Məniş söylənci
Arielli Məniş gözəl qız idi,
Gözəl elə hər bir yerdə gözəldir.
Üz dəyirmi, gözlər süzgün, boy bəstə,
Gözəl elə hər bir yerdə gözəldir.
Gözəllərin yurd yanğısı qaraydı,
Dodaqlarda bir yumuq gül paraydı,
Ürəyinin bir bölümü yaraydı,
Gözəl elə hər bir yerdə gözəldir.
Güzgü kimi duru idi gənc yaşı,
Təmiz idi yaşı kimi göz yaşı,
İlk görüşdə bəyənmişdi Qaraşı,
Gözəl elə hər bir yerdə gözəldir.
Yurd yanğısı ilk sevgini boğurdu,
Təklik onu yandırırdı, yaxırdı,
O, Qaraşa yan-yörədən baxırdı,
Gözəl elə hər bir yerdə gözəldir.
Onda Qaraş görməmişdi Mənişi,
İlk sevgini tanrı özu göndərir.
Vurulmuşdu, görməsə də o, qıza,
İlk sevgini tanrı özü göndərir.
Nə gözəldi bu Ariel gəlməsi,
Soy-kökünü Minellidən bilməsi,
Gül ipəkdən incə idi gülməsi,
İlk sevgini tanrı özü göndərir.
Ürək daşdı, göz qırpıldı bir anda,
Nə yaraşıq yaradıbsan, yaradan,
Bu gözəli göndəribsən haradan,
İlk sevgini tanrı özü göndərir.
Məniş, Qaraş bir-birinə daldılar,
Bir anlığa durub, donub qaldılar,
Bayıldılar, sanki bayğın oldular,
İlk sevgini tanrı özü göndərir.
Uyğu alıb aparmışdı Qaraşı,
Ürək görür, göz görməyir sevgidə.
Qıvrılaraq bir kolluqda yatmışdı,
Ürək görür, göz görməyir sevgidə.
Üzülmüşdü, ölüşgəyib qalmışdı,
Bir az bayqın, bir az uyğu olmuşdu,
Ac qalmaqdan yanaqları solmuşdu,
Ürək görür, göz görməyir sevgidə.
Gizli sevgi oddur, yaxıb yandırır,
Kül altında bir ocağı andırır,
Düşüncələr bu ocaqdan yan durur,
Ürək görür, göz görməyir sevgidə.
Bir Mənişi tanıyırdı gözləri,
Kirpiyinə dolaşmışdı sözləri,
Tanrı, qoru bu sevgidən bizləri,
Ürək görür, göz görməyir sevgidə.
Qaraş dedi: – Mən sevirəm Mənişi,
Bir yanmışdım, bir də yandım sevgidə.
O qız mənim ürəyimi çəkibdir,
Bir yanmışdım, bir də yandım sevgidə.
Bu çöllərin yanğısında yanaram,
Onu çöldə bitən çiçək sanaram,
Qanadlanıb saplağına qonaram,
Bir yanmışdım, bir də yandım sevgidə.
Başevdəki şah söykəncim sevgidir,
İndən belə hər söyləncim sevgidir,
Yurdum-yuvam, hər güvəncim sevgidir,
Bir yanmışdım, bir də yandım sevgidə.
Şahlığımdır gələcəkdə o, mənim,
Yazım, gülüm, bayram-bayram səmənim,
Qaraş şah yox, sevgisinə güvənir,
Bir yanmışdım, bir də yandım sevgidə.
Hexa bunu eşidərkən söylədi:
– Hər sevginin izi qalır, özü yox.
Qatar bizi bu sevgi də Minelə,
Hər sevginin izi qalır, özü yox.
Birləşərik, yurdumuz da bir olar,
O, qızıma şah önəmli ər olar,
Köçkün duşən ellərimə yer olar,
Hər sevginin izi qalır, özü yox.
Elim Minel şahlığından güc alar,
Bizə görə Hind elindən öc alar.
Üstüağ şah o ölkədən bac alar,
Hər sevginin izi qalır, özü yox.
Bu sevgini tanrı özü göndərib,
Üzümüzü ağ günlərə döndərib,
Bu sevgiylə ürəkləri dindirib,
Hər sevginin izi qalır, özü yox.
Məniş bunu eşidərkən söylədi:
– Sevgi böyük yola çıxan cığırdır.
Məni sevən gərək Hinddən öc alsın,
Sevgi böyük yola çıxan cığırdır.
Mən də onu şahlığına yetirrəm,
Üstüağı sonevinə ötürrəm,
Dörd yanını itim-itim itirrəm,
Sevgi böyük yola çıxan cığırdır.
Mən də görüb istəmişəm Qaraşı,
Burda bircə odur mənə yaraşır,
Odur bizim gələcəyə dibdaşı,
Sevgi böyük yola çıxan cığırdır.
Mən sevərəm, o, şahlığa çatarsa,
Məni alıb ağ günlərə qatarsa,
Həm Hindeli, həm Mineli tutarsa,
Sevgi böyük yola çıxan cığırdır.
Qaraş bunu eşidərkən söylədi:
– Mən sevgimin köləsiyəm, şahı yox.
Sevgi mənə hara desə gedərəm,
Mən sevgimin köləsiyəm, şahı yox.
Mən Hindelə qılıncımla çaparam,
Sevgilimin yerlərini taparam,
Onu qanlı qancıllardan qaparam,
Mən sevgimin köləsiyəm, şahı yox.
Qılıncımla sevgim qalsın yanaşı,
Basa bilməz heç bir igid Qaraşı,
Göstərərəm acıqana savaşı,
Mən sevgimin köləsiyəm, şahı yox.
Gözü yaşlı köçkünləri görənlər
Əltut olsun mənə sevən ərənlər,
Qoy ucalsın mənə sevgi verənlər,
Mən sevgimin köləsiyəm, şahı yox.
Qaraş dedi:-haydı, haydı, ərənlər,
Sərt dəmiri isti-isti döyərlər.
Köç çatmamış son yerinə qayıtsın,
Sərt dəmiri isti-isti döyərlər.
Yaraqlansın çılğın, iti köçkünlər,
Yaraqlansın qoca, ahıl, yetkinlər,
Yaraqlansın öz yurdundan sürgünlər,
Sərt dəmiri isti-isti döyərlər.
Mən alaram sevgilimin öcünü,
Başlayaram qılıncımla biçini,
Var edərəm tanrı qoyan ölçünü,
Sərt dəmiri isti-isti döyərlər.
Haydı, haydı, şişələşmiş sınıqlar,
Yer-yurdunu qoyub qaçmış yazıqlar,
Sudan çölə tullanılmış balıqlar,
Sərt dəmiri isti-isti döyərlər.
Məniş bunu eşidərkən söylədi:
– Qoşa sevgi qoşa tiyə-qılıncdır.
Mən Qaraşla yollanaram vuruşa,
Qoşa sevgi qoşa tiyə-qılıncdır.
Sevgilimin arxasında duraram,
Hindelini dənləyərəm, qıraram,
Öz evimi öz yerimdə quraram,
Qoşa sevgi qoşa tiyə-qılıncdır.
Bu döyüşdə tanrı bizə yar olsun,
Bizi gözü götürməyən kor olsun,
Ardımızca gələn dostlar var olsun,
Qoşa sevgi qoşa tiyə-qılıncdır.
Ay sevgilim, al məni də böyrünə,
Qılınc qaldır, məni çatdır yerimə,
Çevril mənim ən sevimli ərimə,
Qoşa sevgi qoşa tiyə-qılıncdır.
Görüşdülər iki sevən, iki gənc,
Sevgi kökdən qaynayanda gözəldir.
O dözmədi, bu alışdı elə bil,
Sevgi kökdən qaynayanda gözəldir.
Bir-birinə doğru gəlib susdular,
Sanki duyğu qoruğunda azdılar,
Susqunluğa çaşqın qulaq asdılar,
Sevgi kökdən qaynayanda gözəldir.
Biri hündür, köks qabarıq, bəniz ağ,
Biri yumru bir çiyələk, al yanaq,
Ağ göyərçin boz qartala ilk qonaq,
Sevgi kökdən qaynayanda gözəldir.
Bu görüşə boylanırdı tanrılar,
Xısın-xısın göz qoyurdu qarılar,
Birləşmişdi sevgi ilə ayrılar,
Sevgi kökdən qaynayanda gözəldir.
– Diz qatdayıb əyilərəm önündə,
– Yox, yox, gülüm, bu şahlara yaraşmaz.
– Ayağından öpmək üçün izin ver,
– Yox, yox, gülüm, bu şahlara yaraşmaz.
– Məni qara kölə elə qapında,
Şah yox, başsız qaçqın, küskün yapımda,
Bir düyün ol qırıq könül sapımda,
– Yox, yox, gülüm, bu şahlara yaraşmaz.
– Mənə çox da şah söyləyib danlama,
Sevgi hara, şahlıq hara, anlamam,
Məni qoyub şahlığımı yanlama,
– Yox, yox, gülüm, bu şahlara yaraşmaz.
– Mən şah olmaq istəmirəm, amandır,
Şahlıq yolu, şahlıq günü yamandır,
Üzüntüdür, uçurumdur, yarğandır, -
Yox, yox, gülüm, bu şahlara yaraşmaz.
– Şah deyiləm, bir köləyəm yanında,
– Yox, sən sevən ürəklərin şahısan.
– Mənim sevgim şahlıqlardan uzaqdır,
– Yox, sən sevən ürəklərin şahısan.
– Mən didərgin şah oğluyam, on ildir,
Yerim-yurdum bu düzəndir, bu çöldür.
Şah söyləmə, bu könlümcə deyildir,
– Yox, sən sevən ürəklərin şahısan.
Odun yığıb böyük ocaq çatdılar,
Yanım deyə, məni oda atdılar,
Ürəyimi ip eləyib dartdılar,
– Yox, sən sevən ürəklərin şahısan.
– Şah deyiləm, gülüm, sənin kölənəm,
Bu yerlərdə öz yerimi bilənəm,
"Öl yolumda" desən, gedib ölənəm,
– Yox, sən sevən ürəklərin şahısan.
– Şahlığını almalısan əlinə,
Ölçü-biçi yoxdur, gülüm, sevgidə,
Sevgim olsun gərək şahlıq zirvəsi,
Ölçü-biçi yoxdur, gülüm, sevgidə.
Sevgi gərək ucalığa çevrilə,
Üstüağın şah dam-daşı devrilə,
Hər bir şeydən uca dura sevilən,
Ölçü-biçi yoxdur, gülüm, sevgidə.
Mən bu gündən sənə könül verirəm,
Sənlə birgə döyüşlərə girirəm,
Səni Minel şahı kimi görürəm,
Ölçü-biçi yoxdur, gülüm, sevgidə.
Qoy şah olsun mənim Qaraş sevgilim,
Alsın versin köçkünlərə Hindeli,
Bunca sevir səni vurğun könülüm,
Ölçü-biçi yoxdur, gülüm, sevgidə.
Bu sevgidən qorxub çoxu çəkindi,
Hər ulusun öz duyumu, öz yolu.
"Bir gözəldir, o da şaha vurulub",
Hər ulusun öz duyumu, öz yolu.
O, Başevdən qovulubdur açığı,
Qorxuludur gözlərinin batığı,
Necə sevib Məniş belə yazığı,
Hər ulusun öz duyumu, öz yolu.
– Biz qayıtmaq istəmirik Hindelə,
Yel deyilik əsək elə, ya belə.
Şah yerinə qoyur onu qız hələ,
Hər ulusun öz duyumu, öz yolu.
Biz gəlmişik Mindiyara qarışaq,
Minel ilə oturuşaq, duruşaq,
Gəlməmişik Üstüağla vuruşaq.
Hər ulusun öz duyumu, öz yolu.
Hexa dedi: – Sıxıntıdan çıxmışıq,
Bıçaq daha dayanmışdır sümüyə.
Çox qan tökdük, çox igidlər heç oldu,
Bıçaq daha dayanmışdır sümüyə.
Belə sevgi bizə yeni yamaqdır,
Sanki qandan, çılğınlıqdan uzaqdır,
Kim şah olmaq istəyirsə sarsaqdır,
Bıçaq daha dayanmışdır sümüyə.
Gərək biz də Üstüağı şah sayaq,
Gərək gedək ayağına baş qoyaq,
Odur bizə bu yerlərdə son dayaq,
Bıçaq daha dayanmışdır sümüyə.
Qoca Hexa bu sevgini pisləyir,
O nə kölə, nə şah olmaq istəyir,
İstəyən var, o da onda, yüzdə bir,
Bıçaq daha dayanmışdır sümüyə.
Hexaçılar, Mənişçilər yarandı,
Gülə-gülə yaman girdi araya,
Dilləşdilər, dalaşdılar, susdular,
Gülə-gülə yaman girdi ortaya.
Hərə gəlib bir təzə söz buyurdu,
Söyüş ilə bir-birini doyurtdu.
Ev tikənlər evlərini ayırdı,
Gülə-gülə yaman girdi araya.
Dal çevirdi bir-birinə əkində,
Üz döndərdi, ağız əydi biçində,
İşlər, sözlər düyün düşdü çətində,
Gülə-gülə yaman girdi araya.
Məniş dedi: – Qayıdırıq Hindelə,
Hexa dedi: – Qarışarıq Minelə,
Parçalandı arielli, bax, belə,
Gülə-gülə yaman girdi araya.
Hexa çaldı dınqırını:
– Tanrı bizdən bezib deyən .
Dirrik bizə boylu olub,
Tanrı bizdən bezib deyən.
Yola getmir başbilənlər,
Yurd-yuvası sökülənlər,
Töküntüdür tökülənlər,
Tanrı bizdən doyub deyən.
Heç bilmirsən kim hardadır,
Bu ordandır, o burdandır,
Bu da tanrı yaradandır,
Tanrı bizdən doyub deyən.
Qocalmışam daha mən də,
Gəlib düşdüm yeni kəndə.
Böyük tanrı, əl tut sən də,
Tanrı bizdən doyub deyən.
Hexa bir də soraq tutdu,
Qaraş, Məniş qaçıb gedib.
O yan, bu yan axtardılar,
Qaraş, Məniş qaçıb gedib.
At yortanlar yol yordular,
Dağlar keçib, çay yardılar,
Yara töküb, qıç qırdılar,
Qaraş, Məniş qaçıb gedib.
Hamı yorğun geri döndü,
"Vay" bürüdü çölü, kəndi,
Ağlamsınıb Hexa dindi,
Qaraş, Məniş qaçıb gedib.
Əkbitəndən atlı gəldi,
Köçkünlərdən soraq bildi.
"Bu nə ulus, bu nə eldi".
Qaraş, Məniş qaçıb gedib.
Hexa dedi: – Apar bizi,
Üstüağın qulluğuna.
Sözümüz var, gileyliyik,
Üstüağın qulluğuna.
Biz Hindeldən köçəriyik,
Bir sümüyük, bir dəriyik,
Baş tutmasa gedəriyik
Üstüağın qulluğuna.
Qaraş bizi tovlayıbdır,
Qızımızı ovlayıbdır,
Tanrı bizi qovlayıbdır
Üstüağın qulluğuna.
Qadan mənə, atlı Minel,
İşlərimiz yaxşı deyil.
Biz yazığıq, bizi yetir
Üstüağın qulluğuna.
Üstüağ şah haray çəkdi:
– Ölü necə xortdayıbdır.
Düşün, yer-yer gəzin onu,
Ölü necə xortdayıbdır.
Qarbaş gəlib desin bunu,
Buraxdırıb necə onu!
Nə olacaq bunun sonu,
Ölü necə xortdayıbdır.
Qarbaş bizə dönük çıxıb,
O, Başevə qara yaxıb.
Bizə Qaraş kimi baxıb,
Ölü necə xortdayıbdır.
Arielli gəlib gəlsin,
Yer yiyəsi bizik, bilsin,
Ancaq Qaraş gərək ölsün,
Ölü necə xortdayıbdır?
Qaraş, Məniş on gün yolu yordular,
Yol adamla bir doğulub, bir gəlib.
Çox cığırdan yola, yoldan cığıra,
Yol adamla bir doğulub, bir gəlib.
Sarmaşmışdı yol cığıra, gül gülə,
Yollar, yallar vermişdilər əl-ələ,
Baxırdılar bir qaraşın gözələ,
Yol adamla bir doğulub, bir gəlib.
Pıçıltılar, hıçqırtılar, öpüşlər,
Söyləmələr, səksənmələr, gülüşlər,
Burum-burum gül yoxuşlar, enişlər,
Yol adamla bir doğulub, bir gəlib.
