Məhtaban 19
Страница 1 из 2
Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: “Bu kim olsun belə? – deyə qoca qulaq verməyə başladı. – Ərmağan olmasın?1 Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağımın arasında dolaşmasın?1 Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?1 İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idil O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idil Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?1”.
Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idil Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idil Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü! Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: “Bax, rəvayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!..”
Bəli, həqiqətən xan imarətlərində salon və saraylarında güdükçülük bir həyula kimi gəzər, iblis kölgə kimi hey süründükcə sürünərdi... Sərəncam xanım da ata evindən əri evinə böyük cehizlə birlikdə güdükçü həyulası gətirmişdi. Həmin güdükçü-həyula Məmalik xanın imarətində qanad açmağa, şəhpər yaymağa başlamışdı. Doğrudan da yataq otağından alt köynəyində sürüşüb çıxan, üstləri açılan uşaqlarının üstünü örtməyə macal tapmayan Ərmağan xanım öz anası Sərəncam sayağı elə həmin bu gecədən burada daha yamanca bir güdükçülüyə girişmişdi!.. Elə bil ki, nə vaxtdan ölən, sümükləri də sürməyə çevrilib Sərəncam xanım öz yerində tablamayıb, qəbirdən dik qalxıb, qızını da dümsükləyib onunla gecə güdükçülüyünə qoşulmuşdu.
– Qız, gəlmişkən yatma, güd! Gör ki, sənin allahsız atan nə növi pəstahdadır!
– Sən lap arxayın ol, ana! – deyə sanki Ərmağan kürəyində gəzən öz qızını güdən anasının həyulasından özünü xilas edə bilmirdi... İki güdükçü bir can, bir qəlb kimi fərş döşənən dəhlizdə xısın-xısın danışa-danışa, bir-biri ilə itələşə-itələşə dolaşırdı. Bu güdükçülər qoca Məmalikin dilsiz düşüncələrini belə duymaq, hər necə olurolsun qocanın ürəyində olanları alıb bilmək istəyirdilər:
– Qız, sən rəxt-xabıma günü gətirən, piş əz vəqt məni çərlədib, oğul varisi doğmadığıma, doğa bilmədiyimə görə hey danlayıb, nəzərindən salan bu bimürvət atayın danışıqlarını eşidirsənmi?
– Axır, atam heç nə danışmır, ana!
– Danışır qız, danışır. Sən... bir... qapıdan qulaq... ver... gör necə danışır?.. Onun bütün.sirrini mən daim öz ürəyindən çalardım!
Ərmağan xanım anasının – həyulanın israr və təkidi ilə oğrun addımlarla atası yatan otağın qapısına yanaşıb, içəri qulaq verdi. Nə bir mişıltı, nə səs-səmir... sükut!..
– Qız, dön bu yana, günü qapısını güd!
Ərmağan dönüb, sağ qulağını Məhəmməd qızı Məhtabanın qapısına dayadı. Deyəsən körpə mışıltısını da eşitdi.
– Qız, qapını itələ!
– Nə üçün, ana?
– Gününün gədəsini boğ!
– Necə boğum, ana?
– Boğ, öz yanına qoy!
– Mənası?.. Necə yəni?
– Yəni sabah açılanda eşidən kəs bilsin ki, uşaq öz anasının altında qalıbdır!
– Deməzlərmi bəs niyə indiyə qədər uşaq öz anasının altında qalmayıb, ancaq həlakular mehman gələn gecə qalıb?
– Yəqinən deyən də tapılar ki, bəs biçarə Məhəmməd qızı gündüz hədsiz dərəcədə əlləşib-vuruşub, Həlaku qonaqlarına göstərdiyi xidmətlərinə görə yorulub, gecəni daş kimi düşübdür... Dayəsiz gəda qızı yuxulu-yuxulu çağasının yanına alıb əmizdirib, ölü yuxusuna gedincə, pəhləvan qızının qovuna bənzər ip-iri döşü körpəsinin ağzında qalıb, uşağı boğubdur!
– Bəs Sərəncam xanım ərz ola, onda baxan, görən kəslər barmaq izi olub-olmadığını seçməzlərmi?
– Qız, sən sözü az çərlət!.. – deyə Sərəncam xanımın ifritə həyulası qızının bunca tərəddüd göstərib, sözləri çək-çevir etdiyinə görə çəmkirirdi, – qız sən çağanın ağzına balış bas!
– Axır, hərçənd olsa, qardaşımdır?
– O tifil sənin balalarının düşmənidir! O, fədai Məhəmmədin, cəhənnəmi-mücahidin xətərnak nəvəsidir!
Anasının özü kimi, özündən də ötkəm həyulası qarşısında, dişi-dişinə sürtünən, istər-istəməz uçunmaya düşən Ərmağan öz tərəddüdünü gizlədə bilmir, qapı arxasında sərxoşsayağı ləngər vururdu:
– Atası ki... hər yana... dönsə özcə atamdır!
– Atamdır, özcə atamdır! – Həyulanın iri-iri dişləri quruyan çənəsinin dəhşətli mənzərəsində bütün eybəcərliyi ilə qıcanırdı. – O bicvələdüzzina, heç də sənin əpriyən atandan deyildir, qız!
Sanki Ərmağan daha güclü dəlil-sübut istəyirdi:
– Axı, mən yandığıma görə bir zaman desəm də, indi sən Sərəncam xanım hansı bir əsasa görə belə danışırsan?
– Çünki atan, hələ altmış yaşına yetişmədən heydən düşüb kirdarını itirib, kişiliyini qeyb etmişdi, – deyə Sərəncamın həyulası kişisinə şər-böhtan atıb, uğuna-uğuna istehza ilə gülürdü. – Yoxsa, yetmiş yaşında Məmalikdə Məhəmməd salavatullahın merac möcüzəsi baş vermişdir?
– Sən rəxt-xabına dürtülən günüyə görə məni bunca acıdıb, intiqama itələyirsən, yaxud tamam doğru deyirsən, ana?
Sanki Sərəncam xanımın çalxaq sümüklü həyulası qızının qulaqlarında çır-çır çığırırdı:
– Atam Ərşad xanın pak ruhuna and içirəm, qız!
Ərmağan xanlığının qapısına yan aldı:
– Əgər belə isə görünür onda həlakular evində dolaşan söz-söhbət, elə də mənim öz şəkk-şübhəm başdan-başa doğrudur!
– Doğrudan da doğrudur! – deyə həyulanın quru əli qızını dümsükləyirdi. – Mən sənə əmr edirəm, Ərmağan! Sən qapını aç, içəri gir, işini işlət!
– Əgər pəhləvan qızı oyaq olarsa? – Ərmağan asanlıqla qardaşının qətlinə iqdam etmək istəmir, piylənən dizləri titrəyirdi. O, nə qapını açıb içəri girə bilir, nə də geri çəkilib, İldırımla Şümşad yatan otağa dönüb, öz yatağına girə bilirdi. – Əgər mücahid qızı yatmamış, balasına görə hərasan gözləri qapıya zillənmiş olarsa, necə?
– Deyərsən, ürəyim tablamadı, qardaşıma baş çəkməyə gəldim!
– Əgər mən körpəyə qəsd edəndə Məhəmməd qızı yaxamdan yapışarsa?
– Yaxanı Məhəmməd qızının əlindən cəld qurtarıb elə sürətlə qeybə çəkilərsən ki, nəinki Məhtaban, heç şeytan da baş açmaz!
– Məhtaban baş açıb, sabahına sirri qocasına açarsa?
– Onda atana deyərsən ki, əcinnələrin kölgəsi sənin Məhtabanını basıbdır. – Sərəncamın həyulası eynən eybəcərcəsinə istehza ilə gülürdü. – Əgər atan qoca deyilsə, onda kişilikdən zərrəcə də hiss-həvəs varsa, nə üçün gözəl xanımdan iraq düşüb, bu biri otaqda tək-tənha yatıbdır? – Sərəncamın həyulası qızının qulaqlarında xıx-xıx xıxıldayırdı. – Əgər o çağa, tifil quraşdırma, qondarma deyilsə, niyə sənin bişərəf atan Məmalik onu öz gözündən bir divar uzağa qoyubdur?
Özündən də artıq həyulanın bir an bel üzülmədiyini, dediklərində inadla dayanıb, təkidən israr etdiyini qızışan vücudunda duyan Ərmağan tərpəndi, nəhayət, bunca israrın müqabilində Məhtaban yatan otağın qapısını çiyni ilə itələdi.
– Qız, güc göstər, təkan ver!
– Qapı açılmaq istəmir, ana!
Sanki Sərəncam xanımın həyulası bütün sümüklərinin gücünü cəm edib, irəli cumdu, qızı Ərmağanla bir daha birləşdi. Onlar hər ikisi birdən qapıya hər necə təkan versələr də, qapını tərpədib aça bilmədilər. Çünki hər hansı ehtiyata qarşı Məhəmməd qızı Məhtaban arxadan qapını möhkəmcə bağlamışdı. Hər hansı qəvi pəhləvan gəlsə belə ta bu qapını döyməsə, Məhtabanı oyadıb yatağından qaldırmasa, çox çətin ki, bu qapını aça bilərdi!.. Ərmağan geri çəkildi, güdükçü həyulası ondan üzülmədi... Ancaq Ərmağanı öz uşaqları – İldırımla Şümşad yatan otağa ötürüncə geri çəkildi. Xofdan uçunmaya düşən Ərmağan tez, cəld paltarını soyunub, bircə-bircə atdı, yerinə girdi, yorğanına bürünsə də, gözlərini qapıya zillədi. Ərmağan öz uşaqlarının belə yorğun düşdüklərinə, necə yatıb, necə ucadan mışıldadıqlarına fikir vermədi.
Atası da, qızı da bütün gecəni çox narahat keçirdi. Sübhün gözü açılar-açılmaz bir-birindən xəbərsiz eyni dəqiqə içində rəxtxabdan qalxdılar, geyindilər, yuyundular. Hər ikisi bir-birini görmək istədi:
– “Görüm gecə güdübdürmü?”. “Görüm atam necə güddüyümü, duyubdurmu?”.
Ata-bala bir-birinin ovzaini müşahidə etmək sir-sifətindən ürəyinin gizli sirlərini oxumaq üçün can atırdı. Nəhayət, bütün gecəni bidar keçirən Məmalik qızı Ərmağanı otağına dəvət edib, qapını bağladı, onlar bir-birinin üzünə diqqətlə baxdılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-19
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.
XXXIXMehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?