Soyqan söylənci
Çinellilər gəldi Təbət boyunca,
Yersiz qalar özgə yerə göz dikən.
Uğureli qamarladı doğudan,
Yersiz qalar özgə yerə göz dikən.
Bunu bilib Tuncay, Cumər barışdı,
At qovaraq neçə-neçə dağ aşdı,
Beş gün yolda selə-suya qatışdı,
Yersiz qalar özgə yerə göz dikən.
İtiatı Bacar mindi-çap-dedi,
Get Tuncayı, get Cuməri tap-dedi,
Öz arxanca toplumları dart-dedi,
Yersiz qalar özgə yerə göz dikən.
Atasının qayğısına qalınca,
Tuncər çapdı Gümüşatı dalınca,
Toplumları ulduzların sayınca,
Yersiz qalar özgə yerə göz dikən.
– Yaxın, qırın!-dedi Çinel başçısı,
Öz içinə sığışmayan cılızdır.
Alın, qovun! Uğurel də bizimdir!
Öz içinə sığışmayan cılızdır.
Üzləşdilər, sıralanıb durdular,
Çarpışdılar, qırıldılar, qırdılar,
Alayları, toplumları yardılar,
Öz içinə sığışmayan cılızdır.
Toplumların, alayların yox sayı,
Yortub gəlir çaylaq boyu, dağ boyu,
Gələ-gələ el-obaya od qoyur,
Öz içinə sığışmayan cılızdır.
Tüstüləndi iki ölkə qovşağı,
Çaylar, yollar yurdun qanlı qurşağı,
Toz qalxdıqca bulud endi aşağı,
Öz içinə sığışmayan cılızdır.
Çin ərəni çıxdı önə, söylədi:
– Yer-yer deyən yersiz qalar yer üstə.
Bacar, səni tanıyıram yüz ildir,
Yer-yer deyən yersiz qalar yer üstə.
Mən Soyqanam, çinlilərin öndəri,
Qamarlayıb dağıtmışam çox yeri.
Gücüm çatsa tutacağam göyləri,
Yer-yer deyən yersiz qalar yer üstə.
Uğureli alacağam bir günə,
Mən hamını qatacağam sürgünə,
Bacar gərək gedə yerin təkinə,
Yer-yer deyən yersiz qalar yer üstə.
Yaxşı olar döyüşməyək, bağlaşaq,
Döyüş olsa dağılacaq hər ocaq,
Uğureldən təkcə tüstü qalacaq,
Yer-yer deyən yersiz qalar yer üstə.
Yeriklədi Soyqan yenə al qana,
Qan içənin qan sağarmış gözünə.
Qılıncının kəsdi dalı, qabağı,
Qan içənin qan sağarmış gözünə.
Minellini beş-beş, on-on doğradı,
Ayrıc-ayrıc yolu-yalı bağladı,
Ayqıraraq nərildədi, çağladı,
Qan içənin qan sağarmış gözünə.
– Mən Soyqanam, Çinel oğlu, basılmaz,
Varlığıma əl uzadan var olmaz,
Döyüşlərdə dözəm-dözüm sarsılmaz,
Qan içənin qan sağarmış gözünə.
Mən almışam Xançu ilə Təbəti,
Mən yemişəm adam əti, it əti.
Qan tökməkdə ad qazandım, çox çətin,
Qan içənin qan sağarmış gözünə.
Bacar dedi: – Öymə, Soyqan, özünü,
Öz qanını görən daha qan tökməz,
Görəcəksən indi çirkin qanını,
Öz qanını görən daha qan tökməz.
Xançu, Təbət, Muğel bizim Mindiyar,
Basdırmaqçın səni Çində yer də var,
Bu yürüşdən əl çək, qayıt, a donqar,
Öz qanını görən daha qan tökməz.
Yer istəsən yer verərik yer altda,
Ancaq öncə ölməlisən üst qatda,
Otlamağa gəlibsənsə, bu, otlaq,
Öz qanını görən daha qan tökməz.
Danqıldadı, batdı göz-göz tutaqlar,
Ağızlaşdı iti-iti yaraqlar,
Səsdən-küydən guruldadı qulaqlar,
Öz qanını görən daha qan tökməz.
Yaraladı Soyqan dizdən Bacarı,
Biclik gücdən yeydir belə döyüşdə,
Sonra dedi: – İstəyirsən güləşək,
Biclik gücdən yeydir belə döyüşdə.
İtiatın yalı qandan qızardı,
Bacar çaşdı, üzü soldu, sozardı,
Gözlərində göylər, yerlər bozardı,
Biclik gücdən yeydir belə döyüşdə.
Bacar dedi: – Qalsın döyüş sonraya,
Gərək düşüm, mən yaramı sarıyam,
Qoy tanrımız özü girsin araya,
Biclik gücdən yeydir belə döyüşdə.
Soyqan dedi: – Bir gün sonra görüşək,
İstəyirsən vuruşmadan güləşək,
Lap deyirsən, elə bunla ötüşək,
Biclik gücdən yeydir belə döyüşdə.
Tuncər çıxdı qılınc ilə ortaya,
Oğul gərək arxa dura ataya,
Dedi: – Gücün qalıbsa da yaxın gəl,
Oğul gərək arxa dura ataya.
Soyqan dedi: – Sən atandan kövrəksən,
Bu çöllükdə bir ötəri küləksən,
Bacar aşdı, sən ta kimə gərəksən,
Oğul gərək arxa dura ataya.
Tuncər dedi: – Atam bir az qocalıb,
Ancaq sənlə vuruşmağı bacarır,
Mən gəlmişəm səndən özüm öc alım,
Oğul gərək arxa dura ataya.
– Onda haydı, səninlə də döyüşək,
Gücümüzü, öcümüzü bölüşək,
Bu vuruşa bizuc ilə girişək,
Oğul gərək arxa dura ataya.
Qırıldılar qırım-qırım bizuclar,
Bizucdan da iti kəsən qılınc var.
Qılıncların ağzı qopdu, töküldü,
Bizucdan da iti kəsən qılınc var.
Doğram-doğram oldu tunc-tunc tutaqlar,
Həm əyildi, həm əzildi yaraqlar,
Əsdi sular, ağaclarda yarpaqlar,
Bizucdan da iti kəsən qılınc var.
Əl atdılar ağzı qopuq qılınca,
Toppuz, balta, bıçaq gəldi dalınca,
Vuruşdular son gücləri qalınca,
Bizucdan da iti kəsən qılınc var.
Yoruldular, usandılar, durdular,
Güləşdilər, yeri yer-yer yardılar,
Yumruqlaşıb bir-birini vurdular,
Bizucdan da iti kəsən qılınc var.
Onlar gedib oxlaşdılar qıraqdan,
Yay dartmağa, ox atmağa güc gərək,
Oxlar gəlib bir-birinə çatmadı,
Yay dartmağa, ox atmağa güc gərək.
Tuncər dedi: – Toplum çıxsın yürüşə,
O yandan da Çinel qalxdı döyüşə,
Yüz min gəldi yüz min ilə görüşə,
Yay dartmağa, ox atmağa güc gərək.
Soyqan, Tuncər çəkildilər qırağa,
Qurşaq qurub oturdular torpağa,
Sonra bir də sıçradılar ayağa,
Yay dartmağa, ox atmağa güc gərək.
Didişdilər, qarpışdılar, daşdılar,
Dağ idilər, qaya kimi uçdular,
Onlar bir də yıxıldılar, aşdılar,
Yay dartmağa, ox atmağa güc gərək.
Uğurelin atlıları «vur» dedi,
Hər vuruşun başlanğıcı yey olur.
Tuncay, Cumər vuruşurdu qabaqda,
Hər vuruşun başlanğıcı yey olur.
Dördtəkərli üstündəydi ikisi,
Ağır idi təkərlərin çəkisi,
Çoxdu bunca acıqanın itkisi,
Hər vuruşun başlanğıcı yey olur.
Sağdan Tuncay, soldan Cumər vururdu,
Çinellinin toplumunu qırırdı,
Sıra-sıra Uğureldən qovurdu,
Hər vuruşun başlanğıcı yey olur.
Qılınc, bizuc- toppuz, balta, oxatan,
Qaçmağının hayındaydı çox adam,
Buluddan da qan axırdı bu axşam,
Hər vuruşun başlanğıcı yey olur.
Çinellinin atlıları qaçhaqaç,
Vuruşammaz toplum yalqız, başçısız,
Onlar beş-beş, on-on kölə düşürdü,
Vuruşammaz toplum yalqız, başçısız.
Çinellilər səpələnib qaçırdı,
Tuncər, Cumər çapa-çapa biçirdi,
Çap-çap at da lap qabaqda uçurdu,
Vuruşammaz toplum yalqız, başçısız.
Beş gün qaçıb, səpələnib töküldü,
Yaralılar sanki yerə əkildi,
Dördüncü gün ağ dan yeri söküldü,
Vuruşammaz toplum yalqız, başçısız.
Çinellidən nə qaçan var, nə qalan,
Tökülmüşdü yaralılar yol, yala,
Çox öyünən sonda belə yox olar,
Vuruşammaz toplum yalqız, başçısız.
Uğurelin toplumları durmadı,
İşi elə isti-isti görərlər.
Xançu üstə yürüdülər birbaşa,
İşi elə isti-isti görərlər.
Tuncay, Cumər beş gün kəhər səyirtdi,
Təbət boyu çinellini gəbərtdi,
Vurdu, qırdı, acıqanı seyrəltdi,
İşi elə isti-isti görərlər.
Yolda biri əl uzatdı Tuncaya,
Dedi: – Oğul, mən Muğərəm, bir dayan,
Əltut olun, mən də sizlə bir soyam,
İşi elə isti-isti görərlər.
Mən də bir ay Soyqan ilə vuruşdum,
Yaralandım, torpaqlara qarışdım,
Üz-gözümə qarışqalar daraşıb,
İşi elə isti-isti görərlər.
Soyqan qaçdı, Tuncər onun dalınca,
Çox uzağa gedə bilməz ac atlar,
Tuncər onu yaxaladı Xançuda,
Çox uzağa gedə bilməz ac atlar.
Vuruşdular, güləşdilər, düşdülər,
Heysizlikdən valaylayıb, aşdılar,
Yenə durub Çinel yana qaçdılar,
Çox uzağa gedə bilməz ac atlar.
Tuncər getdi, toplum onun dalınca,
Çapdı, çapdı, sonda son güc qalınca,
Acıqandan son öcünü alınca,
Çox uzağa gedə bilməz ac atlar.
Onlar gəlib Çinçayelə çatdılar,
Çinellilər yavaş-yavaş artdılar,
Toplum çəkib yenə ara qatdılar,
Çox uzağa gedə bilməz ac atlar.
Ağac evlər, qamış evlər, lığ evlər,
Sel-su olan yerdə yüngül ev gərək,
Çinçay sıx-sıx evlər idi, ev yolu,
Sel-su olan yerdə yüngül ev gərək.
Qayıqlarda yaşayırdı çoxusu,
Balıq tutmaq işi, gücü, qayğısı,
Soyqanındı dəyirmanlar qurğusu,
Sel-su olan yerdə yüngül ev gərək.
Suqırağı yerdə gözəl yatımlar,
Sıralandı burda bir də toplumlar,
Dözümsüzdü, sısqa idi vurumlar,
Sel-su olan yerdə yüngül ev gərək.
Tuncər dedi: – Alacağam Çinçayı,
Qalacaqdır burda altı alayım,
Bizimkidir elin yeyi, qolayı,
Sel-su olan yerdə yüngül ev gərək.
Öz yurduydu, Soyqan qaçdı burdan da,
Yurdu qoyub qaçan başçı sevilməz.
Çinçaylılar ona yaman dedilər,
Yurdu qoyub qaçan başçı sevilməz.
Tuncay burda, Tuncər isə Xançuda,
Üzülüşdü Soyqan kimi qoçudan,
Aclıq idi burda könlü acıdan,
Yurdu qoyub qaçan başçı sevilməz.
Çinçay dedi: – Sizə qapı açırıq,
Minellini qucaqlayıb qucuruq,
Biz çayçıyıq, qana qarşı qancılıq,
Yurdu qoyub qaçan başçı sevilməz.
Tuncər dedi: – Soyqan yenə gələcək,
Gəlsə, mənim öz əlimdə öləcək.
Qancıllığın onda dadın biləcək,
Yurdu qoyub qaçan başçı sevilməz.
Bir ay keçdi, səs çıxmadı Soyqandan,
Bərk gedənlər daha çətin qayıdar.
Cumər getdi yazılarla Muğelə,
Bərk gedənlər daha çətin qayıdar.
Tuncay dedi: – Qayıt yenə Çinçaya,
Gəl başçı ol bizim böyük alaya,
Harda olsan səs ver səsə, haraya,
Bərk gedənlər daha çətin qayıdar.
Cumər dedi: – Mənim yolum uğurdur,
Ancaq burda qalmaq mənə ağırdır,
Aclıq çəkən gözlər çuxur-çuxurdur,
Bərk gedənlər daha çətin qayıdar.
Dönməliyəm mən bu ayın ortası,
Yazı vardır Qarçiçəyə çatası,
Tanı desə gəlləm bura, qadası,
Bərk gedənlər daha çətin qayıdar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-soyqan-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkib dirrik cızığını,Bir, bölünüb iki yerə,
Qaraşla Tuncərin vuruş söylənciTuncər dedi: – Gümüşatım, çap gedək,Pis ayaqda yad olammaz doğmalar.
Qızbal söylənciSoraq çatdı, Darvideldən el köçür,Kimsəsizlik tutur köçün yerini,
Tanı söylənciTanı bala qol-budaqlı gənc idi,Güclü olur kökü dərin ağaclar.
Стихи других поэтов
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəsEy könül, ol xəncəri-müjganə eylərsən həvəs,Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.
O gözəldi, bu gözəlNagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.