Düzər Bacar görüşdülər,
Görüş, öpüş gözəllikdir.
Bir-birinə sarmaşdılar,
Görüş,öpüş gözəllikdir.

İkisi də uça, hündür,
Biri Gücər, biri Turər,
Ordan bura bir il yoldur,
Görüş, öpüş gözəllikdir.

– Mənə gəlsin qadan-bəlan
De, hardadır Gücər babam,
– Gedək səni gözlər atam,
Görüş, öpüş gözəllikdir.


Yol getdilər, at yortdular,
Gücər ata, gözlə bizi.
Mən Turərin ilk oğluyam,
Gücər ata, gözlə bizi.

Nənəm yenə yola baxır.
Yola salıb Turu, Baxı,
Danışdırır dağı-daşı,
Gücər ata, gözlə bizi.

Böyük, geniş Minel yurdu,
Yollar alıb məni yordu,
Mən Xançuya yiyə durdum,
Gücər ata, gözlə bizi.


Qucaqlaşdı sonevilə,
Tanrı bizə dözüm versin.
Öpüşdülər, ağladılar,
Tanrı bizə dözüm versin.

Bacar dedi: – İyid Düzər,
Orda nələr, burda nələr,
Nənən buna necə dözər,
Tanrı bizə dözüm versin,

Ata düşdü, yaşa doldu,
Qulaq batdı, göz tutuldu,
Başın üstün ölüm aldı,
Tanrı bizə dözüm versin.


– Şah olubdur böyük Turər,
Bu Mindiyar ölkəsində.
Neçə yüz el birləşdirib
Bu Mindiyar ölkəsində.

Sənin iki qardaşın var,
Adları da Coşar, Daşar.
Yaraqlıdır, ərdir onlar,
Bu Mindiyar ölkəsində.

Bir gün qonaq gələcəyəm,
Sizlə deyib güləcəyəm,
Ölsəm burda öləcəyəm
Bu Mindiyar ölkəsində.


Dirrik özü nə deməkdir,
Çalış, seviş, duruş, barış,
Min-minlərin istəyidir
Çalış, seviş, duruş, barış.

Eldə dinclik, düzlük yaxşı,
Barışın var min-min yaşı,
Durub gücə, qana qarşı,
Çalış, seviş, duruş, barış.

Adam dibdən əyri deyil,
Bir-birindən ayrı deyil,
Yox, tanrıdır, tanrı deyil,
Çalış, seviş, duruş, barış.


Çox yaşadı bir ölkədə
Çinellilər, Minellilər.
Qız verdilər, qız aldılar
Çinellilər, Minellilər.

Qardaşlaşdı uşaqları,
Yanar qaldı ocaqları,
Bölmədilər torpaqları,
Çinellilər, Minellilər.

Ta yox idi gözü qıpıq,
Öc saxlayan içi qırıq,
Nə alçalan, nə də yazıq,
Çinellilər, Minellilər.


Yaxşılara ötkəmlik ver
Ulu ocaq, ulu tanrı,
Yaxşıları yaxşı elə,
Ulu ocaq, ulu tanrı.

İstər ağ, ya sarı olsun,
Bircə səndən varı olsun,
Yaranışı duru olsun,
Ulu ocaq, ulu tanrı.

İsit, durult, çoxalt qanı,
Ərlik, dirrik, birlik hanı?
Ayılt bizi sonra tanı,
Ulu ocaq, ulu tanrı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви