Toplumunu alıb gəldi Asurşah,
Boş meşədə tülkü, çaqqal ulayar.
Qaraş çıxdı qabağına onların,
Boş meşədə tülkü, çaqqal ulayar.

Asurşah da belə dedi son kərə,
Gəlin bölək Mindiyarı beş yerə.
Böyük gərək parçalana çox yerə,
Gəlin bölək Mindiyarı beş yerə.

Bacar bunu eşidincə tutuldu,
Qalın qaşlar dartılaraq çatıldı,
İtiatın yəhərinə atıldı,
Boş meşədə tülkü, çaqqal ulayar.

– İtiatım, çap, yeyin ol, iti ol,
Qızuçarın lələyinin atı ol,
Qobudüzün ocağının odu ol,
Boş meşədə tülkü, çaqqal ulayar.


Yola düşdü Uğurelin toplumu,
Pis ayaqda bir haray da dayaqdır.
Ağqurd Alpan, Tuncər çatdı haraya,
Pis ayaqda bir haray da dayaqdır.

Tuncər gördü atasını uzaqdan,
Qabağına qaçdı onun qabaqdan,
Yorğun idi, düşməmişdi ayaqdan,
Pis ayaqda bir haray da dayaqdır.

Yaraları qan verirdi hələ də,
Ancaq sısqa deyil idi elə də,
Vuruşurdu bu çarpışda kölə də,
Pis ayaqda bir haray da dayaqdır.

Qılıncların parıltısı seçilir,
Hər vuruşda qollar, başlar biçilir,
Yer daralır, sanki Başev kiçilir,
Pis ayaqda bir haray da dayaqdır.


Gəlir dörd ər vuruşlara dörd yandan,
Arxan olsa təklikdə də güclüsən,
Ağqurd Alpan, Bacar, Tuncər, Əyridiş,
Arxan olsa təklikdə də güclüsən.

Qurdlardandı Asurşahın qorxusu,
Son yaranın hələ qalır ağrısı,
Burda vardır qurd toplumu, qurğusu,
Arxan olsa təklikdə də güclüsən.

Ağqurd Alpan bicləməni anladı,
Yeyin gəlib Qaraş şahı yanladı,
Fərə kimi lapdan Qaraş banladı,
Arxan olsa təklikdə də güclüsən.

– Mən Manaya yiyələndim, şah oldum,
Sən alçaldın, mən sevgimlə ucaldım,
Sən qurd idin, yenə elə qurd qaldın,
Arxan olsa təklikdə də güclüsən.


Ağqurd Alpan dedi: – Alçaq, ağzıboş,
Qadın alver ortancılı olammaz.
Mən Manayı öz əlimlə boğaram,
Qadın alver ortancılı olammaz.

Sən satıldın Asurşaha üç kərə,
Toplumları sən çağırdın bu yerə.
O da gərək sənlə birgə gəbərə,
Qadın alver ortancılı olammaz.

Mən Manayla uşaqlıqdan tanışam,
Gəldim, onun şahlığıyçın çarpışam.
Mindiyarın başrağından yapışam,
Qadın alver ortancılı olammaz.

Bir yol səni öldürmüşəm, dirildin,
Asurşahın ayağına sərildin,
Başrağımız əldən-ələ verildi,
Qadın alver ortancılı olammaz.


– Ölməlisən, elə burda, bax, belə,
Acıqanı qılınc çəkər özünə,
Bir vurumla Qaraş iki bölündü,
Acıqanı qılınc çəkər özünə.

Arielli Əkbitəni alandan,
On günlük şah yerə endi bir anda.
Səs çıxmadı min-min yerdə qalandan,
Acıqanı qılınc çəkər özünə.

Vuruşurdu Tuncər ilə Asurşah,
Qılıncları, toppuzları baş-başa.
İki yandan baxırdılar savaşa,
Acıqanı qılınc çəkər özünə.

Şah dözmədi, qovdu atı düzünə,
Ox tuşladı Tuncər onun izinə,
Asurşahın ox sancıldı gözünə,
Acıqanı qılınc çəkər özünə.


Çatdı, onu qamarladı Əyridiş,
Qurd ağzından hələ çıxan olmayıb.
Onu aldı, didişdirdi, gəmirdi,
Qurd ağzından hələ çıxan olmayıb.

Arielli atıb qaçdı yarağı,
Əkbitənin onca günlük qonağı,
Aşdı onun Qaraş kimi dayağı,
Qurd ağzından hələ çıxan olmayıb.

Dörd igidin dörd bir yandan durumu,
Ox uçuşu, qılınc-qalxan vurumu,
Aldadılmış köçkünlərin qırımı,
Qurd ağzından hələ çıxan olmayıb.

Tuncərdən yox, çoxu qurddan qorxurdu,
Oxla bizuc yağış kimi yağırdı,
Bürümüşdü evyolları bağırtı,
Qurd ağzından hələ çıxan olmayıb.


Uğureldən toplum çatdı beş günə,
Düzlük gəlib öz yerini gec tutur.
Dirieldən, Suboğazdan, Xançudan,
Düzlük gəlib öz yerini gec tutur.

Qoltuqlayıb, qamarlayıb hər yetən,
İki evlik yük bağladı hər evdən,
Soyulmuşdu, çapılmışdı Əkbitən,
Düzlük gəlib öz yerini gec tutur.

Sönmüş ocaq, odun, kösöv qalığı,
Yaraların ağ tüstüdən sarığı,
Hörmə evlər – qırıq, kəsək qalığı,
Düzlük gəlib öz yerini gec tutur.

Süpürləyib evdən unu, qorğanı,
Qadınların qulağından sırğanı,
Aparmışdı mütəkkəni, yorğanı,
Düzlük gəlib öz yerini gec tutur.


Tuncər dedi atasına: – İzin ver,
Hər bir sonluq başlanğıcdan su içir.
Toplumunla Asureli alım mən,
Hər bir sonluq başlanğıcdan su içir.

Uğur desən uğur olar yoldaşım,
Ağsaqqaldır hər uğurun sirdaşı,
Məni elə bu yürüşə minbaşı,
Hər bir sonluq başlanğıcdan su içir.

Toplum gəlir Qobuçöldən, Xançudan,
Qoşaboğaz, Anadolu Qapıdan,
Qobu, Ağüz, Dirielli-qonşudan,
Hər bir sonluq başlanğıcdan su içir.

– Gözlə, oğul, öyrən bir az yolları,
Asurelə gedən dik-dik yalları,
Qoy bərkisin hələ bir az qolların,
Hər bir sonluq başlanğıcdan su içir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов