Qaplan getdi ox dalınca uzağa,
Gedən yeri, yolu gərək biləsən.
Dağlar aşdı, çöllər keçdi, meşələr,
Gedən yeri, yolu gərək biləsən.

Bir ay getdi, nə el gördü, nə elat,
Diz qatdadı yorularkən yorğun at,
Bulud gəldi göy üzünə neçə qat,
Gedən yeri, yolu gərək biləsən.
Tutularaq toranlaşdı göy üzü,
Çən bürüdü yavaş-yavaş dağ,düzü,
Böyrü üstə döndü sanki ay özü,
Gedən yeri, yolu gərək biləsən.

Quşlar susub bir-birinə qısılıb,
Bulud yerdən,yer buluddan küsülü,
Ağac göydən sallanıbdır, asılı,
Gedən yeri, yolu gərək biləsən.

Quşlar göydə dalı-dalı uçurlar,
Quyruqlular dalı-dalı qaçırlar,
Baş-ayaqdır burda, orda nə ki var,
Gedən yeri, yolu gərək biləsən.

Qaplan dedi: – “Gəl bu yoldan dön geri,
Baş-ayaqdır bu yerlərin hər yeri,
Nə görünür, nə də biri səs verir”,
Gedən yeri, yolu gərək biləsən.

Birdən çıxdı qabağına bir arvad,
Quş kimidir,ancaq yoxdur tük,qanad,
Üz dərisi, döş dərisi neçə qat,
Gedən yeri,yolu gərək biləsən.

Dedi: – Qaplan gəldiyin yer Altyerdir,
Altyer, Üstyer nə ikidir, nə birdir,
Burda hər şey daşdır, tuncdur, dəmirdir,
Gedən yeri, yurdu gərək biləsən.

Qapıçıyam bu qapısız Altyerə,
Gəlib sənin soyköklərin bu yerə,
Səndən suvay bura gələn yox hələ,
Gedən yeri, yurdu gərək biləsən,

Bacar gəlib Turqər gəlib gediblər,
Tanrılarla vuruşublar, ötüblər,
Qızçiçəklə, Şimşəkatla itiblər,
Gedən yeri, yurdu gərək biləsən.

Qaplan dedi: – Mən anadan olanda,
Qızçiçəyi eşitmişəm atamdan,
Gəlin olub o qız bizə yalandan,
Gedən yeri, yurdu gərək biləsən.


Baş apardı, baş tovladı qapıçı,
– Böyük tanrı Hörmüz deyil, Alpisdir.
Sən gəlibsən Qızçiçəyi görməyə,
Böyük tanrı Hörmüz deyil, Alpisdir.

Qapıçıyam, dörd bir yanda gözüm var,
Tanrımızda dəmir kimi dözüm var,
Mənim kimi burda min-min yüzü var,
Biz basarıq, bunun geci, tezi var,
Böyük tanrı Hörmüz deyil, Alpisdir.

Baş apardı, baş tovladı qapıçı,
Bir səs gəldi uzaqlardan gur, açıq,
Qapıçının sözü qaldı yarlmçıq,
“Böyük tanrı Alpis deyil, Hörmüzdür”.

– O qapıçı, Qaplan, səni aldadır,
Gözlə məni, böyük nənən yoldadır,
Giriş qapı orda deyil, daldadır,
Böyük tanrı Alpis deyil, Hörmüzdür.

Mən tutuğam bu Altyerdə Alpisə,
Salınmışam mən bir hopuq təlisə,
Gözlə məni, mən gəlirəm, nə isə...
Böyük tanrı Alpis deyil, Hörmüzdür.

Qaplan qaçdı qapıçının dalınca,
Sağ əlini atdı iti qılınca,
O yox oldu onu qılınc alınca,
Böyük tanrı Alpis deyil, Hörmüzdür.

Çıxdı onun qabağına bir dəvə,
Dəvə deyil, çox yekə bir heyvərə,
Şişdi, şişdi, döndü ətdən çəpərə:
“Böyük tanrı Hörmüz deyil, Alpisdir”.
Qadın durdu, tərs-tərs baxdı Qaplana,
O hərləndi od püskürdü hər yana,
At diskindi, çaşdı, çapdı od yana,
Böyük tanrı Alpis deyil, Hörmüzdür.

Qaplan düşdü oda, atı çağırdı,
Qatı tüstü atı alıb boğurdu,
Qaplan vurdu heyvərəni bağırtdı,
Böyük tanrı Alpis deyil, Hörmüzdür.

O, qılıncla od, alovu dağıtdı,
Öz atını çəkib oddan çıxartdı,
Gələnləri qılıncıyla qorxutdu,
Böyük tanrı Alpis deyil, Hörmüzdür.


Getdi, ancaq bilmədi ki hayana,
Güc artırar sənə yeri tanımaq.
O baş qoydu atın yalı üstünə,
Güc artırar sənə yeri tanımaq.

Ölüb yerə çökmüş idi heyvərə,
İnanmırdı bir qılıncla gəbərər,
Bir də durdu, bir də aşdı son kərə,
Güc artırar ərdə yeri tanımaq.

Birdən attək kişnədilər buludlar,
Bir quş gəldi, vurdu onu qanadla,
Qaplan aşdı ağzı üstə boz atla,
Güc artırar ərdə yeri tanımaq.

Qızçıçək də dedi boğuq bir səslə,
– Yaxındadır tanrı, ondan güc istə,
Hərlə, hərlə qılıncını baş üstə,
Güc artırar ərdə yeri tanımaq.

Qaplan dedi: – Tanrım, güc ver Qaplana,
Tut üzünü sən üstyerdən bu yana,
Basar elə onu pisə, yamana,
Güc artırar ərdə yeri tanımaq.
Quş qılıncı gördü, yerə oturdu,
Vurdu quşu Qaplan, işin bitirdi,
Qızçiçək də özün ona yetirdi,
Güc artırar ərdə yeri tanımaq.

Aldı Qaplan Qızçiçəyi tərkinə,
Baxdı onun gözlərinin təkinə,
Bürmələdi nənəsini kürkünə,
Güc artırar ərdə yeri tanımaq.

Dedi: – Böyük Mindiyarın vurğunu,
Kim qaraldıb gözlərinin ağını,
Nədir bu göz yaşlarının axını,
Güc artırar ərdə yeri tanımaq.

Dedi: – Oğul, mən Alpisdən uzağam,
Üç min ildir bu Altyerdə dustağam,
Ayrılmışam Mindiyardan qırağam,
Bunlar mənə, mən bunlara yasağam,
Üç min ildir mən ölmüşəm,mən sağam,
Güc artırar ərdə yeri tanımaq.


Üç min ildir mən tutuğam Alpisə,
Pis olarsan pisdiklilər içində,
Yaxşı oldum mən Üstyerdə neçə il,
Pis olarsan pisdiklilır içində.

Güc qalmayıb məndə, oğul, ölürəm,
Bu ölməyi mən Bacardan bilirəm,
O gözləyir məni, de ki, gəlirəm,
Pis olarsan pisdiklilər içində.

Qaplan tutqun, atı isə yüyürək,
Danışırdı keçmişləri Qızçiçək,
Çırpınırdı, tələsirdi üç ürək,
Pis olarsan pisdiklilər içində.

Birdən çıxdı qara ayı qarşıya,
Nənə dedi: – Qoyma onu başlaya,
Qoyma onu daşı bizə tuşlaya,
Daş götürüb ayı bizi daşlayar,
Pis olarsan pisdiklilər içində.

Onu gərək hərləyəsən, yorasan,
Önu gərək göbəyindən vurasan,
Gövdəsini gərək iki yarasan,
Pis olarsan pisdiklilər içində.

Bir vurumla ayı yerə sərildi,
Bir də vurdu, bir də öldü, dirildi,
Yarılaraq tükü göyə sovruldu,
Pis olarsan pisdiklilər içində.

Nənə dedi: – İrəli get sən ancaq,
Qabaqda da heyvərələr olacaq,
Kəl qartallar qarşımızı alacaq,
Pis olarsan pisdiklilər içində.

Düz get, dayan, biz onları güdərik,
Ordan sağa yol dəyişib gedərik,
Sonra sola, sonra gözdən itərik,
Pis olarsan pisdiklilər içində.

Yol getdilər beş gün, qıçlar süründü,
Yol getdilər, dağ-daş çənə büründü,
Altyer, üstyer bir-birinə dirəndi,
Göy açıldı, ayla günəş göründü,
Pis olarsan pisdiklilər içində.

Nənə dedi: – Qaplan,oğlum,kötükçəm,
Burda dayan, atını da qoy dincə,
Mənim yolum, bax, burada bitəcək,
Öləcəyəm, məni basdır bu gecə,

Tanrı verib sənə böyük gələcək,
Mindiyara de ki, öldü Qızçiçək,
Pis olarsan pisdiklilər içində.


Sonevində yatdı nənə Qızçiçək,
İki yanlı iki yandan qalacaq.
O, Tuncərin, Qarçiçəyin anası,
İki yanlı iki yandan qalacaq.

– Altyer, Üstyer, tanrılıqdır, yaxşı, pis,
Üz-üzədir, bu Hörmüzdür, o Alpis,
Görüşürük ikisiylə gündə biz,
Qızçiçəyi burda ortaq sayız siz,
İki yanlı iki yandan qalacaq.

İki yanın ilk yurddaşı sən oldun,
İki yanın ölməz adı sən oldun,
Dörd min ildən sonra düşdün,qocaldın,
İki yanlı iki yandan qalacaq.

Yat Mindiyar torpağında,yuxla sən,
Əkbitənə gəl hərdən bir qonaq sən,
Deyən dirrik dəyişəcək yenidən,
İki yanlı iki yandan qalacaq.

O bilmirdi Alpis durub qıraqda,
Tutqun baxır bu sonevə bayaqdan,
Şimşəkquyruq vurnuxurdu uzaqda,
İki yanlı iki yandan qalacaq.


Belə dedi Alpis ona qıraqdan,
Yaxşı olsan pislik yenə azalmaz,
Şimşəkquyruq atı çapdı irəli,
Yaxşı olsan pislik yenə azalmaz.

– Sən Sannanı sevmiş idin, ay oğlan,
Qardaşların gül dərdilər o qızdan,
Sevgi yalan,qardaş yalan,sən yalan,
Yaxşı olsan pislik yenə azalmaz.

Al bu atı, min get, orda şah ol sən,
Al Sannanı qardaşların əlindən,
Yardım ollam,yazıq Qaplan,sənə mən,
Yaxşı olsan pislik yenə azalmaz.
Qaplan bunu bilən kimi inandı,

Onda qısqanc düşüncələr oyandı,
Mindi atı, bir az getdi, dayandı,
Yaxşı olsan pislik yenə azalmaz.

Dedi: – Kimdir bu sözləri söyləyən,
Haradasan, gizlənibsən niyə sən,
Düş qabağa, məni çıxar bu yerdən,
Yaxşı olsan pislik yenə azalmaz.

– Mən Alpisəm, pisdiklilər tanrısı,
Mənimkidir dayanışın yarısı,
Üstyerlinin sonu, qorxu, ağrısı,
Yaxşı olsan pislik yenə azalmaz.

Qaplan dedi: – Sənsən yolu bağlayan,
Qızçiçəyı min il tutuq saxlayan,
Sevgiləri, ürəkləri dağlayan,
Yaxşı olsan pislik yenə azalmaz.

– Mənəm-dedi-Alpis iyid Qaplana,
Şahlıq edən hər ölümə, yalana,
Qardaşların Sayan, Alan, Çatana,
Yaxşı olsan pislik yenə azalmaz.

Qaplan oxu qoydu yaya, dartdı o,
Dörd bir yana oxla, bizuc atdı o,
Dörd yanını bir-birinə qatdı o,
Yaxşı olsan pislik yenə azalmaz.

Alpis güldü, səsi düşdü ormana,
Bulud gəldi, şimşək çaxdı Qaplana,
Qaplan yandı,döndü tüstü,dumana,
Yaxşı olsan pislik yenə azalmaz.

Alpis dedi: – Üstyerə at çaparam,
Üç qardaşı harda olsa taparam,
Onlara da şimşək ölüm yaparam,
Yaxşı olsan pislik yenə azalmaz.

Yer üstündə qalın kölgə göründü ,
Görünərək duman kimi süründü,
Alpis idi boz tüstüyə büründü,
Yaxşı olsan pislik yenə azalmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов