Oturmuşdu, düşünürdü Turq ata,
Elə bağlan, yarıtanrı olsan da.
«Mən baş evdən çox aralı düşmüçəm,
Elə bağlan, yarıtanrı olsan da».

«Tunqər Alpan, Ağüz, Qobu, Əkbitən,
Elçiçəkdən on il ayrı mən, nədən,
Gedib görüm öz oğlumu mən hərdən,
Ya köçürüm cumərləri bura mən,
Gəlmir daha çox iş mənim əlimdən,
Topuq vurur hərdən-birdən dilim də,
Elə bağlan, yarıtanrı olsan da».

Saldım tanrı çığırına Uryeri,
Qoy çağırım bura gəlsin Tunqəri,
Çox əlləşdim, yoxdur burda dəyərim,
Bağlan elə, yarıtanrı olsan da.

Bu an girdi evə gözəl bir qadın,
Şamxat idi bu gözəlin soy adı,
Tanrı necə belə gözəl yaradıb,
Sanki onu süd - qaymaqdan yaradıb,
Saçı, gözü qaradan da qap-qatı,
Bağlan elə, yarıtanrı olsan da.

Dedi: – Turqər, çox əlləşdin burada,
Sən ayırdın burda ağı qaradan,
Gəlib sənə, mən baxırdım arada,
Doğmalaşıb bu Uryeri yaradan,
Bağlan elə, yarıtanrı olsan da.

Mən də sevgi tanrısıyam Mineldə,
Hələ tanrı olacağam min il də,
Səni sevdim mən ürəkdən, könüldən,
Bağlan elə, yarı tanrı olsanda.

Bölgəmisin Ulusoyu Qızağdır.
Bu soy yalan, yalançıdan uzaqdır,
Ulu Qızağ əyriliyə yasaqdı,
Bölgəmistək, Yengisoytək qoçaqdı,
Bağlan elə, yarıtanrı olsan da.

Tanrılarla onlar yola getmədi,
Bizə qarşı acıqları ötmədi,
Varla, bolluq istəkləri bitmədi,
Bağlan elə, yarıtanrı olsan da.

Tanrı Ura acıqlandı, qabardı,
Geri aldı Urda yaxşı nə vardı,
Yertitrəmə Uru uddu, apardı,
Bağlan elə, yarıtanrı olsan da.

Bir yol onda Uryer belə dağılıb,
Düzər gəlib, Ur yenidən doğulub,
Bura tanrı olmayanlar yığılıb,
Düzərliyə çapqınçılar soxulub,
Bağlan elə, yarı tanrı olsanda.
Ölməz olmaq istəyirdi Düzər də.
Getdi onu axtarmağa o yerdə.
Düzər batdı, qaldı elə o yerdə,
Bağlan elə, yarıtanrı olsan da.

Yüz il oğlu Turqoğul da baş oldu,
Çox işlərdə atasıtək boş oldu,
Mənə qarşı üzü, könlü daş oldu,
Çoxu çıxdı, getdi burdan, quş oldu,
Bağlan elə, yarı tanrı olsanda.

Oğlu Urər məni görüb vuruldu,
Hər gün mənə yalvarmaqdan yoruldu,
Çox döyüşdə başı, döşü yarıldı,
Acıq etdi, o Ureldən qırıldı.
Getdi sanki öz kökündən ayrıldı,

Sonda gedib o təkliyə sarıldı.

Tək yaşadı, qaldı, günü qaraldı,
Indi onun yerinc yeri Uraldı,
Bax beləcə Ur kiçildi, saraldı,
Bağlan elə, yarıtanrı olsan da.


Turqər dedi: – Şamxat, göylər gözəli,
Düz adamlar çox da gözə soxulmaz.
Anan Anni Minelliyə anadır,
Düz adamlar çox da gözə soxulmaz.

Düzər ölməz olmaq üçün sarsılıb,
Bölgəmis də ölməzlikdən asılıb,
Bu adlarsa Daş boşqabda qazılıb,
Mindiyarın keçmişinə yazılıb,
Düz adamlar çox da gözə soxulmaz.

Sözlərində yalan çoxdur, doğru yox,
Uru Alpis dağıtmışdır, tanrı yox,
Sevgində də lağ-lağı var, ağrı yox,
Düz adamlar çox da gözə soxulmaz.
Sənin sevgin, qızım, elə çoxalıb,
Tanrı səni tanrılıqdan çıxarıb,
Sən düşübsən, sevgi qalxıb yuxarı,
Çox sevibsən, səndə sevgi yoxalıb,
Düz adamlar çox da gözə soxulmaz.

Utanaraq Şamxat birdən ağladı,
Əllərilə üz-gözünü bağladı,
O Turqəri sanki bir də yoxladı,
Düz adamlar çox da gözə soxulmaz.

Dedi: – Ata, kimsəsizəm indi mən,
Hormoz qovub məni tanrı yerimdən,
Atalıq et mənə, böyük ata, sən,
Yardım elə, yapış mənim əlimdən,
Düz adamlar çox da gözə soxulmaz.

Turqər dedi: – Sən gözəlsən, mayasan,
Sən biçilmiş otdan bağlı tayasan,
Düz ol, olsan elə- yurda arxasan,
Yoxsa indi başdan-başa boyasan,
Üzdən boya, ürəkdənsə sayasan,

Gərək gedib üz-gözünü yuyasan,
Elə-yurda bunca gərək olasan,
Düz adamlar çox da gözə soxulmaz.