Atlar qoşa, yorğa, söykək, yanaşı,
Qollar belə, bel boyuna dolaşıb,
Sevgi alıb aparırdı Qaraşı,
Yol adamla bir doğulub, bir gəlib.
İlk görüşdə səni sevdim, Mənişim,
Sevgi elə ilk görüşdən başlanır.
Çəkib mənim düşüncəmi apardın,
Sevgi elə ilk görüşdən başlanır.
Sonra sənin hər sözünü xoşladım,
Sonra səndən utanmağa başladım.
Səndən başqa nəyim vardı, boşladım,
Sevgi elə ilk görüşdən başlanır.
Ayrı düşsək neynəyərik görən biz,
Bir sevgiyçin doğulmuşuq ikimiz,
Bir şahlıqdır bizim uca sevgimiz,
Sevgi elə ilk görüşdən başlanır.
Səndən başqa heç bir şeydə gözüm yox,
Daha yazıq ürəyimdə dözüm yox,
Mindiyara qayıtmağa üzüm yox,
Sevgi elə ilk görüşdən başlanır.
– Mən də səni ilk baxışdan sevmişəm,
Qız sevgisi qorxaq olur azcana.
Bu sevgini gizlətmişdim hamıdan,
Qız sevgisi qorxaq olur azcana.
Öz-özümə danışırdım, gülürdüm,
Təklənəndə, göz yaşımı silirdim,
Səni ayda bir yol görə bilirdim,
Qız sevgisi qorxaq olur azcana.
Sonra hər şey göz yaşımda əridi,
Hər şey yandı, üzərimə yeridi,
Sən gözümdə bircə igid ər idin,
Qız sevgisi qorxaq olur azcana.
Sənə görə öz atamı atmışam,
Öz sevgimə qovuşmuşam, çatmışam,
Sevgilimin öpüşünü dadmışan,
Qız sevgisi qorxaq olur azcana.
Dildə sevgi, gözdə vurğun baxışlar,
Sevgi ilə qanadlanar iki gənc.
Qucaqlaşıb öpüşürlər at üstdə,
Sevgi ilə qanadlanar iki gənc.
Düzə dönüb eniş-yoxuş, dik-dolay,
Seçilməyir doğu, batı, günlə ay,
Duyulmayır soyuq, isti, qışla yay,
Sevgi ilə qanadlanar iki gənc.
Tikanlıqda bir gözəllik duyurlar,
Baş qoyanda daşı balınc sayırlar,
Sazağı da əl istisi sayırlar,
Sevgi ilə qanadlanar iki gənc.
Dindirirlər dinməz çəni, dumanı,
Səsləyirlər qurdu, quşu, qabanı,
Oxşayırlar kolu, gülü, tikanı,
Sevgi ilə qanadlanar iki gənc.
İki könül, iki ürək qovuşub,
Bir-birinə qovuşmaqdır gözəllik.
Yaşasa da ayrı-ayrı sevgilər,
Bir-birinə qovuşmaqdır gözəllik.
Göy meşələr, iri, seyrək ağaclar,
İpəkbaxış, yaşıl-yaşıl yamaclar,
Ürkək fillər, pırıldayan turaclar,
Bir-birinə qovuşmaqdır gözəllik.
Bu, dodaqdır, yoxsa bulaq-pıçıltı,
Gülüşdəndir, yoxsa sudan şırıltı,
Göz yaşıdır, yalvarışdır sızıltı,
Bir-birinə qovuşmaqdır gözəllik.
İki güldür, bir-birinə sarmaşıq,
Yatışında, duruşunda yaraşıq.
Gecə, gündüz bir-birinə qarışıb,
Bir-birinə qovuşmaqdır gözəllik.
Qaraş dedi: – Mən daha çox sevirəm,
Heç nə ilə ölçmək olmaz sevgini.
Məniş dedi: – Mənim sevgim dənizdir,
Heç nə ilə ölçmək olmaz sevgini.
– Mənim sevgim günəş kimi sönməzdir,
– Mənim sevgim çaylar kimi dönməzdir,
– Mənim sevgim dağa bənzər, enməzdir,
Heç nə ilə ölçmək olmaz sevgini.
– Sən bir gülsən, gözəl, mənim gözümdə,
– Sən bir dağsan mənə bu yer üzündə,
– Mənim sevgim gül-gül olub üzümdə,
Heç nə ilə ölçmək olmaz sevgini.
– Sevgi məndə bitən qızıl çiçəkdir,
– Sevgi məndə alovlanan ürəkdir, -
– Sevgi yoxsa, dirrik nəyə gərəkdir?
Heç nə ilə ölçmək olmaz sevgini.
Durulaşır, gözəlləşir sevənlər,
Tanrım, sənin yerdə kölgən sevgidir.
Uşaqlıqdan bitkinliyə keçiddir,
Tanrım, sənin yerdə kölgən sevgidir.
Həm ağlayır, həm sevinir, həm yanır,
Sevgi boyu bir sevincdir hər anı,
Od-alovdur, gül-çiçəkdir hər yanı,
Tanrım, sənin yerdə kölgən sevgidir.
İgidlikdir, ötkəmlikdir, birlikdir,
Hər ağrıya yatım olan dirrikdir,
Yetkinlikdir, ucalıqdır, birlikdir,
Tanrım, sənin yerdə kölgən sevgidir.
Nə önü var, nə sonu var onun da,
Bir sınaqdır tanrıların yanında,
Bir ağrıdır sevinclərin sonunda,
Tanrım, sənin yerdə kölgən sevgidir.
Bir gün axşam dağ çayının yanında
Yaxaladı naxırçılar onları.
Yatmışdılar burda qoşa, qolboyun,
Yaxaladı naxırçılar onları.
Şəlitləndi bir-birinə iki gənc,
Söyüşləri, baxışları dar, iyrənc,
Yox bir arxa, bir söykəniş, bir güvənc,
Yaxaladı naxırçılar onları.
Nə var idi əllərindən alındı,
Əl-ayağı, döş-başları yalındı.
Bax, beləcə onlar yola salındı,
Yaxaladı naxırçılar onları.
İki gənci yolda tez-tez vurdular,
Çox söz alıb soruşdular, sordular,
Sonda gəlib şah önündə durdular,
Yaxaladı naxırçılar onları.
Hindel şahın uca idi Başevi,
Başev şahın iç varını göstərir.
Fil sümüyü, yontu mərmər, su daşı,
Başev şahın iç varını göstərir.
Qalın, iri söykəncləri tutumlu,
Oturacaq ipək-pambıq, batımlı,
Oynaq gəzən incə qızlar yatımlı,
Başev şahın iç varını göstərir.
İncə-incə işləmələr göz çəkir,
Çox gözəldir, çox görkəmli tək-təki,
Ürəklərə sevinc əkir, gül əkir,
Başev şahın iç varını göstərir.
Gənclər durub dinmir, tutqun, bükülü,
İçlərində sevgi evi sökülü.
Üzlərindən acıq yağır, tökülür,
Başev şahın iç varını göstərir.
– Şah, mən Qaraş, şah yerinci Qaraşam,
Şahım, şahlıq doğruluğu sevməyir.
Soyum Minel, yurdum isə Mindiyar,
Şahım, şahlıq doğruluğu sevməyir.
Biz qaçmışıq köçkünlərin içindən,
Ayrılmışıq köçkün Hindel köçündən.
Hər yer bizə dardır dar ev biçimdə,
Şahım, şahlıq doğruluğu sevməyir.
Üstüağ şah məni oddan keçirib,
Mənə oddan acı ağı içirib.
Könlümdəki söykəncləri uçurub,
Şahım, şahlıq doğruluğu sevməyir.
Biz üz qoyub dağı-daşı gəzirik,
Hər bir koldan sevgi gülü üzürük,
Bu düz yolda hər acıya dözürük,
Şahım, şahlıq doğruluğu sevməyir.
Hindel şahı sevinc içrə söylədi,
– Mindiyarda Üstüağ şah böyükdür.
Ona hər il çoxlu verinc veririk,
Mindiyarda Üstüağ şah böyükdür.
Bizim Hindel üç yol sizə basılıb,
Gəlib yenə öz yurduna qısılıb.
Boynumuzdan vergi ipi asılıb,
Mindiyarda Üstüağ şah böyükdür.
Bəs sən niyə Üstüağdan inciksən,
Bunun üçün hələ sən çox kiçiksən,
Sən düyün ip, sən dolambac gədiksən,
Mindiyarda Üstüağ şah böyükdür.
