Ariel söylənci
Tanrı yeri yoğurubdur sevgidən,
Günəş yerə, yer günəşə vurulub.
Ay boylanır iki yana sevincək,
Günəş yerə, yer günəşə vurulub.
Sevişəndə isti verir, bar verir,
Küsüşəndə, şaxta verir, qar verir.
Döyüşəndə şimşək tökür, qor verir,
Günəş yerə, yer günəşə vurulub.
Ay-ulduzlar gecə yerə baxırlar,
Sevinirlər, sayrışırlar, axırlar.
Vurğunluqdan tək-tək yerə yağırlar,
Günəş yerə, yer günəşə vurulub.
Hind elindən çəkmir Günəş gözünü,
Baxışından çiçək yağır günəşin.
Hind yerində min boyada bitki var,
Baxışından çiçək yağır günəşin.
Ağacların yarpaqları ipəkdir,
Bu gözələ bulud ipək ləçəkdir.
Hara baxsan, burda güldür, çiçəkdir,
Baxışından çiçək yağır günəşin.
Qızlarının yanağının batımı,
Çaylarının gurultusu, yatımı,
Dağ gövdəli fillərinin dartımı,
Baxışından çiçək yağır günəşin.
Tanrıların yaylaqları burada,
Dənizlərdə çimir gecə ay-ulduz.
Yağış, külək olmayanda doluşub,
Dənizlərdə çimir gecə ay-ulduz.
Tanrı bura gəncliyini yollayıb,
Dağlarını meşələrlə çullayıb.
Bulud yerə ağ ipini sallayıb,
Dənizlərdə çimir gecə ay-ulduz.
Buğdayıdır burda nazlı gözəllər,
Gülü, daşı döşlərinə düzərlər,
Özlərini gecə-gündüz bəzərlər,
Dənizlərdə çimir gecə ay-ulduz.
Nə gözəlsən, ey gözəllər gözəli,
Hamı incə gözəllikdən pay umur.
Aç üzünü, günəş öpsün üzündən,
Hamı incə gözəllikdən pay umur.
Hindellini tanrı hər gün dindirir,
Yeməyini göydən özü göndərir.
İçməyini buludlardan endirir,
Hamı incə gözəllikdən pay umur.
Nə gözəldir öz yerini bilənlər,
Görüşünə uzaq yerdən gələnlər,
Bu görüşün sevincindən gülənlər,
Hamı incə gözəllikdən pay umur.
Hind yerinin meşələri, çayları,
Gözəllikdir, ucalıqdır tanrılar,
Himalayın, Everestin zirvəsi,
Gözəllikdir, ucalıqdır tanrılar.
Dəniz yuyur bu yerləri bu yandan,
Qarlı dağlar, sıx meşələr o yandan,
Oddur, sudur, əkin, baxsan hayandan,
Gözəllikdir, ucalıqdır tanrılar.
Burda ulu günəşədir inanış,
Əkin, biçin, ovla keçir dolanış.
Min-min boya görkəmində yaranış,
Gözəllikdir, ucalıqdır tanrılar.
Ancaq burda yola getmir iki el,
Düşərliyi, qıtlığı var bolluğun.
Söyüşürlər, savaşırlar iki el,
Düşərliyi, qıtlığı var bolluğun.
Dilləşirlər arielli, hindelli,
Çəkişmədə, o çılğındır, bu dilli,
Tutmaq olmaz dili, eli bir əlli,
Düşərliyi, qıtlığı var bolluğun.
Birdir dili, inanışı, yallısı,
Yola getmir bir dillisi, yollusu,
Şəhərlisi, dənizçisi, çöllüsü,
Düşərliyi, qıtlığı var bolluğun.
Deyirlər ki, bu, tanrının işidir,
Çılğınlıqda döyüş vardır, barış yox.
Deyən, göydə tanrılar da deyişir,
Çılğınlıqda döyüş vardır, barış yox.
Çəkişmələr alıb gedir qırğına,
Əl atılır qan-qadaya, yanğına,
Düşür ölkə qasırğaya, daşqına,
Çılğınlıqda döyüş vardır, barış yox.
