Onçu oğlu Cumər söylənci
Tanı şahın səsləncləri gurladı,
Alınyazı gənc şahlara yatımdır.
Bağışladı dargözlüyü el ona,
Alınyazı gənc şahlara yatımdır.
Yerincləri yerləşdirdi yerlərə,
Yaraqları paylaşdırdı ərlərə,
Daş-qaş dedi puçur-puçur tərlərə,
Alınyazı gənc şahlara yatımdır.
Turel boyu Cumər, Onçu var oldu,
Gözlərində el istəyi qor oldu,
Yolu, sözü «yar, vur, qır, al, dur» oldu,
Alınyazı gənc şahlara yatımdır.
Ağüzel də aşdı, daşdı, çağladı,
Tanı şaha hamı könül bağladı,
Mindiyarın acıqanı dığladı,
Alınyazı gənc şahlara yatımdır.
Turqız idi dolandıran Başevi,
Qadın evin dirəyidir, açarı.
Həm ərəndi, həm yer-yığış yiyəsi,
Qadın evin dirəyidir, açarı.
Cumər, Onçu yüzminbaşı oldular,
Tanı şahdan at, yem, yaraq aldılar,
Şaha hər gün üç başəydi qıldılar,
Qadın evin dirəyidir, açarı.
Turqız dedi: – Asureli tutaram,
Qırıb, çatıb Buzboğaza çataram,
Yeləsəni yelçəkənə qataram,
Qadın evin dirəyidir, açarı.
Cumər dedi: – Turqız bizim minbaşı,
Vuruşarıq bacı-qardaş qarışıq,
Bizdən vuruş, Turqızdansa yaraşıq,
Qadın evin dirəyidir, açarı.
Tanı dedi: – Ana, mənə əltut ol,
Ana, bala bir ürəkdir, ayrılmaz.
Həm bağışla, həm oğluna yol göstər,
Ana, bala bir ürəkdir, ayrılmaz.
Tanı şahdan uzaqlaşdı sızıltı,
İçindəki laxlamlaşan sıxıntı,
Ana ilə gizli-gizli pıçıltı,
Ana, bala bir ürəkdir, ayrılmaz.
«Ana» dedi, «oğul» sözü eşitdi,
Bu söz şahın ürəyini şişirtdi,
Ana onu, o, ananı yaşatdı,
Ana, bala bir ürəkdir, ayrılmaz.
Göz qoymuşdu öz şahına Mindiyar,
Ana səni ucalığa aparar,
Onda min-min baladan çox dözüm var,
Ana, bala bir ürəkdir, ayrılmaz.
Çörəkçilər əl çəkmədi Tanıdan,
Çörək şahdır, şahdan uca yeri var.
Dedilər ki, hamı gərək işləsin,
Çörək şahdır, şahdan uca yeri var.
Əkib-biçdi Arpa çayı boyunca
Taxıl, arpa, noxud, mərci-doyunca,
Dedilər ki, şahlıq nədir, oyuncaq,
Çörək şahdır, şahdan uca yeri var.
Onçu oğlu Cumər ucaboy idi,
Ana yandan igid Ağüz soy idi,
Vuruşlarda o, Bacara tay idi,
Çörək şahdır, şahdan uca yeri var.
Tanı onu öz yanında əylədi,
– İgid, sənə inanıram, – söylədi,
Üç topluma yüzminbaşı elədi,
Çörək şahdır, şahdan uca yeri var.
Daş yarırdı, döş açırdı qılıncı,
Ərin atı gərək qaplan-qurd ola.
Atı yorğa, bulud kimi ağ idi,
Ərin atı gərək qaplan-qurd ola.
Çap-çap idi, ağ dırnaqdı, quzu tək,
Oynaq, sıçraq, ürkək, kükrək, yüyürək,
İtilikdə ox idi o, sərt külək,
Ərin atı gərək qaplan-qurd ola.
Səs tanıyıb söz qanırdı deyəsən,
Başla, gözlə danışırdı o hərdən,
Dırnağıyla yer eşirdi at birdən,
Ərin atı gərək qaplan-qurd ola.