Anni bilsin, inanıram sənə mən,
Tapşırıram, get Urəri tapginən,
Sən özünü qoru həm də Alpisdən,
O qancildir, qandır, ondan çəkin sən,
Düz adamlar çox da gözə soxulmaz.

O qız gəzir, dönsün onun ərinə,
Qoysun onu Qızçiçəyin yerinə,
Qız çevrilsin pis tanrının birinə,
O Altyerdə dönsün bir əl kirinə,
Onla gəzə, onla qoşa görünə,
Düz adamlar çox da gözə soxulmaz.
Şamxat yenə bərk ağladı, sevindi,
Qız ürəyi onun bərk-bərk döyündü,
İlk aldığı tapşırıqla öyündü,
Getdi ipək geyimini soyundu,
Bezdən alt, üst əski paltar geyindi,
Düz adamlar çox da gözə soxulmaz.

Qayıdanda gördü, Turqun çörəyi,
Çörək üstə qalıb yarı yeməyi,
Ona birdən pıçıldadı ürəyi,
«Bu Şanşanı əz, səp, yatırt yeməyə,
Qoy bilmədən Turqər yesin yeməyi,
Ondan alım qoy min-min il ölməyi,
Ölməz olsun qoy bu ellər gərəyi,
Nə gözəldir mənə «qızım» deməyi,
Ona belə pıçıldadı ürəyi,
Düz adamlar çox da gözə soxulmaz.

Gəldi, dedi: – Mən gözələm bu sayaq,
Mən nə idim, bir boyalı yapalaq,
Bölgəmisdən oğurlayıb qaparaq,
Gizlətdiyim şan-şan qalır, o ancaq,
Turqər ata, ancaq sənin olacaq,
Düz adamlar çox da gözə soxulmaz.

Ye şan-şannı, sən ölməz ol, qal belə,
Minellilərlə yaşayarsan sən hələ,
Alpis baxar, acığından lap ölər,
Üst, Altyerdə öz yerini o bilər,
Düz adamlar çox da gözə soxulmaz.

Turqər dedi: – Ölməzlikdə ölərəm,
Mən istəsəm çox çox qala bilərəm,
Mən tanrımla öz gücümü bölərəm,
Yarıtanrı günlərimi dilərəm,
Düz adamlar çox da gözə soxulmaz.

Şan-şan qalsın, ancaq ölməz olma sən,
Onun bunun artığına qalma sən,
Ölməz olub ölməzlikdə solma sən,
Ölməzlikdən bezib-bezib dolma sən,
Ölüm üçün haray-həşir salma sən,
Düz adamlar çox da gözə soxulmaz.

Atma, qızım, o şan-şanı ortaya,
Onu yeyən çox qocalar, qarıyar,
Gövdə dönər suluq-yoluq yaraya
Onda kimdir gəlib səni arayan,
Onda kimdir qaçıb gələn haraya,
Mən qocayam, ancaq yarıtanrıyam,
Gərək elin hər işinə yarayam,
Düz adamlar çox da gözə soxulmaz.

Mən görmüşəm bir tək qartmış ölməzi,
Qarışıbdır bir-birinə hər üzü,
Təngə gəlib yaşamaqdan o özü,
Ölmək üçün o yalvarır lap düzü,
Düz adamlar çox da gözə soxulmaz.

Hamı, hər şey ölüb gedir, bu, düzdür,
Təkcə tanrı ölmür, bizə o gözdür,
Hər bir şeydən o üstündür, o üstdür,
Düz adamlar çox da gözə soxulmaz.

Sən də elə yaşa, yarat maraqla,
Ək, biç yeri hər gün xışla, oraqla,
Şanşanların üstündən keç, ayaqla,
Yaxınlıq et, bağlan odla, ocaqla,
Yoxsulları, yazıqları sorağla,
Düz adamlar çox da gözə soxulmaz.

Şamxat dedi: – Mən gedirəm, izin ver,
Yaxınlıqla qoy ucalsın Uruyer,
Gedim tapım, görüm Urər nə deyir,
Düz adamlar çox da gözə soxulmaz.


Gecə- Turqər səs eşitdi uzaqdan,
Ana südü kimi olur ilıq söz.
Bu Şamxatın anasının səsiydi,
Ana südü kimi olur ilıq söz.

«- Turq, qızımı ata kimi dindirdin,
Onu uzaq uzaqlara göndəribsən,
Sən tanrını göz yaşına döndərdin,
Ana südü kimi olur ilıq söz.

Mənim qızım sözə qulaq asmadı,
Tanrıların qabağında susmadı,
Sevdi, onu qorxu-ürkü basmadı,
Sevdi, ancaq düz yolunu azmadı,
Ana südü kimi olur ilıq söz.

Qız balamı tapşırıram sənə mən,
Onu qoru yerli-yersiz sevgidən,
Öcə dönür sevgisində o hərdən,
Tanrılara inamını çoxalt sən,
Hər iş üçün o çıxmasın özündən,
Ana südü kimi olur ilıq söz.

Mindiyarın mənəm ana tanrısı,
Mənəm böyük dolanışın qapısı,
Mənəm böyük tanrımızın qarısı,
Mənəm böyük tanrılığın yarısı,
Tanrı sözü görüm səni qorusun,
Ana südü kimi olur ilıq söz.

Onu da bil, Turqər, ölməz olubsan,
Sən ox batmaz, ağrı bilməz olubsan,
Sən tanrıdan ölməz adı alıbsan,
Sən düz yoldan geri dönməz olubsan,
Ana südü kimi olur ilıq söz.

Turq söylədi: – Ana tanrı sağ olsun,
Təki sevən qızlarımız çox olsun,
Yolu üstən Alpis, İblis yox olsun,
Sevginin də gərək gözü tox olsun,
Ana südü kimi olur ilıq söz.

Hələ çox var ölməzliyə çatım mən,
Yaxşı olar lapdan ölüm, yatım mən,
Tanrıların işiğına batım mən,
Ana südü kimi olur ilıq söz.


Şamxat minir sarı yala, çaparaq,
Uzaq yola dözüm gərək, at gərək.
Qarlı dağlar göz ağardır Şamxata,
Uzaq yola dözüm gərək, at gərək.

Deyir: – Atım, məni çatdır Urərə,
Döş gər, baş çək dağa, düzə hər yerə,
Gərək bu gün sevgilimi mən görəm,
Acıq edib, küsüb məndən on kərə,
Mən Şamxatam, öz sevgimə yetərəm,
Ya da uca dağlar içrə itərəm,
Uzaq yola dözüm gərək, at gərək.

Deyir: – Atım, yelə dönən Sarıyal,
Qarlı dağlar zirvəsinə çat, ucal,
Çapaq, ötək cığırları dalbadal,
Uzaq yola dözüm gərək, at gərək.

Deyir: – Mənə, tanrı ana, yardım et,
Qabaqdakı qarlı buzu sən ərit,
Həm anasan, həm tanrısan, güc yerit,
Ur ölməyib, ölsə onu sən dirilt,
Uzaq yola dözüm gərək, at gərək.

Şamxat beş gün yol arayır, yol gedir,
Dağlar içrə cığır itir, yol itir,
Çörək bitir, arpa, saman, ot bitir,
Neçə dağı, aşırımı at ötür,
Ağır yola dözüm gərək, at gərək.

Dağda onlar qalın qara batırlar,
Çıxmaq üçün çox-çox əl-qol atırlar,
Bütün gecə qar quyuda yatırlar.
Ağır yola dözüm gərək, at gərək.

Üçüncü gün bir səs gəlir, qurd səs,
Qurd quyuya girmək üçün tələsir,
Qarı eşir gizlənməkçün hərəsi,
Birdən uçur qar quyunun çevrəsi,
Ağır yola dözüm gərək, at gərək.

Ağqurd qarı yavaş yavaş deşirdi,
Qat-qat qazıb o aşağı düşürdü,
Qar şəpəsi qar üstünə aşırdı,
Şamxat bundan çəkinərək şaşırdı.
Ağır yola dözüm gərək, at gərək.

Qurd elə bil lap acından ölürdü,
Qarı eşib dayanmadan dəlirdi,
Bu quyuda nə olduğun bilirdi,
Ağır yola dözüm gərək, at gərək.

Qar uçuldu, durdu onlar üz-üzə,
Sarıyalla, Şamxat, Ağqurd göz-gözə,
Döndü çovğun, ağ qar sanki gündüzə.
Ağır yola dözüm gərək, at gərək.

Ayaqları üzərinə qalxdı Qurd,
Şamxat qıza lap yaxından baxdı Qurd,
Gördüyündən diksinərək qorxdu Qurd,
Ağır yola dözüm gərək, at gərək.
Qurd dilləndi, dilə gəldi o birdən,
Dedi: – Şamxat, qara batan bu sənsən,
İzləyirdim çovğun içrə sizi mən,
Nəsə duyub gözləyirdim düzü mən,
Ağır yola dözüm gərək, at gərək.

Mən Urərəm burda başbaş olmuşam,
Tək sevgimlə burda yuva salmışam,
Qayalarda, meşələrdə qalmışam,
Ağır yola dözüm gərək, at gərək.

Şamxat birdən çığıraraq yıxıldı,
Üstündəki göy mıncıqlar dağıldı,
Əl-ayağa düşüb sanki boğuldu,
Dil tutuldu, döşü, başı sıxıldı,
Ağır yola dözüm gərək, at gərək.

Handan-hana, ayılaraq qız dedi,
– Niyə belə ayrı düşdük biz, dedi,
Bu nə gündür, nə yöndəmdir, qız dedi,
Heç bilmədən ona ağır söz dedi,
Sarıyalı çıxar burdan tez, dedi,
Ağır yola dözüm gərək, at gərək.

Onlar qalxıb qar quyudan çıxdılar,
Bir-birinə doyuncalıq baxdılar,
Qucaqlaşıb döşü-döşə sıxdılar,
Ağır yola dözüm gərək, at gərək.


– Mən çovğunda qurd dərisi geyirəm,
Tanınarsan öncə üzlə, geyimlə.
Bu geyimdə adam qurda oxşayır,
Tanınarsan öncə üzlə, geyimlə.

Turq atanı gözləyirdim dolayda,
O demişdi, «gələcəyəm bu yayda»,
Sizi gördüm bu çovğunda, bu hayda,
Tanınarsan öncə üzlə, geyimlə.
Alpis bizi yaşamağa qoymayır,
Çox qan-qada salır burda, doymayır,
O, Hormozu, Turqu, Tunqu saymayır,
Dev kimdir, yalvar-yaxar duymayır.
Tanışarsan öncə üzlə, geyimlə.

Təkcə Turqdan o çəkinir bir azca,
O baş əyir Turqa, Şimşəkqılınca,
Üstyer, Altyer, olub ona oyuncaq,
Sanki onun əlindədir hər açar,
Düşərlikdən ölür çox gənc, çox qoca,
Heç bilmirik ondan necə biz qaçaq,
Tanınarsan öncə üzlə, geyimlə.

Sizi gördüm, gedirdiniz bu qarda,
Dedim, bunlar gəlir hansı diyardan,
Qoy çıxarım qızı-dedim-bu dardan,
Yol azıbdır, aran harda, dağ harda,
Tanışarsan öncə üzlə, geyimlə.

Sonra gördüm sənsən, sevgi tanrısı,
Mənə qarşı qancıl sevgi qurusu,
Gördüyümə inanmıram, doğrusu,
Üzümdədir o günlərin sarısı,
Ölüb gedib ilk sevgimin yarısı,
Tanınarsan öncə üzlə, geyimlə.

Necə sənə «sevgim» dedim, ağladım,
Kimsəyə yox, sənə könül bağladım,
Sənsə mənim ürəyimi dağladın,

On il məni daldalarda yoxladın,
Harda gördün ürəyimi oxladın,
Mən sarsıldım, öz sevgimdə dığladım,
Tanınarsan öncə üzlə, geyimlə.

Şamxat dedi:- yaxşı, yaxşı, deyinmə.
Gəldiyimə çox da elə sevinmə,
Keçmiş uşaq sevgin ilə öyünmə,
Apar məni tanış elə evinlə.
Tanınarsan öncə üzlə, geyimlə.

Gedək, mənim yaylaq evim yaxındır,
Neçə gündür dağıdıcı çovğundur,
Özün incik, atın isə yorğundur,
Baxışların sərtdir, yenə yayqındır,
Gözlər soyuq oynaq, incik, vurğundur,
Tanınarsan öncə üzlə, geyimlə.


Yaylaq evi sanki qarda batmışdı,
Çovğunda da susmur sevgi, gileylik.
Sevgililər oturublar üz-üzə,
Çovğunda da susmur sevgi, gileylik.

– Sənin üstə tanrılıqdan qovuldum,
– İndi, Şamxat, öz yerinə qoyuldun,
– Sənin üstə adım Urda yayıldı,
– Mən də sevdim, ancaq çox gec ayıldım,
Çovğunda da susmur sevgi, gileylik.

– Gərək ordan qaçmayaydın acıqlı,
– Ordan çıxdım acıqlı yox, yanıqlı,
– Sən acıqda, mən sevgidə qılıqlı,
– Sən soyuqsan, mən də belə sayıqlı,
Çovğunda da susmur sevgi, gileylik.

– İndi nədir, məndən acıq çıxırsan,
– Danışırıq, niyə belə qorxursan,
– Mənə niyə yazıq yazıq baxırsan,
– Heçdən mənə tez-tez qara yaxırsan,
Çovğunda da susmur sevgi, gileylik.

– Yaxşı, qızma, sözlərini dəyişmə.
– Qan qoxuyur sevgi üstə deyişmək,
– Yox olaydı görüm belə sevişmək,
– Sevgidəndir ağırlaşmaq, döyüşmək,
– Sonu birdir, qucaqlaşmaq öpüşmək,
Çovğunda da susmur sevgi, gileylik.


Çovğun ötür, at kişnəyir, gün çıxır,
Deyişməkdən sonra gəlir barışıq.
Urər Şamxat qucaqlaşıb öpüşür,
Deyişməkdən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

At kişnəyir, dəyir ata şillağı,
Görüb sanki o görünməz qonağı,
Dırnağıyla eşir tez-tez torpağı,
Ürküb qaçır hərdən başı aşağı,
Urər durur, qapır oxu, bıçağı,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Urər deyir:- bu, Alpisdir, gəlibdir,
Sənin bura gəldiyini bilibdir,
Onun tanrı Qızçiçəyi ölübdür,
Sevgisinə yetişmədən solubdur,
Qızçiçəyin yeri bom - boş qalıbdır,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Gəlib səni dilə tutsun, aparsın,
Qabağına lapdan qatsın, aparsın,
Öz tərkinə alıb atsın, aparsın,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

– Onun gücü mənə çatmaz bilir o,
Aparmağa səni, bil ki, gəlib o,
Mənim üçün yalvar-yaxar ölür o,
Öldürməyə çox qızları alır o,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Görünmədən Alpis deyir, ucadan,
Nə görübsüz yarıtanrı qocada,

Getdim onu iki böldüm qılçadan,
Yatdıraram sizi bu dar komada,
Öc alaram sizdən, qapı-bacadan,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Urər dedi: – Alpis, burdan uzaqlaş,
Get Altyerdə tanrılarla ayaqlaş.
Get qıtlıqla, quraqlıqla qucaqlaş.
O pisdikli tanrılarla yataqlaş,
Hey verənlə sən ağızlaş, qulaqlaş,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Görünmədən Alpis dedi yavaşdan,
Mən deyirəm sizə elə bu başdan,
Bir şey çıxmaz didişmədən, tutaşdan,
Əl çəkmərəm bu qızdakı göz-qaşdan,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Şamxat tutur qılıncını qabağa,
Əl gəzdirir hər qapıya, bucağa,
Sonra deyir o görünməz qonağa,
– Mən getmərəm sənin kimi sarsağa.
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Bir heyvərə çıxır birdən ortaya,
O bənzəyir yeyib yatan buğaya,
Gəlib burda sürü, ilxı otdaya,
Şamxat deyir: – Devdir, girib obaya,
Çala gözü bənzər yanan Sobaya,
Onun canı buynuzunda yerləşir,
Buynuzundan vur qılıncı qabaya,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.

