Страница 1 из 2

Həlaku xan öz gözləri ilə Məmaliki görməsə də, pişvaza çıxan olmadığından onun necə qeyzləndiyini təsəvvürünə gətirirdi. Məhəbbət mütəqabil olduğu kimi, nifrət də mütəqabildir. Madam ki, az çox müvazinət tapan qohumluq pərdəsi son zamanlar bunca tənəzzülə düşmüşdü, deməli, dədə-baba düşmənçiliyi qarşı-qarşıya dura bilər, mübarəkbadlıq əvəzinə, dava-şava başlaya bilərdi. Yenə də döyüş təbilləri çalınar, beşikdəki körpələrin zəhr-bağırları yarılardı.

İndiki gör-görüşün, mübarəkbadlığın qanlı qalmaqala çevrilməsi çalbığ Həlaku üçün də heç də faydalı deyildi. Çünki açıq savaş qohumluq körpüsünü tamam uçurar, müqabil düşməni vaxtından əvvəl ayıq salardı. Buna görə də Həlaku xan qohumunun evində hər necə soyuq sifət görsə də, çalışıb üzə vurmamalı idi, “Dilin altında zəhər damlaları gizlənsə də, gərək dilin ucundan bal axsın!.. ”.

Hər iki xanlığın kəndlərindən, obalarından keçərkən göz qoyunca görünürdü ki, şirəsi sorulub, cecəsi çıxarılan kəndlərin, obaların cırcındalı sakinləri necə də yol kənarına çıxıb səf düzəldiblər, qorxu içində, istər-istəməz əllərini döşlərinə aparıb Həlaku qafiləsinə baş əyirlər... Ürəkdə isə onu qohumu tərəfə qarğışla ötürürlər. Onlar bu xanların heç birisini görmək istəməsə də, yenə də sevinirdilər ki, nə yaxşı bu qoca xanlar vuruşmurlar, nə yaxşı ki, az-az da olsa görüşürlər, nə yaxşı ki, bizim daldalanmağa dəyəmiz, qışda bürünüb yatmağa mitilimiz vardır! Yoxsa iyirmi ildən artıq davam edən bu qohumluq arada olmasaydı, yəqin ki, tez-tez dava düşər, arada qan sel kimi axardı. Bəli, camaat dincliyi qənimət bilir, bunu Allahın onlara göstərdiyi böyük rəhm sayırdı...

İki xanlığın arasındakı qohumluğun zahiri tərəfi belə idi. Batini tərəfi isə, bilindiyi kimi, bambaşqa idi. Xanlardan heç biri ziyafət süfrəsində sayıqlığını əldən qoymur, çayların rənginə diqqət yetirir, bəzən də şübhələndikləri fincanları soyuya-soyuya qoyurdular. Nə Məmalik, nə Həlaku bunu üzə vurmur, dildə deyib-gülür, içəridə isə bir-birini aldatmağa cəhd edirdilər...

Bir-birinin evində gecələyəndə də qapını daldan bağlayır, qorxudan pəncərə qabağında yatmırdılar...

Xan evi ilə ilan yuvası arasındakı fərq yalnız bunda idi ki, adi ilan yuvası balaca, buradakı ilan yuvası isə böyükdü, bir-neçə mərtəbəli imarətdi!..

Məhtaban bütün bu əsrarı özü üçün aydınlaşdırırdı. Ürəyi onu bu ilan yuvalarının qapı-pəncərələrini açıb havasını dəyişdirməyə, bacardıqca qocasını da insaf, ədalət, mürüvvət uğrunda səfərbərliyə almağa çağırırdı.

Məhtaban heç vaxt Ərmağan kimi olmaq istəmirdi. O, iyirmi beş yaşına qədər başqa aləmdə boy atmışdı. Xan sarayında beşikdən başlayan dedi-qodunun, didişmə-çəkişmənin heç birini görməmişdi! Lakin xanlığın necə namərdlik yuvası olduğunu duymamış deyildi.

Gənc ana öz qoca ərinin necə didişmə-çəkişməyə düşəcəyini düşününcə varından yox olur, olmazın nigarançılıq keçirirdi:

– Xan, indi quruyub-qalmaqdan nə çıxar? – deyə gör-görüş vaxtı yaxınlaşınca Məhtabanın vücudunda buzlu üşütmə gəzinirdi. – Nə cür olsa, yenə qonağı ləyaqət və ehtiramla qarşılamaq vacibdəndir!

– Sən mənə kin-küdurəti bir qırağa qoyub, qarı düşmənimlə ülfətə girməyimi təklif edirsən, qız?

– Bəli, xan, qarşında diz üstə dayanıb yalvarıram, elə də üstünü vurub ağartmayın, qonağı gülərüzlə qarşılayın, mümkün qədər də tez yola salın!..

– Mənim məqsədim onları bir-iki gündən artıq burada saxlamaq deyildi!

– Qoy üç-dörd gün olsun, xan! Ancaq qohumluq pərdəsi yırtılmasın, özü də gərək həftələrlə uzanmasın, onların dönüşü elə də çox təxirə salınmasın.

– Əlbəttə, əlbəttə, gərək bacardıqca düşmən evimizdən tezcə rədd olsun ki, daha gözümüzə tikan batmasın!

– Birdən xan... – deyə Məhtaban titrəməyə başlayan soyuq barmaqlarını ovuşdurub-əzişdirdi, – birdən xan, qızınız Ərmağan xanım sarayda aləmi bir-birinə vurdu, onda necə?!.

Qoca xan qızışdı:

– Onda mən Ərmağanın saçlarından yapışıb barigahdan bayıra ataram!

– Yox, xan, elə də ağ-açıq ədavət yaramaz! – deyə od-alov arasında qalan Məhtaban yalvarmağa başladı. – Yaramaz ki, ağ-açığına ata öz qızı ilə belə bəd rəftara keçib, göz görəsi – ağac-ağaca qoysun!

– Ərmağanın əli ilə qoca Həlaku bizim hamımızı zəhərlədə bilər! – deyə qoca xan qıvrılıb-açıldı. – Dədə-baba ədusi çal-cod pədər süxtə hər cinayətə desən gedə bilər!

– Xudaya, mən bilmirəm bunca amansızlıq nə üstündədir? – Məhtaban gözlərini gəzdirdi, – bu qədər qovğa nəyə göredir, nə üstündədir?

– Hamısı Ərdaha mülkünün vərəsəliyi üstündə!

– Şükür ki, gec də olsa sizin varisiniz, vəliəhdiniz daha vardır, xan!..

– İşdir, zəhərdən sovuşsaq da, – deyə qoca xan ehtiyatla söyləndi, işdir, düşmənçilik bu tərəfindən adlasa belə o biri tərəfindən iti bir qılıncın mənim varisimin başı üstündən necə asılacağını indidən görürəm!

Məhtaban qanı qaçan, buza dönən əllərini göyə qaldırdı:

– Aman Allah, xan imarəti necə ölüm və faciə səhnəsi imiş?!

– Qız, sən bunca üşütməyə düşmə! – deyə qoca xan qılıncın qəbzəsinə əl atır kimi qeyzə gəldi, – mən hələ ölməmişəm!..

– Xan, bəlkə mən körpəmi də götürüb buradan Məhəmmədin köhnə komasına çəkilim, ya bilinməz bir guşədə yenə də palaz-paltar yumaqla məşğul olub, sizin varisinizi böyüdüm? Sonra məqamında əmanəti sizə çatdırıb, ayaqlarım tutduqca qaçıb uzaqlaşım?.. Bəlkə mənəm müqəssir?.. Bəlkə sizin varisiniz bir xan qızından olsaydı, ədavət belə tez təzələnməzdi?.. Onda xanımınız tərəfdən də sizə kömək duran, havadar çıxan olardı!.. İndi siz təksiniz, indi sizin xanzadələrdən yardımçınız, köməkçiniz yoxdur!

– İndi mənim oğlum vardır!

– O, sizin İsmayıl qurbanınızdır, xan!

– Bil ki, İsmayıl Beytullahda qurban kəsilmədi, qız!..

– Mən qorxuram, xan, qorxuram, sizin oğlunuz qurban kəsilsin, Məhtaban bilmirdi ağlasınmı, yaxud dəlicəsinə gülsünmü?.. – Mən qorxuram ki, mənim ürəyimə damıb ki, səmum körpəmizi solduracaqdır!.. İlahi, mən onu niyə doğurdum?.. İlahi, öz beşiyində arxayın-arxayın, mışıl-mışıl yatan körpə hardan bilsin ki, onun başında qanlı qovğa vardır?.. Hardan bilsin ki, onun bacısı ilə atasının arasında bunca qılınc-qılınca qanlı ədavət başlayıbdır?.. Hardan bilsin ki, iki xan arasında ədavətlə qohumluq bunca eybəcər halında bir-birinə qarışıbdır?.. Xudaya, sən bir gör ki, xan evində xan oğlu doğulmaqdansa, çoban evində çoban oğlu olmaq nə qədər də asan imiş!.. Çoban balası boy atıb ayaq tutunca quzularla oynaşır, amma xan balası göz açmamış, ona qurd-yalquzaq gözləri zillənir! İlahi İranın nə xanlığında, nə də rəiyyət-rəncbərliyində bir sakit güzəran vardır, ilahi!

Məhtaban birdən hıçqıra-hıçqıra ağladı. Məmalik özü də bu açıq həqiqətin müqabilində etiraz etmədi, dönüb əndəruna çıxdı, titrəyən əlini torbalanan gözlərinə gətirdi, tor-top olan süvari bir dəstənin tozun içi ilə yumarlanıb gəldiyini gördü. Bir qədərdən Həlakunun müsəlləh dəstəsi bir neçə yüklü dəvə ilə özünü yetirdi... Onlar atlarından düşüncə Məmalik tərəfin adamları öz xanlarının sərəncamını gözləmədən qohum-qonaqların atlarının zaqqasından tutdular, ehtiram göstərib Həlaku tərəfə təzim etdilər. Sifəti turşuyub, ovqatı təlx olan Məmalik özü də əndəruna baxan tağbənddən enib qohumların qarşısına çıxdı. Hər iki qoca qucaqlaşdı.

– Biz hamılıqca ziyadə şadıq! – deyə çalbığ Həlaku ucadan elan etdi. – Biz balaca Məmalikin təvəllüdü münasibəti ilə mübarəkbadlığa gəlmişik!..

Qoca Məmalik, çalbığ Həlakunun hiyləgərliyi müqabilində hiyləyə keçdi:

– Özü də bir qədər... ləng... gəlmişik, belə deyilmi, Həlaku?!

– Xeyr, əsla Məmalik! – deyə Həlaku bacardıqca özünü onda qoymayıb, qohumunun qolundan tutdu, atdan düşüb, o biri yanda dayanan geyimli-kecimli Ərmağana tərəf çəkdi. – Biz məhz xanzadənin qırxının çıxmağını gözləmişik.

– Biz heç xanzadənin qırxının nə vaxt çıxdığını da bilməmişik!

– Çünki fərəh içindəsiniz. Ancaq biz necə sevinsək də hesabı düz saxlamışıq, bu gün qırx birinci gündür ki, Məmalik mülkünün mübarək xanzadəsi işıqlı dünyaya gəlibdir və bizim intizarlı gözlərimizi güldürübdür!

Çalbığ Həlaku üzünə salıb ata ilə qızını güclə görüşdürdü:

– Belə şad günümüzdə gərək bir küsünü bir kənara qoyub, vahid ailə daxilində təmamən barışaq, Məmalik!

Məmalik xan, çalbığ Həlakunun müqabilində borclu qalmaq istəməyib:

– Qapıya gələn qonağı qovmaq, ya rəncidə salmaq, məmaliklər sicillisində olmayıbdır! – deyə cavab verdi. Çalbığ rəncidəliklə yırğalandı:

– Məgər ki, biz həlakularda belə bir biədəblik olubdur?!

– Bəli, danmağına dəyməz, olubdur!

– Biz elə həm onun üçün də xan, hüzurunuza üzr istəməyə dəxil düşüb, yalvarmağa, həmin günahımızı mərd-mərdanə öz boynumuza almağa gəlmişik!

– Siz kimlə belə tövbə-əstəğfarə gəlmisiniz?

– Öz gəlinimiz Ərmağanla, bir də iki babanın iki nəvəsi ilə!

– Bəs qalan iki nəvəmiz?

– Onlar sizin yeznə Ərdahanla evdə qalıblar ki, birdən Savalan başıpozuqları aşağı şığıyıb evimizə, imarətimizə bir xətər-zad toxundurarlar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 мин
XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 мин
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 мин
XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

19447 мин

Стихи других поэтов