Muşquruqdan qanad açıb uçurdu,
Uçurumlar, aşırımlar keçirdi,
İsti, soyuq küləkləri içirdi,
Ərin gərək atı qaplan-qurd ola.
Onu belə tanımışdı Tanı şah,
İgid ərən ad qazanar işiylə.
Ağüzeldə, vuruşlarda görmüşdü,
İgid ərən ad qazanar işiylə.
Güləşiylə tanıq idi o yalnız,
Enli qılınc, uzun bizuc, tunc toppuz,
Bağışlamaq qanmayırdı o qansız,
İgid ərən ad qazanar işiylə.
Tanı şahın çoxdu belə ərləri,
Hər önərin öz yerində dəyəri,
Nuhçatana göndərirdi Cuməri,
İgid ərən ad qazanar işiylə.
«Cumər sizə başçı olsun hər işdə,
Əkin, biçin, ev-eşikdə, döyüşdə,
Uca-uca dağlar içi gedişdə,
İgid ərən ad qazanar işiylə».
Çörəkçilər qarşıladı Cuməri,
Barış desin ortalığa girənlər.
«Çörəkçilər», «Başevçilər» barışdı,
Barış desin ortalığa girənlər.
Cumər dedi: – Biz hamımız birinci,
Nuhçatanda hamılıqla yerincik,
Var olmasın qoy nə küskün, nə incik,
Barış desin ortalığa girənlər.
Mən Cumərəm – Onçu oğlu Ağüzdən,
Bu ölkədə biz sizdənik, siz bizdən,
Biz tanrıyla bir çıxmışıq dənizdən,
Barış desin ortalığa girənlər.
Mən baltayam qancılların kökünə,
Mən vurğunam ota, şuma, əkinə,
Mən yumruğam məncillərin ənginə,
Barış desin ortalığa girənlər.
Biz Mindiyar ölkəsində Minelli,
Ucalacaq kim bağlansa torpağa,
Turqdan tutmuş Tanıyacan soy-kökük,
Ucalacaq kim bağlansa torpağa.
Qoşaqafa daşqır bizdən uzaqdır,
Ev-eşiyi qazma-qazma yataqdır,
Onlar bizə görünəndən qaçaqdır,
Ucalacaq kim bağlansa torpağa.
Nuhçatanda yüz-yüz dam-daş tikərik,
Buzlaqlardan bulaq suyu çəkərik,
İldə üç yol burdan göy ot biçərik,
Ucalacaq kim bağlansa torpağa.
Mindiyardır dayanışın o başı,
Davranışla dayanışı yanaşı,
Dilbirlərə birlik, sevinc yaraşır,
Ucalacaq kim bağlansa torpağa.
Toplum yığdı Cumər qorxmaz gənclərdən,
Qorxmazlarla zənginləşir hər ölkə,
Cumər adı qoydu yeni topluma,
Qorxmazlarla zənginləşir hər ölkə.
Gənclər ötkəm atlarını çulladı,
Bu topluma hamı Cumər yolladı,
Çörəkçilər bundan mırsıq salladı,
Qorxmazlarla zənginləşir hər ölkə.
Gənclər atla dörd bir yana çapdılar,
Araşdırıb tapıntılar tapdılar,
Hər bir yerdə ər tək gözə çarpdılar,
Qorxmazlarla zənginləşir hər ölkə.
Cumər dedi: – Mən Cumərəm ölüncə,
Döyüş-vuruş mənim üçün əyləncə,
Gözləyirəm bir göstəriş gəlincə,
Qorxmazlarla zənginləşir hər ölkə.
Cumər dedi toplumuna gizlicə,
Qurda çörək yedirdəndə it olur.
Öz yanında hərə bir qurd bəsləsin,
Qurda çörək yedirdəndə it olur.
Qurd əltutdur gecə-gündüz topluma,
Odur gələn pis ayaqda yardıma,
Qurdu bəslə, dayça olsun atına,
Qurda çörək yedirdəndə it olur.
Əl-qol, yumruq vuruşunda qurdlaşın,
Qancıl üstə at çapanda atlaşın,
El söyləyib toplumlaşın, yurdlaşın,
Qurda çörək yedirdəndə it olur.
Döyüşlərdə it sürüsü qabaqda,
İti olur ağ dişləri yaraqdan,
Qoruyacaq o, toplumu qıraqdan,
Qurda çörək yedirdəndə it olur.
Cumər özü beş qurd tutub saxladı,
Qurd, deyirlər, adam olub haçansa,
O, təklikdən öz dilini unudub,
Qurd, deyirlər, adam olub haçansa.
Çəkdi qurdun itləşməsi neçə il,
Dedilər ki, bu, bizlərə yön deyil,
Qurd itləşir neçə ildə onda bir,
Qurd, deyirlər, adam olub haçansa.
İtlər cumub öndə nə var gəmirir,
Atı, fili, yaraqlını, dəmiri,
Yaraqlıdır döyüşlərdə hər biri,
Qurd, deyirlər, adam olub haçansa.
Hər yaraqlı bir qurd tutub saxladı,
Onun itə dönməsini yoxladı,
İtləşəndə üzəngiyə bağladı,
Qurd, deyirlər, adam olub haçansa.
Qurd çevrildi yavaş-yavaş it oldu,
İtin, qurdun oxşarı bir, kökü bir,
Yaxın oldu it, qurddan da adama,
İtin, qurdun oxşarı bir, kökü bir.
At qalxmayan qayalara qalxdı o,
Acıqanı yuvasında yaxdı o,
Gecə ikən atlarını boğdu o,
İtin, qurdun oxşarı bir, kökü bir.
Cumər dedi: – Qartal tutun, bəsləyin,
Şığıyaraq cummağını gözləyin.
Sonra onu döyüşlərə səsləyin,
İtin, qurdun oxşarı bir, kökü bir.
Yiyələnin itə, qurda, qartala,
O, göz dələr, adam yıxar, ov alar,
Caynaqları altda quşlar çabalar,
İtin, qurdun oxşarı bir, kökü bir.
Tanı dedi:-şah bir olsun ölkədə,
Sərtüz dedi: – Səs çıxarmı tək əldən?
Yerincləri topladılar Başevə,
Sərtüz dedi: – Səs çıxarmı tək əldən?
Bir olarsa artar şahın sorağı,
Yerinclərin, toplumların dayağı,
Olmaz qabın heç bir yerdən çatdağı,
Sərtüz dedi: – Səs çıxarmı tək əldən?
Bacar, Tuncər, Turqız, Alpan danışdı,
Tanı şahın düşüncəsi qarışdı,
Biri ondan, biri bundan yapışdı,
Sərtüz dedi: – Səs çıxarmı tək əldən?
Bacar dedi: – Şah bir olsa, udarıq,
Biz birliyi, üstünlüyü dadarıq,
Bizdə varsa başarıqla bacarıq,
Sərtüz dedi: – Səs çıxarmı tək əldən?
Tanı dedi: – Mən hamıya başçıyam,
Gərək şahlıq başraq olsun hamıya.
Mənsiz heç kim heç bir işi görməsin,
Gərək şahlıq başraq olsun hamıya.
Üç gün sonra Bacar deyən sayıldı,
Şahın yeni davranışı qoyuldu,
Şahayasa adıyla bu yayıldı,
Gərək şahlıq başraq olsun hamıya.
Bacar dedi: – Artsın üç qat çatarlar,
Elarası onlar körpü atarlar,
Onda hamı bir başraqdan tutarlar,
Gərək şahlıq başraq olsun hamıya.
Şah özü də tez-tez çıxsın ellərə,
Qulaq assın acı dadan dillərə,
Son qoyulsun «mənəm, mənəm» illərə,
Gərək şahlıq başraq olsun hamıya.
Cumər dedi: – Yarıtlanaq üç şeydən,
İt, at, qartal əltut olsun ellərə.
Mən bunlardan yeni toplum yaratdım,
İt, at, qartal əltut olsun ellərə.
Tanı dedi: – Bunu görsə acıqan,
O da toplum yaradacaq qartaldan,
İti, quşu çevirəcək yarağa,
İt, at, qartal əltut olsun ellərə.
Cumər dedi bu qurumun var yolu,
Göstərməyək üzdə iti, qartalı,
Bunlar qalsın acıqana qapalı,
İt, at, qartal əltut olsun ellərə.
Bəyənildi Cumərin də qurqusu,
Artdı ona yerinclərin qayğısı,
Vecsiz qaldı Tanı şahın sorğusu,
İt, at, qartal əltut olsun ellərə.
Yeni vuruş Asureldən başladı,
Qonşu ölkə diş qıcıdar qonşuya,
Bu vuruşa Balasqel də qoşuldu,
Qonşu ölkə diş qıcıdar qonşuya.
Qoşaçayın arxasından gəldilər,
Qoşadəniz istəyilə öldülər,
Quduzlaşıb Mindiyarı böldülər,
Qonşu ölkə diş qıcıdar qonşuya.
Ağüzellə Turel, İlam, Əkbitən
Sıralanıb silkələndi yerindən,
Bacar gəldi, nərildədi dərindən,
Qonşu ölkə diş qıcıdar qonşuya.
Cumər qartal, it-qurdunu götürdü,
Yaraqlanan toplumunu gətirdi,
O özünü İlamyurda yetirdi,
Qonşu ölkə diş qıcıdar qonşuya.
Bacar, Tuncər, İtiatla Gümüşat,
Üstün olar üstünlərin savaşı,
Göz-gözəydi iki böyük üz-üzə,
Üstün olar üstünlərin savaşı.
Cumər, Turqız Balasqelə yetişdi,
Üç üz-üzə bir-birinə bitişdi,
Çarpışaraq, vuruşaraq didişdi,
Üstün olar üstünlərin savaşı.
Üç yüz qartal qanad açdı bir anda,
Min it çıxdı üz-üzəyə İlamda,
Qorxu, ürkü artdı çox-çox adamda,
Üstün olar üstünlərin savaşı.
Bir yandan da qılınc, bizuc, ox, toppuz
Bacar qılınc əndərirdi tək, yalqız,
Bağırırdı, öz evinə dön, quduz,
Üstün olar üstünlərin savaşı.
Birləşmişdi Asurellə Balasqel,
Qorxuludur acıqanın birliyi,
Turqız, Cumər sıraları yarırdı,
Qorxuludur acıqanın birliyi.
Şığıyaraq göz dəlirdi qartallar,
Boğaz yırtır qurdsoy quduz itollar,
Qılınc vurub qan tökürdü oğullar,
Qorxuludur acıqanın birliyi.
Şığırtılı qartallardan qaraltı,
Quduz, dəli itollardan ulartı,
Yaralanan yaraqlıdan bağırtı,
Qorxuludur acıqanın birliyi.
Turqız üzü örtülüydü qabaqda,
Qan alırdı yersiz gələn qonaqdan,
Vurub, kəsib doğrayırdı bayaqdan,
Qorxuludur acıqanın birliyi.
Bacar, Tuncər, İtiatla Gümüşat,
Kim olsa da gələn böyük arxadır.
Qovuşdular Cumər ilə Turqıza,
Kim olsa da gələn böyük arxadır.
Cumər dedi: – Çox böyükdür gücümüz,
Acıqana yetərliyik üçümüz,
Turqız isə bizə əltut bacımız,
Kim olsa da gələn böyük arxadır.
Qartalla it toplumları sınaqda,
Yardımçı tək vuruşurlar qabaqda.
Biz salırıq qaçanları ayaqdan,
Kim olsa da gələn böyük arxadır.
Turqız dedi: – Tuncər dönsün geriyə,
Birdən Çinel Uğurelə yeriyər,
İnanmayaq hər ölüyə, diriyə,
Kim olsa da gələn böyük arxadır.
