XXIX
Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...
Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.
Balışa qəsd edərkən qatil öz anbar talanından bir qədərini verməklə yaxasını qurtara biləcəyini də hiss etməmiş deyildi!.. İndi bu an tayların arasında başını gizləyən Məmmədxan prokurorun arvadı Züleyxa xanımı gözdən keçirir, onun nəzəri ümdə olaraq ətli-əndamlı və dadancıl xanımlardan olan Şəhlanın üstündə dayanırdı... Son günlər anbardar cavan prokurorun başçılığıyla başlanan təftiş nəticəsində oğurladığı kooperativ əmlakının üstünün açılmağından yana çox bərk vahiməyə düşmüşdü. Həm də o, çox bərk qısqandığı Balışa bel bağlaya bilmədiyindən, xüsusi bir vəhşiliklə ötən gecəyarısı onu öz yolunun üstündən götürmüşdü... Qatilin dumanlanan beyni elə açılıb ayazıya bilmirdi. O, doğrumu, hərəkət etmişdi, hələ də müəyyən etməkdə ciddi çətinlik çəkir, onun cinayətkar ürəyi yenə də bax çırpınaraq ağzına gəlməyə başlayırdı. O özünün bu ağır dəqiqələrində onu bilirdi ki, necə olsa da Balışı ortadan götürməklə fövqəladə bir iş görmüşdür. Güman ki, qatil üzə-üzə bu bulanıq gölməçədən çıxar, bu işdə ona Murtuz kimi müstəntiq qardaşı, illərdən bəri cəhənnəmə kötük atan Qaloş kimi sirdaşı kömək əlini uzadar, “tut buradan, üz-üzə çıx” deyər. Bu dünyada bütün ölüm hadisələrinin üstü açılırmı? Bütün qanlar üzüb, üzə çıxırmı? Heç itən-batan qan da olurmu?.. Əlbəttə, üstü açılmayan qətl, batan qan da olur... Belə halda niyə də gərək mən Məmmədxan yaxamı ələ verim, çalışıb-çapalayıb hərəkət etməyim! Əgər adi yollarla bu qətli gizləmək mümkün deyilsə, daha o niyə boğazını ələ versin, cəld yayınmasın, aradan çıxıb qaçmasın?.. Qatilin beyni qurcalanır, burulğana düşmüş kimi əl-qol çalır, yaşamaq, bu anbarda müdir qalıb, soyub-soymalamaq üçün yol deyil, cığır, hətta qaçacaq üçün bir cız belə arayırdı... Nə üçün də o bəd ayaqda qazamatlarda çürüməkdənsə bu və ya digər bandit dəstəsinə qoşulmasın?.. “Arvadı öldürüb, sizi deyib gəlmişəm!” Beləliklə o özünü namuslu bir adam, ötən adətlərin mərd bir igidi kimi təqdim edər, banditlər isə Məmmədxanı bir qədər göz altında saxlayıb, doğru-əyriliyini yoxlayıb sınaqdan çıxarandan sonra inanar, əlinə odlu silah verib özlərinə qatar, Əsgərxan kimi mamırlı adamın xilası üçün cəhd edərdilər. Belə olduqda hər bir yerə bələd olan Məmmədxan rüşvət almaq və tələyə düşmək istəməyən Mehmanın yolunu kəsər, onu vurub yerə sərər, lap canlı Xatunu ağlar, gözəl-göyçək Züleyxanı dul qoyardı. Əlbəttə, onlar, Mehman kəndlərə, kolxozlara çıxarkən onun yolunu doğrudan da bəndərgahların birində kəsər, öz qara niyyətlərini yerinə yetirə bilərdilər. Bu qayda ilə parça taylarının arasında gizlənən Məmmədxanın fikri qarabaqara dolanır, o götür-qoy edincə bu işə bütün ciddiyyətilə girişə biləcək Mehmanı yenə də öz böyüyən gözlərinin qabağında görürdü... Məmmədxan ağırlaşan kirpiklərini qaldırıb baxır-baxır, ancaq qaragözlü qıvrımsaçlı Mehmanda heç bir aman-iman görmürdü. Demək bu ipə-sapa yatmayan Mehmanın qabağını kəssə ancaq və ancaq həmin qızıl saat kəsər, o qızıl qolbaqlı saat, bir şahmara çevrilib Mehmanın boğazına sarınar, dolanardı. Məmmədxan öz ağır cinayətini düşünərkən Mehmanı görən kimi bu an öz kabinetində düşünə-düşünə gəzinən Mehman da sanki gecə kimi qaralan, indi harda isə, adam çalan zəhərli bir ilan kimi, başını gizləyən, tir-tir titrəyən Məmmədxanı görürdü... Demək Balış səhnəyə gəlməmişsə, ciddi bir hadisə baş vermişdir, bəlkə də güman edildiyindən daha dəhşətli, faciəli bir hadisə baş vermişdir!..
Prokuror gəzinə-gəzinə telefona yaxınlaşdı, qulpundan yapışıb qətiyyətlə zəng etdi, əvvəlcə milis rəisinin idarəsini, sonra isə onun evini alıb Bənnaoğlu Cabiri yanına çağırdı, çünki artıq dayanmaq, uduzmaq deməkdir!.. Mehman qəddar düşmənin girəvəsini kəsmək, əlinə verilən kəsərli qılıncla hərəkət etmək, düşməni diz çökdürmək istəyirdi. Mehman öz vəzifəsinin dövlət və ictimaiyyət qarşısındakı məsuliyyətini duyduqca onun iradəsi mətinləşir, o, amansız ölçülər götürmək, düşmənin başında oyanan hər hansı qara niyyətini həyata keçirməyə qoymadan pozub dağıtmaq istəyirdi. Mehman hələ gənc də olsa belə öz itiləşən hisslərilə qatilin hansı bir niyyətə düşə biləcəyini duyur, sanki o, Məmmədxanın beynində dolanan qara niyyətləri belə müəyyən edə bilirdi. Mehman gəzinə-gəzinə gözlədi. Bir qədərdən döşü atlanan milis rəisi içəriyə girdi.
– Buyurun, yoldaş prokuror, deyə o öz gəlişini elan etdi. Mən pioner kimi həmişə hazır!
– Əyləşin, yoldaş naçalnik!
Cabir kürsünü çəkib əyləşdi. Mehman dönüb gəldi.
– Balışdan nə xəbər, – deyə uzun qara kirpiklərini qaldırdı. – Gülnaz rolunda səhnəyə çıxası Balışdan nə xəbər-ətər?
– Kim bilir, Balış başıbatmış indi harada mürgüləyir?!
– Bəlkə də Balış əbədi sükut içindədir?
– Yox, canım, – deyə Cabirov gülümsəyib başını buladı. – Mənim fikrim də, orada, klubda bir az qaraldı. Ancaq sonra düşündüm ki, yəqin kişisi ilə sözü bəd gətirib, bir ağlagəlməz qonşuya yayınıbdır?!
– Əgər belə deyildirsə, onda necə? – Mehman yenə də eyni ciddiyyətlə uzun qara kirpiklərini qaldırdı. – Əgər tamam başqa cürədirsə?!
– Onda yəqin Balış başıbatmış “Balıqqayaya” gedibdir! – deyə Cabirov boynunun ardını qaşıdı, – yəqin də gərək belə olsun!
– Əgər belə də deyilsə? – deyə Mehman sorğu-sual aparır kimi davam etdi. – Birdən ciddi bir hadisə olmuşsa? – Mehman israrla dayandı. Mətləbin dərində olduğunu milis rəisinə çatdırmaq istədi.
– Ciddi hadisəmi? – deyə milis rəisi dik ayağa qalxdı. – Yəni anbardardan da elə ciddi bir hadisə baş verə bilər, yoldaş prokuror?
– Artıq ciddi hadisə baş vermişsə, necə?
– Güman etmirəm! – deyə milis rəisi bədən tərbiyəsilə məşğul olan kimi hər iki əlini dik qaldırıb endirdi, – əqlə çətin batır!
– Hər bir ehtimala qarşı, – deyə Mehman kürsünün söykənəcəyindən bərk yapışdı. – O Məmmədxan ciddi bir nəzarət altına alınmalıdır! Belə ki, qanadlı quş da olsa bir yana uça bilməsin.
– Bəlkə elə onu bu şübhəyə görə bəri başdan həbs edək? – deyə milis rəisinin alnı qırış-qırış oldu. O, gözlərini qıyıb prokurorun üzünə baxdı: – Ağzıbir hamıdan yaxşıdır. Balış pırtdayıb, bir yerdən çıxarsa, mən də qapını açıb Məmmədxana deyərəm, rədd ol buradan cəhənnəminə, goruna it küçüyü!
– Həbs və ağzıbir yox, nəzarət altına almaq! – deyə Mehman şəhadət barmağını qaldırdı, bununla da milis rəisinə qəti qərarını bildirdi, – o Məmmədxanı danışıqsız nəzarət altına alın! Quş da olsa qanadlanıb uça bilməsin. Od olsa bir kəsi yandıra bilməsin. Cinayətin heç bir iz-tozunu itirə bilməsin.
– Baş üstə, – deyə milis rəisi daha çək-çevir etmədən hökmü icra etməyə hazır olduğunu bildirdi. – Oldu, yoldaş prokuror! Siz Bənnaoğluna tamamən bel bağlaya bilərsiniz!
– Ancaq işə olduqca, olduqca ciddi, çox ciddi yanaşmaq gərəkdir! – deyə Mehmanın gözləri sanki sifəti kömür kimi qaralan Məmmədxanın silkələnən barmağı göründü.
Mehmanın hissləri artıq milis rəisinə keçir, onu izafi tərəddüddən çıxarır, səfərbər vəziyyətinə salırdı. Artıq Bənnaoğlu qarşısında anbardar Məmmədxan yox, əli qana bulanan amansız bir qatil görməyə başlayırdı. Bir an fikrə gedən, işin ciddiyyətini dərk edən Cabirov yerində hərəkət edib, qapıdan çıxıb həyətə düşüncə Mehmanın işdə-idarədə olduğunu bilən Murtuz Murtuzov onu prokurorluğun yolağzında qarşıladı.
– Xeyir ola, yoldaş naçalnik?
– Biz ancaq bizim hökumətin xeyri üçün işləyirik, – milis rəisi uzun şinelinin yaxasını düymələməyə başladı. – Şər üçün şeytanlar əlləşir!
– Düzü bu vaxtda nə var? – deyə Murtuzov özünü faqqılığa qoydu. Söz çəkmək istəyirdi. – Bəlkə, kənddə-filanda, xudanəkərdə, bir hadisə baş verib, mən heç bilmirəm?
– Elə heç bir şey yoxdur! – Cabirov daha Murtuzovun yanında dayanmadan aralandı, Murtuzov prokurorluğa girib öz otağının qapısını açdı, şüşəsi his tutan lampasını yandırıb işlərdən çəkib qabağına tökdü, bir an burda qərar tuta bilmədən yerindən qalxdı ayaq barmaqlarının ucunda yeriyib prokurorun yanına girmək istədi, lakin Mehmanı qəzəbli gəzinən görüncə burnunu geriyə çəkib yerinə qaxıldı. “Bu Atamoğlanov necə də həm yaşından, həm də öz başından böyük bir əda ilə adamlar kimi var-gəl eləyir, ha?!” – deyə işləri araşdırmağa başladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xxix
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məhtaban 8Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi: