Yürüş söylənci
Əkbitənə Yürüş yerinc – şah oldu,
Dincəl olur yasdan sonra toy-düyün.
Atasının qılıncını bağladı,
Dincəl olur yasdan sonra toy-düyün.
Dedi: – Anam, ağbirçəyim, iç ərim,
Ağsaqqalım Bacar, önər Tuncərim,
Sərtiş ər də biləndəri göylərin,
Dincəl olur yasdan sonra toy-düyün.
Buzboğazla Tur körfəzi düzünə,
Sağı, solu qatdı onun gözünə,
Bu ellərdə şah söylədi özünə,
Dincəl olur yasdan sonra toy-düyün.
Çinel, Xançu, Hindel, Təbət, Uğurel,
Bəriboğaz, Qoşadəniz, Qobuyer,
Körfəz, Minel, Durudaşla Qobuçöl,
Dincəl olur yasdan sonra toy-düyün.
Gəlib keçdi yüz illərlə min illər,
Dəyişməyir gör-gör dədə azacıq.
Diz qatdadı sıra şahlar, önərlər,
Dəyişməyir gör-gör dədə azacıq.
Qalıb dəniz dənizliyi içində,
Dağlar, çöllər lap qabaqkı biçimdə,
Dilli, dilsiz axarında, köçündə,
Dəyişməyir gör-gör dədə azacıq.
Yay-qış, gün-ay, yer-göy nədən qoşadır,
Dağ özünü ölməzliyə oxşadır,
Tək günəşdir qoşalığı yaşadır,
Dəyişməyir gör-gör dədə azacıq.
Yol uzandı, Turdan çatdı Yürüşə,
Min-min ərən hər gün durdu döş-döşə,
Hamı dedi, bu gedişlər dəyişər,
Dəyişməyir gör-gör dədə azacıq.
Biçimini dəyişməyən dolanış,
Dığırlana-dığırlana gedirsən,
Yırğalanıb, silkələnib, fırlanıb,
Dığırlana-dığırlana gedirsən.
Yaranışdan baş götürüb qaçırsan,
Həm başına onun oyun açırsan,
Bilinməyir yeriyirsən, uçursan,
Dığırlana-dığırlana gedirsən.
İnanıram sənin tanrı gücünə,
Burdan belə – ordan elə köçünə,
Ancaq ölən-qalan deyil vecinə,
Dığırlana-dığırlana gedirsən.
Mən də sənə qoşuluram, gedirəm,
Səndə deyil, öz-özümdə itirəm,
Ey öldürüb məni bir də bitirən,
Dığırlana-dığırlana gedirsən.
Tuncər yeni toplum yığdı, yaraqlı,
Qara olur ağ başrağın kölgəsi,
Dedi,-öncə Arielə gedirəm,
Qara olur ağ başrağın kölgəsi.
O götürdü Alpanı da özüylə,
Beş gün getdi qumsallığın düzüylə,
Gedib gördü Arieli gözüylə,
Qara olur ağ başrağın kölgəsi.
Qoca Hexa keçinmişdi, Məniş sağ,
Minellidən çəkinirdi yapalaq,
Gecə durub gəzişirdi cin sayaq,
Qara olur ağ başrağın kölgəsi.
Qaşlarının arasında üç düyün,
İstəklisi ellisinə ərköyün,
Çallaşmışdı qara saçlar büsbütün,
Qara olur ağ başrağın kölgəsi.
– Nədən məni aldın atdın kolluğa?
Əysən dəyər sonrakına şuv budaq.
Dedi, əymə, Məniş, yaşıl budağı,
Əysən dəyər sonrakına şuv budaq.
Məni atdın, boz qurdlara yem oldum,
İyirmi il çöldə boz qurd sayıldım,
Meşəlikdə qurd yerinə qoyuldum,
Əysən dəyər sonrakına şuv budaq.
Ağıladın sən atamı üç kərə,
Verdin bütün düzlüyünü yellərə,
İndi özün düşəcəksən çöllərə,
Əysən dəyər sonrakına şuv budaq.
Onda Ağqurd bir boz qurda gəl, dedi,
Bu çürüyü yer üzündən sil, dedi,
– Məniş, sənin son günündür, öl,-dedi,
Əysən dəyər sonrakına şuv budaq.
Boz qurd yırtdı, sürütdədi Mənişi,
Qurdluları içəridən qurd yeyər.
Nə səs çıxdı, nə qışqırıq qadından,
Qurdluları içəridən qurd yeyər.
Ağqurd Alpan bunu dedi Tuncərə,
– Bağışlama bağışlanmaz qancılı.
Savaş salıb burda qan-qan deyənlər
Qurdluları içəridən qurd yeyər.
Boz qurdları səslə gəlsin buraya,
Baxma səsə, qışqırığa, haraya,
Çürükləri qurdlar burdan darayar,
Qurdluları içəridən qurd yeyər.
Görününcə çöldə boz qurd toplumu,
Göyü aldı ulaşmalar yaylımı,
Bir anlığa yox elədi ilğımı,
Qurdluları içəridən qurd yeyər.
Gəldi bu an at üstündə Sərtiş ər,
Barışığa elçi gələn tanrıdır,
O çatdırdı qurddan qabaq özünü,
Barışığa elçi gələn tanrıdır.
Dedi: – Niyə siz əskiklik etdiniz?
Boz qurdların qarşısını alın siz,
Yersizlərə niyə qancıl olaq biz,
Barışığa elçi gələn tanrıdır.
Arieldə arvad-uşaq qalıbdır,
İçlərini kallıq, kolluq alıbdır,
Taxılına gəmirici dolubdur.
Barışığa elçi gələn tanrıdır.
Mən Sərtişəm, qopdum günəş odundan,
Yaranmışam göylə yerin qatında,
Göndərişəm tanrıların adından,
Barışığa elçi gələn tanrıdır.
Sən Tuncərsən, sən də Alpan Minelli,
İgidliyin bir adı da barışdır,
Barış edin, Arieli basmayın,
İgidliyin bir adı da barışdır.
Mən Sərtişəm, tanrısıyam mən odun,
Gəldim burda tanrıları tanıdım,
Qan-qadanı, keçmişləri unudun,
İgidliyin bir adı da barışdır.
Tuncər, Ağqurd baxa-baxa qaldılar,
Sərtiş ərin deyiminə baxdılar,
Boz qurdların qabağını aldılar,
İgidliyin bir adı da barışdır.
El yığıldı, qızıl ocaq qalandı,
Hamı birgə od başına dolandı,
Qurd toplumu burdan geri yollandı,
İgidliyin bir adı da barışdır.
Sonra kəsi, sonra oda yalvarış,
Birlik olar hamı getsə bir yola,
Tuncər, Ağqurd bağlaşdılar bu ellə,
Birlik olar hamı getsə bir yola.
Arielin qız, gəlini oxudu,
Dul qadınlar igidlərdən çox idi,
İçlərində qorxu, ürkü yox idi.
Birlik olar hamı getsə bir yola.
Yürüş bunu eşidincə tutuldu,
Qara qaşlar qoşa yay tək çatıldı,
Acığından kirpikləri ütüldü,
Birlik olar hamı getsə bir yola.
Qılınc olub o çəkildi qınına,
Sərtiş əri çağırtdırdı yanına,
Dedi öncə gərək şahlar tanına,
Birlik olar hamı getsə bir yola.
Tuncər, Ağqurd üz döndərdi Başevdən,
Hər iş görər üzü dönmüş adamlar.
Qol-budaqlı başçı gərək Minelə,
Hər iş görər üzü dönmüş adamlar.
Manay dedi: – Çox tələsmə, şah balam,
Oynatmasın səni hər söz, hər yalan,
Öz doğmandır, onlar ilə düz dolan,
Hər iş görər üzü dönmüş adamlar.
Sərtiş əri lağa qoydu Yürüş şah,
Dedi: – Başın qarışıbdır daş-qaşa,
Get, başını innən belə vur daşa,
Hər iş görər üzü dönmüş adamlar.
Acıqanı bağışlayan ər deyil,
Bu yer dönük minelliyə yer deyil,
Hər yağıntı hələ yağış, qar deyil,
Hər iş görər üzü dönmüş adamlar.
Dözüm ilə durub dedi Sərtiş ər,
Hamı birdir duru göyün altında,
Adamların qarası da, ağı da,
Hamı birdir duru göyün altında.
Hələ gəncsən, güclü, çılğın qafalı,
Çılğınlığın hər bir günü qadalı,
Ay yenilməz yurdlu, məğrur analı,
Hamı birdir duru göyün altında.
Mən dedim ki, arvad-uşaq yazıqdır,
Boz qurdların təpişi də artıqdır,
Minellilər Arieldən yanıqdır,
Hamı birdir duru göyün altında.
– Mən gedərəm boş qırğından uzağa,
Ancaq belə təpinməzlər qonağa,
Könlünüzdə yer saxlayın ocağa.
Hamı birdir duru göyün altında.
Çıxıb getdi Yelçəkənə Sərtiş ər,
İncik adam gedər, geri qanrılmaz,
Üz-gözündə ağrı-acı izləri,
İncik adam gedər, geri qanrılmaz.
Atı çapdı Arielə birbaşa,
Dal çevirdi baş aparan gənc şaha,
Beş gün yolu getdi, çatdı bir aya,
İncik adam dönüb geri qanrılmaz.
Tuncər, Ağqurd dönmüşdülər geriyə,
Çatmışdılar Əkbitəndən bəriyə,
Demişdilər hər ölüyə, diriyə,
İncik adam gedər, geri qanrılmaz.
Başevdəki üzlər, sözlər qupquru,
Acı danlaq gözləyirdi onları,
Yürüş şahın üzü-gözü sapsarı,
İncik adam gedər, geri qanrılmaz.
Manay dedi-Bircə oğlum Yürüş şah,
İncik salma acı sözlə doğmanı,
Ağüzel var bizə arxa durası,
İncik salma acı sözlə doğmanı.
Get onlardan toplumuna ərən seç,
Lap istəsən Əkbitəndən yığış, köç,
Daşçı oldun, yüz ölç, min ölç, bir yol biç,
İncik salma acı sözlə doğmanı.
Get, ölkənlə yaxşı-yaxşı tanış ol,
Buzboğazla, Durudaş el, Qobuçöl,
Xançu, Çinel, Hindel, Təbət, Uğurel,
İncik salma acı sözlə doğmanı.
Yelçəkəndə Qoşaboğaz, Qoşaçöl,
Yastıdağda Şişqayayla Diriel,
Körfəzin də bu yanları Qobuyer,
İncik salma acı sözlə doğmanı.
Yerinc kimi gəz özünə arxa tap,
Ağzı üstə yerə dəyər arxasız.
Qollarına yeni-yeni güc axıt,
Ağzı üstə yerə dəyər arxasız.
Bacar oğlu Tuncər iti tiyədir,
Ağqurd Alpan boz qurdlara yiyədir,
Soruş, öyrən, yönümləri nəyədir,
Ağzı üstə yerə dəyər arxasız.
Mən Manayam, Qızbax qolu Turərin,
Çox güclüdür hələ qolum, təpərim.
Çəkmə bizim aramızda çəpəri,
Ağzı üstə yerə dəyər arxasız.
Mən Manayam, Ağüzeldən çıxmışam,
Mindiyara Minel kimi baxmışam,
Qoyma ərlər incik düşə, dağlışa,
Ağzı üstə yerə dəyər arxasız.
Yürüş dedi: – Mən gedirəm, sən otur,
Şah yaxşıdır el içində olanda.
Mənim doğmam Ağüzelə yol salım,
Şah yaxşıdır el içində olanda.
Mən gəzərəm Duzgöl, Ağüz yurdunu,
Qobuyerdən çapa-çapa atımı,
Ucaldaram soyumuzun adını,
Şah yaxşıdır el içində olanda.
Mən Yürüşəm, Turər şahın soyuyam,
Üstüağın tövrəməsi, boyuyam,
Qızuçarın uçarlığı yayıyam,
Şah yaxşıdır el içində olanda.
Alpan qalsın, Tuncər mənlə gedəcək,
Onlar məni qoruyacaq, güdəcək,
Mindiyarda uğurlara yetəcək,
Şah yaxşıdır el içində olanda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-yurus-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Soraq çatdı, Darvideldən el köçür,Kimsəsizlik tutur köçün yerini,
Tanı söylənciTanı bala qol-budaqlı gənc idi,Güclü olur kökü dərin ağaclar.
Manayın ölüm söylənciGünlər keçdi, Tanı gəlib çıxmadı,Gözləməkdən gözün kökü saralar,
Vayqan söylənciÇinel Vayqan ad qoymuşdu xaqana,Hər bir igid ad qazanar işiylə,