XVIII
Страница 1 из 2
Anbardar Məmmədxan ağzına qədər müxtəlif mallarla dolu anbarın içində, dəmir gözlüklü balaca pəncərə qabağında oturub sənədlərini də stolun üstünə sərmişdi. O, son zamanlar, rayonda başlanan ciddi təftişlər nəticəsində öz yazı-pozularını təkrarən diqqətlə nəzərdən keçirir, sahmana salırdı. İndiyə kimi fürsət tapıb Murtuz Murtuzovla görüşə bilməməyi onu çox bərk darıxdırırdı. Bu arada neçə dəfə o, Yavər Murtuzovanın yanına getmiş, müstəntiqi soruşmuş, onun idarədə bərk məşğul olduğunu bilərək əvvəlcə büzüşmüş, sonra qəddini düzəldərək şax addımlarla geriyə qayıtmışdı. Məmmədxanın bu dərəcədə narahatlığını eşidən Murtuzov aradabir fürsət tapıb işarası özünü anbara saldı. Ağzınacan şəkər tayları, yağ boçkaları, arşın malı bağlamalar və s. şeylərlə dolu olan anbar Murtuzovun ağzını sulandırdı. O, bir müstəntiq görkəmi alıb anbarın mallarını yoxladı; toza bulanmış halda qayıdıb balaca stolun yanına gəldi.
– Bilirsənmi, aşna, işin çox yaman yaşdır, – deyə o, rəsmiyyət ahəngi ilə dilləndi. – Az da yox, çox-çox yaşdır!.. Hələ bilmirəm bu stola sərdiyin cızma-qara kağızlarda nə var?.. Ancaq diqqətlə baxanda, anbar siçanla doludur. – Murtuzovun qırışıq üzü açıldı, o səsini qaldırdı. – Hər şeyin bir qaydası var, aşna! Özünü də gündə dörd kərə başıalovlu bizə atırsan! Sən bəyəm qanıb bilmirsənmi ki, bu yer üzündə mənim dolaşıq işi görməyə gözüm də yoxdur?!.
Məmmədxan sənədləri toplayıb bir-birinin üstünə yığdı, mürəkkəb qurudanı da götürüb onların üstünə qoydu, özünü cürətli göstərmək məqsədilə:
– Sən də çox yaxşı bilirsən ki, – deyə o da tamam rəsmi sifət aldı, – neçə kərə ireviziya olub, ancaq sağlığında, mən də gül kimi, aydan arı, gündən duru çıxmışam. Bir parça halal çörəyim, bir balaca dolanacağım var, bu da mənə bəsdir. Daha mən İran şahı deyiləm ki, tamahım Murtuza əlinin qılıncından kəskin ola!.. Ancaq bilmək istəyirdim, bu nə qəfil ireviziya azarıdır ki, hər yeri tutubdur?.. Ayrı dərdim vardı, mən sənə onu demək istəyirdim Murtuz! – deyə Məmmədxan daha rəsmiyyətdən adlayıb, bir sirdaş kimi yaxınlığa keçdi. – Məmmədxan yeri-yurdu qurdalayıb, göz qapaqlarını qaldırdı. – Bizim bu arvad xanım çox ayaqlanıb!.. Sən bilirsən ki, – Məmmədxan stolun üstünü qurdalayıb mürəkkəbə bulanmış kağızdan bir parça cırıb yumurlamağa başladı, – mənimki, bu arvad tayfasilə bu işıqlı aləmdə düz gətirmir... Birisini buraxıb o birisini alıram, o birisini buraxıb bu birisini alıram, deyirəm, bəlkə birisi adam çıxdı, olmur ki, olmur! Bəxt yaxşı şeydir, hər adamın əli bir yerdə gətirmir, mənimki də arvadda!.. Bilmirəm heç bu qara bəxtimin axırı nə olacaqdır?
Murtuzov yanını stula qoyub:
– Nə olub, – dedi. Ədə, yoxsa bu Balış qızı da yola vermirsən, ədə?
– Allah onun Balış olduğu yerdə başına bir çopur qara daş salsın! – Məmmədxan sinəsini gərib ah çəkdi. – Əşi, o qızıldan qiymətli başın üçün, düşüb dalımca pusquya, kölgə kimi izimdən üzülmür!.. O günü az qala məni qana batırmışdı...
– Nə qan? – deyə Murtuzov maraq və heyrətlə soruşdu. – Nə qan, ədə?.. Sarsaqsan, nəsən?..
– Gecə getmişəm evə, görmüşəm evdə yoxdur. Oturub gözləmişəm, heç kişi də arvadının yolunu gecə zamanı gözlərmi?
– Niyə gözləmir, bərabərhüquqlu deyilikmi?..
Məmmədxan yumurlanmış kağızı barmaqlarının arasında əzməyə başlayıb:
– Düzdür, dedi, – bərabərlikdir, ancaq şeytan vurub məni təbdən çıxardır. Demişəm gələndə Gücəboğaz eləyib gedəcəyəm birbaşa qazamata!
