İlk sevgi söylənci
Hər yer, hər yurd dəyişirdi büsbütün
Dəyişməyən çürüyəcək, öləcək,
Yer, göy, adam, dağ-daş, zəmi, nə ki var,
Dəyişməyən çürüyəcək, öləcək.
Ölkələrdə, diyarlarda,yurdlarda,
Doğulurdu yeni-yeni adlarda.
Ot bitirdi kəsəklərdə, çatlarda.
Dəyişməyən çürüyəcək, öləcək.
Dəyişməyən bulud, günəş, tanrıdır
Bir də oddur, bir də ana bağrıdır.
Qalan nə var, dəyişməyə doğrudur,
Dəyişməyən çürüyəcək, öləcək.
Kim dəyişdi, nə dəyişdi, o qaldı,
Yaşamağın yolu birdir, dəyişmək.
Dəyişməyən ölüşkəyib qartacaq,
Yaşamağın yolu birdir,-dəyişmək.
Çox böyüdü, artdı el-el Mindiyar,
Yeni yerlər, yeni adlar, adamlar.
Mindiyarda böyük tanrı gücü var,
Yaşamağın yolu birdir,-dəyişmək.
Mindiyarın ağdan idi başrağı,
Başraq altda çoxalırdı torpağı,
Çox gəlirdi, çox gedirdi qonağı,
Yaşamağın yolu birdir,-dəyişmək.
Vurulmuşdu bir gözələ Üstüağ,
Sevgi şahda, dilənçidə bir olur.
Qobuyerdə öz soyundan qız idi,
Sevgi şahda, dilənçidə bir olur.
Götükcəydi Manay ulu Qızbaxa,
Ad qoymuşdu Qızbax ana torpağa,
Vurulmuşdu şah da o al yanaqa,
Sevgi şahda, dilənçidə bir olur.
İstəyirdi Üstüağı Manay da,
Görüşmüşdü bir görüşlü dolayda,
Doğulmuşdu onlar bir gün, bir ayda
Sevgi şahda, dilənçidə bir olur.
Dəyişmişdi başdan-başa Üstüağ,
Sevən bir az küskün olur, kal olur.
Dindirmirdi anasını, Qaraşı,
Sevən bir az küskün olur, kal olur.
Birdən bir ay, evdən, gözdən itirdi.
O gizlicə Qobuyerə gedirdi,
Gedib elə qarışırdı, itirdi.
Sevən bir az küskün olar, kal olar.
Manay yaraq oynadırdı əlində
Qılınc, balta, bıçaq, ataq belində,
Sərt yapışıq, sərt söz şirin dilində,
Sevən bir az küskün olar, kal olar.
Onlar qoşa at çapırdı, gəzirdi
Bu sevgini tanrı özü görürdü.
Sevinc indi quru söz də onlara,
Bu sevgin tanrı özü görürdü.
Dil açmışdı, danışırdı çiçəklər.
Çimişirdi şah gölündə diləklər,
Danışırdı daşlar, döşlər, ətəklər,
Bu sevgini tanrı özü görürdü.
Ağ buluddan günəş yaşmaq tuturdu.
Ay utanıb dağ dalında batırdı,
Gül yollara gül qoxusu qatırdı.
Bu sevgini tanrı özü görürdü.
Güllər sevgi öyrənirdi onlardan,
Çiçəklər də sevənləri sevirlər.
Sərilirdi ayaqları altına.
Çiçəklər də sevənləri sevirlər.
Gül gülüşlə çağırırdı onları.
Güzgülüydü güllər ilə yolları,
Birləşirdi ürəkləri, qolları.
Çiçəklər də sevənləri sevirlər.
Baş yuxulu, qalan bir cüt göz idi.
İsməkləri gülüş idi, söz idi.
Öpdükləri gül gülüşlü üz idi,
Çiçəklər də sevənləri sevirlər.
– Çoxdan idi, gülüm, sənə göz idim.
– Sevənlərə nə eləsə göz elər.
– Gizli gəlib sənə baxıb güdürdüm,
– Sevənlərə nə eləsə göz elər.
– Sənsiz qala bilməyirdim özümdə,
Uşaq kimi kövrəlirdim dözümdə.
Neçə ildir qalıb gözüm gözündə,
Sevənlərə nə eləsə göz elər.
Mənə, gülüm, sən şahlıqdan ucasan,
Qız könlünü gərək mənə açasan.
Şah evinə ay tək işıq saçasan,
Sevənlərə nə eləsə göz elər.
– İstəyimdə nəsə qorxu duyuram,
Sevgi bütün anlaqlardan ucadır.
Mən özümü hərdən yazıq sanıram.
Sevgi bütün anlaqlardan ucadır.
Heç bilmirəm Başev məni sayarmı,
Duyğulanıb sevgimizi duyarmı,
Uçar-uçar yaşamağa qoyarmı,
Sevgi bütün anlaqlardan ucadır.
– Başev azdır, səni Minel sevəçək,
– Minel artıb olub indi Mindiyar.
– Sənə Minel sevgi şahı deyəcək,
Minel artıb olub indi Mindiyar.
Sonev də var, son söz də var, son yol da
Heç bir işdə son cızığa varma sən.
Bir yer saxla son görüşə, son sözə.
Heç bir işdə son cızığa varma sən.
Gördün dözüm son çızığa dayandı,
Acıqanın gözü qana boyandı.
Yerə vurma son inamı, son andı,
Heç bir işdə son cızığa varma sən.
Son gəlibsə yay gününü qış tutar,
İpək könlü sal buzlardan daş tutar,
Acıqanın acıqları baş tutar,
Heç bir işdə son cızığa varma sən.
Çox getdilər, gündüzləri yordular,
Gecə-gündüz, yay-qış yoxdur sevgidə.
Oyaq qalıb gecələri yordular,
Gecə-gündüz, yay-qış yoxdur sevgidə.
Yollar- yallar, eniş-yoxuş dağ idi,
Göllər güzgü, çaylar boyun bağıydı,
Burda doğu, orda batı çağıydı,
Gecə-gündüz, yay-qış yoxdur sevgidə.
Qovmuşdular gözlərindən yuxunu,
Yırtıçıdan, seldən, sudan qorxunu,
Görmürdülər, deyən batı, doğunu,
Geçə-gündüz, yay-qış yoxdur sevgidə.
– Sənsən böyük Mindiyarın gəlini,
Gəlin elə şah deməkdir Başevdə.
Mən şahamsa, sən də mənim şahımsan.
Gəlin elə şah deməkdir Başevdə.
Orda hamı öz yerini biləndir,
Orda hamı, gülüm, sənin köləndir,
"Öl" söyləsən, bil ki, hamı öləndir,
Gəlin elə şah deməkdir Başevdə.
Manay, sən ki, mənim ulu soyumsan
Sən anamın gəlinisən, Toyusan,
Gözəllikdə günəşimsən, ayımsan.
Gəlin elə şah deməkdir Başevdə.
Sevgi tutub əllərindən apardı.
Görgörün də şah tanrısı sevgidir.
Qoşalaşıb qarışdılar görgörə.
Görgörün də şah tanrısı sevgidir.
Nağıllaşıb onlar çox-çox getdilər
Çapıb, çapıb çaparları ötdülər,
Dağda-daşda, meşələrdə itdidər,
Görgörün də şah tanrısı sevgidir.
Sevgi birdir iki gəncə verirlər
O yuxudur, bir yuxuya girirlər,
Nə görsələr ikilikdə görürlər,
Görgörün də şah tanrısı sevgidir.
– Biz hardayıq, hara belə Üstüağ.
– Nə görürsən burda sevgi adlanır,
– Mən qorxuram bu yerlərdən Üstüağ,
– Nə görürsən burda sevgi adlanır.
– Mən qorxuram bu sevgidən, sevgilim,
Başevi yox, gərək səni ev bilim.
Məni hara aparırsan, ay gülüm.
Nə görürsən burda sevgi adlanır.
– Ayılt məni, yuxudayam deyəsən,
Yatmayıbsan bu yuxuda bəyəm sən?
Bax bu gündən mənim könlüm, yiyəmsən,
Nə görürsən burda sevgi adlanır.
– Bir soydanıq, ancaq yeddi arxadan,
Bir soylular evlənərsə, nə olar.
Kim demişdi bir soyludan ev olmaz,
Bir soylular evlənərsə, nə olar.
Sevgi varsa, inam varsa Qam ata.
Nə ad qoyaq bu sevgiyə, bu ada.
Hansı dəniz su qataçaq bu oda.
Bir soylular evlənərsə, nə olar.
Mən gedərəm Odər ata yanına.
Yetirərəm Qobuyerin Qamına.
Baxsın mənim ürəyimə qanıma.
Bir soylular evlənərsə, nə olar.
Mən bilirəm, Şaman "olmaz" deyəcək,
Gülmə bizə, gülmə sevgi tanrısı.
Odər ata, "olar, olar", deyəcək,
Gülmə bizə, gülmə, sevgi tanrısı.
Sevgi nədir, sevgi özü tanrıdır.
Qam Odərlə düşüncədə ayrıdır,
Sevgi, üzü tanrılara sarıdır,
Gülmə bizə, gülmə, sevgi tanrısı.
Yer saxlasaq yeddi arxa soyuna,
Biz qatmasaq sevgimizi toyuna,
Nə düşəcək könlümüzün payına,
Gülmə bizə, gülmə sevgi tanrısı.
– Yeddi arxa keçib gedib, Manayım,
Qan dəyişir, fırlanarsa yeddi yol.
Tanrı səni sevgi üçün yaradıb,
Qan dəyişir, fırlanarsa yeddi yol.
Min il qabaq bibim Qızbax yaşayıb.
Bizə düşmür o soy paydan yaş payı,
Bizə gəlib çatmır ondan quş payı,
Qan dəyişir, fırlanarsa yeddi yol.
Manay, sənə yalvarıram diz üstə,
İstəyirsən düşüb qalım üz üstə,
Nə istəsən, nə diləsən göz üstə.
Qan dəyişir, fırlanarsa yeddi yol.
– Gərək gedək biz Şamanın yanına,
Şaman bizə hər bir işdə öyüddür,
İnanmıram Başevdəki Odərə,
Şaman bizə hər bir işdə öyüddür.
Mən qorxuram, sevgimizdə düyün var,
O yox desə, qoy yox olsun nə olar,
Uzaq olluq, sevgimiz də yaşayar,
Şaman bizə hər bir işdə öyüddür.
Dediyimə böyük şahım, gülmə sən,
Körüşməsək, sevəcəyəm səni mən,
Ərən ollam, nə görmüsən gəlində
Şaman bizə hər bir işdə öyüddür.
Yox, mən səndən əl çəkmərəm, yaxşı bil,
Kor biryolluq tutduğunu buraxmaz.
Mən də, gülüm öz sevgimin koruyam,
Kor biryolluq tutduğunu buraxmaz.
Bir kökdəndir, bir soydandır minelli,
Bütün köklər bir soydandır, bu, bəlli,
Al yanaqlım, incə bellim gül əllim,
Kor biryolluq tutduğunu buraxmaz.
Ürəyimdə daha dözüm qalmayıb,
Sənin kimi gözəl görən olmayıb,
Heç kəs, gülüm sevgisində solmayıb,
Kor biryolluq tutduğunu buraxmaz.
Artdı sanki ağırlaşdı Üstüağ,
Sevgi sözü, öpüş dadı biləndən.
Manayını oxşadıqca ucaldı,
Sevgi sözü öpüş dadı biləndən.
Şahlığını unutmuşdu elə bil,
Sevgi olan yerdə heç kəs şah deyil,
Şah sevgiyə bir kölədir, yaxşı bil,
Sevgi sözü, öpüş dadı biləndən.
Sevgi nədir, uçan quşa qanaddır,
O, qanadlı quşa yəhərsiz atdır,
O sevəni, sevgiyəcən ucaltdı,
Sevgi sözü, öpüş dadı biləndən.
Onlar gəlib Yastıdağa çatdılar,
Nə dadlısan, ey uşaqlıq illəri.
Tanış yerlər qız həyalı bulaqlar,
Nə dadlısan, ey uşaqlıq illəri.
Bu yerlərdə dərin yuxu yataydım,
Yuxularda əlim sənə çataydı,
Qaça-qaça səni daldan tutaydım,
Nə dadlısan, ey uşaqlıq illəri.
Bu dağdağan, bu yemişan, bu fısdıq,
Çay daşları bir-birinə qu yasdıq,
On addımlıq yerdə niyə biz azdıq,
Nə dadlısan, ey uşaqlıq illəri.
Şaman ata belə dedi toy günü:
– Çox yaxına yaxın durmaq yasaqdır,
"Bacı, qardaş, ata, bala, qız, ana,
Çox yaxına yaxın durmaq yasaqdır.
Götükcədir Manay ulu Qızbaxa,
Çoxdan itib, çoxdan ötüb bu axar,
Saysan iki min ildən də çox çıxar,
Çox yaxına yaxın durmaq yasaqdır.
Manay qızı ala bilər Üstüağ,
Soy kökləri uzaqdadır çox uzaq.
Evlənənlər qoy evlənsin bu sayaq,
Çox yaxına yaxın durmaq yasaqdır.
Odər ata belə dedi toy günü:
– Kökə görə seçilməyir adamlar.
Hamı birdir, hamı odun köləsi,
Kökə görə seçilməyir adamlar.
Sevgi oddur, onda yanan arıdır,
Sevgi odsa, onda o da tanrıdır.
Sevən aydan arı, sudan durudur,
Kökə görə seçilməyir adamlar.
Taprı deyir, əl-qolunuz açıqdır.
Cızıq qoymaq istəklərə artıqdır.
Cızıq qoyan öz içindən yanıqdır
Kökə görə seçilməyir adamlar.
Şaman ata belə dedi toy günü:
– Sevgi od yox, bir ötəri buluddur.
Gəlib keçir, yağır, axır, dolanır,
Sevgi od yox, bir ötəri buluddur.
Üz-üzədir, göz-gözədir baxımlar,
Bir evdə ev ola bilməz yaxınlar.
Nəyə gərək doğmalarda doğumlar.
Sevgi od yox, bir ötəri buluddur.
Minel gərək özgəliyə kök ata.
Günçıxandan, Gunbatana o çata,
Bu yol ilə o çoxala, o arta,
Sevgi od yox, bir ötəri buluddur.
Odər ata belə dedi toy günü:
– İstəkləri kəndirləmək gülüncdür.
Sevgi soya, ağ, qaraya baxmayar,
İstəkləri kəndirləmək gülüncdür.
Adəm, Həvva bacı-qardaş olublar,
Bir-birindən onlar uşaq alıblar,
O uşaqlar bir-birilə qalıblar
İstəkləri kəndirləmək gülüncdür.
Yaranışdan açıq olub diləklər,
Belə artıb qurdlar, quşlar, çiçəklər,
Cızıqları sevməyibdir ürəklər.
İstəkləri kəndirləmək gülüncdür.
Şaman ata belə dedi toy günü:
– Yaxınların evlənməyi yaramaz.
Birgə qalan bir-birindən usanır.
Yaxınların evlənməyi yaramaz.
Çox yaxını sevə bilməz çox yaxın,
Bir-birinə yeni maraq yox axı,
Belələri birləşsə də, boyağı,
Yaxınların evlənməyi yaramaz.
Belə istək birgəliyə yamaqdır.
Belə sevgi neçə günlük qonaqdır,
Püfləsən də alışmayan ocaqdır,
Yaxınların evlənməyi yaramaz.
Odər ata belə dedi toy günü:
– Yığdığını yığıb vermə özgəyə,
Qıza qoşub evindəki üç evi,
Yığdığını yığıb vermə özgəyə.
Öz qanını öz varını qoru sən,
Yad gəlinlə varda olma yarı sən,
Get doğmana, yaxınına sarı sən.
Yığdığını yığıb vermə özgəyə.
Onda sənin soyun qol-qol kök atar.
Sən həm ər ol, həm qardaş ol, həm ata,
Varın artar, qalar beş-on ev tutar
Yığdığını yığıb vermə özgəyə.
Şaman ata belə dedi toy günü:
– Hamı ölür, var heç kimə qalmayır,
Elbirə yox, sən də vara bağlısan,
Hamı ölür, var heç kimə qalmayır.
Mən varımı Mindiyara yaymışam.
Özgələri öz soyumdan saymışam,
Özgələşib öz-özümdən doymuşam,
Hamı ölür, var heç kimə qalmayır.
Var elbirdi, soy elbirdir hamıya,
Qızını ver səndən uzaq qapıya,
Yaxın getmə, getsən könlün qanayar,
Hamı ölür, var heç kimə qalmayır.
Odər ata belə dedi toy günü:
– Şah özgəyə var paylasa şah olmaz.
Mindiyara şahlıq etmək ağırdır,
Şah özkəyə var paylasa şah olmaz.
Üç min ildir səpiliyik dörd yana,
Şahlıq gedib çıxıb Çinə Sayana,
Şah istərəm bu şahlıqda dayana,
Şah özgəyə var paylasa şah olmaz.
Səpələnmək ya enlənmək var deyil
Belə varı sən özgənin varı bil,
Mindiyarda min el vardır, bircə dil
Şah özgəyə var paylasa şah olmaz.
Şaman ata belə dedi toy günü:
– Mindiyarda Minellilər dilibir,
Necə səpik, necə geniş olsa da
Mindiyarda minellilər dilibir.
Minel varsa, min dil yoxdur burada,
Dil çəkimi vardır tək-tək arada,
Bizi belə yaradıbdır yaradan,
Mindiyarda minellilər dilibir.
Geniş çöllər, uca eniş, yoxuşlar,
Mal-qarada sürü-sürü doğuşlar,
Açıqana qarşı dəmir vuruşlar,
Mindiyarda minellilər dilibir.
Odər, ata belə dedi toy günü:
– Güc yaxşıdır, var deyildir o hələ.
Saxlasan da gücü al qan gücünə,
Güc yaxşıdır, var deyildir o hələ.
Gücü, varı paylaşdırmaq nə demək,
Özgələşib özgə evdə gəbərmək,
Gücü vara, varı gücə çevirmək,
Güc yaxşıdır, var deyildir o hələ,
Şahlıqda da bu ölçünü saxlayaq,
Yaxın olaq min-min saxlanc bağlayaq
Özümüzu özumuzdə yoxlayaq,
Güc yaxşıdır, var deyildir o hələ.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-ilk-sevgi-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dümağ doğdu, oğlu oldu ağappağ,İlk sevginin ilk beşiyi gözəldir.
Daşhörmələr söylənciTurq gedirdi, Şimşəkatı çaparaq,Nə istəsən yolda, yalda taparsan.
Gecə vuruş söylənciƏkbitənin səsləncləri gurladı,Gələn, gedən, yanqın, basqın nəsə var...
Həbəş söylənciQoşar dedi: – Misireldə olmuşam,Mindiyardan bura cığır salmışam,
Стихи других поэтов · О любви
مار است عقده عقده، دو زلفش بر آفتاب
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Bütün kainat, bütün göyüzü- Tanrının qapısı ağzı!Yer-göyüzündə kiçicik bir nöqtə yox,Göyüzünün kiçicik bir nöqtəsi!
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,