**Verinc-xərac
Necə olub sən onlardan qaçıbsan,
Gəlib kolluq içrə qanad açıbsan,
Atıb eli tək bu qızı qucubsan,
Mindiyarda Üstüağ şah böyükdür.
Biz Bacarla vuruşuruq bir aydır,
Yalançıya döyüş yaxşı sınaqdır.
Get vuruşa sən də qancıl Bacarla,
Yalançıya döyüş yaxşı sınaqdır.
Mineldəndir Bacarın da soy-kökü,
Get, de, bizdən qoy əl çəksin o tülkü,
Çatar ona sənin, deyən bu ərkin,
Yalançıya döyüş yaxşı sınaqdır.
Ox batmayır, bizuc, balta Bacara,
Boy hündürdür, qol güclüdür, üz qara.
Öz yerini bu vuruşda sən ara,
Yalançıya vuruş yaxşı sınaqdır.
Yaraq götür, atlı götür, yola düş,
Bu səninçin həm yürüşdür, həm görüş,
Yoxsa bitməz Bacar ilə bu döyüş,
Yalançıya vuruş yaxşı sınaqdır.
– Gözəl Məniş, mən gedirəm döyüşə,
Sən arxamca su at, mənə uğur de.
Alın yazım olacaqdır bu döyüş,
Sən arxamca su at, mənə uğur de.
Üstün gəlsəm, qonaq olluq Hindelə,
Basılarsam, biz dönərik Minelə,
Gözlə məni, gözlə məni sən hələ,
Sən arxamca su at, mənə uğur de.
Ölsəm, gözəl, qal yurdunda, get ərə,
Tutaq olsam qayıt bizim yerlərə,
Doğduğunun adını qoy güllərə,
Sən arxamca su at, mənə uğur de.
Sənə görə mən götürdüm bu yolu,
Mən gedirəm öz sevgimdə var olum,
Gedirəm ki, acıqandan bac alım,
Sən arxamca su at, mənə uğur de.
– Öz yurduma qaytarmısan məni sən,
İndi sənsən mənim yurdum, ürəyim,
Gözləyirəm səni gündə neçə gün,
İndi sənsən mənim yurdum, ürəyim.
Sən qaytardın məni doğma yurduma,
Didərginlik adı qoydun adıma,
İstəyirəm gedim ora yardıma,
İndi sənsən mənim yurdum, ürəyim.
– Get, sevgilim, uğur sənin olacaq,
İkimizdən burda bir ad qalacaq,
İki ürək bir sevgilə dolacaq,
İndi sənsən mənin yurdum, ürəyim.
Mən Mənişəm, sənin sevgi qardaşın,
Səninləyəm mən hər yerdə yanaşı,
Bunu deyər sən dindirsən hər daşı,
İndi sənsən mənim yurdum, ürəyim.
Qaraş çapdı getdi beş gün, beş gecə,
Gecə, gündüz qoşa atdır, ağ, qara,
Nə gecədə, nə gündüzdə dayandı,
Gecə, gündüz qoşa atdır, ağ, qara.
Arxasınca Hind toplumu gəlirdi,
Onlar nələr olacağı bilirdi,
Hələ çoxu ona daldan gülürdü,
Gecə, gündüz qoşa atdır, ağ, qara.
Bacar isə gözləyirdi bir aydı,
Gərək Hindel ölkəsini alaydı,
Bu ölkədə böyük Xaqan olaydı,
Gecə, gündüz qoşa atdır, ağ, qara.
Onca ölkə tutmaq olmaz döyüşsüz,
Onca üstün olammazsan vuruşsuz.
Birincilik bilinərmi yarışsız,
Gecə, gündüz qoşa atdır, ağ, qara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-menis-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İşdayağa soraq çatdı Xançudan.Çinellilər hindellilər birləşib.
Qarbaş söylənciŞah çağırdı qulluğuna Qarbaşi.Son ayaqda yaxın yoldaş arxadır,
Mehcə söylənciDarvidelsə qız göndərir Başevə,Öç azalır, qızla, sözlə, bağışla.
Yerinc söylənciYerinc evi bəzənmişdi toysayaqBəzək-düzək qabalığı azaldır.