Murtuzov dodaqlarını gəmirərək:
– Onda lap özüm güllələrəm səni, – dedi. – Ə, qudurmamısan, ki?! Lap ağsaqqallıqla özüm güllələrəm, sən öl, səni!
– Əşi, neyləyim? – deyə Məmmədxan öz böyüyünün qabağında əlacsız qalan bir adam kimi qollarını yana salıb çiyinlərini çatdı. – Yaxşı ki, hirsim soyuyandan sonra gəlib çıxdı, bu vicdansız qızı, Balış!
– Yaxşı, soyuqqanlı soruşaydın ki, haradasan, Balış, bala?
– Soruşdum, o əziz qızıldan qiymətli başın üçün soruşdum. Üzümə durdu ki, səni axtarırdım. Soruşuram, balam, mən kişiyəm, ya yox?.. Evində otursana, mən də gəlib çıxaram! Dönüb üzümə çımxırdı. Başın üçün, Murtuzov, – o kağızı barmaqları arasında hələ də əzməyində davam edirdi. – Sən bilirsən ki, biz necə bir ayrılmaz ürək dostuyuq, sinə dostu! – Məmmədxan cani sifətilə birdən qətiləşib pəncərədən bayıra boylandı. – Bilirsən ki, bizim bircə arvadımız eyib olmasın, ayrıdır... Silistçi olanda nə olar ki?
Murtuzov əlini yavaş-yavaş stola vuraraq:
– Mən səni rəsmi xəbərdar edirəm, – dedi, – “qulluq qulluğunda, dostluq da dostluğunda!” O günləri arvadların iclasında mən özüm qadın hüququndan danışanda, həmin bu məsələni qaldırdılar ki, Məmmədxan kooperativ anbardarıdır, yoxsa arvad dəllalı?
– Mən?.. Dəllal?.. Başın üçün, əşi lap yanıb-yaxılıram ha! Odsuz-ocaqsız od tutub bu qara bəxtimin içində alovlanıram!..
Məmmədxan quruyan dodaqlarını yaladı. Murtuzov titrəyən əlini qaldırıb onun oynayan çiyninə qoydu.
Məmmədxan hiss içində öz istinadgahının hələ də dayanmaqda olduğunu görüb istər-istəməz irişdi, Murtuzov da yumşalıb:
– Yaxşı, yaxşı, – dedi, – dost dostun bəs nəyinə gərəkdir?.. Səfasını görən dost gərək cəfasına da şərik olsun! Mən arvadlara, düzü cavab verdim. Dedim, azadəlikdir, burada təcavüz yoxdur!.. Ancaq, Məmmədxan, öz aramızda qalsın, alıb-boşamaqda lap ağ eləmisən! Bu Balışı da boşasan, arvadlar üsyan qaldıracaqlar, lap mən özüm də sənin bu qoşa qulağından yapışacağam!
– Necə yola gedim? Deyir ki, avara gəzirsən, bufetçi Narışa, mənim saatımı niyə bağışlamısan?.. Mən öz saatımı onun qolunda görmüşəm?!. Əşi, sənin o qızıldan qiymətli başın üçün, saat özümdədir, saatsaza vermək adına almışam, indi Balış əlinə bir tut götürüb, coşdurub, o evə dürtülür, sonra qayıdıb bu evə dürtülür! Hər yanda xəbər yayır ki, bəs Məmmədxan bufetçi Narışla “siçan-pişik” oynayır!.. Əşi, görün heç bu da sözdür? Evin sirrini çöldə-bayırda yaymaq, onu güclü küləklərə verib dünyaya dağıtmaq heç görün nə deməkdir?
– Əlində sübut nədir?
– Bax bu zəhrimar “çıq-çıq” saat, bax bu da həmin dava dağarcığı qızıl saatı çıxartdı. – Bax, bu balaca bir şey bir dəyirman daşına çevrilib düşüb bu yastıağız Balışın başına!
– Sən də qoy evdə, gözü görsün, ürəyi də səndən bulanmasın, – deyə Murtuzov bir ağsaqqal kimi dostuna məsləhət gördü.
– Qoyuram evdə qoluna bağlayır, gedir birbaş kluba, – deyə Məmmədxan pörtüb qızardı. – Orada da rayon böyüklərinin arvadları pıçapıç eləyir ki, bu qızıl saat, bu xırda adamın arvadında haradandır?
– O da düzdür, gərək özünü yaman gözdən qoruyasan!
– Mən də deyirəm, balam, “qarğa məndə qoz var” deyib, meydana atılma!
– Bəs cavabı nə olur?
– Cavabında gürzə kimi başını dikəldib yalmanır, üzümə qabarır ki, mənim azadlıq hüququmu əlimdən alma!
– “Azadlıq hüququmu əlimdən alma?” – Murtuzov çəkmələrinin burnuna baxdı, – bu, daha zarafatdan o yana keçib, gəlib qanuna çıxır!