Ayrı salır tanrı iki qardaşı,
Qala bilmir iki qardaş yanaşı,
"Gərək burdan köçək" deyir elbaşı,
Çılğınlıqda döyüş vardır, barış yox.
– Biz gedirik gündoğana,
Günəş bizə yol yoldaşı.
Yağış, sel-su qalsın burda,
Günəş bizə yol yoldaşı.
Arielli alçalmasın,
Yersiz, dilsiz ucalmasın,
Dil gəncləşsin, qocalmasın,
Günəş bizə yol yoldaşı.
Qalsaq, ara bərk qarışar,
Siz əl qatın yır-yığışa.
Qara yelə, ağ yağışa,
Günəş bizə yol yoldaşı.
– Yat, sevimli qızım mənim,
Sonev dardır, soyuq, nəmiş,
Yat, qoy yerin isti olsun,
Sonev dardır, soyuq, nəmiş.
Gül açmadı xırda yaşın,
Sağalmadı döşün, başın,
Torpaq oldu yar-yoldaşın,
Sonev dardır, soyuq, nəmiş.
Qurd-quş səndən uzaq olsun,
Bunca anan torpaq olsun.
Tanrım sənə qonaq olsun,
Sonev dardır, soyuq, nəmiş.
– Qaldı burda doğma ərim,
Məndən burda qalınc olsun.
Sevgim onla öldü, getdi,
Məndən burda qalınc olsun.
Başım üstən qovun çəni,
Sonevimə gumun məni,
Hər yuxumda görüm onu,
Məndən burda qalınc olsun.
Qaldı məndə dağ ürəyi,
Son qazancı, son çörəyi,
Beş uşağı, bir inəyi,
Məndən burda qalınc olsun.
– Ölsəm, məni yandır, oğul,
Od yandırıb yaşadandır.
Ver külümü yelə, göyə,
Od yandırıb yaşadandır.
Qocalmışam, düşmüşəm mən,
Qaynamışam, daşmışam mən,
Od-ocaqda bişmişəm mən,
Od yandırıb yaşadandır.
Qalsam, atın, artıq kimi,
Ölsəm anın anıq kimi,
Tüstüləyim yanıq kimi,
Od yandırıb yaşadandır.
– Bu yerlərdə anam qaldı,
Gedək mənlə, ana dilim.
Unutmaram sözlərini,
Gedək mənlə, ana dilim.
Yanıq-yanıq sızıltısı,
Yanığının cızıltısı.
Sözlərinin parıltısı,
Gedək mənlə, ana dilim.
Qaldı burda sümükləri,
Köklərinin kötükləri.
Burum-burum hörükləri,
Gedək mənlə, ana dilim.
Yüz min qoca, arvad, uşaq, ər, igid,
Arielli yüz min deyil, min-mindir.
Yola düşdü gündoğana obaşdan,
Arielli yüz min deyil, min-mindir.
Göz yaşları bulaqları qaynatdı,
Ağıları buludları qanatdı,-
Önərlərin atlarını oynatdı,
Arielli yüz min deyil, min-mindir.
Hara belə, ey yurdundan qopanlar,
Acığını yəhərləyib çatanlar,
Ayrılıqda dincliyini tapanlar,
Arielli yüz min deyil, min-mindir.
– Ay meşələr, çaylar, dağlar, sağ qalın,
Yuxu, anıq haraylayar keçmişi.
Yuxularda görüşərik sizinlə,
Yuxu, anıq haraylayar keçmişi.
Biz gedirik, çaylar, göllər, siz qalın,
Bizdən sonra ay gül-çiçək, siz solun,
Göz yaşıyla arxamızca siz dalın,
Yuxu, anıq haraylayar keçmişi.
Hər bir şeyi qoyub getdik burada,
Ta ayrılıq ağlamasın arada,
Bizi atma, ey göyləri yaradan,
Yuxu, anıq haraylayar keçmişi.
– Qaldı burda ərə gedən gəlinlər,
Kimsəsizin varı dildir, tanrıdır.
Dalımızca incik baxan əkinlər,
Kimsəsizin varı dildir, tanrıdır.
