Üstüağ söylənci
Qobuyerdən, Qobuçöldən gəlirlər,
Yola getmir öz-özüylə doğmalar,
Yelçəkəndən, yeləsəndən gəlirlər,
Yola getmir öz-özüylə doğmalar.
Bu, gilincdir, dərin kökü hardadır,
Bu, seyləncdir, başı, təki hardadır,
Düşüklükdür boşu, bərki hardadır,
Yola getmir, öz-özüylə doğmalar.
Qardaş, bacı, ata, bala dəyişir,
Bu gün belə, beş gün sonra deyişir,
Bir-birilə yaxın soydaş döyüşür,
Yola getmir öz-özüylə doğmalar.
Uzaq-uzaq el-obadan gəlirlər
Bir-birini yaxın, yaxın bilirlər,
Bir-birindən ötrü gedib ölürlər,
Yola getmir bir-birilə doğmalar.
Ey tanrılar, başbilənlər, siz deyin,
Gedib əyri otursaz da düz deyin.
Bu gilinci açın, bizə söz deyin,
Yola getmir bir-birilə doğmalar.
Yaranış bir, yaşayış bir, gediş bir,
Danışıq bir, körünüş bir, yeriş bir,
Baxış birdir, deyiş birdir, görüş bir,
Yola getmir öz-özüylə doğmalar.
Ölçüləri itirmişdi İşdayaq,
Hər istəyin ölçüsü var, yeri var.
O, Mehcəni çıxarmışdı başına,
Hər istəyin ölçüsü var, yeri var.
İndi qoca ağırlaşıb, təklənib,
Üzüntülər üzərində köklənib,
Göz tutulub, göz güzgüsü çirklənib,
Hər istəyin ölçüsü var, yeri var.
İşdayağın üzü daha külməyir,
Kim gedirsə Mehcə dönüb gəlməyir,
Ölüm günü çatıb, ancaq ölməyir,
Hər istəyin ölçüsü var, yeri var.
Darvidelə toplum yola salındı,
Çaxnaşmalar diri udur toplumu.
Mehcə, Qammad inandırdı hamını,
Çaxnaşmalar diri udub toplumu.
Vuruşmaqdan yaraqlılar yoruldu,
Sıraları, düzümləri daraldı,
Qaçan qaçdı, yerdə qalan qırıldı,
Çaxnaşmalar diri udur toplumu.
Mehcə çıxdı bu savaşda baş oldu,
O, Qammadla, çaxnaşmayla bir oldu
Darvidelli artdı birə-beş oldu,
Çaxnaşmalar diri udur toplumu.
Qarbaş gəldi, dilə tutdu Mehcəni.
Sınan ürək daha yamaq kötürməz.
Çox yalvardı, çox qorxutdu gəlini.
Sınan ürək daha yamaq götürməz.
Ellər, yurdlar bir də qalxdı ayağa,
Tutularaq Qarbaş döndü dustağa.
Kötəkləyib toy tutdular qonağa,
Sınan ürək daha yamaq köturməz.
Göndər getdi Əkbitənə çaparaq,
Vergi verməz şaha bu yurd, bu torpaq,
Qorxutmayır bizi toplum, yal-yaraq"
Sınan ürək bir də yamaq götürməz.
Toplum yığdı uzaq yerdən Üstüağ,
Qobuyerdən, Qobuçöldən, Xançudan,
At istədi, yəhər, yaraq, döyüşçü,
Qobuyerdən, Qobuçöldən, Xançudan.
Dedi, Minel ölkəsindən güc alın,
Darvidelə gedin el-el səs salın,
Yemək, çörək olmasa da ac qalın.
Qobuyerdən, Qobuçöldən, Xançudan.
Çaxnaşçılar acıqandır, siz bilin,
İşdayaqdır şahı böyük Minelin.
Vergisi var, tövçüsü var beş ilin,
Qobuyerdən, Qobuçöldən, Xançudan.
**Üsyançı
Yüz min idi atlı, yürük, yaraqlı.
Güc birlikdə, güc qoldadır, sayda yox.
Kədiklərdən, yarğanlardan ötdülər,
Güc birlikdə, güc qoldadır, sayda yox.
Dağ titrətdi, daş yaqdırdı andları
Köyü dəldi kişnərtisi atların,
Tozda itdi buludların qatları,
Güc birlikdə, güc qoldadır, sayda yox.
Yaraqlanıb ellər durdu ayağa.
Mehcə, Qammad, Qaraş çıxdı qabağa.
Qan ələndi 10 gün qara torpağa,
Güc birlikdə, güc qoldadır, sayda yox.
Qarbaş durdu Üstüağın dalında.
Qaplan gücü, qurd önəmi qolunda.
Qılınc çaldı İşdayaq şah yolunda.
Güc birlikdə, güc qoldadır, sayda yox.
Darvidelin obaları alındı,
Dəri başraq əllərindən salındı,
Öz evində Qammad dustaq olundu,
Güc birlikdə, güc qoldadır, sayda yox.
Qammad qaçdı yaraq, əltut dalınca,
Ağsaqqallar, başbilənlər yanınca,
Balasqeldə sarıldılar qılınca.
Güc birlikdə, güc qoldadır, sayda yox.
Qarbaş qaldı burda yerinc, baş oldu,
Çaxnaşmanı dayandırdı Üstüağ.
Min-min adam keçirildi qılınçdan,
Çaxnaşmanı dayandırdi Üstüağ.
Burda vergi, tövcü yenə yığıldı.
Öz başına iş körənlər dağıldı,
Boğuntunu yaradanlar boğuldu,
Çaxnaşmanı dayandırdı Ustüağ.
Basılaraq ellər qara geyindi,
Minel isə bayram tutdu, sevindi,
Mindon ana gənc oğluyla öyündü.
Çaxnaşmanı dayandırdı Üstüağ.
Üç il keçdi, öldü qoca İşdayaq,
Yerdir sonu uca-uca şahların.
Şahlığını Üstüağa verdi o,
Yerdir sonu uca-uca şahların.
Minel 40 gün yasa batdı, gülmədi,
Yasdan başqa Başev heç nə bilmədi,
Mehcə Qaraş yas yerinə gəlmədi.
Yerdir sonu uca-uca şahların.
Dağ başında şaha sonev tikdilər,
Başdaşına qızıl örtük çəkdilər,
Yan-yövrədə söyüd, çinar əkdilər.
Yerdir sonu uca-uca şahların.
Toplum yıqıb Qaraş döndü Minelə.
Öz-özünə əl qaldıran ər olmaz,
O, lappadan yaxaladı Qarbaşı,
Öz-özünə əl qaldıran ər olmaz.
İki toplum düzdə durdu üz-üzə,
Səpələndi lalə-lalə qan düzə.
Üstüağla Qaraş gəldi göz-gözə,
Öz-özünə əl qaldıran ər olmaz.
Vuruşurdu yaxın, uzaq qardaşlar,
Qızışırdı qanlı-qanlı tutaşlar,
Yarılırdı qılıncıyla döş-başlar,
Öz-özünə əl qaldıran ər olmaz.
– Ahay, Qaraş, mənim doğma qardaşım,
Gəl, sən şah ol, mən də sənin önərin,
Öz atanın yasına da gəlmədin,
Gəl, sən şah ol, mən də sənin önərin.
Biz qardaşıq, qanbir, elbir, ölkəbir,
Varlığımız, dirriyimiz birgədir.
Şahlıq isə ikimizə yengədir,
Gəl, sən şah ol, mən də sənin önərin.
Qarbaşı ver, Qarbaş böyük önərdir,
Acıqanın yürüşünə çəpərdir,
İç işlərdə biliklidir, təpərdir,
Gəl, sən şah ol, mən də sənin önərin.