– Hə, dönüb belə aktiv olub! O gün görəm ki, klubun o qəlbi yerində çıxıb məşq eləyir. Bir teli burma lotu tarı dınqıldadır, bu da qabağında gözlərini süzdürə-süzdürə, özünü də sındıra-sındıra diringi vurur. Deyəndə ki, bala, sənin orada nə işin var? Deyir ki, hüququmu əlimdən alma!.. Düzü, bir od olub, beş alov, yapışıb mənim yaxamdan! Baxıram ki, gündə ənnik-kirşana güc verir, aynanın qabağında qaşlarını dartıb rol hazırlayır, yeni bir ərə getmək eşqilə xumarlanır... Baxıram əlim titrəyir, özümü saxlaya bilmirəm!
– Elə isə boşa! – deyə Murtuzov məsləhət gördü. – Dişin ağrıdı çəkdir qurtar, qonşun pisdir köç qurtar, arvadın şuluxdur boşa qurtar!
– Boşamağa da təhər qalmayıb, – deyə Məmmədxan kinli-kinli fısıldayıb dərindən nəfəs aldı, – deyir: Hünərin var, tərpən, sabahı gör necə paxırını açıb səni qazamata basdıraram!
– Niyə axı, nə barədə? Məgər adamı qazamata saldırmaq halvadır?
– Böhtan! – Məmmədxan əllərini açıb dizlərinə çırpdı. – Arvad şəri, vəssalam! Eşitməmisən, Allah yıxa bilməyən bir evi, arvad yıxar?.. Guya ki, mən bu anbarı söküb-dağıdıram, hamam suyu ilə özümə dostaşna tuturam!..
Murtuzov şəhadət barmağını qaldırıb havada oynatdı, sonra əlini endirib qılıncına döndərdi və Məmmədxanın döşünə vuraraq:
– Üstüörtülü boşa, vəssalam! – dedi: – Yoxsa bu kooperativ üstündə böyük qənbərqulusu çıxar!
– Getmir, iki ayağını bir başmağa dirəyib tərpənmir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xviii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə deyərlər, çalbığ Həlakunun aşığı alçı durmuşdu. Onun kefi kök, damağı da çağ idi. Artıq gəlini Ərmağanı – xaldar ilanı ustalıq və məharətlə atasının evinə ötürmüşdü. Ağla çətin sığa bilən əfi ilan artıq Məmalikin evinin içində idi... Adi ilanla bu ilanın fərqi bu idi ki, adi ilan küncdə-bucaqda gizləndiyi, girəvəsi düşüncə çalıb zəhərlərini cəld töküb bir qırağa çəkildiyi halda, bu ilanın heç də küncdə-bucaqda gizlənməyə ehtiyacı yox idi. Getdikcə Ərmağan öz atasının evində qol-qanad açır, deyəsən tezcə də Sərəncamsayağı əmr, sərəncam verməyə də başlayırdı! Ərmağan xanımın fərmanı ilə qoca xidmətkarlar, məmurlar, darğalar, əşrəflər mübaşirlər işə-gücə qoşulur, bu yanda qoyun kəsilir, o biri yanda aşpazxanada ləziz təamlar hazırlanıb, süfrələr sahmana salınırdı. Məhtaban isə gərdək dalında gizlənən utancaq gəlin kimi aşkara çıxmır, hələ ki, heç kəs də onu təm-təraqla aşkara çıxarmaq, ev sahibəsini mübarəkbadlığa gələn əyan heyətinin qoca başçısı çalbığ Həlakuya pişnəhad etmək istəmirdi. Həlaku xan isə öz növbəsində ədəb gözləyir, Məhtaban xanımı görmək üçün can atmırdı. O, Məmalikin qaşqabaqlı olub-olmadığına fikir vermir, sahibkarın necə turş-təlx sifətdə olduğunu görmürmüş kimi, üstünü də vurmurdu. Həlaku xan tərəfindən, yaxud Məmalik xan tərəfindən burada cəm olan əyan-əşrəf də yeyib-içməyə keçir, Çalbığ Həlaku bic-bic göz vurub, şirin-şirin söhbət edir, deyib-gülür, olmazın şadyanalıq göstərirdi. Çalbığ Həlaku təvəllüd tapan xanzadəyə Məmalik mülkünə bitişik kəndlərdən bir mədaxillisini bağışlamaq barədə möhürlü qərar göndərəcəyini vəd edir, sevincinin intəhasız olduğunu mötəbər məclisdə nümayiş etdirirdi.– Bu qohumluq ki var ağalar, hər ikimizin xoşbəxtliyidir, – deyə Həlaku tutqunsifət Məmaliki süzüb, arada heç bir büğz yox imiş kimi, ortada dolaşan oğlan nəvələrinə işarə edirdi. – Bax, bizim xırdaların burunları daima bu Məmalik baba üçün göynəyir!..
Məhtaban 19Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: “Bu kim olsun belə? – deyə qoca qulaq verməyə başladı. – Ərmağan olmasın?1 Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağımın arasında dolaşmasın?1 Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?1 İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idil O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idil Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?1”.Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idil Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idil Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü! Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: “Bax, rəvayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!..”
Məhtaban 20Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.
Məhtaban 21Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!
Стихи других поэтов
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Müşk yolunda can tökən qəlb olması yəqinimdürMüşk yolunda can tökən qəlb olması yəqinimdür,Səvadi-cövhərimin xətti-lövhi cisminimdür.