Urər vurur, iki buynuz tökülür,
Yerə gəlir, qarnı, döşü sökülür,
Alpis qorxub, durub qaçır, əkilir,
Birdən göydən qorxu, ürkü çəkilir,
Deyişmədən sonra gəlir barışıq.
Barışıqdan sonra gəlir deyişmək.


Şamxat deyir: – Urər, böyük igidsən,
Igid sevmək hər bir qızın borcudur.
Buğa inaq tanrısıydı, gəbərdi,
İgid sevmək hər bir qızın borcudur.

Urər deyir: – Burdan gedək Urelə,
Ordan qaçan burda dönüb bir elə,
Burda Urel yaranmışdır, bax, belə.
İgid sevmək hər bir qızın borcudur.

Şamxat deyir: – Bunu Turqa yetirək,
Alpisləri vuraq, yıxaq, itirək,
Siz sevgidən gərək arta bitirək,
Düşərliyi kəsib burdan götürək,
İgid sevmək hər bir qızın borcudur.

Şamxat deyir: – Qabaqdadır iş hələ,
Ana tanrı, bizə bollu güc dilə,
Tanrı kimi biz də sevək, sevilək,
İgid sevmək hər bir qızın borcudur.
Şamxat verir Sarıyalı Urərə,
Üz tuturlar yaşıl oymaq çöllərə,
Çapıb atı döş gərirlər yellərə,
Baş çəkirlər obalara, ellərə,
Əl tuturlar işdən qabar əllərə,
İgid sevmək hər bir qızın borcudur.

Yoxdur burda çovğun, qıtlıq, quraqlıq,
Yoxdur burda itim-itim uzaqlıq,
Yoxdur burda hələ yaraq, yaraqlı,
Hamı burda əli belli, çomaqlı,
İgid sevmək hər bir qızın borcudur.

Məndə bir az Şanşan qalıb, al, qoçaq,
Onu yeyən ölməz olub qalacaq,
Dolanışa qoca yaşıd olacaq,
İgid sevmək hər bir qızın borcudur.

Şamxat verir onu,- Ura, - al- deyir,
Ancaq baxır görür Şanşan əriyib,
Çoxdan qalıb ağ yaylıqda çürüyüb,
Ancaq iyi el-obanı bürüyür,
Kim iyləyir, iç acığı əriyir,
Içdə, çöldə pislik nə var, kürüyür,

İgid sevmək hər bir qızın borcudur.

Urər deyir: – Bunu belə qoruyaq,
Yaxşı pisi göstərməyə yarayar,
İksir olar o düşərsə haraya,
Vuruşanda ərlər, girər araya,
Biz haraya Şanşan bizlə oraya,
Vuruş olsa o da durar sıraya,
Bunun üçün onu gərək qoruyaq,
İgid sevmək hər bir qızın borcudur.


Dalğalanır ağ başraqlar Ureldə,
Haradasan, kimsən, eli unutma.
Şamxat bir-bir çox evlərə baş çəkir,
Haradasan, kimsən, eli unutma.
Səs yayılır dağlar boyu Elata,
Hamı gəlir baxır gözəl Şamxata,
Sarıyala burda çətin at çata,
Haradasan, kimsən, eli unutma.

Urər dedi: – Gəlin gəlib bu göyçək,
Bu gəlini bərk qoruyaq biz gərək,
Toxunmasın ona çovğun, qar, külək,
Bu gəlinlə bir oynayaq, bir gülək,
Haradasan, kimsən, eli unutma.

Sorağ çatdı Əkbitənə, Uryerə,
Oradan da Odərpaya, Tunq ərə,
Şamxat qızın igidliyi hər yerə,
Haradasan, kimsən, eli unutma.

Çıxdı üzə bu yerin də gilinci,
Artdı yerinc seçilməyin sevinci,
Dedilər ki, dəyərlidir hər inçi,
Bu Urelin Urər olsun yerinci,
Urər bizim içimizdə birinci,
Urər işdə, gücdə öncül, görümcül.
Haradasan, kimsən, eli unutma.

Ancaq bir qız gendən baxır acıqlı,
Alnı, başı, boynu ipək sarıqlı,
Mal otarır patavalı, çarıqlı,
Haradasan, kimsən, eli unutma.

– Mən Dümağam. Sürüləri otaran,
Pislikləri – burdan qovub qaytaran,
Mal-qaranı çovğunlardan qurtaran,
Yazda otam, qışda ilıq qar, boran,
Haradasan, kimsən, eli unutma.

Yerinc olmaq güclü olmaq deməkdir,
Acıqana qılınc vurmaq gərəkdir,
Yerinc işdə sarsılmayan ürəkdir,
Haradasan, kimsən, eli unutma.
Yerinc öncə gərək mənlə güləşsin,
Gücü, çəmi, qıvraqlığı, bəlləşsin,
Yerinc öncə gərək ellə elləşsin,
Dilli olsun, acıqanla dilləşsin,
Haradasan, kimsən, eli unutma.

Urər deyir: – Qız, gücünlə az öyün,
Güləşərəm mən səninlə lap bu gün,
Hardan gəlib bu yekə baş ərköyün,
Görən görür mən güclüyəm, sən ölgün,
Haradasan, kimsən, eli unutma.

Şamxat deyir: – Dümağ qızıdır, sən oğlan,
Qoy güləşim mən onunla üç-beş an,
Üzə çıxsın bu gün burda düz, yalan,
Haradasan, kimsən, eli unutma.


