Qaraşla Tuncərin vuruş söylənci
Tuncər dedi: – Gümüşatım, çap gedək,
Pis ayaqda yad olammaz doğmalar.
Qaraş niyə doğmalıqda acıqan,
Pis ayaqda yad olammaz doğmalar.
Mən Tuncərəm, Turər şahın yoluyam,
Mindiyarın böyük Minel qoluyam,
Gərək dilbir dirriyimi yallayam,
Pis ayaqda yad olammaz doğmalar.
Məni çatdır Əkbitənə, Gümüşat,
Dırnağınla daş-kəsəyi vur qanat,
Kəsə-kəsə cığırlardan yol yarat,
Pis ayaqda yad olammaz doğmalar.
Vur özünü dağa, daşa, dənizə,
Yetiş, məni qoy Qaraşla üz-üzə,
El yolunda gərək çıxa qan dizə,
Pis ayaqda yad olammaz doğmalar.
Çatdı Tuncər Əkbitənə üç günə,
İsti qandır döyüşlərdə yeni güc,
Qan-tər, köpük içindəydi Gümüşat,
İsti qandır damarlara yeni güc.
Asurlular almışdılar çox yeri,
Döşdə qılınc, köküslərdə ox yeri,
Kürəklərdə yanıq yeri, dağ yeri,
İsti qandır damarlara yeni güc.
Qurd toplumu dağınıqdı, yaralı,
Düşmüşdülər bir-birindən aralı,
Ağqurd Alpan qan itirib, saralıb,
İsti qandır damarlara yeni güc.
– Ahay-dedi-asurlular, dayanın,
Doğu yeri qan rənginə boyanıb,
Mən Tuncərəm, məndən qorxun, ayılın,
İsti qandır damarlara yeni güc.
– Mən Tuncərəm, Bacar oğlu Turərdən,
Ərin gərək kökü olsun, arxası,
Mən oxbatmaz, qılınckəsməz ərənəm,
Ərin gərək kökü olsun, arxası.
Önəriniz varsa bura göndərin,
Başraqları aşağıya endirin,
Üzünüzü yurdunuza döndərin,
Ərin gərək kökü olsun, arxası.
Biri çıxdı qabağına, yekəbaş,
Tunc toxunma geyimi də baş-başa,
Dedi: – Mənim adımladır bu savaş,
Ərin gərək kökü olsun, arxası.
Biz buranı qol gücünə tutmuşuq,
Üstüağı dustaqlığa atmışıq,
Mindiyarın lap sonuna çatmışıq,
Ərin gərək kökü olsun, arxası.
Birdən göydə parıldadı qılınclar,
Tez tərpənən istəyinə tez çatar.
Deyinirdi asurelli yekəbaş,
Tez tərpənən istəyinə tez çatar.
Sözü hələ ağzındaydı qancılın,
Gördü qılınc ürəyinə sancılıb,
Yekəbaşın qaldı ağzı açılı,
Tez tərpənən istəyinə tez çatar.
Tuncər dedi:--Qaraş çıxsın önümə,
Saman təpim dərisinə, gönünə,
Gedib düşsün atasının gününə,
Tez tərpənən istəyinə tez çatar.
Qaraş gəldi, yan-yörəsi yaraqlı,
Onun başı yaralıydı, sarıqlı,
Qara gözlər acıqlıydı, yanıqlı,
Tez tərpənən istəyinə tez çatar.
– Tuncər kimdir?-Dedi – bu yer mənimdir,
Güclü kimdir, odur yurdun yiyəsi.
Min ildir ki, bu şahlıqlar mənimdir,
Güclü kimdir, odur yurdun yiyəsi.
Mən Qaraşam, Qaraş oğlu Qaraşdan,
Sənə qayıt, get deyirəm bu başdan,
Yoxsa başın gedəcəkdir savaşda,
Güclü kimdir, odur yurdun yiyəsi.
Bunu deyib qılıncını oynatdı,
O, Tuncərin sağ qolunu qanatdı,
Sözlərini boğazında qaynatdı,
Güclü kimdir, odur yurdun yiyəsi.
