Alpisin sevgi söylənci
Buzər qaçdı gizli gəldi Parselə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gördü hamı öz işində, döyüşdə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gördü bütün dəyişilib yerinclik,
Gördü burda nə qorxu var, nə dinclik,
Tutub yurdu dolaşıqlıq, girinclik,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Dedi: – Mənəm burda başçı, Turpar yox,
Yerinc mənəm burda Sona, Besyar yox,
Mənimkidir Parsdiyarda bu var-yox,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Dünənkilər dörd yanına yığıldı,
Bir çuxura qaçdı, evə soxuldu,
Biri dindi, biri susdu boğuldu,
Buzər dindi qorxu, ürkü dağıldı,
Danışdıqca yeni inam doğuldu,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Buzər dedi: – Gəlin ölkə quraq biz,
Yerinc olun, başçı olun hərəniz,
Mən olmasam olun burda başçı siz,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Yekta, Dota, Seta dönsün işinə,
Mən iş verim üç-dördünə, beşinə,
Vurmaz Turpar şahlıq daşı döşünə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Tunqər gəlsə vuruşaram onla mən,
O ölkədə, biz olmayaq bəs nədən,
Qoy əl çəksin çıxıb getsin bu yerdən,
Ulamasın Mindiyara o hərdən,
Ta deməsin başlarbaşı mənəm, mən,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Biri dedi: – Olar bir söz soruşum,
Onlar niyə bizim üçün vuruşur,
Buzər onun sözlərinə qarışıb,
Deyir: – Onlar qurur yeni duruşu,
Sanki Parsel Mindiyarla barışıb,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Biz ölkəyik, daha diyar deyilik,
Diyar nədir, köləçilik, köləlik,
Biz dözsək də bu duruma hələlik,
Dilənçilik, yoxsulluqdur beləlik,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Yığıldılar, danışdılar, durdular,
Özlərini inandırıb yordular,
Bir gündəcə böyük ölkə qurdular,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Gedən toplum basar döndü Parselə,
Gərək onun qabağına el gələ,
Turpar, Sona, Qurdər necə, nə bilə,
Buzərçilər gizli verib əl-ələ,
Gələnləri qıracaqlar ox ilə,
Dönəcəkdir qanaxmaza, qangölə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Qurdər nə isə bu qurğunu duymuşdur,
Yollar boyu gözətçilər qoymuşdur,
Bunu toplum içrə gizli yaymışdır,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Neçə takım qıvrağ getdi qabaqda,
Busqudakı Buzərçilər uzaqdan,
Gordülər ki, takım gəlir yaraqda,
Qorxub, qaçıb onlar düşdü ayaqdan,
Boş qalmışdır qazmaları bayaqdan,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Buzərçilər yayılmışdı yollara,
Sığınmışdı dağlardakı yallara,
Təpilmışdi dalda gizli dallara,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Oturmağa yeri yoxdu Turparın,
Saraydakı yerlər boş-boş, yapyalın,
Dildən qopan çox yaralı söz qalın,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Turpar qoydu boşluqları yerinə,
O tapşırdı çox işləri birinə,
Çevrilmişdi işlər alın tərinə,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
Turpar Buzər görüşdülər sarayda,
Düşüncələr dəyişmişdir bir ayda,
Dəyişmişdi biri-birini olaylar,
Dəyişmişdi pis, pisdikli, qolayda,
Qaçmaq yeni yaşamaqdır, sən demə.
– Mən Buzərəm, yol kəsənəm, biləsən,
Şah olmağa çox kiçiksən hələ sən,
Şah olsan da öz sevginə köləsən,
Qorxuram ki, bu duruşda öləsən,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Mən Buzərəm, Alpisim var, gücüm var,
Sən yazıqsan, çıx get burdan a Turpar,
Yoxsa səni ağır günə qoyallar,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Gecə yatdı Turpar, bezə büründü,
Alpis şaha yuxusunda göründü,
Yerdə atı, boz kölgəsi süründü,
O Turparla vuruşmağa ərindi,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Dedi: – Sənə toxunmuram, anan var,
Ilk sevgimin şahlar şahı Sonan var,
Sevgi vardır, ona məntək yanan var,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Sona gərək tanrı ola Altyerdə,
Mənlə ola, mənlə qala Altyerdə,
Ana ola, yuva sala Altyerdə,
Qızçiçəktək yaşa dola Altyerdə,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Turpar dedi: – Gözəl Sona mənimdir,
O, Altyerə, sənə qarşı qənimdir,
Qadın deyil, o oğlana dönümdür,
Sona mənim ay-ulduzum, günümdür,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Alpis dedi: – Gəl oturaq danışaq,
Bu Üstyerdə iki kişi barışaq,
Istəyirsən lap vuruşaq, yarışaq,
Biz Sonadan, kimi sevir, soruşaq,
Üçlük quraq, biz Altyerə qarışaq,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Mən Alpisəm, bir də ölüb, doğulmam,
Gedək mənlə, bu Üstyerdə boğulma,
Sən yanıqsan, orda, burda yıxılma,
Tunq yandırıb səni, mənə ağ olma,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
– Sən Sonadan əl çək, o qız gəlindir,
Bir könlü var, dənizlərdən dərindir,
Sənə qarşı dəmir kimi sərindir,
Ilk sevgimiz bizə dönməz kəbindir,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Şimşəkquyruq gözdən itdi bir anda,
Alpis güldü, həm ağladı yalandan,
O yapışdı yenə yaxşı, yamandan,
Istədi ki qıtlıq sala hər yanda,
Sevgi onu süpürlədi yamanca,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Dedi: – Onu sən sevirsən beş ildir,
Sənin sevgin bütöv sevgi deyildir,
Sevgi qandan, oddan uzaq bir güldür,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Sevirsənsə get Üstyerdə yuva qur,
Çovğun, yanğın, seldən, yeldən uzaq dur,
Sevgi olmaq, sevgi qurmaq bax, budur,
Sevə bilməz qızı, yurdu hər qotur,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Alpis yenə sevgisindən utandı,
Utanaraq boynu, beli qatlandı,
Birdən atın lüt belinə atlandı,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Buna görə sevə bilmir böyüklər,
Sevə bilmir içəridən çürüklər,
Soyuq gözlər, soyuq əllər, bəbəklər,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Alpis getdi, ta dönmədi Parselə,
Sevgi onu yontaladı bax, belə,
Döndü sevgi yollarında əfələ,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
El şah seçdi üzüyanıq Turparı,
Şah yey tutdu yoxsul, əli qabarı,
Beli əyən vergi yarı, yapyarı,
Yanaqlar al, təkcə çorək sap-sarı,
Sevgi nədir, çoxu bunu dadmayıb,
Dadan varsa istəyinə çatmayıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-alpisin-sevgi-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sona oğlan paltarında gəzirdi,Oğlan qıza, qız oğlana oxşayar.
Qonşu söylənciParsdiyarı qızışdıran qonşularSənə yaxın, üzügülər qonşudur.
Qardanağ söylənciDümağ doğdu, oğlu oldu ağappağ,İlk sevginin ilk beşiyi gözəldir.
Daşhörmələr söylənciTurq gedirdi, Şimşəkatı çaparaq,Nə istəsən yolda, yalda taparsan.