Dümağ lapdan süpürləyir Şamxatı,
Hər bir işdə ilk başlayan udacaq.
Adı Dümağ, işdə qıvraq, özü sağ,
Hər bir işdə ilk başlayan udacaq.

Şamxat deyir: – Dayan, gəlim özümə,
Yaralıyam, dəymə mənim dizimə,
Bir də elə baxma tez-tez gözümə,
Bax, əl atma sən saçıma, üzümə,
Hər bir işdə ilk başlayan udacaq.

Dümağ dedi: – Niyə bura gəlmisən,
Sən Urəri pərsəng daşı bilmisən,
Tanrılıqdan sonra bil ki, ölübsən,
Hər bir işdə ilk başlayan udacaq.

Sən sevginlə neçə oğul qırıbsan,
İndi gəlib burda sevgi qurubsan,
Gəlib mənlə sən üz-üzə durubsan,
Hər bir işdə ilk başlayan udacaq.
Sən gəlmisən buraları pozasan,
Qaş - göz ilə güclüləri basasan,
Öz əlinlə bizə sonev qazasan,
Hər bir işdə ilk başlayan udacaq.

Bunu deyib baxdı Ura gözaltı,
O qaldırdı başı üstə Şamxatı,
Birdən ona yaxınlaşdı qaraltı,
Qulağına dəydi sanki »Turq« adı,
Hər bir işdə ilk başlayan udacaq.

Qoydu yerə o Şamxatı yavaşca,
Çəkildilər yana iki dalaşqan,
Gücdə, Adda o başqaydı, bu başqa,
Hər bir işdə ilk başlayan udacaq.

Dedi Şamxat, mən sevirəm Urəri,
Bundan sonra bu Urərdən dur bəri,
Hər gözəlin öz yolu var, öz yeri,
Tanrılıqdan sonra yoxdur dəyərin,
Hər bir işdə ilk başlayan udacaq.

Urər dedi: – Mən yerincəm, sən çoban,
Yerinc seçə gərək ağı qaradan,
Burda basar vecə gəlməz, güc yalan,
Sən özündən çox deyirsən, çox yaman,
Hər bir işdə ilk başlayan udacaq.

Dümağ dedi: – Qoy elimiz ayılsın,
Bundan sonra yerinc güclü ər olsun,
Kim güclüdür burda yerinc sayılsın,
Güclü olsa qız da yerinc qoyulsun,
Hər bir işdə ilk başlayan udacaq.

Hamı dedi: – Qoy güləşsin Ur, Dümağ,
Basar olan burda yarinc olacaq,
Yığışılsın üz görənlik, dəf - daraq,
Hər bir işdə ilk başlayan udacaq.
Dümağ qıvraq qol-qıçını yoxladı,
Döş-başını qayım-qayım bağladı,
Süpürlədi Urəri o bir anda,
Başı üstə qaldıraraq saxladı,
Hər bir işdə ilk başlayan udacaq.

Dedi: – Baxın, məndən uca durur o,
Yerinclikdə yarı mənəm, yarı o,
Ucalıqda yerinc yeri qurur o,
Mənlə birgə pislikləri qırar o,
Qancılların sırasını yarır o,
Hər bir işdə ilk başlayan olacaq.

Hamı dedi, düzdür, uca durar o,
Yerinclikdə yarı Dümağ, yarı o,
Dümağ ilə pisdiklini qırar o,
Qancılların sırasını yarar o,
Hər bir işdə ilk başlayan olacaq.


Bir qaraltı gəlib burdan sürüşdü,
Ölənlərin iç üzüdür qaraltı.
Dümağ dedi: – Kimsən, qardaş, nəçisən,
Ölənlərin iç üzüdür qaraltı.

Çoxu qorxdu, öz evinə çəkildi,
Birdən göydə qara bulud söküldü.
Birdən göydən yağış, dolu töküldü,
Qaraltı da yox olaraq əkildi,
Ölənlərin iç üzüdür qaraltı.

Turq göründü, Şimşəkqılınc, Şimşəkat,
Əl-ayağa düşdü sanki yurd, elat,
Keç atlının qabağına, a Şamxat,
Ölənlərin iç üzüdür qaraltı.

Ancaq Şamxat tapılmadı, harada,
Basılan qız qaçıb çıxıb aradan,
Qalıb təkcə Dümağ, Urər sırada,
Ölənlərin iç üzüdür qaraltı.


Turqər dedi: – O qaraltı Alpisdir,
Qorun, gizli qaraltıdan, kölgədən.
Alpis gözə kölgə kimi görünür,
Qorun, gizli qaraltıdan, kölgədən.

O Şamxatı hərləyirdi, güdürdü,
Hər bir yerdə dörd yanından ötürdü,
Gah görünür, gah da gözdən itirdin,
Harda Şamxat, o da orda bitirdi,
Qorun, gizli qaraltıdan, kölgədən.

Dedilər ki, Şamxat yoxdur, itibdir,
O, Alpisə qoşulubdur, gedibdir,
Turq atadan üz-gözünü örtübdür,
Qorun, gizli qaraltıdan, kölgədən.

Urər tutdu aşağıya başını,
Uçurtmuşdu sanki könül quşunu,
Utanrıdı, görməyirdi qarşını,
Qorun, gizli qaraltıdan, kölgədən.

Turq söylədi: – Urər, belə sıxılma,
Bundan sonra hər güləşdə yıxılma,
Sən yay kimi çəkilərək, yığılma,
Basılsan da sən udqunma, boğulma,
Qorun, gizli qaraltıdan, kölgədən.

