Verib uca qarlı dağlar, dal dala,
Söylənci var bil ki, söylənc olanın.
Qalanıbdır kəndlər dağın döşünə,
Söylənci var bil ki, söylənc olanın.

Döyüşlərdən qaçan dağa dırmaşır,
Küsülülər meşələrə sarmaşır,
Malqarasa yaylaqlara daraşır,
El görgörə, görgör elə yaraşır,
O qışlağa, bu yayalağa qarışır,
Söylənci var bil ki, söylənc olanın.
Yaylaq, qışlaq Dümağ qızın ləllisi,
Mindiyarın minellinin ellisi,
Qoyun - quzu döyüş güləş dəlisi,
Yer-yurdunun, el - obanın yellisi,
O, oynamaq, mahnı demək ölüsü,
Söylənci var bil ki, söylənc olanın.

El Dümağı tanıyırdı bu sayaq,
Üzü köyçək , qolu güclü, bel oynaq,
Sevilirdi bu gül dodaq, gül yanaq,
Onu görcək udqunurdu çox qonaq,
Söylənci var bil ki, söylənc olanın.

O Urəri sevməsə də, sayırdı,
O azacıq sevgi nədir duyurdu,
Sevgi bilib bunu elə yayırdı,
Üz- gözünü göz yaşıyla yuyurdu,
O özünü Turq yerinə qoyurdu,
Söylənci var bil ki, söylənc olanın.

Utanmağı, qısqanmağı yox idi,
Ərk etməyi, küskünlüyü çox idi,
Ona buna atmacası lağ idi,
Elə bil ki, o hər şeydən tox idi,
Söylənci var bil ki, söylənc olanın.

Şamxat ondan tanrı kimi küsmüşdü,
Bu güləşkən qızdan əlin üzmüşdü,
O güləşdə tanrı qızı basmışdı,
Söylənci var bil ki, söylənc olanın.

Odur Dümağ sevgisində kal idi,
Buna görə yanaqları al idi,
Kallığı turş, sevgisisə bal idi,
Sevgi Şamxat qızdan keçən yol idi,
Söylənci var bil ki, söylənc olanın.


Gördü Dümağ yol üstündə Urəri,
Hər kəs gərək öz tayıyla görüşə.
Dedi: – Urər, hara belə, sevgilim,
Hər kəs gərək öz tayıla görüşə.

Atdan düşdü Urər, öpdü Dümağı,
Pörtdü qızın ağdan da ağ yanağı,
Sanki qopdu yerdən onun ayağı,
Hər kəs gərək öz tayıyla görüşə.

Urər dedi: – Yerinc, axşam gərək sən,
Yerincliyə gecikmədən gələsən,
Ikilikdə görüşərik, sənlə mən,
Aman köçüb gələnlərin əlindən,
Hər kəs gərək öz tayıla görüşə.

Keyləşmişdi Dümağ sanki öpüşdən,
Nə duymuşdu bu təkbətək görüşdə,
Utanrıdı Dümağ tanış – bilişdən,
Hər kəs gərək öz tayıyla görüşə.

Urər minib atı çapdı, durmadan,
Qızdan gələr gəlməzini sormadan,
Dümağ güldü saymazlığa varmadan,
Sevgisinə inamını qırmadan,
Hər kəs gərək öz tayıyla görüşə.

Axşam düşcək yerincliyə getdi qız,
Urər olan yerdə durub bitdi qız,
Sevgisində, inamında itdi qız,
Üra baxdı, utanaraq pörtdü qız,
Hər kəs gərək öz tayıla görüşə.

Oturanlar baxdı qıza qımışdı,
Maraq hamı üzdə, gözdə sayrışdı,
Urər durdu qaçqınlardan danışdı,
Səs-küy qalxdı, ara bir az qarışdı,
Hər kəs gərək öz tayıla görüşə.
– Deyirəm ki, qardaş niyə gəlibsən,
Sən buranı doğma yerin bilibsən,
Arvad, uşaq acdır, özün solubsan,
Hər kəs gərək öz tayıla görüşə.

Deyir: – Uryer tanrıların yeridir,
Ordakılar sanki yarı diridir,
Göydəkindən ora bir az bəridir,
Işsizlikdir, adamları əridir,
Hər kəs gərək öz tayıla görüşə.


Hələ kalsan dedi ona, çoxları,
Böyük sevgi göydən gəlmə sevgidir.
Oğurlayıb Şamxat sənin sevgini,
Böyük sevgi göydən gəlmə sevgidir.

Sən güclüsən, sevgi gücü saymayır,
Sevgi vara, gözəlliyə uymayır,
Yalançını heç yaxına qoymayır,
Sevgi toxdur, tək öpüşdən doymayır,
Böyük sevgi göydən gəlmə sevgidir.

Səndən qaçır, çünki onu yıxıbsan,
Səndən küsüb, ona ucuz baxıbsan,
Onun incə ürəyini yaxıbsan,
Böyük sevgi göydən gəlmə sevgidir.

Dedilər ki, min atını çapginən,
Dedilər ki, get Şamxatı tapginən,
Ondan sevgi soy payını qapginən,
Gizli sevgi göydən gəlmə sevgidir.

Deyiləni o Urərə danışdı,
Deyilənə Urər soyuq yanaşdı,
Hələ qıza azacıq da sataşdı,
Dümağ onla deyişərək tutaşdı,
Gizli sevgi göydən gəlmə sevgidir.
O, düz saydı el-obanın sözünü,
Tutdu Şamxat tanrısına üzünü,
Vurdu dağa daşa, suya özünü,
Getdi tapsın deyilənin düzünü,
Getdi tapsın o tanrının izini,
Yerə qoysun qarşısında dizini,
Yox eləsin aradakı küsünü,
Gizli sevgi göydən gəlmə sevgidir.

Hara getdi o, Şamxatı soruşdu,
Kim eşitdi üzü, alnı qırışdı,
Sorğu artdı bir-birinə qarışdı,
Gizli sevgi göydən gəlmə sevgidir.

Biri dedi: – Görməmişəm Şamxatı,
Mən ilkiyəm, eşidirəm bu adı,
Söylə, ay qız, o kişidir, ya qadın,
Gizli sevgi göydən gəlmə sevgidir.

Çox axtardı Dümağ qaldı arada,
Şamxat kimdir, o yaşayır harada,
«Sevgi harda, get, Şamxat da orada»
Gizli sevgi göydən gəlmə sevgidir.

Qabağına çıxdı yolda bir qarı,
Dedi: – Gəzmə daha diyar - miyarı,
Eşitmişəm, vardır elə bir tanrı,
O dalınca səni çəkib aparır,
Gizli sevgi göydən gəlmə sevgidir.

Mən üç ərdə sevgi nədir bilmədim,
Sevgi-mevgi sorağıma gəlmədi,
Neçə uşaq doğdum öldü, ölmədi,
Yüz yaşım var, hey ağladım, gülmədim,
Gizli sevgi göydən gəlmə sevgidir.

Sevgi yoxdur, bala, çalış get ərə,
Ərlə uşaq dirisidir bil, hərə,
Onlar uçub gedir səndən son kərə,
Tüpür belə dolanışa, gör-görə.
Gizli sevgi göydən gəlmə sevgidir.

Dümağ susdu, dodaqları büzüldü,
Sevgisindən əli bir də üzüldü,
Ürəyində acı ağrı sezildi,
Gözünə yaş kirpik-kirpik düzüldü,
Gizli sevgi göydən gəlmə sevgidir.

– Bacım hər gün »vay« deməkdən yorulub,
Sevgidəndir ürək yanıb qovrulur,
İlbiz kimi burum-burum qıvrılır,
Sevgidəndir çox ev göyə sovrulur,
Gizli sevgi göydən gəlmə sevgidir.

O sevmişdi bir sevimli kişini,
O görürdü evin hər bir işini,
O qıcıdıb hər gün ona dişini,
Bunu atdı, sonra aldı beşini,
Gizli sevgi göydən gəlmə sevgidir.

Tək-tək olur sevgi, o da üç dörd il,
Bu il varsa, üç il sonra var deyil,
Çalış sevmə, ancaq çalış sən sevil,
Gizli sevgi göydən gəlmə sevgidir.

Get, Şamxatı tap, nə olar, qam etsin,
Qoy içində o buzları əritsin,
Ürəyinə göy sevgisi yeritsin,
Qoy mənim də o, sevgimi diriltsin,
Od-alovlu sevgiləri kiritsin,
Gizli sevgi göydən gəlmə sevgidir.

Dümağ susdu, düşgünləşdi, dinmədi,
Ancaq inam zirvəsindən enmədi,
O getdiyi öz yolundan dönmədi,
Gizli sevgi göydən gəlmə sevgidir.