– Gözüm yoxdur bacı, qardaş görməyə,
Gərək şahın könlü, başı olmasın.
Yandıraram Əkbitəni büsbütün,
Şahın gərək könlü, başı olmasın.
Mən gəlmişəm qızıl qanlar içməyə,
Sənin üstdən addımlayıb keçməyə,
Quş başları qılıncımla biçməyə,
Şahın gərək könlü, başı olmasın.
Bir qazana girə bilməz iki baş,
Mən şah olsam, nə Minel var, nə qardaş,
Mən ürəyi daş adamam, könlü daş,
Şahın gərək könlü, başı olmasın.
Al, bu biri, bu ikisi, bu üçü,
Sən kimsən ki, şah olasan, ay küçük,
Ala, bu sərt qılıncımın dad gücün,
Şahın gərək könlü, başı olmasın.
Üstuağın yaralandı sol qolu,
El içində var ölçüsü vuruşun.
Düşdü tutaq yaralanmış əlindən.
El içində var ölçüsü vuruşun.
Sağ əlilə vurdu onu Üstuağ,
Öz işini gördü tərsə şapalaq,
Qondu başı döşü üstə quşsayaq,
El içində var ölçüsü vuruşun.
– Bağışlaram səni, Qaraş, bu kərə,
Qılınc çəkməz bil ki, qardaş qardaşa.
Gəl, şah kimi otur atan yerində,
Qılınc çəkməz bil ki, qardaş qardaşa.
– Mənə şahlıq verən yerdə öləsən,
Bil şahlığı qol gücünə alırlar,
Gedib bir də qayıdaram vuruşa,
Bil şahlığı qol gücünə alırlar.
– Qabağına mən yaraqlı çıxmaram,
Qılınc çəkməz bil ki, qardaş qardaşa.
Saxlayaram şah yerini şah kimi,
Qılınc çəkməz bil ki, qardaş qardaşa.
Bu döyüşdə Darvidelli basıldı,
Basıq toplum köləliyə qatılar.
Yaraqlılar qaldı, geri dönmədi
Basıq toplum köləliyə qatılar.
Yerə qoydu sağ qalanlar yarağı,
Oturdular yerə kölə sayaqı.
Əyilərək hamı öpdü torpağı,
Basıq toplum köləliyə qatılar.
Dedilər ki, biz qalırıq Mineldə,
Biz deyirik, danışırıq bu dildə,
Qaraş bizi alçaldandır, əyildən,
Basıq toplum köləliyə qatılar.
Qaraş döndü evə, basıq, kimsəsiz,
Çöp də olsa itki üç qat ağırdır.
Çox duşündu ölçü-biçi yerini,
Çöp də olsa itki üç qat ağırdır.
Üç qat artdı Üstüağa acığı,
Açıb atdı üzündəki sarığı,
Nə sağaldar könlündəki yanığı,
Çöp də olsa itki üç qat ağırdır.
Bir il gəzdi, görünmədi bu eldə
Gəzdi Balasq, Misireldə, Mineldə.
Çində qaldı, dil öyrəndi bir il də,
Çöp də olsa itki üç qat ağırdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-ustuag-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qızağ getdi Turər şahın dalınca,Yollar boyu Qırğıatın belində.
Qızağın ölüm söylənciGünbatandan bir səs qalxdı bu yerdə,Üzübağlı bir atlıydı gəlirdi.
Batıda vuruş söylənciGünbatanda soraqlaşdı başçılarƏkbitənin Turər şahı dul qalıb.
Diriel söylənciBir gün qondu yəhərinə Göyərçin,– Düzər səni ağır gündə gözləyir.
Стихи других поэтов
Alcaq nəfsin dad əlindən verir mənə min əzab,Odur verən urəyimə sonsuz kədər iztirab.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
İbtilayi-qəramDinliyorkən lisani-şerimi bən,Bir yetimin lisanhalı kibi,