"-Əkbitənin Turər şahı uludur.
Minellinin başbiləni o idi.
Başı uca bir baş idi yurduna,
Minellinin başbiləni o idi.

O, döyuşdə iti idi, vuruşqan,
Saman kimi qığılcımdan alışqan,
Diləyində, istəyində yapışqan.
Minellinin başbiləni o idi,

Toplum-toplum atlıları döyüşkən,
Acıqanın üzərinə yürüşkən,
Gətirdiyi varı, yoxu bölüşkən,
Minellinin başbiləni o idi.


Döyüşlərdə şimşək kimi çaxandı,
Yürüşlərdə çaya dönüb axandı,
Acıqanın varlığını yaxandı,
Minellinin başbiləni o idi.

Görub bunu doğu, batı gözuylə,
Ölməzliyə aparırdı özüylə,
Yaşı çatıb altı kərə yüz ilə
Minellinin başbiləni o idi.

Min il keçib, yer min kərə dolanıb,
Axar sular, duru çaylar bulanıb,
Adı-sanı adımıza calanıb,
Minellinin başbiləni o idi".


Oturmuşdu Turər şahın yerində.
Eşidirdi bu sözləri İşdayaq,
Qoşar çalıb oxuyurdu ortada,
Oturmuşdu Turərşahın yerində.

Qoşaçaydan, Durudaşa ölkəsi,
Asur, Balasq, İlam, Asur bölgəsi,
Hər ölkədən bir arvadı, yengəsi,
Oturmuşdu Turərşahın yerində.

Tək o idi hər bir yerdə birinci,
Ancaq yoxdu şah yerinə yerinci,
Bircə qızdı ürəyinin sevinci,
Oturmuşdu Turərşahın yerində.


"-Qoruyaram minellinin yurdunu,
Böyük soyum Turərşaha and ola.
Varlığımdan ön tutaram Mineli
Böyük soyum Turərşaha and ola.

Şahlığımın ata yolu uludur,
Sözlərilə könlüm, başım doludur,
Yolum tanrı Turər ata yoludur,
Böyuk soyum Türərşaha and ola.

Budaq bağlı olmalıdır kökünə,
Mən də bağlı o keçmişə, çəkimə,
Çıxım yolun enişinu, dikinə,
Böyük soyum Turərşaha and ola".


Ölu kimi sap-sarıydı İşdayaq.
Baş falçıya yuxusunu danışdı.
– Yuxu gördüm su boğurdu qızımı,
Baş falçıya yuxusunu danışdı.

Mindonqızı su götürüb aparır,
Su get-gedə dəniz kimi qabarır,
Batır gedir, varım, yoxum, tutarım,
Baş falçıya yuxusunu danışdı.

Falçı, danış, bu su nədir yuxuda,
Əlim niyə əsir mənim qorxudan,
Nə deməkdir bu yuxulu sorğular,
Baş falçıya yuxusunu danışdı.


– Şahım, qızın o Mindondan uzaq ol,
Odur sənin şahlığına göz dikən.
Ondan olan böyüyəcək, artacaq.
Odur sənin şahlığına göz dikən.

Söylədiyin yuxu belə yozulur,
Yolun üstə dərin quyu qazılıb,
Bir körpədə sənin sonun yazılıb
Odur sənin şahlığına göz dikən.

Mindon qızı uzaq elə, ərə ver,
Lap istəsən uzaq-uzaq yerə ver,
Boş adam tap, öz adına görə ver,
Odur sənin şahlığına göz dikən.


Şah düşündü, yol aradı neçə gün,
Yol qurtarar yolsuzluqdan adamı.
Qızı necə ərə versin, nə yolla,
Yol qurtarar yolsuzluqdan adamı.

"Bircə qızdır, necə qovum mən onu.
İnandırıb kimə verim Mindonu,
Kimə açım bu dolambaç oyunu,
Yol qurtarar yolsuzluqdan adamı".

Şahlığımla qızım durub yanaşı,
Gündən-günə işim, başım qarışır,
Yolu budur qızla özüm danışım,
Yol qurtarar yolsuzluqdan adamı".

Daraşdılar hər gün şaha falçılar,
Hər ağaçı öz içindən qurd yeyər.
İnandırıb yalvardılar, yozdular,
Hər ağacı öz içindən qurd yeyər".

Şah düşündü: "-saxlamaqçin özümü
Göturərəm yolum üstdən qızımı,
Yoxsa pisdir bu yuxunun yozumu,
Hər ağacı öz içindən qurd yeyər.

Axı Mindon mənim bircə balamdır,
Bəlkə yuxu yozumları yalandır,
Mənə qalsa yenə qızım qalandır,
Hər ağacı öz içindən qurd yeyər".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов