Əkbitənə qonaq bol-bol gəlirdi,
Başev idi ölkələrə Əkbitən.
Bura böyük alqı-satqı yeriydi,
Başev idi ölkələrə Əkbitən.

Bura gəlir yerli, yersiz olanlar,
At, ot, dəvə, kölə yaraq alanlar,
Kimsəsizlik yollarında qalanlar,
Başev idi ölkələrə Əkbitən.

Üstüağı üstün gücda, bacarda,
Dolu-dolu saxlancları açarda.
Atlıları iti uçar uçardan
Başev idi ölkələr Əkbitən.


Üstüağın oturağı bəzəkli,
Göz oxşayır inci içrə bər-bəzək.
Şah börkünda durudaşlar, sudaşlar,
Göz oxşayır inci içrə bər-bəzək.

Bu Başevin üç min ildir özülü,
Gurgurlarda qızıl işıq süzülür.
Qızılayaq söykəncləri düzülu,
Göz oxşayır inci içrə bər-bəzək.

Güldən gözəl qızlar birgə oynayır,
Qara gözlər ulduz-ulduz parlayır,
Dınqır çalan qız barmaqlar qanayır,
Göz oxşayır inci içrə bər-bəzək.


Balasq-elçi deyir Minel dilində:
– Alqı-satqı yol deyildir, damardır.
Gəmilərim suboğazda, körfəzdə,
Alqı-satqı yol deyildir, damardır.

Yük gətirək, yük götürək buradan,
Götürülsün gərək küsü aradan,
Bir yaradıb bizi böyük yaradan,
Alqı-satqı yol deyildir, damardır.

Biz gələndə üç su yolu keçmişik,
Gəliş-gediş yollarını ölçmüşük,
Özümüzə sizi qardaş bilmişik,
Alqı-satqı yol deyildir, damardır.


– Enli gəmi gətirmişik satdığa
Dənizləri yarıb keçən gəmidir.
Çinə getmək su yoluyla qolaydır,
Dənizləri yarıb keçən gəmidir.

Gəmiləri biz qoyuruq satdığa,
Yol vermərik bir kiçicik artığa,
İstəsəniz dəyişərik pambığa,
Dənizləri yarıb keçən gəmidir.

Üstüağın gəmiləri çox idi,
Ancaq Balasq bağlaşması yox idi,
Darvidellə əltutmalar sıx idi,
Dənizləri yarıb keçən gəmidir.


Çıxdı Qaraş özü yerinc yerinə,
Yerinc şahdan güclü olar yerində.
Baş ər qoydu Başevində Qammadı,
Yerinc şahdan güclü olar yerində.

Vergi yığdı, Əkbitənə vermədi,
Ölkə açlıq içindəydi, görmədi,
Üstüağla barışığa girmədi,
Yerinc şahdan güclü olar yerində.

Küsu, acıq tökülürdü üzündən,
Qan damırdı hər acıqlı sözündən,
Küsü vardı, öc, üzüntü gözündə,
Yerinc şahdan Güclü olur yerində.


Gecə-gündüz öz içini yeyirdi,
Küsü çəndir, acıq oddur meşədə.
Arıqlayıb öz odunda yanırdı,
Küsü çəndir, acıq oddur meşədə.

Elçiləri Çinə, Hində gedirdi,
Günü sayıb aydan nəsə güdürdü,
Öz içini yeyib hər gün didirdi,
Küsü çəndir, acıq oddur meşədə.

Öz qızını verdi ona xalası,
Toxdamadı yenə gizli yarası.
Sevinmədi İşdayağın balası,
Küsü çəndir, acıq oddur meşədə.


Qan düşünüb günü qara qan oldu,
Qanla yudu acığını o qancıl,
Əkbitənə gizli yürüş yapdı o,
Qanla yudu acığını o qancıl.

Neçə mini qılıncından keçirtdi,
Neçə minə qanı su tək içirtdi,
Neçə mini qovub yurddan köçürtdü,
Qanla yudu acığını o qancıl.

Qarbaş çıxdı qabağına enişdə,
Yaraladı o, Qarbaşı döyüşdə,
O göndərdi Üstüağa söyüş də,
Qanla yudu acığını o qancıl.