Dümağ keçdi Altay ilə Çinçayı
Yoxa qarşı acıq artar bir az da.
O Şamxatı gəzdi-gəzdi tapmadı,
Yoxa qarşı acıq artar bir az da.

Suyabaxan, düyün açan bir qarı,
Dedi ona yoxdur belə bir tanrı,
Tək məndədir sevgilərin açarı.
Yoxa qarşı acıq artar bir az da.

Suya baxdı, göyə baxdı, tas atdı,
O, Dümağda güclü inam yaratdı,
Hörüyündən tutdu qızın o dartdı,
Yudu südlə üz-gözünü, ağartdı,
Yoxa qarşı acıq artar bir az da.

Dedi: – Geyin bu çuxanı əyninə,
Gətir onu gözlərinin önünə,
Qam gələcək ürəyinə, beyninə,
Gün düşəcək sənin qara gününə,
Yoxa qarşı acıq artar bir az da.

Dümağ dedi: – Adı onun Urərdir,
Aramızda sevgi yoxdur, çəpərdir,
Sevgisi var, ancaq soyuq təhərdir,
Yoxa qarşı acıq artar bir az da.

Qarı dedi: – Qayıt, ancaq il boyu,
Üz- gözünü hər gün, hər gün südlə yu,
Saxla evdə iki inək, üç qoyun,
Aldatmasın səni hər söz, hər oyun,
Yoxa qarşı acıq artar bir az da.

Bir gün onu görəcəksən yuxuda,
Çıxacaqsan utanmaqdan, qorxudan,
Görəcəksən, sevəcəksən doğrudan,
Yoxa qarşı acıq artar bir az da.
Dümağ güldü, qarı qıza inandı,
Gördü qarı çox şeyləri qanandı,
Gördü buna o ürəyi yanandı,
Gördü sevgi ağır işdi, yamandı,
Yoxa qarşı acıq artar bir az da.

O Çinçaydan yolu döndü geriyə,
Yolu saldı Uğureldən bəriyə,
Atlar girdi çox naxıra, sürüyə,
O baxmadı hər ölüyə, diriyə,
Sevgi doğdu onda tək-tək hərəyə,
Yoxa qarşı acıq artar bir az da.


Bir obada atdan düşdü, dincəldi,
Yaranışın ilk anası sevgidir.
Eşitdi ki, buradadır Turq ata,
Yaranışın ilk anası sevgidir.

Gəldi onun qabağında diz çökdü,
Dedi, dedi, Turq ataya dil tökdü,
Sonra onu sevgi çəkdi, söz çəkdi,
Yaranışın ilk anası sevgidir.

Dedi: – Ata, sevinmirəm, gülmürəm,
Bəyənmişəm, ancaq sevə bilmirəm,
Onunla da mən elbirəm, dilbirəm,
Yaranışın ilk anası sevgidir.

Hamı sevir, mən qalmışam ortada,
Kimsəsizəm mən atadan, anadan,
Niyə sevgi vermir mənə yaradan,
Soruşuram yarıtanrı atadan,
Yaranışın ilk anası sevgidir.

Turqər baxdı, o tanıdı Dümağı,
Dilə tutdu bu sevimli qonağı,
Həm sıxıldı, həm də qaçdı dodağı,
Dedi: – Mənim, ürəyimin dayağı,
Sevə bilməz qızlar, oğlan sayağı,
Yaranışın ilk anası sevgidir.
Tanrı qızı özü belə yaratdı,
Qız, oğlana ölçü qoyub gözaltı,
Oğlan solğun, qız üzündə qızartı,
O gül yanaq, oğlan solğun, sarımtıl,
Yaranışın ilk anası sevgidir.

Qız oğlan tək sevsə eldə vay olar,
Yolun azar, dəlilərə tay olar,
Evlənsə də gündə evdə hay olar,
Qızğın sevgi dönər qanlı toy olar,
Yaranışın ilk anası sevgidir.

Ərə getdi, qız sevgisi artacaq,
O sevgidə balasına çatacaq,
«Bala» deyib hər ağrını udacaq,
Bax beləcə sevgi itib batacaq,
Yaranışın ilk anası sevgidir.

Dümağ dedi: – Onu gendən sevirəm,
Belə çıxır, onda mən də sevirəm,
Mən Urəri lap ilk gündən sevirəm,
Yaranışın ilk anası sevgidir.

Turqər dedi: – Qızım, düzdür, doğrudur,
Doğru sevgi böyük toydur, ağrıdır,
Mənim kimi o da yarıtanrıdır,
Yaranışın ilk anası sevgidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви