Страница 1 из 3

Kabinetin qapısı bir qədər yelli açıldı, uzun koridorda əyləşib sükuta gedən qapıçı ilə Qaloşlu adam səksəndilər, Kamilov onları görüb saymadan pufuldaya-pufuldaya içəriyə girdi, ağızucu salam verib stulu qapdı, stolun baş tərəfindən qoyub oturdu. O, əlindəki lülələnmiş kağızı tez açıb stolun üstünə sərməyə başladı.

– Başdan-ayağa həngamədir, – deyə şikayətləndi. – Bu Baş Yağ İdarəsi iki ayağını bir başmağa qoyub boçka vermir ki, vermir, yağını yığıb göndərəsən özünə! Rayondan gedən hər bir teleqrama da boçka əvəzinə bir-birinin quyruğuna düyülmüş beş teleqram çəkir!.. Surəti ispalkoma, surəti raykoma, surəti artelə, surəti hara-hara?!. Yuxarıda boşbekar oturub aşağıdan özünü sığortalayır bu Baş Yağ İdarəsi! Bir baxın, – deyə Kamilov teleqramları çıxardıb Vahidova göstərdi. – Pir olmuş, deyəsən bəs mən özümü burda boçka qayıracağam?!.

Raykom katibi Vahidov döşü atlanmış Kamilovu birtəhər dayandırıb onu prokurorla tanış etdi:

– Bizim cavan prokurordur, tanış olun!

Mehman ayağa durub əlini Kamilova uzatdı. Kamilovun barmaqları onun ovcunda xəmir kimi yoğruldu. Kamilov yeni gəlmiş prokurora etina etmədən yenə öz sözünə davam etdi:

– Bu da ki, bu kolətəyi kolxozlarının işidir! Əgər şəxsən özüm getməsəydim, bilmirəm heç bu kolxozlarda kulak quyruqları nə həngamə çıxaracaqdır!.. Neçə gün qabaq bu qayaboynu kolxozları da belə idi... Şəxsən özüm getmişəm, şəxsən hesab-kitab işlərinə qədər düzəltmişəm, axırda şəxsən demişəm: “Bala, belə işləyin!..” İşləyən yoxdur, yoldaş Vahidov!.. Siz bir o qədər də hələ bələd olmamısınız, təzəsiniz, burada işləyən kişi yoxdur! Üç şey bilirlər: biri yemək, biri yatmaq, biri də ki, nərdtaxta çırpmaq! iki adam da bu rayonda fil olsa belə nə qayırar? Kimi təhkim edib kəndə göndərirsən, özünü verir toyuq-cücə çığırtmasına! Lap silistçisindən, prokurorundan belə! O keçən prokuror... famili nəmənə idi onun?!.. Hə, Zalov, yadıma düşdü. Sizin canınız üçün, Rüstəm-Zaldan da çox yeyirdi, baxanda deyirdin, bəs bu haranın minbatmanıdır? Təkəş-tükəş yeriyəndə, az qalırdı yer çatlaya! Düz sentner yarım! Min dəfə dedim: “= Ay Rüstəm-Zal, az ye, qusarsan”. Özünü düzəltmək əvəzinə dönüb mənə məcəllədən dərs dedi. Dedim: “– balam, mən özüm də elə o məcəlləyə qol qoyub, barmaq qaldıranlardan biriyəm!”. Dedim: – “Adam prokuror olanda nə olar? Sən mənim bir şöbəmsən, ya yox?” Min dedim, olmadı, minbir dedim, olmadı, axıra da vurdu kəlləçarxa, tribunala düşdü!.. Mən ona dedim: “Balam, prokuror hökumətin qılıncı olmalıdır”, olmadı, baş tutmadı. “Mən kimi deyirəm, yerli hökumət kimi deyir, sən də onu kəs!” Olmadı ki, olmadı! Axırı nə oldu? Axırı özü uçuruma getdi! Məsləhət, məşvərət lazımdır hər yerdə! – Vahidov, bu adamın indi nə demək istədiyini bilmək üçün qəsdən onun sözünü kəsmir, danışmağına imkan verirdi. Kamilov isə başqalarına hədə-qorxu gəlməklə öz gücünü Mehmana bildirmək istəyir, o, bəri başdan prokurorun gözünün odunu almaq, onu ovcunun içinə alıb sığışdırmaq istəyirdi. “Yox, yox, ağzından süd qoxusu gələnin birisi də mənə qanun dərsi oxuyacaq, bu yekəlikdə dağı bir qoz qabığına sığışdıracaqdır?” – Kamilov fasilə vermədən danışır, keçmiş prokuror Zalovun kölgəsini qılınclamaqla sakit görünüşlü gənc Mehmana top gəlirdi. - Nə olar, adamın əlinə ixtiyar yazıb verəndə, məgər adam “dəli Nəzərəm, belə gəzərəm” deyə sağa-sola qılınc çalıb, at oynadıb böyük-kiçik deməzmi? – Kamilov baxdı, sonra torpaq şöbəsi müdiri Cabbarzadənin üzərinə keçdi. – Biri də olsun bu torpaq şöbəsi Cabbarzadə, başınız üçün, məni lap xirtdəyimə yığıb ha, düz buraya! Yüz dəfə şəxsən özüm başa salıram, yenə baxıram ki, korafəhmin biridir! O günləri demişəm, bala, sənin aqronomluq dərsin ola-ola daha Mərdan Vahidov gəlib sənin əvəzində kolxozlarda işləməyəcək?!. Donluqdur, alırsan, işlə də, – Kamilov pəncəli əlini oynada-oynada danışırdı. – O biriləri də onun tayı: bu sığorta da hər qotur atın dərisinə bir akt bağlayıb hökumətin pulunu çölə səpələyir! Bu kassadan da heç gözüm su içmir, əmanətdən! Baxırsan ki, çotqa dənələrinin şaqqıltısında nə isə bir qaranlıq iş var. Bu zayomlarda nə isə bir kəfgetmə var! Belədir, yoldaş prokuror, – deyə Kamilov dönüb Mehmanı süzdü. – Görürsünüz də, mən deyirəm, siz də eşidəsiniz, necə deyərlər şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq. – Kamilov əzilmiş dəsmalını çıxardıb ət basmış gözlərini sildi. – Belədir, yox, bala?.. Özü də lap xırda oğlum yerindəsən! Siz ki, varsınız, əslən bizim icraiyyə komitəsinin bir şöbəsisiniz! Necə deyərlər, bizim kəsərli qılıncımız! Sabahdan başlamış bu çürük-mürüyü kəsin, rədd eləyin getsin! Bu kulaq-mulaq qalıq-quluqlarını!

Mehman iş qovluğuna baxdı, nəhayət, Vahidov Kamilovu dayandırdı. O:

– Yoldaş prokuror, – deyə Mehmanı göstərdi, – bu neçə gündə işlərlə tanış olduğu zaman sizin qərarınızı tapıb, indi ona etiraz eləyir.

– Necə? Bizim? – deyə Kamilov otaqdolusu partladı. – Zəhmətkeş deputatları Sovetinin qərarını?!

Mehman sakit bir hərəkətlə iş götürüb çıxarışı göstərdi.

– Burada heç bir qanuni əsas yoxdur, – deyə o, kağızı inamla uzatdı.

– Kolxoz briqadiri Salamatov heç də az iş görməmişdir. Onun ifadəsi göstərdi ki, sinfi düşmən qalıqları o kişini toxum səpinində şərə salıbdır!

Kamilov dilləndi:

– Demək belə görünür ki, biz maymaq olmuşuq!

– Hər halda qərar düz deyil! O kişini azad edib işi dərindən yoxlamaq, əsl müqəssirləri tapıb məsuliyyətə almaq lazım gələcəkdir!

– Bəs bizim o boyda qərarımız? – deyə Kamilov Mehmana tərs-tərs baxdı. – Bəs bu boyda biz?..

– Sizin yanlış qərarınız bizə əsas ola bilməz, biz qanun qabağında məsuliyyət daşıyırıq!

– Yerli hökumətin qərarı ən böyük əsasdır! – Kamilov öskürə-öskürə qaralırdı. – Nə əsas, bala? – deyə o, dam kimi şişirdi. – Bizə nə əsas, bala! Biz burada hökumət oturmuşuq, daha bundan artıq nə əsas, oğul? Əsas odur ki, biz yazaq! Biz yazdıq, oldu əsas!.. Təzədən nə əsas? Baş tapmıram, hansı əsası deyirsiniz? Siz bu əsas oğlu əsası haradan tapmısınız? Əsas! Yerli-köklü “əsas” deyiləni siz indidən yadınızdan çıxarın! Görünur, Rüstəm-Zal yazıb qoyubdur ki, siz də gələn dəqiqədən bərk-bərk “əsas” deyə yapışmısınız əsasın boğazından! O keçən prokuror Zalova da iş tapşıranda “əsas” deyərdi. Zəhmətkeş deputatları Sovetinin qərarından böyük daha nə əsas, nə qanun, balası?