Mən görürdüm lap uzaqdan güləşi,
Güləşənlər güclənərək elləşir,
Bir-birilə kələzdənib dilləşir,
Qorun, gizli qaraltıdan, kölgədən.

Mənə qalsa, burda yerinc cüt olar,
Yerincyanı yardımçılar dörd olar,
Onda Urel yaxşı elat, yurd olar,
Burda qıtlıq özü dönüb qıt olar,
Qorun, gizli qaraltıdan, kölgədən.
Dümağ, Urər yerinc oldu Urelə,
Barışdılar burda verib əl-ələ,
Bir yerincdən, iki yerinc çox bilər,
Qorun, gizli qaraltıdan, kölgədən.

Turq söylədi:- gəzin, tapın Şamxatı,
Minin, çapın onun Sarıyal atın,
Qoymayın ki, gəzsin burda qaraltı,
Hər gün, hər il tikin yurdu, Elatı,
Qorun, gizli qaraltıdan, kölgədən.

Mən gedirəm Alpis ilə vuruşa,
Şamxat üstə çətin onla barışam,
Vuruşmasam Altyer, Üstyer, qarışar,
Anni məndən öz qızını soruşar,
Qorun, gizli qaraltıdan, kölgədən.

Dümağ dedi: – Apar məni özünlə,
Mən çıxmaram böyük ata sözündən,
Mən güclüyəm vuruşmada, dözümdə,
Qaça bilməz Alpis mənim gözümdən,
Şamxatı da mən taparam izindən,
Qorun, gizli qaraltıdan, kölgədən.

Urər dedi: – Apar məni özünlə,
Mən çıxmaram böyük Turqun sözündən,
Mən güclüyəm vuruşmada, dözümdə,
Şamxatı da mən taparam izindən,
Qaça bilməz Alpis mənim gözümdən,
Qorun, gizli qaraltıdan, kölgədən.

Qurdər bildi, sağollaşdı anayla,
Yola düşdü Turq dalınca Sonayla,
Getdi o da sağollaşdı Setayla,
Qorun, gizli qaraltıdan, kölgədən.

Parsdiyarı o tapşırdı Buzərə,
Buzər çökdü üz tutaraq göylərə,
Düz olmağa o and içdi üç kərə,
Bu söz, bu iş getdi çatdı çox yerə,
Qorun, gizli qaraltıdan, kölgədən.

Təkcə gedib o, Şamxata çatmadı,
O yurdunu, anasını tapmadı,
Bu, Alpisin ürəyinə yatmadı,
Alpis onu tanrılara qatmadı,
Onun işi bununla da artmadı,
Qorun, gizli qaraltıdan, kölgədən.

Qızçiçəktək ipə sardı Şamxatı,
Şamxat oldu Üstyer üçün qaraltı,
O bir ayda heyva kimi saraldı,
Altyer, Üstyer gözlərində qaraldı,
Dörd yanını dəniz aldı, qar aldı,
Yanağını şimşək vurdu, qor aldı,
Ürəyində »ana« sözü daraldı,
Qorun, gizli qaraltıdan, kölgədən.


Dedi: – Ana, mən Şamxatam, dardayam,
Belə gündən ölmək daha yaxşıdır.
Alpis məni dara çəkib Altyerdə,
Belə gündən ölmək daha yaxşıdır.

Sən tanrıya lap yaxınsan, ana sən,
Qurtar məni, çıxart məni Altyerdən,
Atım, sevgim, könlüm qalıb Urərdə,
Belə gündən ölmək daha yaxşıdır.

Mən tanrıydım, indi adam olmuşam,
Adam içrə yarım yalan olmuşam,
Oğurlanıb qapan-qapan olmuşam,
Belə gündən ölmək daha yaxşıdır.

Eşidildi anasının harayı:
“Altyer tərsdir, ora gücüm çatmayır,
Alpis daşdır, ona söz-möz batmayır,
Üstyer artır, Altyer, Alpis artmayır,
Buna görə ora gücüm çatmayır,
Belə gündən ölmək daha yaxşıdır.

Turq Ur, Dümağ, sənə yardım gələcək,
Qurdər, Sona göz yaşını siləcək,
Böyük tanrı bu işləri biləcək,
Qan-qan deyən çox tanrılar öləcək,
Belə gündən ölmək daha yaxşıdır.

Ey Mindiyar sevgisinin tanrısı,
Minellinin sevincinin yarısı.
Bulaqların çox sulusu, durusu,
Sevgilərin ən ötgəmi, dirisi,
Döz bir az da, ol dözümün tanrısı,
Belə gündən ölmək daha yaxşıdır”

Şamxat susdu, xısın-xısın ağladı,
Külək əsdi, çay, göl, bulaq çağladı,
Altyer sanki lap dibindən laxladı.
Sanki tanrı gəldi, qızı yoxladı,
Dedi:- «Bundan ölmək daha yaxşıdır.

Dedi: «- Qızım, sevimli ol, düz yaşa,
Tanrılığa qayıt bir də, yüz yaşa,
Tanrı oldun, ərə getmə, qız yaşa,
Sevgidə də tanrı olmaq yaxşıdır».


Turq Altyerin yollarını bilirdi,
Elə yol var adam qorxur, at ürkür.
Ot basmışdı Qızçiçəyin sonevin,
Elə yol var adam çaşır, at ürkür.

Güllər solub, daşlar aşıb tökülüb,
Şamxat orda oturmuşdu bükülü,
Üstyer, Altyer yolu bir-bir sökülüb,
Yoxdur bircə daxma, koma, tikili,
Elə yer var adam çaşır, at ürkür.

Dedi: – Şamxat, niyə belə dolubsan,
Niyə belə arıxlayıb solubsan,
Sən Alpisə sanki tutuq olubsan,
Elə yer var adam çaşır, at ürkür.

Şamxat dedi:- «Ata, yaman qurtardım,
Tanrı mənə tanrılığı qaytardı,
Bu Altyerdə yoxsa, itib batardım,
Elə yer var adam çaşır, at ürkür.

Qurdər gəldi, Sona, Seta yan-yana,
Səs yayıldı çölə, dağa, ormana,
Birdən Şamxat döndü qatı dumana,
O yox oldu, yayılaraq dörd yana,
Elə yer var adam çaşır, at ürkür.

Hamı qaçıb lap yaxına gəldilər,
Baş tanrının soy gücünü bildilər,
O gün Alpis, İblis üç yol öldülər,
Elə yer var adam çaşır, at ürkür.


Bir domba göz gəldi, şişman, dodaqsız,
Göz güzgüdür, nə var səndə göstərir.
Durub Turqa göz - qaşım oynadır,
Göz güzgüdür, nə var səndə göstərir.

Dedi: «- Alpis gözəl bir qız seçibdir,
Mən o qızı axtararm, qaçıbdır,
Bir quş olub o Altyerdən uçubdur,
Sizdən bizə, bizdən sizə köçübdür,
Bunca o qız yeni bir yol açıbdır,
Göz güzgüdür, nə var səndə göstərir.
Dümağ dedi: – O qız mənəm, gəzmə çox,
Oynaş olub qaş-gözünü süzmə çox,

Diş qıcıdıb ürəyimi üzmə çox,
Göz güzgüdür, nə var səndə göstərir.

Dümağ üstə cumdu birdən dombagöz,
Hopbanaraq durdu onla üzbəüz,
Dümağ dedi: – Sən nəçisən, dələduz,
Qamarladı yıxdı onu düpbədüz,
Göz güzgüdür, nə var səndə göstərir.

Osa dedi: «- Mən yıxılmaq bilmərəm,
Yıxılsam da ipə-sapa gəlmərəm,
Mən öskürərək, tanrısıyam, ölmərəm,
Göz güzgüdür, nə var səndə göstərir.

Durdu, qaçdı, çatar-çatmaz Altyerə,
Dönüb güldü o Turqərə, Qurdərə,
Gülüş səsi düşdü bərkdən Üstyerə,
Göz güzgüdür, nə var səndə göstərir.

Bir ox atdı Qurdər, dəydi boynuna,
Aşdı, torpaq aldı onu qoynuna,
Tüstüləndi, döndü yoğun oduna,
Çatdı o da pis yolunun sonuna,
Göz güzgüdür, nə var səndə göstərir.

Yol gələnlər ağıyeri qurdular,
Qızçiçəyin başı üstə durdular,
Bir gecəlik orda çadır vurdular,
Göz güzgüdür, nə var səndə göstərir


Hamı qaçır sanki yanğı sevgidən,
Sevgidəki sonsuz qorxu, ürküdən,
Yaranışdan, doğuluşdan, itgidən,
Ancaq yoxdur sevgisini tərgidən,
Göz güzgüdür, nə var səndə göstərir.
Sevgi eli yerə, yurda bağlayır,
Üstyeri də, Altyeri də, saxlayır.
Sevgidəndir adam gülür, ağlayır.
Sevgi yazıq ürəkləri oxlayır,
Göz güzgüdür, nə var səndə göstərir.

Bir yol sevir hər kəs uşaq olanda,
Bir də uşaqlıqdan uzaq olanda,
Sevgi küsür evə dayaq olanda,
Küsür ona beş gün qonaq olanda,
Bir də üzdə çox-çox boyaq olanda,
Göz güzgüdür, nə var səndə göstərir.

Sevgi qalır, kim yerini düz seçir,
Ö özünə oğlan seçir, qız seçir,
Böyük sevgi yalanlardan vaz keçir,
O sınaqdan, çətinlikdən az keçir,
O tanrıya, öz-özünə and içir,
Göz güzgüdür, nə var səndə göstərir.


Urər, tanrı sevgisində itibdir,
İlk sevgisi Şamxat qaçıb gedibdir,
Tanrı yaşı onun deyən ötübdür,
Sevgi qalıb, ancaq görüş bitibdir,
Dümağ indi istəyinə yetibdir,
Göz güzgüdür, nə var səndə göstərir.

Qurdər isə sevgi nədir, dadmayıb,
O zirvəyə gənc şah hələ çatmayıb,
Sevgidəki üzüntüyə batmayıb,
Bal yesə də balı bala qatmayıb,
Göz güzgüdür, nə var səndə göstərir.

Tanrım, çörək, bir də sevgi çox olsun,
Sevgi alıb satanlarsa yox olsun,
Sevənlərlə-sevimlilər sıx olsun,
Sevgidə ac, tamahlıqda tox olsun,
Sevgisində, dözümündə dağ olsun,
Göz güzgüdür, nə var səndə göstərir.
Tanrım, böyük Ürərə də sevgi ver,
Sevgi yurdu olsun gərək Qobuyer,
Tanrıların yurdu olsun qoy Urel,
Yenə artsın qoy Mindiyar, qoy Minel,
Göz güzgüdür, nə var səndə göstərir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов