XI
Mehmanın anası böyük bir təlaşla oğlunun şeylərini yığışdırır, təzə gəlin isə küncdəki balaca ayna qabağında özünü düzəldirdi.
– Mən də gedəcəyəm, ana!
– Sən hara, bala? Qoy Mehman getsin, yer-yurdunu bir düzəltsin, biz də baxaq görək, getməli yerdir, ya yox?
Bu zaman sir-sifətində yorğunluq görünən, ancaq öz məqsədinə nail olan Mehman qapıdan içəri girib:
– Daha tamam üzülüşdük, – dedi. – Sabah mütləq yola düşməli olacağam! – O, şeylərinə baxdı, çamadanını düzəltdi.
– Mehman mən də gedəcəyəm!
– Hara, Züleyxa?
– Sən hara, mən də ora!
– İndi yaramaz, Züleyxa!
– Yaramaz, gəzib gələrəm!
Ailədə bu söhbət xeyli uzandı, lakin Züleyxa Mehmandan qopmaq istəmədən öz dediyində dayandı:
– Mən mütləq gedəcəyəm, Mehman!
– Bəlkə ora çox narahatçılıqdır?
– Hər nə isə mən bilmirəm!..
Xatun, mübahisənin uzanmağını, pərdənin tez bir zamanda yırtılmağını istəməyib:
– Mən də heç sizi tək buraxa bilmərəm! – dedi.
– Yox, ana, siz hələ qalın, – deyə Züleyxa israr etdi. – Mən gedərəm, sonra yerimiz yaxşı olarsa, gəlib sizi özüm götürüb apararam!
– Yox, yox, qızım, belə olduğu zaman, sizi özbaşına buraxmaq olmaz!
Söz bir qədər də çəkdi. Züleyxa durub görüş üçün anasıgilə getdi. Xatun oğlunun əlindən tutub:
– Sizi tək buraxa bilmərəm, – dedi. – İkiniz də çox bilməmişsiniz. Özü də, Allah xeyir versin, bilmədim niyə tələsdin, bala?.. Bax, neçə gündür indidən belə qaşıq döyüşü?.. Özü əsla pis uşaq deyil, əgər onun forsu yeri-göyü yırtan o maması Şəhla xanım olmasaydı...
Mehman bu sözlərə cavab vermədən anasının könlünü almağa çalışdı, anası isə təkid edib, – “Sizi tək buraxa bilmərəm”, – deyib durdu. Çox danışıqdan sonra onlar iki gün içərisində tamamilə yığışıb hazırlaşdılar. Bilet aldılar, vaxt çatanda şeyləri bayıra çıxardılar, qapını çəkib bağladılar. Ana bir də qapını yoxlayıb qonum-qonşu ilə görüşdü.
Xatun öz evini həyət süpürgəçisi Nuru kişiyə tapşırıb:
– Ay Nuru qardaş, – deyə qəhərləndi, – siz allah bu ev-eşiyi gözləyin, haram əl dəyməsin!
– Arxayın olun, ay Xatun bacı, – deyə Nuru kişidən qabaq, arvadı Nuriyyə dilləndi. – Lap qızıl tökülsün!..
– Məsələ qızılda deyil, Nuriyyə bacı, məsələ halal olacağımızda haram əlin gəzməməyindədir!
– Öz evimiz kimi baxarıq, – deyə Nuriyyə, Xatun arvadın boynunu qucaqladı, – yaxşı yol, Allah özü xeyir versin!..
Hər ikisi ağladı.
– Elə bil dünyadan həmişəlik, ayrılıram, Nuru qardaş!
– Elə bizim üçün də çətindir, – deyə Nuru kişi öskürə-öskürə dilləndi.
– Barı bizim Nəriman da bu gün evdə yoxdur, – deyə Nuriyyə xala narazı halda dilləndi, – barı sizin şey-şüyə kömək edəydi vağzalacan!
Nuru kişi özü şey-şüyə əl atdı:
– Mehmanın qoca dayısı ölməyib ki, bacımı özüm yola salacağam!
Onlar çox çəkmədən vağzala çatdılar. Şəhla xanım və Katibə xala da gül dəstəsi ilə vağzala gəldilər. Qatar dəmiryol üzərinə verildi. Parovoz dərindən fısıldadı. Mehmanın anası birinci dəfə idi ki, yola, belə uzun bir səfərə çıxırdı. Onun rəngi ağardı, gözünü oğlundan çəkmədi. Şəhla xanım və Katibə xala Mehmanı əldən qoymurdular.
– Züleyxa ərköyün böyüyüb, bax ki, xəstələnməsin, Mehman!
Katibə xala isə bacısı Şəhlaya macal vermədən:
– Mən özüm də professordan icazə alıb bir həftəliyə gələcəyəm! – deyir, Mehmanın ağ pencəyinin düymələrini çəkişdirirdi. – İşdir, bir şey olsa, tükü-tükə tutdurun, mən zümrüd quşu kimi qulluğunuzda hazıram. Bir də ürəyinizi qısmayın, lap dağ boyda bir işiniz düşsə, o aparatda mən aşıraram! Çünki müavin Əbdülqədir özümüzünküdür, bibiqızının kürəkənidir!
Züleyxa tərs nəzərlərilə Katibə xalasını süzüb:
– Çox sağ olun, – dedi, – çox razıyıq, xalası! Sizə zəhmət olar! Bir də bizim öz anamız öz yanımızdadır!
Şəhla xanım aralıda, şeylərin yanında dayanan Xatuna nəzər saldı. Sərnişinlər qatarın hərəkəti barəsində radio vasitəsilə xəbərdar edildi. Adamlar qatara tərəf hərəkət etdilər. Şəhla xanım əvvəlcə Züleyxanı, sonra Mehmanı öpdü, axırda üzünü Xatuna tərəf tutub:
– Ay arvad, – dedi, – gedirsən get, ancaq bu uşaqlardan muğayat ol!.. Nədən ki, sən bir az başısoyuqsan!..
Xatun dönüb Şəhla xanıma kəc bir nəzər saldı, ona tutarlı bir söz demək istədi, ancaq sözü boğazında boğdu.
– Deyirəm ki, uşaqlardan muğayat ol, eşidirsənmi?
Xatun cavab vermədi.
– Mehman işləyəcək, Züleyxa da körpə uşaqdır, – deyə Şəhla xanım sözünü təkrar edib özünü dartdı. – Gərək onun da istirahətini bir düzəldən olsun, onu demək istəyirəm, ay arvad!
Onlar vaqona yığıldılar, Katibə xala da həm Züleyxanı, həm də Mehmanı öpdü. Züleyxa isə xalasına qarşı acıqlanıb qısqanclıqla:
– Yaxşı, qatar indicə tərpənər – dedi, – Məkkəyə getmirik ki!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?
LMehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”
Məhtaban 1Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*
Məhtaban 2Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.
Стихи других поэтов
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
ÜstündədirBu dünya belə qurulmuş, dövlət-var üstündədir,Ərül-qərül mal qazanır, tarımar üstündədir.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.