Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:

– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..

Gənc prokurorlar işlər müdirinin otağına girdilər. Katibə xala Mehmanla ayrıca olaraq görüşdü, bacısından və bacısı qızından hal-əhval tutmağı münasib bir vaxta qoydu. Sonra o, üzünü prokurorlara tutub:

– Yoldaş respublika prokuroru bu gün Xalq Komissarları Sovetində olacaqdır, – deyə rəsmi ahənglə, bir mənsəb sahibi kimi elan etdi. – Ona görə də sizin hesabat məruzəniz sabah saat 12-yə qalır. Rica olunur, düz 11 tamamda, əqrəb-əqrəb üstündə mənim yanımda hazır olasınız!.. Mən gərək qabaqca sizi birbəbir qeyd edib, respublika prokuroruna məruzə edim. Yoxsa ayrı cür burada nizam-intizam yaratmaq olmur. – O, papirosunu yandırıb tüstülətdi. – Respublika prokuroru özü şəxsən məndən xahiş edib ki, mən bu işlərdə dəmir intizam düzəldim! Elə bu şərtlə də mən bura, respublika aparatına köçürülmüşəm!

– Bəli, biz hiss edirik, – deyə rayon prokurorlarından bir nəfəri dilləndi. – Ümumi işlərdəki vəziyyət özü bunu göstərir!

– Zarafatsızmı? – deyə Katibə xala özündən razı bir əda ilə ucadan güldü: – Sizin hüquq fakültəsində yetişməyinizdə biz də az-çox iştirak etmişik!

– Az yox, çox!

– Lap çox!

– Bir az! – deyə Katibə xala şaqşaraqla güldü. – Hamınız burada öz uşaqlarımız, daha doğrusu, öz yetişdirmələrimizsiniz!.. Sizi belə müstəqil dövlət işində görmək bizə çox zövq verir... Belə deyilmi, uşaqlar? Yoxsa mən də bir işdə müqəssir deyiləm ki, sizdən qorxam, hə? – Katibə xala uzun gilizli papirosunu təkrar damağına aldı. – Vaxtında, vaxtında düz saat 11 tamamda, əqrəb-əqrəb üstündə, – deyə caydaraq boylu Katibə xala sağ ayağının ucunu döşəməyə vurmağa başladı. – 11 tamamda, əqrəb-əqrəb üstündə!.. – Katibə xala kəfkirli divar saatına, sonra öz qiymətli qol saatına baxdı. – Vaxt itməsin, vaxtında bizim respublika prokuroruna məruzə olunsun!..

Gənc prokurorlar hamısı bu neçə il ərzində Katibə xalanı çox əcəb tanıdıqlarından, keçən təhsil müddətində onun tapşırıqlarına əməl etdiklərindən daha ayrı bir söz demədilər, danışığı kəsdilər. Hamı çıxıb getdi, lakin Katibə xala Mehmanı buraxmadı. Prokurorlar, “Şərq” mehmanxanasının ikinci qatında lap girəcəkdəki otaqlarda, Mehmanı gözləyəcəklərini söyləyib çıxmışdılar. Katibə xala bacısı Şəhla xanımı, bacısı qızı Züleyxanı dönə-dönə Mehmandan soruşdu, bacısının, bacısı qızının ona kağız yazmadıqlarından xeyli gileyləndi. Sonra açarı çıxarıb Mehmana uzatdı:

– Evdən muğayat olmaq üçün bacımgilə yığışmışam! – deyə özünün harada yaşadığını bildirdi.

Mehman açarı almadı, Katibə xala təəccüblə:

– Niyə almırsınız? – dedi. – Gedin evimizdə istirahət edin, mən də işdən tez gələrəm. – O, bir qohum kimi qayğı göstərirdi. İşdən bir qədər tez çıxaram, gələrəm, o ətraflardan mənim üçün yaxşı-yaxşı danışarsız!..

– Qanun idarəsində oturub qanunu pozmaq olarmı?

Katibə xala güldü, papirosunu sümürüb tüstüsünü səqfə buraxdı.

– Sən yenə də qurusan! – Katibə xala boz tüstünü özündən kənara üflədi. – Qurudan da betər bir ana uşağısan, Mişa!

Katibə xala dönüb diqqətlə Mehmanın üzünə baxdı:

– Yox, üzündə bir az deyəsən dəyişiklik var. Prokuror! Yeznə, kürəkən! Vallah, əgər Şəhla bacım Züleyxanı bir istəyirsə, səni min istəyir. Gedərsən evimizə, xalan da gələr, səni bir yaxşı-yaxşı qonaq elər, axşam da birlikdə teatra gedərik! Yoxsa fors satırsan ki, mən qocayam? Yox, əsla yox! Qoy axşam lampa işığında mən ət rəngli paltarımı geyim, sən də bir bax gör ki, xalan nədir? – Mehman əti ürpəşər bir sifətlə qayınanası Şəhla xanımın doğma bacısını süzüb:

– İşdən kənar nə söhbət ola bilər? – deyə, doğrudan da, çox quru və sərt cavab verdi.

– Ay prokuror! – Katibə xala özünü heyrətlə əsdirdi. – Utanırsan balam, öz xalandan?

– Mehman daha dayanmaq istəmədən əlini öz balaca çamadanına atıb:

– Mən getdim! – dedi.

Katibə xala təlaşla:

– Hara? – dedi. Açarı Mehmanın qabağına – stolun üstünə çırpdı. – Adam da heç özünün o cür səliqəli istirahətli evindən kənara qaçarmı?..

– Yox, mən anamın yanına, – deyə Mehman qərarını qohumuna bildirdi. – Hər quşun öz yuvası özü üçün daha istidir!

– Ay uşaq! – deyə Katibə xala buruq saçlı başını yırğaladı. – Bildim, bildim! Xatun arvadın qayıtdığını da eşitdim! O günləri yanına getdim. Halını soruşdum, ağzını burdu, məni dindirmədi. Bisavad qadındır, eyib etməz! Yanına dəy, ancaq tez qayıt, evə gəl! Amma işlə yanaşı dincəlmək də, istirahət də gərəkdir!.. Kənddən şəhərə gəlib, belə də istirahətsiz getsən, adına nə deyərlər?

Bu zaman Katibə xalanın başının üstə divardakı cınqırıq səsləndi. O cəld qalxdı və Mehmana:

– Bir anlığa məni gözlə, – deyib kabinetin qapısına tərəf yönəldi. – Görünür, prokuror o biri qapıdan xəbərsiz gəlib, heç mən də bilməmişəm! – Katibə xala papirosunun kötüyünü gilizlə dolan külqabının üstünə atıb içəri girdi.

Mehman onu gözləmədən çamadanı götürüb evlərinə yönəldi. Qapı qıfilli idi. O, qapıçı Nurunu tapıb anasını soruşdu. Qapıçı Nuru, Xatun arvadın tikiş fabrikində işə girdiyini söylədi. Mehman çamadanını Nuru kişiyə verib həyətdən çıxdı. Qoca, çamadanı arvadına uzadıb, Mehmanın arxasınca deyindi:

– Bu da oğul! – Nuru kişi kədərləndi. – Yazıq arvad ömrünü-gününü çürüdüb bir tikəliyindən bunu böyütdü, başa çatdırdı, axırda da ömrünün yorğun çağında dönüb fabrikə əmələliyə getdi. “Anam hanı?” Yekə oğlan olub, utanmır da hələ soruşur, “Anam hanı?..” Bizim oğlan da belə elədi: oxutdum, oxutdum, incinar oldu, sonra bir burma tel aldı, mənim də əlimdə bu həyətdə bir süpürgə qaldı.

– İşləyib çörək yemək yaxşıdır, – deyə həyət süpürgəçisinin arvadı dilləndi. – Yoxsa şikəst kimi oturub bu beşgünlük ömründə özgə minnətinə çörək yemək istəyirsən?

– Sözüm onda deyil, Nuriyyə, sözüm övladın belə çürük vəfasındadır... Mən belə danışmaqla atalıqdan çıxmadım. Yenə də yarı canım uşağın yanındadır... Ayda aldığım o balaca maaşı da rahat xərcləyə bilmirəm, boğazımdan tikə keçmir, deyirəm, bəlkə uşaq borca, xərcə düşüb?..

Tələsik gedən Mehman bir də təzədən qayıtdı.

– Əmi, demədiniz bəs anam hansı fabrikdə işləyir?

– Gərək ki, “Əli Bayramov” deyirdi, hə, Nuriyyə?

– Vallah, Nuru, mən ömrümdə elə yerlərə getməmişəm. Gördüyüm bu şəhərdə bir bazar, bir də ömrümdə, bax, bu ev olubdur, birinci mərtəbə!

Qoca Nuru ağ saqqalını qaşıya-qaşıya:

– Hə, Əli Bayram, Əli Bayramov! – deyə qürurla cavab verdi. – Sağ olsun Şura hökumətini! O, hamınızdan etibarlıdır, oğul! O bizə qocalıqda təqaüd, həm də darıxmamaq üçün qarovulçuluqdan, gözətçilikdən bir parça iş verir!

Mehman altdan-yuxarı qoca Nuruya baxdı, qoca Nuru dilləndi:

– Bəli, biri də sənin yoldaşın incinar Nəriman! Adınızı yaraşdırıb rəhmətlik Muradla sevinə-sevinə qoşa qoymuşduq. Bax, sən orada anadan olmusan, Nəriman da burada, aranızda ikicə gün təfavüt olubdur. Nə qədər sevinmişik, oğlumuz olubdur!

Mehman ürəyində qocaya haqq verdi, ancaq bir cavab vermədən, yaxud cavab verməyə özünü haqlı saymadan təkrar qayıdıb getdi. Ağ, tutamsaqqal Nuru kişi üzünü arvadı Nuriyyəyə tutdu:

– Nəriman deyirdi, bu yaman danışan olub! Bəs hanı bunun o odlu dili?..

– Görünür, haqq sözü uşağı boğur, Nuru!

– Bu azdır, qarı!

– Bəs nə eləsin, qoca?

– Özü hüquqçudur, qoy haqqı müdafiə eləsin, düz sözə də düz cavab versin!

– Gəlin, gəlin, gəlin! Oğulu ana əlindən qarmalayan gəlin!.. – Nuriyyə qarı danışa-danışa qəhərləndi.

– Bəs bayaqdan oğluna havadar çıxırdın.

– Oğul ananın ürəyidir, onu atmaq olmur, Nuru!

– Bəs qız? Qızın olsaydı necə, Nuriyyə? – Qız daha yaxın, daha vəfalı olur, oğulu gəlin bir qara qartal kimi çalıb, caynaqlarında Şahdağına qaldırır, sən də qalırsan altdan-yuxarı əli gözünün üstündə baxa-baxa, görəsən o hansı uçuruma qonacaqdır?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XVIII

Anbardar Məmmədxan ağzına qədər müxtəlif mallarla dolu anbarın içində, dəmir gözlüklü balaca pəncərə qabağında oturub sənədlərini də stolun üstünə sərmişdi. O, son zamanlar, rayonda başlanan ciddi təftişlər nəticəsində öz yazı-pozularını təkrarən diqqətlə nəzərdən keçirir, sahmana salırdı. İndiyə kimi fürsət tapıb Murtuz Murtuzovla görüşə bilməməyi onu çox bərk darıxdırırdı. Bu arada neçə dəfə o, Yavər Murtuzovanın yanına getmiş, müstəntiqi soruşmuş, onun idarədə bərk məşğul olduğunu bilərək əvvəlcə büzüşmüş, sonra qəddini düzəldərək şax addımlarla geriyə qayıtmışdı. Məmmədxanın bu dərəcədə narahatlığını eşidən Murtuzov aradabir fürsət tapıb işarası özünü anbara saldı. Ağzınacan şəkər tayları, yağ boçkaları, arşın malı bağlamalar və s. şeylərlə dolu olan anbar Murtuzovun ağzını sulandırdı. O, bir müstəntiq görkəmi alıb anbarın mallarını yoxladı; toza bulanmış halda qayıdıb balaca stolun yanına gəldi.– Bilirsənmi, aşna, işin çox yaman yaşdır, – deyə o, rəsmiyyət ahəngi ilə dilləndi. – Az da yox, çox-çox yaşdır!.. Hələ bilmirəm bu stola sərdiyin cızma-qara kağızlarda nə var?.. Ancaq diqqətlə baxanda, anbar siçanla doludur. – Murtuzovun qırışıq üzü açıldı, o səsini qaldırdı. – Hər şeyin bir qaydası var, aşna! Özünü də gündə dörd kərə başıalovlu bizə atırsan! Sən bəyəm qanıb bilmirsənmi ki, bu yer üzündə mənim dolaşıq işi görməyə gözüm də yoxdur?!.

194410 мин
XIX

Getdikcə Mehman təcrübi işə daxil olur, rayonu tanımağa başlayırdı. Rayon partiya komitəsi katibi Vahidov incə, cavan prokuroru çox sevir, onunla söhbət etməkdən zövq alır, arabir onunla şəhər kənarına gəzməyə çıxırdı. Gənc prokurorun raykom katibi Vahidovla belə qoşa gəzməyi Kamilovu bərk darıxdırırdı: “Dünən yox, srağagün bura təşrif gətirən, ağzından süd qoxusu gələn bir para prokuror hara, bir rayonun siyasi ştab naçalniki, saçlarına dən düşmüş bir raykom katibi hara?” – deyə o, üz-gözünü turşudurdu. Baxdıqca, fikir verdikcə, Kamilov bu cəhəti öz sinəsinə sığışdıra bilmirdi. Buna görə o öz katibi Sərrafzadəyə, müstəntiq Murtuzova tapşırıq verirdi ki, bu qoşa gəzən adamları gözdən qoymaq olmaz. Yoxsa niyə bu söhbətdən doymasınlar?.. Ya niyə kənar bir adamı söhbətə daxil etməsinlər?!.Əlbəttə, Sərrafzadə canla-başla bu vəzifəni yerinə yetirməyə başlamışdı. Qadınlar arasında gedən söhbətləri o öz bacısı Zərrintac vasitəsilə toplayır, Kamilovun ovcuna qoyurdu. Murtuzov isə prokurorluq idarəsində baş verən ən kiçik hadisələr haqqında Kamilova məlumat verdi.

194434 мин
XX

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

194418 мин
XXII

Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

19445 мин

Стихи других поэтов