– Mən qanuni əsas deyirəm!

– Qanun deyəndə, bala, biz bilirik, onu necə düzəldirik! Yuxarılarda düzələndə, azdan-çoxdan biz də oluruq, özü də barmaq qaldırırıq! O Rüstəm Zalov da mənə həmişə qanun kitabları gətirərdi. Bir gün onu tutub qapını örtdüm, dedim ki, bu qanun kitabları sənə lazımdır, mənə yox! Dedim: “Yaxşı, yaxşı öyrən, çünki mən bünövrə daşını qoyanlardanam, lap himninil” – Kamilov əlini pırtlaşıq saçlarına çəkdi. Sanki onun cod, çal saçları yavaş-yavaş qabarıb üzüyuxarı dikəldi. – Zalov da çox bəd başlamışdı, xam dayı şap-şapa öyrədən kimi, onu da yavaş-yavaş rüşvətə öyrətdilər. Bax, bu yoldaş Vahidov yox idi, mən qolundan yapışdım, dedim ki: – Ay Zalov, belə olmaz, – Kamilov Vahidovun oturduğu stulu göstərərək: – Bax bu stulda bir başqası oturmuşdu, onun dostu! Bu kişi, yəni yoldaş Vahidov sonra gəldi... Sözüm onda deyil, keçmiş prokuror sürüşüb girdi rüşvətin qara lehməsinə, özünü də qarğa kimi qapqara qaraltdı! Bilirsənmi, prokuror gərək qaralmasın. O, gərək oğru-əyriyə qarşı siyirmə qılınc mübarizə etsin, nəinki icraiyyə komitəsinin qərarını irreviziyəyə başlasın! Kişi gərək ləkəsiz olsun, gül kimi! Nəinki o Rüstəm Zalov kimi bir dağ gövdəli ləkəyə çevrilsin! Bizim qərarın yox, öz ləkəsinin dərdini çəkmək .gərək idi! Yoxsa qanundan bu gün dərs deyib gözümüzə kül üfürməklə sabahkı ləkəyə, bir çayı da bağlasan yuyub təmiz olmayacaqdır! – Kamilov tövşüyə-tövşüyə nəfəsini dərdi, bu “ləkə” sözü burada da Mehmanın qulağını dırmaladı. Xoşlamadığı bu kəlməni bayaqdan bəri iki adamın ağzından eşidirdi.

Vahidov, hələ ki, Kamilova cavab vermədən Mehmanın fikrə getdiyini görüb:

– Niyə xəyala getdiniz, gənc oğlan? – dedi. – Həyat mübarizədir, bu mübarizədə o adamlar qalib gələ bilər ki, onlar həm iradəli, həm də vicdanlı olsunlar! Fikir verdim, bayaq mən deyəndə də rənginiz qaçdı!.. Siz cavansınız, mən sizə bəri başdan tapşırmaq istərdim. Bizim bütün işlərdə ayna kimi təmiz, ləkəsiz olmaq lazımdır! Siz hələ çox gənc, çox təmiz, ləkəsiz bir oğlansınız! Kəskin mübarizə etmək, canilərlə döşləşmək, onları qanun qabağında diz çökdürmək üçün daxili təmizlik, daxili qüvvə alınmaz bir istehkamdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

19446 мин
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

19445 мин
XI

Mehmanın anası böyük bir təlaşla oğlunun şeylərini yığışdırır, təzə gəlin isə küncdəki balaca ayna qabağında özünü düzəldirdi.– Mən də gedəcəyəm, ana!

19444 мин
XII

Mehmanın ailəsi, çox da böyük olmayan, yanı mətbəxli bir otaqda yerləşdi. Züleyxa otağa nə qədər bəzək-düzək vurmaq istədisə, yenə də əmələ gəlmədi; suvağın üstündən vurulan kağızlar hamısı qabarmışdı. Əvvəlki prokuror Zalovdan sonra otaq ağzı bağlı qalmış, rütubət çəkən divarların naxışlı kağızları cırılmışdı.İcraiyyə komitəsi sədri Kamilovun təkidinə baxmayaraq, müstəntiq Murtuzov bu otağa köçməmişdi; kənarda, ağzı düzə açılan köhnə mənzilində qalmışdı.

19445 мин

Стихи других поэтов