Tuncər döndü Uğurelə çaparaq,
Arxa olun evdə, çöldə hamıya.
Qarçiçək də, Qızçiçək də Günay tək,
Arxa olun evdə, çöldə hamıya.
Bacar dedi: – Qartalları seçirəm,
Acıqanın arxasına keçirəm,
Üstünlüyü qartallarla ölçürəm,
Arxa olun evdə, çöldə hamıya.
Qartalları alıb Bacar sağındı,
Bunlar quşdu, yoxsa yağış, yağıntı?!
Acıqanı sarsıtmışdı boğuntu,
Arxa olun evdə, çöldə hamıya.
Dedi: – Gedim, mən çağırım quşları,
Qılınclayım, biçim yekə başları,
Mən doğrayım o qolları, qıçları,
Arxa olun evdə, çöldə hamıya.
Bacar birdən irəliyə sıçradı,
Üstün gəlir gələn üstə ilk cuman.
O, «hay» dedi quduz itə, qartala,
Üstün gəlir gələn üstə ilk cuman.
İtiatın kişnərtisi yayılqan,
Bacarınsa nəriltisi ayıltqan,
Acıqanlar çaşqın, ürkək, bayılqan,
Üstün gəlir gələn üstə ilk cuman.
Balasqelli gözləmirdi Bacarı,
Bacar idi üstünlüyün açarı,
Acıqanlar səpik-səpik qaçarı,
Üstün gəlir gələn üstə ilk cuman.
Asurelin başçıları ürküdə,
Qaçarlıqda seçilməyir tülküdən,
Cumər öndə üstünlüyü bərkidən,
Üstün gəlir gələn üstə ilk cuman.
Acıqanlar cummuşdular Bacara,
Dörd bir yandan vurum alan yıxılar,
Sağrısından yaralandı İtiat,
Dörd bir yandan vurum alan yıxılar.
Bacar azca durumunu itirdi,
İtiatı qovub yana ötürdü,
Bu an Cumər özün ona yetirdi,
Dörd bir yandan vurum alan yıxılar.
Mən Cumərəm, Balasqelə tanığam,
Yanğılıqda bir az qanı donuğam,
İtdən, quşdan, atdan çox-çox ayığam,
Dörd bir yandan vurum alan yıxılar.
Acıqana o, gözünü bərəltdi,
Bir qılıncla dörd-beşini gəbərtdi,
O, Bacarın dörd yanını seyrəltdi,
Dörd bir yandan vurum alan yıxılar.
Onlar bir də söykəndilər dal-dala,
Hər bir işdə söykən güclü arxaya,
Qışqırıqlar, bağırtılar baş aldı,
Hər bir işdə söykən güclü arxaya.
Qurd itlərin sürüləri göründü,
Acıqana qorxu-ürkü büründü,
İti dişlər boğazlara dirəndi,
Hər bir işdə söykən güclü arxaya.
Qartallar da caynaq atıb baş üzdü,
Tunc toppuzlar çiyin qırdı, baş əzdi,
Acıqanlar öz yurdunda yol azdı,
Hər bir işdə söykən güclü arxaya.
Qaçhaqaçda yaraqlılar yarışdı,
Hamı basıq olmağıyla barışdı,
Qan torpağa, torpaq qana qarışdı,
Hər bir işdə söykən güclü arxaya.
Balasqlılar dedi: – Bacar, əl saxla,
Acıqanla dil tapmaq da yaxşıdır.
Mindiyarın başrağına baş əyək,
Acıqanla dil tapmaq da yaxşıdır.
– Biz bir daha aldanaraq yalana,
Min-min əri boyamışıq al qana,
Göz dikmərik daha olan-qalana,
Acıqanla dil tapmaq da yaxşıdır.
Bacar, Cumər bağışlasın bizləri,
Bir də çapıb dağıtmarıq sizləri.
Çox yaraşır bizə «basıq» sözləri,
Acıqanla dil tapmaq da yaxşıdır.
Cumər dedi: – Qoyun yerə yarağı,
Doğrayaram sizi odun sayağı.