Aparırıq tanrımızı ürəkdə,
Süd qoxuyan körpəmizi bələkdə,
Son təndirdə bişirilən çörəkdən,
Kimsəsizin varı dildir, tanrıdır.
Qalsın evlər, ağaclıqlar, obalar,
Qalsın yollar, isti-isti sobalar,
Qayalarda, ağaclarda yontalar,
Kimsəsizin varı dildir, tanrıdır.
– Biz gedirik kimsəsizlik qoynuna,
Kimsəsizlik doğmalardan yaxşıdır,
Tanrı bizə yer göstərər, əl tutar,
Kimsəsizlik doğmalardan yaxşıdır.
Nə etdiniz, ey kimsəli doğmalar,
Ağlamayın, bizdən sonra daxmalar,
Sizə qalsın yaş təzəklər, yaxmalar,
Kimsəsizlik doğmalardan yaxşıdır.
Yer ver bizə, meşə, dəniz, dağ, su – yer,
Dağlar, bizə qorunacaq-qoruq ver.
Ey daşlı yol, bizə dəmir çarıq ver,
Kimsəsizlik doğmalardan yaxşıdır.
Suyer boyu üzü belə gedənlər,
Nə bilirsən nələr vardır qabaqda?
Sınıq-salxaq, səpik-tökük yolçular,
Nə bilirsən nələr vardır qabaqda?
Hərdən dayan, köç dizini qatdasın,
Ağ dəvələr kolluqlarda otdasın,
Sürü, naxır, ilxı çayı atdasın,
Nə bilirsən nələr vardır qabaqda?
Ayıq olun, öndə gedən önərlər,
Daldakılar qırılarlar, itərlər,
Cırıldayır qoşqudakı təkərlər,
Nə bilirsən nələr vardır qabaqda?
Axıb gedir gecə-gündüz bu axın,
Bu çay deyil, bu sel deyil, bəs nədir?
Gah açılır, gah yumulur, gah durur,
Bu çay deyil, bu yel deyil, bəs nədir?
Gözləmirlər yıxılanı, öləni,
Qıçlarını çəkə-çəkə gələni,
Köç qaynaşır, köpüklənir, sellənir,
Bu çay deyil, bu sel deyil, bəs nədir?
Hardan keçsə, orda yollar daralır,
Otlaqlarla, yaşıllıqlar saralır,
Beş ağaclıq bir axındır, qaralır,
Bu çay deyil, bu sel deyil, bəs nədir?
Hər gün köçdür, didərginlik,
Didərginin yer-yurdu yox.
Evi oldu, ya olmadı,
Didərginin yer-yurdu yox.
Şah da olsa gərək sına,
Kim bir yansa, o, üç yana.
Bir baxışdan yüz söz qana,
Didərginin yer-yurdu yox.
İlk yurdunu deyər, öyər,
Düşən yeri, yurdu söyər.
Dizlərini tez-tez döyər,
Didərginin yer-yurdu yox.
O axtarar öz yerini,
Su çuxurun gəzib tapar.
Dağda-daşda çırpınsa da,
Su çuxurun gəzib tapar.
Soyuq olar, solğun üzdən,
Tez oxuyar sözü gözdən,
Artıq gələr ona söz də,
Su çuxurun gəzib tapar.
Çətin işdir uyuşmağı,
İstəyinə qovuşmağı.
Yox qılığı, yovuşmağı,
Su çuxurun gəzib tapar.
Atlı gəlir, təkcə, yalqız,
Bu, tanrıdır, yoxsa adam?
Çöl üzündə, qum düzündə
Bu, tanrıdır, yoxsa adam?
Nə yükü var, nə yarağı,
Ütülmüşdür tük papağı,
Yanıb üzü, əl-ayağı,
Bu, tanrıdır, yoxsa adam?
Bir az yazıq, bir az qıvraq,
Dodaqları çatdaq-çatdaq,
Görən kimdir gələn qonaq,
Bu, tanrıdır, yoxsa adam?
– Ay yalquzaq, gəl bir dilə,
Söylə kimsən, biz də bilək,
Çörək qoyaq, yarı bölək,
Bu, tanrıdır, yoxsa adam?
– Biz üç yüz min köçəriyik,
Hindelindən ayrılmışıq.
Başçımız yox, yurdumuz yox,
Hindelindən ayrılmışıq.
Dilimizə lağ etdilər,
Ayrı-seçki yeritdilər,
Səsimizi kiritdilər,
Hindelindən ayrılmışıq.
Yer gəzirik oturmağa,
Körpələri yatırmağa,
Mal-qaranı artırmağa,
Hindelindən ayrılmışıq.
Göz gərəkdir bizi görə,
Yol araya, yol göstərə,
Düşək otlu, sulu yerə,
Hindelindən ayrılmışıq.
– Nə tanrıyam, nə də yaman,
Yaxşı, yaman bir kökdəndir.
Mən Qaraşam Mindiyardan,
Yaxşı, yaman bir kökdəndir.
Dağda-daşda at sürürəm,
Diş qıcıdıb, döş gərirəm.
Orda-burda mən görürəm,
Yaxşı, yaman bir kökdəndir.
Şah oğluyam, ancaq qaçqın,
Şahlıq üstdə qandır, qırğın,
Biri tülkü, biri quzğun,
Yaxşı, yaman bir kökdəndir.
Sizi yer-yer ötürərəm,
Suluyerə yetirərəm,
Kökünüzü bitirərəm,
Yaxşı, yaman bir kökdəndir.
– Qulaq asın, köçərilər,
Bu yan dağdır, o yan dərə.
Ot biçənlər, döl tutanlar,
Bu yan dağdır, o yan dərə.
Gündoğanın alnı açıq,
Torpaqları yapıq-yapıq,
Günbatanda şaxta, soyuq,
Bu yan dağdır, o yan dərə.
Dağ ətəyi yerlər yaxşı,
Gömgöy yeri, dağı, daşı,
Gedək, duraq şaha qarşı,
Bu yan dağdır, o yan dərə.
Yola düşün, gəlin belə,
Gedək çıxaq qoşagölə,
Çox yol vardır öndə hələ,
Bu yan dağdır, o yan dərə.
Köç tərpəndi, yola düşdü,
Sanki dəniz dalğalandı.
Gah qıvrıldı, gah açıldı,
Sanki dəniz dalğalandı.
Arvad, uşaq, qoca, yetkin,
Səpik, sökük, yorğun, əzgin,
Biri sallaq, biri üzgün,
Sanki dəniz dalğalandı.
Yükü bircə yorğan-döşək,
Varı ancaq bir baş inək.
Bir az yemək, bir az içmək,
Sanki dəniz dalğalandı.
Köç arxada, Qaraş öndə,
Səhər-axşam sisdə, çəndə,
Yol getdilər on beş gün də,
Sanki dəniz dalğalandı.
– Görən gedib kök atarmı?
Öz kökündən ayrılanlar?
Qoy yerini tapsın bir də
Öz kökündən ayrılanlar.
Kök atacaq, atmayacaq,
Yoxsa gücü çatmayacaq,
Bura könlü yatmayacaq
Öz kökündən ayrılanlar.
Tanrım, özün yardım elə,
Bu elləri tutaq dilə,
Bu yerləri doğma bilə
Öz kökündən ayrılanlar.
İrəli get, dözüm göstər,
Yenilməz ol yerin üstə,
Öz tanrından özül istə,
Öz kökündən ayrılanlar.
– Ay ariel köçərilər,
Becid olsan yer taparsan.
İti tərpən, tez-tez yeri,
Becid olsan yer taparsan.
Burda ulu Darvidel var,
Ayrı-ayrı soydur onlar,
Həm Minel var, həm Mindiyar,
Becid olsan yer taparsan.
Biz elbirə arxa duraq,
Minellini vuraq, qıraq,
Yeni şahlıq yeri quraq,
Becid olsan yer taparsan.
Darvidelli döyüşkəndir,
Başçıları ölüşkəndir,
Hər gün, hər gün dəyişkəndir
Becid olsan yer taparsan.
Üç il keçdi, beş il keçdi,
Özgə gəldi, yerli qaçdı.
Darvideli səpik düşdü,
Özgə gəldi, yerli qaçdı.
Daldan gələn iti gələr,
Hər özgədən bir şey dilər,
Tək özünü yerli bilər,
Özgə gəldi, yerli qaçdı.
Vurmaq olmur, qovmaq olmur,
Yer götürür, yerli olmur.
Yerliləri saya salmır,
Özgə gəldi, yerli qaçdı.
Arielli ağac əkdi,
Ev ucaltdı, daxma tikdi,
Nağım saldı, qanov çəkdi,
Özgə gəldi, yerli qaçdı.
Mehcə, Qammad belə dedi:
– Atmaq olmur, tutmaq olmur.
Qovulanlar yersiz qalıb,
Atmaq olmur, tutmaq olmur.
Həm qabadır, həm yazıqdır,
Həm dikbaşdır, həm sınıqdır.
Nə doğmadır, nə artıqdır,
Atmaq olmur, tutmaq olmur.
Mehcə dedi: – Qovub qıraq,
Qammad dedi: – Biclik quraq,
Qaraş dedi: – Arxa duraq,
Atmaq olmur, tutmaq olmur.
Hexa idi ozanları,
Tək oxuyub yazanları,
Onda idi elin varı,
Atmaq olmur, tutmaq olmur.
Hexa dedi: – Biz gəlmişik dinc yerə,
İşləyənə hər bir yerdə iş olar.
Biz unudaq gərək Hindel yerini,
İşləyənə hər bir yerdə iş olar.
Biz gəlmişik Minelliyə yetişək,
Bu yerlərin az-çoxuyla ötüşək,
Gəlməmişik onla, bunla didişək,
İşləyənə hər bir yerdə iş olar.
Bizi sevən gəlib bizə qovuşsun,
Sevməyənlər bizim yoldan sovuşsun,
Qan-qan deyən getsin Hindlə vuruşsun,
İşləyənə hər bir yerdə iş olar.
Bundan sonra biz Ariel oluruq,
Qaraş deyən bu yerlərdə qalırıq,
Göstərişi tanrımızdan alırıq,
İşləyənə hər bir yerdə iş olar.
Hexa dedi: - tanrı, bizə bol su ver,
Yerdir, oddur, sudur bizi saxlayan.
Tanrı, bizə bir də bol-bol inam ver,
Yerdir, oddur, sudur bizi saxlayan.
Biz Hindeldən uz döndərdik, köç olduq,
Ağır yollar yedi bizi, heç olduq,
Biz güc gəldik, onlar isə bic oldu,
Yerdir, oddur, sudur bizi saxlayan.
Arielin ağsaqqalı Hexadır,
Qocalsa da vurğun könlü yuxadır,
Göy tanrısı Atar ona arxadır,
Yerdir, oddur, sudur bizi saxlayan.
Var-yox bircə qızım qalıb, küsərdir,
Gözəlliyi atasıyçın çəpərdir,
Hansı yerdə əksən, orda bitərdir,
Yerdir, oddur, sudur bizi saxlayan.
Mindiyarın dili, eli uludur,
Dilini bil, könlünü al əlinə.
Tanıyırlar dirrik boyu onları,
Dilini bil, könlünü al əlinə.
Yaşayırlar onlar doğu boyunca,
Yerdə daşlar, göydə ulduz sayınca,
Əkib-biçir, yeyib-içir doyunca,
Dilini bil, könlünü al əlinə.
Onlar bir yol güc etməyib Hindelə,
Pisliklərin görməmişəm mən hələ,
Gərək tutaq Minellini biz dilə,
Dilini bil, könlünü al əlinə.
Üstüağ şah çox da üzüyoladır,
Əkbitəni bir alınmaz taladır.
Əkmək üçün bizə bu yer qolaydır,
Dilini bil, könlünü al əlinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-ariel-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Özgələr çoxdan görüb, sən gör ki, sən,Sən, dilimdən düşməyən, bir türküsən,
ای چشم تو را چو من جهانی شده مستدر پای تو افتاده چو گیسوی تو پست
QayıtdıBir Sona sallandı çıxdı xanadan,Süzdü, oylağına dəydi, qayıtdı.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir