Arpaçay əfsanəsi
Страница 2 из 3 · 33%
Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Apardı sellər Saranı,
Bir alagözlü balanı!
Xançoban Saranın sazı əlində səri-sərgərdan gəzdi, dolandı, oxuyanlara qarışmaq istəsə də, bacarmadı. Bilmədi necə eləsin? Saradan əlini üzüb geriyə, Qaragölə dönsünmü? Necə deyərlər, gedənlə getmək, ölənlə ölmək olmaz!
Xançoban dayanmadan Arpaçayı aşağı düşdü, Saranı səslədi. Arpaçaydan “Yoxdur, Sara! Yoxdur!” – əks-səda qayıdınca, Xançoban üzünü sellərə tutdu:
– Bəs axı niyə siz Saranı aparmısınız?
– Biz aparmışıq Saranı, özümüz də heç bir kəsdən gizləmirik!
– Niyə, nə üçün siz sellər belə bir allahsız iş görmüşsünüz?
– Çünki sellər kükrəyəndə özlərinə qız qurbanı istəyirlər!
– Demək, Sara siz sellərə qurban gedibdir?
– Bəli, Sara biz sellərin qurbanı olubdur!
– Onda mən Saranı çayaşağı axtaracağam!
– Harayacan axtaracaqsan, çoban?
– Arpaçayı aşağı Araza qədər!
– Axı nəyə görə?
– Saranı tapmaq, saçlarından da olsa özümdə yadigar saxlamaq üçün!
– Bəs o saz nədir əlində?
– Bu saz Saranın mənə yadigarıdır!
– Bu yadigar ömürlük bəsindir!
Xançoban elə bildi ki, yaxşı üzməyi bacaran Saranı heç zaman boz-bulanıq sellər biryolluq batıra bilməz! Bəlkə, Sara Arpaçayı uzunu üzə-üzə arana enmişdir? Bəlkə, Arpaçay Araza tökülən yerdə Sara atılıb bir qırağa çıxmışdır, Arazın tutac qamışlığında çılpaq üşüyə-üşüyə, dona-dona qalmışdır. Özü də bir dar ayaqda kimi gözləyir? Ata-anadan, qardaş-bacıdan da qabaq Xançobanı! Sara gözləyir ki, Xançoban onun harayına çatacaqdı. Xançobanı birdən görəcəkdi... Görəcəkdir ki, indicə Xançoban necə də özünü ona çatdırdı. Necə də çiynindəki saçaqlı yapıncısını çevirdi, üryan Saranı öz yapıncısına bürüdü, qızı qüvvətli qollarının arasına aldı, onu nəfəsiylə qızdırdı, qolları üstündə Ağgölə çatdırdı, qızı ağ alaçığına apardı. Sara tezcənə alaçıqda öz allı-güllü geyiminə girdi, dönüb Xançobandan yadigar verdiyi sazı soruşdu:
“– Haradadır saz, Xançoban?
– Sənin yadigarın buradadır, Sara!
– Bəs çoban tütəyin?
– Çoban tütəyini Qaragölə atdım.
– Nə üçün?
– Bu gündən aşıq olmağa, saz çalıb söz qoşmağa başlamağım üçün.
– Ay səni, mənim Xançobanım!
– Necə yəni, Sara?
– Yamanca sınaqdan çıxdın!
– Necə yamanca sınaqdan çıxdım, Sara?
– Heç bir aşiq öz məşuqəsinin cəfalı yolunda mənim Xançobanım kimi sınaqdan çıxmamışdır!
– Çoban həmişə cigərli olur, Sara!
– Mən öz cigərli çobanıma öz ürəyimlə cavab verirəm!”
Xançoban gedə-gedə xəyalat aləminə qapıldı, yenə tezcə özünə qayıtdı, yenə də Arpaçayı aşağı axtara-axtara Araz qırağına sallandı. Saranın sazını qoltuğuna alıb Araz nəhrinin yaxası ilə, üzüaşağı yıxıla-dura addımladı, hər necə ac-susuz olsa da, öz axtarışından qayıtmadı. Göz qoyub görənlər dedilər, bəs bu necə aşıqdır ki, heç bir kəndəkəsəyə, elə-obaya dönmür? Hey Araz aşağı gedir, gözünü Arazdan çəkmir.
Bəli, Xançoban qoltuğunda güllü-köynəkli saz, əlində çoban çomağı ağ köpüklü dalğalara baxa-baxa, “indicə Sara Arazdan çıxacaqdır” ümidilə Arazın yaxasiylə gedirdi.
