Üç Ay keçdi, yoxa çıxdı Eldəbir,
İş götürdün sona çatdır işini.
Atı çapdı getdi uzaq Batıya,
Iş götürdün sona çatdır işini.

Balasqeldə kəsdi Alpis yolunu,
O yağdırdı üzərinə dolunu,
Qamarladı ağ atının yalını,
– Kəsəcəyəm, dedi,- iki qolunu,
İş götürdün sona çatdır işini.
Öldürmüşəm mən alt yerdə Qaplanı,
Qızçiçək də onun üstə qalanıb,
Bu dolanış mənlə gün gün dolanır,
Göndərərəm sənə pisi, yamanı,
Dərinizə dolduraram samanı,
İş götürdün sona çatdır işini.

Eldəbiri bürüyərkən qaranlıq,
Dedi: – Nədir bu qancıllıq, bu acıq,
Tanrısansa yoxdan sıçra üzə çıx,
Döyüşərik qılınc ilə biz acıq,
Yoxsa nədir bu qaçarlıq, qırıqlıq,
İş götürdün sona çatdır işini.

Alpis ona çovğun, şaxta püflədi,
Yel Ağ atı dağa daşa hellədi,
O şaxtadan o istidən ləhlədi,
İş götürdün sona çatdır işini.

Eldəbiri şaxta, çovğun dondurdu,
Alov çıxdı birdən onu yandırdı,
Kimsə gəldi bu alovu söndürdü,
İş götürdün sona çatdır işini.

Ana idi, Eldəbirin anası,
Ana əli duydu onun balası,
Əli onun pambıq bulud cunası,
İş götürdün sona çatdır işini.

Ana dedi: – Ağ buludam, şehəm mən,
Yara alıb mənim balam köksündən,
Dedi oğlum, yıxılıbsan yenə sən,
Ağ buluda bürün, iç gül şehindən,
Sağalarsan, ucalarsan yenidən,
İş götürdün sona çatdır işini.

Bulud gəldi, yavaş yavaş süründü,
Pambıq kimi Eldəbirə büründü,
Bir cüt isti göz yaşları göründü,
Bunu gördü Alpis, lapdan ərindi,
Qıvrılaraq öz üzünə dirəndi,
İş götürdün sona çatdır işini.


Ayılarkən gördü təkdir Eldəbir,
Saxla, oxşa yarı tanrı ananı,
Göydə bulud, yerdə şeh də yox idi,
Saxla, oxşa yarı tanrı ananı.

“Ana” dedi, o sıçradı ayağa,
Göz gəzirdi o yaxına, uzağa,
Qaçdı ora bura düşüdü sorağa,
Çəkilmişdi ana göyə, oylağa,
Saxla, oxşa yarı tanrı ananı.

Ana bir cüt göz yaşına dönmüşdü,
Şaxtalıqlar od alovlar sönmüşdü,
Gül çiçəklər dikəlmişdi çönmüşdü,
Saxla, oxşa yarı tanrı ananı.

Gedə gedə axtarırdı hər yanı,
Axtarırdı ölkə ölkə Alanı,
Alan qardaş ölməyibsə bəs hanı,
O Alpisə oxşadırdı qabanı,
Yola çökən sisi çəni, dumanı,
Ölməyibsə Alan qardaş bəs hanı,
Saxla, oxşa yarı tanrı ananı.

Gəlib çatdı geniş qanlı bir düzə,
Gördü düzdə parçalanıb yüz yüzə,
İki toplum vuruşurdu üz üzə,
Yaralılar bənzər qanlı dənizə,
Qıvrılaraq onlar dönüb ilbizə,
Saxla, oxşa yarı tanrı ananı.


O, soruşdu:- kimdir burda vuruşan,
Hər damla qan bir adamlıq dənizdir.
Gördü öndə haray çəkən Alandır,
Hər damla qan bir adamlıq dənizdir.
Qılınc çəkib o da girdi savaşa,
Vura-vura, yıxa-yıxa bir başa,
Gəlib çatdı o döyüşkən qardaşa,
Alan baxdı, dedi:- kimsən savaşan,
Dedi:- mənəm girişmişəm vuruşa,
Səni gəzən yer üzünü dolaşan,
Eldəbirəm, kəsi gəldim qardaşa,
Hər damla qan bir adamlıq dənizdir.

Eldəbiri tanımadı o öncə,
Dedi: – Döyüş ola bilməz əyləncə,
Sən döyüşü döndərirsən gülüncə,
Dur qıraqda, məni salma gilincə,
Hər damla qan bir adamlıq dənizdir.

Solda vuruş- dedi:- sol yan çökməsin,
Onlar bizim sıraları sökməsin,
Onlar burda öc göyərdib əkməsin,
Bir ölkəyə iki çəpər çəkməsin,
Hər damla qan bir adamlıq dənizdir.

Eldəbirin vurumları ağırdı,
Qılınc çəkdi, qancıl üstə bağırdı,
O hamını ön sıraya çağırdı,
Üzərinə oxla bizuc yağırdı,
Alan ona hərdən dönüb baxırdı,
Ona qarşı onda inam doğurdu,
Hər damla qan bir adamlıq dənizdir.

Üç gün çəkdi vuruş, hamı sarsıldı,
Acıqanlar Alanərə basıldı,
Basıq, tutuq gəlib ona qısıldı,
Hər damla qan bir adamlıq dənizdir.

Eldəbirin qolu, başı yaralı,
Qan üzündə quruyaraq qaralıb,
Dedi: – İgid, sən hardansan, haralı,
Qanın gedib, üzün-gözün saralıb,
Hər damla qan bir adamlıq dənizdir.
Dedi: – Alan, Eldəbirəm mineldən,
Gəzib gəzib axtarırdım səni mən,

Alan gəlib tutdu onun əlindən,
Dedi: – Necə gəlib çıxdın bura sən,
Atam, anam gəlməyiblər bəs nədən,
Sən qardaşsan, həm də yaxşı döyüşkən,
Hər damla qan bir adamlıq dənizdir.

Danışdılar, öpüşdülər, coşdular,
Hərdən gülüb dəniz kimi daşdılar,
Oynadılar, ölçüləri aşdılar,
Min ellini öyüb mahnı qoşdular,
Hər damla qan bir adamlıq dənizdir.


Alançılar basar çıxdı döyüşdən,
Yaman baha başa gəlir basarlıq.
Ölmüş idi min iki yüz yaraqlı,
Yaman baha başa gəlir basarlıq.

Basıqların istəkləri heç oldu,
Qazandığı Alaneldən köç oldu,
Bu basıqlıq ürəklərdə öç oldu,
Yaman baha başa gəlir basarlıq.

Bu ölkəni tutmaq üçün gələnlər,
Alan eli iki yerə bölənlər,
Heçə döndü neçə yüz yüz ölənlər,
Yaman baha başa gəlir basarlıq.

Ana gəldi qarşıladı qonağı,
Nədən isə solmuş idi yanağı,
Heç gülmürdü, tərpənmirdi dodağı,
Yaman baha başa gəlir basarlıq.

Ana doğa bilməmişdi hələ də,
Sevgiləri qalmamışdı elə də,
Utanırdı çıxmayırdı çölə də,
Yaman baha başa gəlir basarlıq.


Bir ay qaldı, qonaq oldu Eldəbir,
Soyuq olur ev uşaqsız olanda.
Danışdılar olanları birbəbir,
Soyuq olur ev uşaqsız olanda.

Sınıq idi ər arvadın ürəyi,
Evdə yoxdur uşaq iyi, bələyi,
Dadsız idi evin dadlı çörəyi,
Soyuq olur ev uşaqsız olanda.

Dağlar, çöllər, güllər niyə soyuqsan,
Yayqın baxış, qulaq yaman duyuqsan,
Sınıq ürək sən quşdan da ayıqsan,
Yorğun sevgi çox çox ayıq-sayıqsan
Soyuq olur ev uşaqsız olanda,

Tanrı, nədir bu düzən yer, soyuq yer,
Tanrı yazıq uşaqsıza uşaq ver,
Tanrı, igid məğrurları özün gör,
Soyuq olur ev uşaqsız olanda.

Tanrı, qurtar yer üzündən Alpisi,
Qırır, çatır, boğur atır o bizi,
Yaxın elə gecə ilə gündüzü,
Soyuq olur ev uşaqsız olanda.


Sorağ tutdu ata ana alandan,
Dolanışı yey göstərən sevincdir.
Dedilər ki, gedək onla görüşə,
Dolanışı yey göstərən sevincdir.

Tunq Ər Alpan Alan ilə öyündü,
Dağ ürəyi çırpım-çırpım döyündü,
Qoca ata uşaq kimi sevindi,
Dolanışı yey göstərən sevincdir.

Elçiçəyi qucaqladı, ağladı,
Ayrılıqlar dib daşından laxladı,
Eldəbiri bir də, beş də yoxladı
Dolanışı yey göstərən sevincdir.
Sonra ata çəkisini saxladı,
Alpisliyin əl qolunu bağladı,
Uşaq kimi oynaq, oynaq çağladı,
Dolanışı yey göstərən sevincdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе