bir ölçü tanımayır düşüncə,
Biri qandan, biri sudan boylanır,
Heç bir ölçü tanımayır düşüncə.
Manay deyir: "Bunu yerinc qoyaram,
Bu yol ilə istəyimi yayaram,
Arieli Darvidellə yuyaram,"
Heç bir ölçü tanımayır düşüncə.
Maha deyir: "Ürəyini alaydım,
Bu Başevdə düyün, dolaq olaydım,
Ürəklərə qorxu, haray salaydım,"
Heç bir ölçü tanımayır düşüncə.
Manay deyir: "Maha qalsın yanımda,
Əltut olsun mənə çətin anımda",
Maha deyir: "içməliyəm qanından,"
Heç bir ölçü tanımayır düşüncə.
Ay düşüncə, qanadım ol, yolum ol,
Hamı deyir, mən düşünən doğrudur.
Qat-qat olub uyu, oyan, yapıqlan,
Hamı deyir, mən düşünən doğrudur.
Yer, göy sənin geniş-geniş oylağın,
Üzülməsin yerdən, yurddan ayağın,
Heç düşməsin düyün sapın, dolağın,
Hamı deyir, mən düşünən doğrudur.
Acı, dadlı, isti, soyuq taparım,
Zirvələrdən zirvələrə çaparım,
Alıb məni haralara aparıb,
Hamı deyir, mən düşünən doğrudur.
Toxtamırsan, yorulmursan, qartmırsan,
Mən yatsam da sən yuxumda yatmırsan,
Dolaş-dolaş istəyinə çatmırsan,
Hamı deyir, mən düşünən doğrudur.
Sap-sap olub bir-birinə dolaşıb,
Düyün-düyün, dolaq, dolu düşüncə,
Gah alında qılınc kimi parlayır,
Gah yanaqlar üstə solur düşüncə.
O, yüyənsiz kəhər kimi çapağan,
O, beyində hər an oyaq, yatağan,
Toy-düyündür inam, inanc, qan-qada,
Min-min artır, tək-tək ölür düşüncə.
Doyub evin dad-duzunu atsan da,
Gözlərini yumub gecə yatsan da,
Bütün istək, diləyinə çatsan da,
İstəyində diri qalır düşüncə.
Yaşayışda qapalı bir yaşayış,
Onun güzgü görkəmidir davranış,
Kök-budağı verib ona dayanış,
Bir andaca yüz yön olur düşüncə.
Çox düşündü Manay, səsi boğuldu,
Söz kallaşar ikibaşlı olanda.
Maha onla ikibaşlı danışdı,
Söz kallaşar ikibaşlı olanda.
"İşdayaqdı mənim doğma soy-köküm,
İnamsızlıq bəsləmişdi hər tükü,
İnamsızlıq öndərlərə dağ çəkib,
Söz kallaşar ikibaşlı olanda.
Maha mənə inamsızlıq aşladı,
Bunca məndə çoxbaşlılıq başladı,
Mən inamı, inam məni daşladı,
Söz kallaşar ikibaşlı olanda.
Mən Mahanı gərək burda saxlayam,
Hər gün onu sözə tutam, yoxlayam,
Yoxsa inam içərimdə laxlayar,
Söz kallaşar ikibaşlı olanda.
"Ağqurd Alpan, Tuncər, Bacar, Əyridiş,
Sənə arxa olanlara arxa ol.
Maha deyir, arxa ollam mən sənə,
Sənə arxa olanlara arxa ol.
Darvideldən qancılları ayırmaq,
Hər gün ona bir göstəriş buyurmaq,
Acıqanı gərək qanla doyurmaq,
Sənə arxa olanlara arxa ol.
Ağqurd Alpan yerinc olsa orada,
Bu qancıllıq götürülər aradan,
Acıqanlar onda çıxar sıradan,
Sənə arxa olanlara arxa ol.
Darvideldir Arieli qorxudan,
Onlar məni vura bilər arxadan,
Ayıraram qartalları qarğadan,
Sənə arxa duranlara arxa ol".
– Mən Mahanı göz önümdə saxlaram,
Güclü adam göz önündə olmalı,
Qadın cılız olsa belə, güclüdür,
Güclü adam göz önündə olmalı.
Arieldən, Darvideldən dağlıyam,
Ancaq yenə bu qadına bağlıyam,
Gərək onu Başevimdə saxlayam,
Güclü adam göz önündə olmalı.
Bu qadınla yoxlayaram Alpanı,
Yel əsəndə sovurarlar samanı,
Hər gün sına sevgi ilə yalanı,
Güclü adam göz önündə olmalı.
Tuncər-Günay, sınaqlamaq gərəkdir,
Çox gənc var ki, əltut deyil, küləkdir,
Eləsi var eldə dəmir biləkdir,
Güclü adam göz önündə olmalı.
– Qal Başevdə, əltutum ol yaxından,
– Başev qanlı dəyirmandır, hərlənir.
– Burda toxdaq tapacaqsan özünə,
– Başev qanlı dəyirmandır, hərlənir.
– Ağqurd Alpan, Tuncər subay gəzirlər,
Çox qadına, qıza dodaq büzürlər,
Burda onlar tək qalmaqdan beziblər,
Başev qanlı dəyirmandır, hərlənir.
– Mən Başevə sənə görə gələrəm,
Gərək olsa yolundaca ölərəm,
Yox, mən nə ər, nə də arvad bilənəm,
Başev qanlı dəyirmandır, hərlənir.
Ağqurd Alpan qırıb-çatıb elimi,
Mən üzmüşəm ərdən-mərdən əlimi,
Kişi yoxdur alsın mənim könlümü,
Başev qanlı dəyirmandır, hərlənir.
– Sən gözəlsən, dil-dodaqdan yatımlı,
Hər qadının gözəllikdə payı var.
Sən qayğılı, dözümlü bir gözəlsən,
Hər qadının gözəllikdə payı var.
– Mən qarayam, burdakılar göygöz, ağ,
Kimə gərək bər-bəzəkli dil-dodaq.
Mən tikanam, kolam, ərdən çox uzaq,
Hər qadının gözəllikdə payı var.
– Elə demə, inamını itirmə,
Öz içində tikan kolu bitirmə,
Tapınc-yapınc hər qadında yetirmə,
Hər qadının gözəllikdə payı var.
Tapınc-yapınc hər dillidə vergidir,
Onun adı el içində sevgidir,
O hər könül şahlığında güzgüdür,
Hər qadının gözəllikdə payı var.
Maha dedi: – Gedim, bir də qayıdım,
At-ot istər ordan bura yer-yığış,
Qardaşımın bir oğlu var üstümdə,
At-ot istər ordan bura yer-yığış.
Darvidelli, Arielli uyuşmaz,
Biri dağdır, biri düzən, qovuşmaz,
O ağrılar, o acılar sovuşmaz,
At-ot istər ordan bura yer-yığış.
Şah buyurur, mən buna da dözərəm,
Hər tapşırıq üzərində əsərəm,
Qılınc ollam, qancılını kəsərəm,
At-ot istər ordan bura yer-yığış.
Mən bütövəm inamımda, sözümdə,
Ancaq qalsın adım-soyum özümdə,
Uzaq olsun Ağqurd Alpan gözümdən,
At-ot istər ordan bura yer-yığış.
Getdi Maha, ancaq geri dönmədi,
Dildə ötkəm, işdə qırıq yalançı.
O, beş yaşlı Minelliyə sığındı,
Dildə ötkəm, işdə qırıq yalançı.
O, uşağı dilə tutdu, yanladı,
Çörək verdi, döydü, söydü, danladı,
Uşaq bunu yaşayış tək anladı,
Dildə ötkəm, işdə qırıq yalançı.
Maha dedi: – Anan səni atıbdır,
Şah basdırıb, şah yerinə çatıbdır,
Ər yerinə özgələrlə yatıbdır,
Dildə ötkəm, işdə qırıq yalançı.
Böyüyəsən, gözüqanlı olarsan,
Şah yerini qan yoluyla alarsan,
Darvidelə əltut oğul olarsan,
Dildə ötkəm, işdə qırıq yalançı.
Maha dedi: – Minellidən öc al sən,
Öcdür ağrı, acıların toxdağı.
Sən atalı ola-ola atasız,
Öcdür ağrı, acıların toxdağı.
Qılınc tutdun, qızırqanma qoluna,
Yat yəhərə, baş qoy atın yalına,
Könül vermə yalan sözün balına,
Öcdür acı, ağrıların toxdağı.
Sən tollanmış ağrı, acı balasan,
Mindiyara gərək qancıl olasan,
Öz anandan öz öcünü alasan,
Öcdür acı, ağrıların toxdağı.
Odur bizi bu boş evə tollayan,
Odur səni yolsuzluğa yollayan,
Atlarını durudaşla çullayan,
Öcdür acı, ağrıların toxdağı.
Maha dedi: – Gözəl balam, oğulum,
Kim böyüdüb, ana odur uşağa.
Səni ağrı, acılarla böyütdüm,
Kim böyüdüb, ana odur uşağa.
Sənə verdim at südüylə it südü,
Sən əməndə ağzımdaydı öz ödüm,
O günlərdən neçə-neçə il ötüb,
Kim böyüdüb, ana odur uşağa.
Cığ vuraraq çıxan kimi bığların,
Demək çatıb qılınc vurmaq çağların,
Bitməz öcü aclar ilə toxların,
Kim böyüdüb, ana odur uşağa.
Vuruş öyrən, duruş öyrən, ötər ol,
Bilik qavra, qorxmaz yaşa, təpər ol,
Bizi qoru, Darvidelə çəpər ol,
Kim böyüdüb, ana odur uşağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-maha-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Şayistədir, ey murşidi-kamilim,Dostlar arasında etibar ola.
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,