Gəlib durdu qabağında Üstüağ,
Dur qardaşın qabağında yaraqsız,
Sağ əlində bircə tutaq var idi,
Dur qardaşın qabağında yaraqsız.

Qaraş vurdu, vurdu, qolu yoruldu,
Dəmir tutaq neçə yerdən yarıldı.
Birdən qılınç parçalandı, qırıldı,
Dur qardaşın qabağında yaraqsız.

Topbuz, bizuç, balta düşdü əlindən,
İti bıçaq o çıxartdı belindən,
Qatı söyüş, alçaq sözlər dilində,
Dur qardaşın qabağında yaraqsız.


Qardaş dedi öz yolunu dəyişdi,
Yaraq tutmaz bunca qardaş qardaşa.
Acığından yandı, yandı töküldü
Yaraq tutmaz bunca qardaş qardaşa.

Birdən durdu, son gücünü topladı,
Bıçağını öz köksünə sapladı,
Ürəyində qan tuluğu partladı,
Yaraq tutmaz bunca qardaş qardaşa.

Son güc, son qan, son söz bu da son vuruş,
Deyin, kimə gərək idi bu duruş,
Dön tanrıdan özün bunu sən soruş,
Yaraq tutmaz bunca qardaş qardaşa.


Darvidelə yürüş etdi Üstüağ
Yanqı, acıq qılıncdan da itidir.
Neçə oba, neçə min ev dağıldı,
Yanğı, acıq qılıncdan da itidir.

Qalın tüstü örtdü, göyü, günəşi,
Şah Mehcənin gəlinilə üzləşir,
Qucağına alır körpə Qaraşı,
Yanğı, acıq qılıncdan da itidir.

Körpə gülür, şah elə bil ayılır,
Ürəyinə bir doğmalıq yayılır,
Acıq keçir, ancaq gözlər qıyılır;
Yanğı, acıq qılıncdan da itidir.


Mehcə, Qammad düşür qanlı əllərə,
Tapşırılır sevgiləri yellərə,
Söylənc olur, qalır doğma ellərə.
Yanğı, acıq qılıncdan da itidir.

Başev dözmür bu yürüklü savaşa,
Verir toplu vergiləri Qarbaşa,
Qılınc çəkməz bunca qardaş qardaşa,
Yanğı, acıq qılıncdan da itidir.

Qammadçılar dənizəcən qovulur,
Saxlancların varı göyə sovrulur,
Döyüşlərdə qılınç qalxan yorulur,
Yanğı, acıq qılıncdan da itidir.


Əkbitənə üstün dönür Üstüağ,
Körpə Qaraş qollarının üstündə,
Deyir, - özüm böyüdərəm körpəni
Körpə Qaraş qollarının üstündə.

Qoy bu Qaraş Mindiyara şah olsun,
Acıqanın işi-gücü vay olsun,
Qoy Turərə İşdayağa tay olsun,
Körpə Qaraş qollarının üstündə.

Körpə baxır şaha, gülür, oynayır,
Qara, duru qoşa gözlər qaynayır,
Şah Başevin qapısında dayanır,
Körpə Qaraş qollarının üstündə.


Gücləndikcə, yaxın, uzaq qonşular,
Qorxurdular Mindiyardan, Mineldən,
Balasq, Misir, Asur, İlam, Hind, Çinel,
Qorxurdular Mindiyardan, Mineldən.

Dənizlərdən dənizlərə yolları
Gəmiləri, sürüləri, malları,
Hardan hara uzanmışdı, qolları,
Qorxurdular Mindiyardan, Mineldən.

Satqılarda durudaşı, göydaşı,
İyid idi, gənci, əri, çalbaşı.
Dönməz idi, Üstüağı, Qarbaşı,
Qorxurdular Mindiyardan, Mineldən.


Yelçəkəndən Yeləsənə Mindiyar,
İki Qobu, iki Boğaz arası,
Günçıxandan, Günbatana Mindiyar,
İki Qobu, İki Boğaz arası.

Bir yan söykgənc uzaq-uzaq buzlağa,
Bir yan keçid körfəz yuyan duzlağa
Söykənirdi, yüz ölkəyə, yüz dağa,
İki Qobu, iki Boğaz arası.

Geniş idi, çox uzunsov çevrəsi,
Dənizlərdə yüz-yüz gəmi, bərəsi,
Ellərinin ağı, göyü, qarası,
İki Qobu, iki Boğaz arası.


Burda idi Ahurmuzda inancı,
Suya, oda bağlı olub adamlar.
Yaxşılıqla Əhriməni qovublar,
Suya, oda bağlı olub adamlar.

Ahumuzda yaradıbdır hamını,
Tay-tay açıb yaxşılıqla qapını,
Yaxşılıqdan hörüb uca damını
Suya, oda bağlı olub adamlar.

Qoyun kəsib, atla, dəvə oçağa,
Bolluq gəlib çölə, düzə otlağa,
Pislik qorxub çəkilibdir qırağa,
Suya, oda, baqlı olub adamlar.


İldə bir yol ocaq başı dolurdu.
Kəsilərin qanı düzü alırdı.
Göylə yerin birgəliyi qalırdı.
Suya, oda bağlı olub adamlar.

Ocaqları Yastıdağda, Düzgöldə,
Üç yol gəlir şah ocağa bir ildə,
İldə üç yol ölgünlüyü dirildər,
Suya, oda bağlı olub adamdır.

İç qatına inam, inanc dolanda,
Yaradandan yarıt gücü alanda,
Sudan duru, aydan arı olanda,
Suya, oda bağlı olub adamlar.


– Diriləşdik, durulaşdıq bu odla,
Baxış iti, qılınc iti, əl iti,
Bizə güc ver acıqandan öc alaq.
Baxış iti, qılınc iti, əl iti.

Mindiyarın şahı mənəm Üstüağ,
Yardım göstər Asur şaha biz bataq,
Onu alıb bu ölkəyə biz qataq,
Baxış iti, qılınc iti, əl iti.

Böyük Tanrı, oçağımı alışdır,
Dəçlə, İrtış çaylarımı calaşdır,
Mənim şahlıq duyumumu bollaşdır
Baxış iti, qılınc iti, əl iti.


Şah yenicə qayıtmışdı ocaqdan,
Yeni ocaq qalanmışdı gözündə.
Asur toplum göndərmişdi Minelə
Yeni ocaq qalanmışdı gözündə.

Kobudluqda adam deyil, yabadır,
Qaniçəndir, gözü, başı qabadır,
Bura çəkən onu buğda, arpadır,
Yeni ocaq qalanmışdı gözündə.

Şahla Qarbaş getdi böyük savaşa,
İlameldə qoçlar gəldi baş-başa,
Yer qoymadı sözə, dilə, barışa,
Yeni ocaq qalanmışdı gözündə.


– Az lovğalan Asur şahı, bu yerdə,
Yelə verər var-yoxunu lovğalar.
Lovğa sənsən, var, vergidən doymursan,
Yelə verər var-yoxunu lovğalar.

– Mən gəlmişəm çapım bu bol ölkəni
Qılınclaram səni, sənin kölgəni.
– Çox güclüdür sənin şahlıq görkəmin,
Yelə verər var-yoxunu lovğalar.

– Mənə buğda, arpa, saman gərəkdir,
Bilirdim ki son istəyin çörəkdir.
– Toplumumda ac olmayam tək-təkdir,
Yelə verər var-yoxunu lovğalar.


– Üstüağla üzləşməyə gəlmişəm,
Gedişləri poza bilər bu gəliş.
Gəl, qılınca əl atmadan danışaq.
Gedişləri poza bilər bu gəliş.

– Mən qılıncla danışıram döyuşdə,
Qılınc mənə əl tutubdur hər işdə,
– Basılarsan bu lapbadan yürüşdə,
Gedişləri poza bilər bu gəliş.

Mən basılmaz, gənc bir şaham, on ildir,
Sən Üstüağ olduğumu nə bildin?
Kim basıldı daha o, şah deyildir,
Gedişləri poza bilər bu gəliş.


Üstüağın boy-buxunu iriydi.
Döyüşlərdə yaraq işlət, tez-tov ol.
Asur şahı qoxutmurdu bu görkəm,
Döyüşlərdə yaraq işlət, tez-tov ol.

Mindiyarın ərlərinin hoy-hoyu,
Acıqanı qaçar qoyur çöl boyu,
İti oxlar göz çıxarır, göz ovur,
Döyüşlərdə yaraq işlət, tez-tov ol.

Qılınclaşma, topbuzlaşma oxlaşma,
İki yanda seyrəkləşmə, sıxlaşma,
Düşür Asur sırasına çaxnaşma,
Döyüşlərdə yaraq işlət, tez-tov ol.


– Gəl, güləşək, ahay böyük Asur şah.
Dözüm dizdə, güc güləşdə bəllənər.
Kim basıldı özü geri otursun,
Dözüm dizdə, güc güləşdə bəllənər.

– Çox arxayın danışırsan, Üstüağ,
Öpər sənin kürəyini bu torpaq.
– Gəl, sonrakı barışığa yer qoyaq.
Dözüm dizdə, güc güləşdə bəllənər.

– Sən güləşçi Asur şahsan, bəllidir,
Ancaq başın havalıdır, yellidir.
Mən cavanam, sənin yaşın əllidir,
Dözüm dizdə, güc güləşdə bəllənər.


– Mindiyarı böyüdürsən günbəgün,
Bu gedişlə böyük qalmaq çətindir.
Ayağını yerin boyda uzat sən.
Bu gedişlə böyük qalmaq çətindir.

– Suboğazdan Xançuyacan Mindiyar,
Ordan bura 50 günə at çapar,
Gəl, güləşək, görüm səndə nə güc var,
Bu gedişlə böyük qalmaq çətindir.

– 600 min köləm vardır qurd basan.
Onlardan da biri sən qurd olarsan,
Onda sən də öz adını alarsan,
Bu gedişlə böyük qalmaq çətindir.


– Ölkəm-Körfəz, Xançu, Qobu, Buzboğaz,
Tanrıların ölkəsidir Mindiyar.
Uc-bucağı görünməyən dördbuçaq,
Tanrıların ölkəsidir Mindiyar.

Bu ölkədə min el, min yurd yerləşir,
Ağ qarayla, qurd quzuyla birləşib,
Bu yerlərin atı, qurdu ərləşib.
Tanrıların ölkəsidir Mindiyar.

Ərənləri ölkəbasan qurdbasan,
Yırtıcılar arasında ov busan,
Tanrılara mahnı qoşan, söz yazan,
Tanrıların ölkəsidir Mindiyar.


Güləşdilər, yer şumlanıb qazıldı,
Torpaq dizdən, yer dirsəkdən güc alır.
Üç gün çəkdi süpürləşmə, güləşmə,
Torpaq dizdən, yer dirsəkdən güc alır.

Geyimləri dağım-dağım dağıldı,
Hərdən bu şah, hərdən o şah bağırdı,
Bu tutaşa min-min ərən baxırdı,
Torpaq dizdən, yer dirsəkdən güc alır.

Üçüncü gün onlar döndü tapdağa,
Asur şahın beli gəldi torpağa,
O güc verdi sözə, dişə, dırnağa,
Torpaq dizdən, yer dirsəkdən güc alır.


Asur şahdan üz döndərdi yüz min ər,
Eli, yurdu diri tutan başçıdır.
Yaraqları yerə qoyub durdular,
Eli, yurdu diri tutan başçıdır.

Asur şahı bu güləşlə basıldı,
Əllərindən qara kəndir asıldı,
Adı kölə sırasında yazıldı,
Eli, yurdu diri tutan başçıdır.

Asurelli, min-min kölə, şah kölə,
Qabaqdasa çox döyüşlər var hələ,
Qapı oldu Mindiyara, Minelə,
Eli, yurdu diri tutan başçıdır.


Yol açıldı uzaq dəniz yoluna.
At yolundan yeydir gəmi yolları.
İndi uzaq-uzaq yollar sudandır,
At yolundan yeydir gəmi yolları.

Açılmışdı üç dənizə beş qapı,
At gəmilər dənizlərdə yel çapır,
Mindiyardan ölkələrə yol tapır,
At yolundan yeydir gəmi yolları.

Gəmilərin gömgöy sudan yolları,
Avar çəkər kölələrin qolları,
Gedib-gələr Mindiyarın malları,
At yolundan yeydir gəmi yolları.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов