Qardanağ söylənci
Dümağ doğdu, oğlu oldu ağappağ,
İlk sevginin ilk beşiyi gözəldir.
Ad qoyuldu bu körpəyə Qardanağ,
İlk sevginin ilk beşiyi gözəldir.
Urər çox da sevinmədi uşaqla,
Baş qarışdı yemək, içmək qonaqla,
Bir il susdu Dümağ, soldu yanaqlar,
İlk sevginin ilk beşiyi gözəldir.
Doğdu qızlıq, köpük atdı Dümağın,
O unutdu güləşməyi, yarağı,
Batdı səsi, ancaq doldu qucağı,
O unutdu mal-qaranı, otlağı,
İlk sevginin ilk beşiyi gözəldir.
İldən-ilə böyüdükcə Qardanağ,
Çəkdi onu öz qoynuna dağ, oylaq,
Köksü sağlam, qolu güclü, başı sağ,
Adı qaldı dağlar oğlu Qardanağ,
İlk sevginin ilk beşiyi gözəldir.
O görmədi ata, ana marağı,
Urel dedi, qalxdı, endi qırtlağı,
Qucaqladı kolu, otu, alağı,
Sevdi qışda qışlağ, yayda yaylağı,
İlk sevginin ilk beşiyi gözəldir.
Bir gün gördü bir qurd bərkdən ulayır,
Getdi ona yandan baxdı, dolayı,
Onu görcək qurd quyruğun bulayır,
Balasını alıb tez-tez yalayır,
İlk sevginin ilk beşiyi gözəldir.
Yaralı qurd sanki düşüb ölürdü,
Axan qanı balasına silirdi,
Qurd elə bil öldüyünü bilirdi,
Sürünərək ona yaxın gəlirdi,
İlk sevginin ilk beşiyi gözəldir.
Gördü gendən baxır qurda yapalaq,
Eşələnir sıçramağa qurdsayaq,
Qurd öləntək bala qurdu udacaq,
Aldı, qaçdı bala qurdu o qıvraq,
Ilk sevginin ilk beşiyi gözəldir.
Bunu gördü, dinclik tapdı qurd nədən,
Silkələndi, güclə qalxdı yerindən,
Ancaq yerə sərələndi o birdən,
İlk sevginin ilk beşiyi gözəldir.
Balaca qurd Qardanağa sarmaşdı,
Ana bilib qucaqına dırmaşdı,
Zingildədi, Qardanağla qarmaşdı,
İlk sevginin ilk beşiyi gözəldir.
O bala qurd evdə artdı, böyüdü,
Dümağ ilə, Qardanağla uyudu,
Çoxu dedi. Bu qurd deyil, ayıdır,
Ilk sevginin ilk beşiyi gözəldir.
Dümağ dedi: – Min atını, çap, oğul,
Böyük baban Turqdur, onu tap, oğul,
Dediyini, bildiyini yay, oğul,
Get bacarsan, Turqbaba ol, ay oğul,
Onun kimi qurda sayınsay oğul,
İlk sevginin ilk beşiyi gözəldir.
Urel, Uryer köçərilər yurdudur,
Gəlib gedən ötərilər yurdudur,
Bura çoxdan təpərlilər yurdudur,
İlk sevginin ilk beşiyi gözəldir.
Urər gəlib burda yeni yurd salıb,
Dümağ kimi bir basılmaz qız alıb,
Sonra urlar axıb bura, lap dolub,
Gələn daha qayıtmayıb, çox qalıb,
İlk sevginin ilk beşiyi gözəldir.
Turqər deyib, Uru başev edəcək,
Əkbitənin başevliyi bitəcək,
Döyüş-vuruş, çarpışmalar ötəcək,
İlk sevginin ilk beşiyi gözəldir.
Qurdər Urda yerinc oldu otuz ay,
Qapı açdı satallığa taybatay,
Buradadır isti qışla, sərin yay,
Ərik, üzüm, alma, armud, limu, çay,
İlk sevginin ilk beşiyi gözəldir.
Mindiyarın ilk beşiyi Qılqamış,
İldə beş yol qar var, qırx yol gur yağış,
Çaylarıyla guruldayır dolanış,
Odur burda toxdaq olub yaşayış,
Oncə burda başlamışdır yaranış,
İlk sevginin ilk beşiyi gözəldir.
Turqər durub tanrılarla yanaşı,
Burda olub dillilərə başbaşı,
Şamxat qızı Turq Şamxatın qardaşı,
Başev olmaq burda buna yaraşır,
İlk sevginin ilk beşiyi gözəldir.
Çayı, gölü, axmazı var buranın,
Turqər kimi atası var buranın,
Minçiçəyi, boyası var buranın,
Ani kimi anası var buranın,
Orayla az arası var buranın,
İlk sevginin ilk beşiyi gözəldir.
Bir Qaşqa at verdi ata oğluna,
Tez unudar oğul ata verəni.
Şıllaq atıb oynaqladı Qaşqa at,
Tez unudar oğul ata verəni.
Qılınc verdi, qalxan verdi, bizuc, ox,
“Sağol” dedi, ancaq üzdə sevinc yox,
Anasını çox sevirdi, daha çox,
Tez unudar oğul ata verəni.
Bir il döyüş çəmi keçdi Qardanağ,
Vuruşlarda sındı, düşdü çox yaraq,
Yaralandı döş-baş, köküs, əl-ayaq,
Hər bir çəmi o öyrəndi beşsayaq,
Tez unudar oğul ata verəni.
Ata dedi: – Bacın olub, gözlə sən,
Qırxı çıxsın, sonra toxdaq gedərsən,
Çox ayıq ol, hər bir kəndən keçərsən,
Bir də ayıq öz-özündə itərsən,
Harda qorxsan çağır məni, gəlim mən,
Tez unudar oğul ata verəni.
Dedi: – Ata, körpə uşaq deyiləm,
Mən ağacda sallaq budaq deyiləm,
Mən oğulam, sınıq-salxax deyiləm,
Tez unudar oğul ata verəni.
Qırxı çıxdı qızın, adı Ağdanağ,
Qardaşına baxdı, güldü kök uşaq,
Bacısını öpdü, getdi Qardanağ,
Tez unudar oğul ata verəni.
Şamxat gördü Qardanağı ötəri,
O adladı görünmədən çəpəri,
Urər duydu bunu girdi içəri,
Yoxdu daha onçun sevgi dəyəri,
Tez unudar oğul ata verəni.
Şamxat bir gənc Urər gördü burada,
Son sevgisi dindi, durdu burada,
Qardanağa könül verdi burada,
Tanıdığı evə girdi burada,
Tez unudar oğul ata verəni.
Şamxat onda bərk sevirdi Urəri,
Burda onun alçalmışdı dəyəri,
Yox olmuşdur tanrılığın kəsəri,
Ayrılmışdır burdan incik, küsəri,
Tez unudar oğul ata verəni.
Qardanağı gördü Şamxat dayandı,
Əski sevgi diksinərək oyandı,
Urər deyil, Qardanağı bəyəndi,
Üzü sevgi işığına boyandı,
Tez unudar oğul ata verəni.
Gənc Qardanağ sanki gənc Urərdi,
Onda Şamxat ona köküs gərərdi,
Sevgi əkdi onda Şamxat, nə dərdi,
Tez unudar oğul ata verəni.
Ata Şamxat sevgisini duymadı,
Üz döndərdi, onu evə qoymadı,
Urər sevgi tanrısını saymadı,
Gələn Şamxat tanrısına uymadı,
Tez unudar oğul ata verəni.
Urdiyara gəldi Şamxat birbaşa,
Ona indi belə sevgi yaraşar,
Bu oyun da bənzəyirdi “beşdaşa”,
Tez unudar oğul ata verəni.
Bər-bəzəklə yeniyetmə qız oldu,
Yanqı gözlər, cüt dodaqlar köz oldu,
İpək idi, boyaqlandı bez oldu,
Getdi inam, bu sevgidə buz oldu,
Tez unudar oğul ata verəni.
Ora yaxın bir kənd vardı, dağınıq,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Otlaqlarda bir qız düşüb qalmışdır,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Üzüqoylu ağlayırdı ürəkdən,
Uşaq ağlar ancaq belə bələkdə,
Saçlarında toxunma börk, çiçəkdən,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Yaxınlaşdı qızdan “kimsən” soruşdu,
Gördü onu, ala gözlər sayrışdı,
Bir də baxdı, bu yol üzü qırışdı,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Nənəm məni qovub evdən təpiklə,
Deyir, gərək sən gəzəsən örtüklə,
Necə gəzim mən, örtüklə, ələklə,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Oğlan baxdı bu gözəlin üzünə,
O inandı ağlar qızın sözünə,
Durub qıvraq, qız oturdu tərsinə,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Sən gözəlsən, yerə yatma busayaq,
Gedək sizi barışdırım, alyanaq,
Qalar qallam sizə gecə mən qonaq,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Gedək, səni mən aparram Ura mən,
Sonra hara istəyərsən, ora mən,
İstəməsən ayrılaram sonra mən,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Qız söylədi: – Mən qorxuram, ay oğlan,
Sən həm igid, həm gözəlsən, həm aslan,
Tək-təkinə at çapırsan haradan,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Mən Ureldən at çapıram Uryerə,
Igid gərək iş axtara, iş görə,
Mən vurğunam bir də geniş Görgörə,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Al tərkinə, məni apar özünlə,
Mən çıxmaram sənin heç bir sözündən,
Qurtararam qarı nənə üzündən,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Gedək, öncə ağbirçəyi görüm mən,
Nənəmizin qulluğunda durum mən,
Alıb sənə özgə yuva qurum mən,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Elə bu an bir səs gəldi uzaqdan,
Bir atlıydı, əli iti yaraqda,
Qız çəkilib durdu bir az qıraqda,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
– Nə durubsan, ahay oğlum, Qardanağ?
Kim yolunu kəsib, hansı yapalaq?
O Alpisdir, o Şamxatdır dur uzaq,
Yoxsul kəndin varı-yoxu otlaqdır.
Dümağ idi, Qardanağın anası,
Yuxuda da ana gəzir balanı.
O yuxuda ağlar gördü oğlunu,
Yuxuda da ana gəzir balanı.
Dümağ dedi: – Hara qaçdı o şırtı?
Sevgi deyib bu yollarda o qartıb,
Hər iyidi öz qoynuna o dartır,
Ondan sevgi, bundan ərlik o qırtır,
Yuxuda da ana gəzir balanı.
Dümağ çapıb, qıvraq gəlib çatmaqda,
Qız yox idi, yox olmuşdur otlaqda,
O baxırdı Qardanağa uzaqdan,
O qorxurdu iyid ana Dümağdan,
Yuxuda da ana gəzir balanı.
Qardanağ da dedi: – Ana yazıqsan,
Ayıqlıqda sən quşdan da ayıqsan,
Sən hamıdan, sən məndən də duyuqsan,
Yuxuda da ana gəzir balanı.
Nə bilirsən o qız pisdir, pozuqdur,
O gözəldir, gözəl ağzı yumuqdur,
Nənəsylə araları qırıqdır,
Elə demə, dediklərin artıqdır,
Yuxuda da ana gəzir balanı.
– O Şamxatdır, oğlum, sevgi tanrısı,
Ancaq yoxdur sevgi ilə arası,
Odur, çıxıb baxır bizə qarısı,
Yoxdur onun əri, evi, qapısı,
Yuxuda da ana gəzir balanı.
– Kim olsa da ana, o çox duyuqdur,
Qız ürəyi onun ovuq-ovuqdur,
Onu sevmə, o kimsəsiz yazıqdır,
Yuxuda da ana gəzir balanı.
Ana çaptı atı qızın yönünə,
Qarı çıxdı birdən onun önünə,
Qız büründü qatı meşə çəninə,
O qayıtdı yenə təklik gününə,
Yuxuda da ana gəzir balanı.
– Gördün oğlum, tanrılaşdı qız, nənə,
Çəkildilər deyən yerin dibinə,
Öyrənc olsun bu olaylar qoy sənə,
Mən anayam, bala inan sən mənə,
Yuxuda da ana gəzir balanı.
Acıqlandı anasına Qardanağ,
Dedi: – Ana qopuq olma busayaq,
Sən anasan, sən kötüksən, mən budaq,
Qayıt, səni səslər bacım Ağdanağ,
Yuxuda da ana gəzir balanı.
Bunu deyib o at qovdu o yana,
Girdi seyrək çənə, qatı dumana,
Dümağ soldu, döndü sarı samana,
Heç bilmədi atı çapsın hayana,
Yuxuda da ana gəzir balanı.
Tanrı, nə güc buyurubsan sevgiyə,
Sevgi ilə hər bir ürək uçardır.
Ata, ana çox üz vurma çəkil get,
Sevgi ilə hər bir ürək uçardır.
Tanrım, bax gör hara çapır Qardanağ?
Çapır qızın arxasınca çaparaq,
Bu sevgidir, ya qırıcı yatalaq,
Sevgi ilə hər bir ürək uçardır.
Nə dərindir bunun kökü, meynəsi,
Bu sevgiyə ata, ana neynəsin,
Tanrım, qoyma ana konlü göynəsin,
Qoy düzünü tanrı özü söyləsin,
Sevgi ilə hər bir ürək uçardır.
Gözəl Şamxat, sevirsənsə ərə get,
Hər yerə yox, səni sevən yerə get,
Get, ayrılmış sevgiləri seyrə get,
Hara getsən sən yaxşılıq törə, get,
Sevgi ilə hər bir ürək uçardır.
Qoy sevgiyə ölçü, sevgi tanrısı,
Sil üzlərdən ayrılığın sarısın,
İlk sevgi ol, ta olmasın ayrısı,
Hamı olsun ilk sevginin durusu,
Sevgi ilə hər bir ürək uçardır.
Sevgi öyrət, sevilməyi hamıya,
Sevgi apar hərbi evə, qapıya,
Sevgi anlat ağsaqqala, qarıya,
Sevgi ilə hər bir ürək uçardır.
Qardanağın Qaşqa atı yel idi,
Ata baxsan, yel nədir ki, ox olar.
Dedi: – Qaşqa, məni çatdır o qıza,
Ata baxsan, yel nədir ki, ox olar.
Dedi: – O qız ürəyimi aparıb,
Qaşqa atım, bir az da tez çaparım,
Qaçan qızı axtararım, taparım,
Ata baxsan, yel nədir ki, ox olar.
Qaşqa atım, qop torpaqdan, dön yelə,
Çap Ureldən, gedək çataq Uryerə,
Hara çatdı, harda qaçdı qız görən,
Ata baxsan, yel nədir ki, ox olar.
Qaşqa ata nə səs çatdı, nə də yel,
Dalda qaldı neçə oba, neçə el,
Alammadı qabağını nə çay, sel,
Ata baxsan, yel nədir ki, ox olar.
Bir qız gördü, su çəkirdi quyudan,
Dedi, durum, içim bir az o sudan,
Çıxım bir az yorğunluqdan, uyğudan,
Mənim anam nə deyirdi, doğrudan,
Ata baxsan, yel nədir ki, ox olar.
Qız su verdi Qardanağa tuluqda,
Su dişini gizildətdi soyuqdan,
Dedi: – Ay qız, görübsənmi yovuqdan,
Bir gözəl qız toxunma ot papaqda,
Ata baxsan, yel nədir ki, ox olar.
– O qız mənəm, bər-bəzəyi atmışam,
Mən Turqərin düz yolunu tutmuşam,
Yer üzünün hər dadını dadmışam,
Öz yolumu doğru yola qatmışam,
Ata baxsan, yel nədir ki, ox olar.
Mən Şamxatam, dönük sevgi tanrısı,
Dolanışın tutumunun yarısı,
Mənəm uçar düşüncələr pərisi,
Mənəm süzmə pətək balın arısı,
Ata baxsan, yel nədir ki, ox olar.
Məni sevmək, sevib qalmaq çətindir,
Mənim sevgim axmazlardan dərindir,
Sevən çoxdur, sevməyənlər min-mindir,
Şamxat isə sevgisində yetimdir,
Ata baxsan, yel nədir ki, ox olar.
Tanrı deyil, tanrılıqda ögeyəm,
Qıvraqlıqda, işdə həm yer, həm göyəm,
Üzdə tanrı, öc almaqda mən böyəm,
Sevməkdə yox, sevilməkdə mən keyəm,
Ata baxsan, yel nədir ki, ox olar.
Doğru sevgi tanrısı var, İştardır,
O, üzərdir, çapar, köçər, uçardır,
İştar bilir dolanışda nə vardır,
Tanrılıq var, bizim böyük diyardır,
Ata baxsan, yel nədir ki, ox olar.
Ana sevgi, mən sevdiyim o qadın,
Yaxınlaşdı mənə hər gün bir addım,
Tapşırdı ki, Yengisoyu aldadım,
Ata baxsan, yel nədir ki, ox olar.
Sonra Turqər, sonra Alpis, sonra mən,
Anan bilir, deyən sən də bilirsən,
Mən bu sayaq qopdum tanrı yerimdən,
Belə oldum öz-özümə tanrı mən,
Ata baxsan, yel nədir ki, ox olar.
İndi isə gördüyün mən bir qızam,
Turqdan sonra çətin bir də yol azam,
On ildən bir dəyişilir hər adam,
İndi daha öz-özümə mən yadam,
Ata baxsan, yel nədir ki, ox olar.
– Mən Qardanağ, sevdim səni Şamxatım,
Tanrı olsan, ya olmasan, boş addı,
Sənə kəsi həm Qardanağ, həm atı,
Ata baxsan, yel nədir ki, ox olar.
Şamxat dedi: – Gedək Turqa söyləyək,
Nə buyurur bu sevgiyə o görək,
İzin versə doğmalaşaq biz gərək,
Ata baxsan, yel nədir ki, ox olar.
– Anam deyir, get tap onu, Turqər ol,
Çətin yoldur, dolanbacdır bu düz yol,
Turqər kimi sən hər işdə ayıq ol,
Ata baxsan, yel nədir ki, ox olar.
Qaşqa atı qovur oğlan çaparı,
Sevincindən gənc ürəyi qabarır,
Bu sevgidir, onu hara aparır,
Ata baxsan, yel nədir ki, ox olar.
Bir səs gəldi, meşə susdu bu səsdən,
Tanınmazlar səsdən, dildən tanınar.
– Ahay, dayan üzü yanıq, sən kimsən?
Tanınmazlar səsdən, dildən tanınar.
– Mən Turparam, de sən kimsən yaraqlı?
– Mən Qardanağ, bu gözələ adaxlı,
Hər ikimiz Turq ataya tutaqlı,
Tanınmazlar səsdən, dildən tanınar.
Şamxat dedi: – Gedək, göylər qarışır,
Gedək, sənə bu Turpardan danışım,
Necə olub, o Tunqərlə barışıb,
Tanınmazlar səsdən, dildən tanınar.
Sevgililər atdandılar yəhərə,
Sağollaşıb üz tutdular Uryerə,
Duman çökdü, elə bil ki, yer-yerə,
Tanınmazlar səsdən, dildən tanınar.
Gedək tapaq Turqu, Turqa yaxını,
Turqdu kəsir qabağını qırğının,
Qovur qanlı quraqlığı, çovqunu,
Barışdırır qoğu, kalı, çılğını,
Tanınmazlar səsdən, dildən tanınar.
Mənə doğru yol göstərən Turqərdir,
Turq döyüşə qan-qadaya çəpərdir,
O, Bacardır, Düzər, Qızbax, Gücərdir,
Tanınmazlar səsdən, dildən tanınar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-qardanag-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Parsel birdən qalxdı, durdu ayağa,Yerinc yıxır, şah devirir el gücü.
Ata öyüdü söylənciBalaşq, Daryaş dayandılar üz-üzə,Üz-üzəlik gücləndirir başçını.
Ana öyüdü söylənciAnasından yuxu gördü Eldəbir,Ata, ana qoşa tanrı deməkdir.
Qaratel söylənciİlişmişdi ortalıqda Darvidel,Ortadakı iki yandan döyülür.
Стихи других поэтов · О любви
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*