Tanrılardır bu ölkənin dayağı,
Acıqanla dil tapmaq da yaxşıdır.
Asurelə qarşı durdu İlam da,
Yerə çökür dayağını itirən,
Onlar bir il Mindiyarla vuruşdu,
Yerə çökür dayağını itirən.
Mindiyarın toplumları yürüşdə,
Sarı qumluq at oynadır yerişdə.
Yaraqlılar qanlı çəkiş-bərkişdə,
Yerə çökür dayağını itirən.
Tanı şahla Ağqurd Alpan lap öndə,
Yaralanıb ikisi də çiyindən,
Yaraqları, geyimləri nə gündə,
Yerə çökür dayağını itirən.
Tutuq düşmək minelliyə yaraşmaz,
Ha qarışdır, yağ su ilə qarışmaz,
Minelliylə Asurelli barışmaz,
Yerə çökür dayağını itirən.
Gənc şah bir az vuruşlarda kal idi,
İllər çəkir şahın ərən olması.
Gördülər ki, vuruşmağı bacarmır,
İllər çəkir şahın ərən olması.
İp atdılar, Tanı şahı tutdular,
Tərmə-tələs dustaqlığa qatdılar.
Tuta-tuta İlamelə çatdılar,
İllər çəkir şahın ərən olması.
Üç gün sonra dustaqlıqdan qaçdı o,
Gecə ikən sanki qanad açdı o,
Vuruşlarda bir də coşub daşdı o,
İllər çəkir şahın ərən olması.
Ağqurd Alpan yorulmuşdu, yaralı,
Döşü, başı neçə yerdən sarılı.
Hərdən-birdən gözləri də qaralı,
İllər çəkir şahın ərən olması.
Çatdı Tanı, ona dayaq kəsildi,
Vuruşlarda inam iti yaraqdır.
Alpan dedi: – Tanrı səni göndərib,
Vuruşlarda inam iti yaraqdır.
O yandan da Turqız çatdı ərinə,
Başçı oldu toplumların birinə,
O vuruşdu neçə oğul yerinə,
Vuruşlarda inam iti yaraqdır.
Bir yandan da uçub gəldi qartallar,
Qurddan daha qancıl olan itollar,
Balasqeldə basar çıxan oğullar,
Vuruşlarda inam iti yaraqdır.
Parıldadı göydə par-par üç yaraq,
Acıqanlar düşmüşdülər dal-qabaq,
Titrəyirdi ağızlarda dil-dodaq,
Vuruşlarda inam iti yaraqdır.
Asurel şah tutuqlandı savaşda,
Şah tutulsa, əl saxlayır qalanlar.
Turqız onu Tanı şaha pay verdi,
Şah tutulsa, əl saxlayır qalanlar.
Cumər gəldi, dedi: – Onu öldürün!
Ölüsünü bizuc üstə qaldırın,
Asurelə qorxu, hay-küy saldırın,
Şah tutulsa, əl saxlayır qalanlar.
Turqız dedi: – Qoy o qalsın dustaqda,
Qoy çərləsin işləməkdən torpaqda,
Gör, nə deyir qancıl oğlu bayaqdan,
Şah tutulsa, əl saxlayır qalanlar.
Alpan dedi: – O deyir ki, yazığam,
Olmamışıq Mindiyara acıqan,
Bizi belə yaradıbdır yaradan,
Şah tutulsa, əl saxlayır qalanlar.
Asur şah da söylədi ki, Tanı şah,
İlk yaranış tanrılardan qabaqdır.
Yaranışda minellidir Mindiyar,
İlk yaranış tanrılardan qabaqdır.
Ellər içrə ən uludur eliniz,
Dillər içrə ən uludur diliniz,
Əllər içrə ən itidir əliniz,
İlk yaranış tanrılardan qabaqdır.
Dilinizdə «ək, biç, vur, tut» uludur,
«Yağ, ət, su, yer, ot, at, quş, süd» uludur,
«Ev, yer, dam, daş, çay, göl, yal, yurd» uludur,
İlk yaranış tanrılardan qabaqdır.
İş dilidir, al-ver, döyüş, yaratmaq,
Öldürməyin, qoyun qalım mən dustaq,
Bir ögrənc tək, bir tutuq tək, ya qonaq,
İlk yaranış tanrılardan qabaqdır.
Şah inandı ona, dedi, yazıqdır,
Yalvaranlar, əyilənlər yaşayır,
Öz dilini qoy öyrətsin o, bizə,
Yalvaranlar, əyilənlər yaşayır.
Üç ay çəkdi Asurellə vuruşlar,
Çox uzandı ölüm-itim, duruşlar,
Çatdı göyə yalvarışlar, qarğışlar,
Yalvaranlar, əyilənlər yaşayır.
Tanı dedi: – Qovun getsin yamanı,
Atın çölə içinizdən yalanı,
Siz ayırın bulud ilə dumanı,
Yalvaranlar, əyilənlər yaşayır.
İnanışa bağlansanız qan olmaz,
Üstünüzü duman almaz, çən almaz,
İnanışsız heç şah, ərən ucalmaz,
Yalvaranlar, əyilənlər yaşayır.
Cumər çapdı Asureli, İlamı,
Basıq olan çox varını itirir.
Basıqların özləri də dedilər,
Basıq olan çox varını itirir.
Qızıl, gümüş, göydaş, aldaş, durudaş,
Dəvələrə yüklənmişdi bu daş-qaş,
Nuhçatana yollanırdı dənizdaş,
Basıq olan çox varını itirir.
Sürü, naxır, ilxı yola salınır,
Kimdə nə var artıq-əskik, alınır,
Cumərləşir, Mindiyarın olunur,
Basıq olan çox varını itirir.
Bunu görüb Bacar birdən tutulur,
Çal qaşları dartılaraq çatılır,
Cumər gəlib ortalığa atılır,
Basıq olan çox varını itirir.
Cumər deyir: – Böyük Bacar, incimə,
Var adamı adamlıqdan çıxarar,
Mindiyardan aparılıb bu varlar,
Var adamı adamlıqdan çıxarar.
**Mərcan
Bu varlardır Asur şahı cırnadır,
Onu tez-tez öz yerindən oynadır.
Adam sudur, bol var onu qaynadır,
Var adamı adamlıqdan çıxarar.
İldə üç yol bizə yürüş edirlər,
Eli, yurdu çalıb, çapıb didirlər,
Bizdən vergi gözləyirlər, güdürlər,
Var adamı adamlıqdan çıxarar.
İstəyirsən dinc otura, çap, gətir,
Çapılana o var-yoxu sən yetir,
Asurşahı aralıqdan sən götür,
Var adamı adamlıqdan çıxarar.
Bacar dedi: – Daş-qaşları qaytarın,
Eli soymaq el oğluna yaraşmaz.
Asurşahın varı getsin Minelə,
Eli soymaq el oğluna yaraşmaz.
Acıqanın yarağını götürün,
Onu susuz qumluqlarda itirin,
Yaraqları Uğurelə yetirin,
Eli soymaq el oğluna yaraşmaz.
Bacar, Cumər bir ortağa gəlirlər,
El içində daş-qaşları bölürlər,
Ağrıları ürəklərdən silirlər,
Eli soymaq el oğluna yaraşmaz.
On il keçir, səs kəsilir elə bil,
Dinc oturur Balasqellə Asurel,
Bol var, hələ döyüşlərdə güc deyil,
Eli soymaq el oğluna yaraşmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-oncu-oglu-cumer-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əkbitənin sağı, solu gədikdir,Yumaq-yumaq yolları var gədiyin.
Mindon söylənciMindon doğub oldu oğul anası,Anaların anasıdır analar.
Ov söylənciSəslənclərin səsi düşür meşəyəSəs dağları, kolluqları darayır.
Boz qurd söylənciYastıdağın dörd bir yanı meşədir,Dağ, çay, meşə, dəniz burda yalaşır,
Стихи других поэтов
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Ayağa salmazGəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!