Araz geniş vadidən çıxıb dərin dərələrə düşürdü. Birdən də başbaşa gələn uca dağlar, sıldırım qayalar arasından xam at kimi boğulunca kişnəyirdi, görünməzin kişnərti qoparırdı. Bu kişnərtidən gələn səssəda dağa-daşa düşürdü.
Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!
Muğan batıb nahaq qana.
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Külli-aləm bu müsibəti səsi dolusu oxuyur. Saranın selə düşüb getdiyini yanıxa-yanıxa deyirdi... Arpaçayı “qan-qan” deyə qıjıltı qopararaq axınından qalmırdı. Araza qovuşunca oranın özündən belə səda qayıdırdı:
“Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!”
Sarasız Xançoban Muğana gedə bilərdimi? Getsə də Muğanda özünə yer tapa bilərdimi? Xançoban hansı üzlə Saranın ata-anasının, ağqoyunluların, qaraqoyunluların üzlərinə çıxa bilərdi? Yox, nəinki bu ili, gələn ili də Xançoban dönə bilməzdi! Bu, nakam məhəbbətə görə adamların üzünə baxa bilməzdi! Ona deyilməzdimi, Xançoban, sən qumral hörüklü Saraya üzməyi öyrətməsəydin, o da Ağgöldə üzə-üzə üzgüçülüyə alışıb Arpaçaya getməzdi, orada daşqına düşüb batmazdı. Gərək bircə göz qırpımı da olsa, sən Xançoban öz Saranı nəzərindən qoymayaydın.
Düzü, Xançoban istəyirdi ki, Saranı seldən xilas edə bilməsə də, hamının gözü qabağında onunla qoşalıqda axaydı, nə adamlardan, nə dağlardan-daşlardan, nə də Arpaçaydan, nə də gur-gur guruldayan Arazdan belə danlağı eşidəydi:
“Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!”
Nə bu ili, nə də altdakı ili, nə də sonrakı ili Xançoban Sara olmayan Muğana dönəsi deyildi!
Bəli, Xançoban heç zaman Muğana gedəsi, orada qalası, adam olanın üzünə çıxası deyildi! Onun Muğanda heç bir itiyi itməmişdi. Onun Sarası Arpaçayında itmişdi, Araz nəhrinə çağlayıb calanan Arpaçayı Saranı Araza qovuşdurmuşdu! Araz da Saranı götürüb arana aparmışdı. Bəlkə nə Arpaçayı, nə də Araz nəhri Saraya güc gələ bilməmişdi? Sara özü üzə-üzə arana getməkdədir?! Bəlkə də, Araz axınınca üzən Sara Xançobanı harayına çağırır, onu gözləyir ki, Xançoban özünü çatdirsin, güclü axına düşən qızı qurtarsın? Onlar birlikdə Muğana dönsələr, dəvələr ağzı arana yatıb quyruq doğulduğuna görə Ağqoyunlu, Qaraqoyunlu elini də yuxarı yaylaqda deyil, Muğanda görsünlər. Onlar hər iki elatı Muğanda salamlasınlar, onların hər ikisini qohumlaşan, birləşən elat bağrına bassın, olmazın, görünməzin, eşidilməzin möcüzəyə sevinsinlər, özünü Araza atıb Saranı xilas edən əfsanəvi bahadırı – Xançobanı tərifləsinlər, alqışlasınlar! Tütək tütəyə, ney neyə, saz saza, söz sözə qarışsın, iki elatın birləşən toyu təmtəraqla başlasın, yallı dəstələri Xançobanla Saranı araya alsınlar, əvvəlcə onlar ikilikdə, sonra da yallı dəstələrində oynasınlar, gecənin bir aləmində göylərə qaldırılan məşəllərin alovlu işıqlarında onlara təzəcə düzələn toyalaçığı, içi xalılı-gəbəli, məxmər mütəkkəli, məxmər döşəkli, qanovuz yorğanlı yataq yeri göstərsinlər? Cavanlar öz arzularına, kamlarına çatsınlar. Aylar ötüb, illər dolanınca onların bir-birindən gözəl, qıvrımsaç qızları, qarasaç oğlanları hər iki elata təzə nəfəs gətirsinlər, boy atıb qalxsınlar, yaşa dolan Xançobanla Sara öz eşq-məhəbbətlərinin, iztirab və həyəcanlarının bəhrələrilə sevinsinlər, şadlansınlar!
Yox, bu belə olmayacaqdı, bu ancaq xəyal idi! Olan olmuşdu, Sara Arpaçayının selinə düşüb Araz aşağı axmışdı. Özü də biryolluq axıb getmişdi. Saranı bu axından qurtaran, ona nəfəs verib həyata qaytaran, onun zərif dodaqlarını tərpədib, azacıq da olsa güldürən heç bir qüdrət görünmürdü. Xançobanın varlığında nə vardısa, zərrəciyinə qədər yerli-dibli yoxa çıxmışdı.
Xançoban üçün geriyə dönüb dəvələr üzü arana dönüncə, quyruq doğunca özünü aran adamına qatsın-qatmasın bir idi, onun üçün daha heç nə yox idi. Onun aləmində bir fəlakət vardı, faciə bir idi, Sara yox idi!
Demək, Xançobanın əli bütün dünyada misli-bərabəri olmayan Sarasından, öz eşqindən, məhəbbətindən üzülmüşdür! Bəs o nə üçün Arazdan uzaqlaşmır, Saranı axtarmaqdan qalmır, Muğandan baş götürüb getmir? O, başqa bir tanınmaz-bilinməz yana çobanlığa olsa belə getmək, həmin yad, uzaq yerlərdə bir tütər, yanağı qara xallı gözələ ürək aça bilməzdimi? Xançobanın aləmində indinin özündə də, sonra da varsa Sara idi, yoxsa da. Saranın ona yadigar qoyub getdiyi güllü köynəkli sazı əlindən buraxmadan, Xançoban yenə də çomağına söykənə-söykənə baş-başa dayanan dağlardan enirdi, Arazın yaxası aşağı öz yoluna davam edirdi. O, tapacaqmış kimi Saranı axtarırdı. Heç olmazsa Arazın dalğalarında onun səpələnən qumral saçlarını görmək, bu saçlarla birlikdə Arazda axmaq istəyirdi... Xançoban qışqırmaq, haray salmaq, cümlə-cahanı köməyə çağırmaq, Saranın cənazəsini buradan çıxarmaq, onu Muğanda, həminsə iki elatı birləşdirən baş bilənlər təpəsində, ağqoyunlularla qaraqoyunluların sərhədində dəfn etmək, türbə ucaltmaq istəyirdi. Həm də bu türbənin yan-yörəsində gül-çiçək əkmək, aşağılardan sənək-sənək su daşımaq, eşqin susan məbədini çəmənzara tutmaq gərək idi! Qoy desinlər, Muğanın Xançobanı Ərəbistan Qeysindən füzun Məcnun olubdur! Qoy hər nə deyirlər desinlər, Xançobana necə ad verirlər versinlər, təki Xançoban öz Sarasının qumral saçlarını Arazın axıb gedən dalğalarında görə bilsin!..
Sonrasını da Xançoban özü bilsin. O bütün dünyaya göstərsin ki, məşhur aşiqlərin cərgəsindədir. Muğanın eli çomaqlı, qoltuğu sədəf sazlı oğlanı eşq-məhəbbət aləmində “Xançoban və Sara” dastanı düzəltsin. Bu dastan hamını heyran eləsin.
Gedin, deyin Xançobana,
Gəlməsin bu il Muğana!
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!
Belə bir xəyal ilə, arzu ilə, ümidlə Xançoban Araz aşağı öz axtarışından qalmırdı. Saranı axtarmaqdan yorulmurdu. O gedə-gedə Arazin hər iki sahilini birləşdirən Xudafərin körpüsünə çatdı. Saranın selə düşüb axdığını eşidən o taylı-bu taylı elatlar Muğanın bu gözəl gəlinini tapmaq, xilas etmək üçün toplanıb gəlmişdilər. Onlar əli çomaqlı, qoltuğu sazlı Xançobanı görüncə onu Xudafərin körpüsünün üstündə araya aldılar, dinməzcə durdular. Bu dinməzliklə də Xançobana başsağlığı vermiş oldular. Xançoban daha dayanmadan “Xudafərin”dən dönüb çıxdı, yenə də Araz aşağı aran yoluna davam etdi. Hamı gördü ki, Muğanın Xançobanı çobana xas mərdliklə, dəyanətlə, sədaqətlə öz Sarasının axtarışındadır. Onun qumral saçlarından bir nişanə da olsa tapmayınca əl çəkən deyildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-arpacay-efsanesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məhtaban 8Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Стихи других поэтов
Cəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
DaradıUydum bu dünyanın olan gəştinə,Dedim ki, göstərməz mənə dar, adı.
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!