Ağqurd Alpan birdən çıxdı qabağa,
Toppuz vurub yıxdı onu torpağa,
Bir də vurdu o durarkən ayağa,
Güclü kimdir, odur yurdun yiyəsi.
Onda Tuncər boz qurdları səslədi,
Boz qurdların hənirtisi qorxulu.
Alpan yığdı dörd yanına onları,
Boz qurdların hənirtisi qorxulu.
Qamarladı boz qurd atı, atlını,
Dişə çəkdi hər asurel yurdlunu,
Satqınları, içi çürük qurdlunu,
Boz qurdların hənirtisi qorxulu.
Tuncər qalxdı, Gümüşatı çapdı o,
Dəmirbarmaq dustaqlığı tapdı o,
Üstüağı tutuqluqdan qapdı o,
Boz qurdların hənirtisi qorxulu.
Üstüağın başı, köksü yaraydı,
Üzü-gözü qurumluydu, paraydı,
Köksündə ox sancımları sıraydı,
Boz qurdların hənirtisi qorxulu.
Manay gəldi,-Üstüağım – söylədi,
Ölüm-dirim arasında çəpər yox.
Yürüş gəldi,-Öndər atam – söylədi,
Ölüm-dirim arasında çəpər yox.
Sönük, qanlı gözlərini yumaraq,
Yarasından qan su kimi axaraq,
Ölüm ilə çarpışırdı Üstüağ,
Ölüm-dirim arasında çəpər yox.
Boz qurdlara – boğ, yıx, yırt, did-deyirdi,
Yürüşünə qorxmaz igid deyirdi,
Manayına məni dirilt-deyirdi,
Ölüm-dirim arasında çəpər yox.
Tuncər, Manay, Alpan, Yürüş döyüşür,
Qurd toplumu acıqana girişir,
Üstünlüklər yerlərini dəyişir,
Ölüm-dirim arasında çəpər yox.
Qaraş qaçır, Yekəbaş da yanında,
Sonu yoxdur çılğınlığın istəyin,
Üstüağın qalmasına inam yox,
Sonu yoxdur çılğınlığın, istəyin.
Asurlular atıb qaçır başrağı,
Üstlərindən tollayırlar yarağı.
Ulaşırlar tülkü, çaqqal sayağı,
Sonu yoxdur çılğınlığın, istəyin.
Tuncər qovur körfəzəcən onları,
Üzlərindən qan çəkilib sapsarı,
Atlarını Ağqurd qanla suvarır,
Sonu yoxdur çılğınlığın, istəyin.
Körfəz suyu qan-qadadan allaşır,
Didik bulud axşam üstü çallaşır,
Yerə yatan, tutuq düşən bəlləşır,
Sonu yoxdur çılğınqanlı istəyin.
Yürüş, Tuncər, Ağqurd, Manay qayıdır,
Yas yaraşmır sevinc içrə Başevə.
Qan itirib, bayılıbdır Üstüağ,
Yas yaraşmır sevinc içrə Başevə.
Ölkə qara paltar geyir, gözləyir,
Minel hər gün olacağı izləyir,
Şah ölümü tələsdirir, tezləyir,
Yas yaraşmır sevinc içrə Başevə.
Manay qara yaylıq örtür saçına,
Gözəl, varıq sənin ağrı, sancına,
Dolanışın gedişinə acıma,
Yas yaraşmır sevinc içrə Başevə.
Üstüağın Yastıdağı, ağlama,
Güzgü göllər, duru çaylar, çağlama,
Üstüağsız, gözəl Manay, laxlama,
Yas yaraşmır sevinc içrə Başevə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-qarasla-tuncerin-vurus-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xruş, Parsa oturdular üz-üzə,Qan birdirsə düşüncələr bir deuil,
Ağüzər söylənciTurq Parsanın ölümünə acıdı,Gedən daha acı olar qalandan.
Yürüş söylənciAcıqana yürüş burdan başladı,Günəş gülür dağ dalından çıxanda.
Amenexotip söylənciBusquçular getdi, Ağüz qaldı tək,Göz ağardar sənə hamı, tək olsan.
Стихи других поэтов
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
İnamHansı sualın var cavabsız qala?Ümidlə, həvəslə bax istiqbala!
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,